Hər gününüz bayram olsun!

 

Biz kişilər həmişə həmrəy ola bilmirik. Necə deyərlər, bir yerdə neçə kişi varsa, bir o qədər rəy, mövqe olur. Amma həyatın cədvəli sayılan təqvimdə elə günlər var ki, bu zaman hətta xarakterlərinə görə biri-birindən ağ və qara kimi fərqlənən kişilər də həmrəylik nümayiş etdirirlər. Təbii ki, həmin günlərdən biri və bəlkə də birincisi martın 8-idir. Məhz bu gün biz ən azı, dünyaya gəlməyimizin, böyüməyimizin, bir şəxsiyyət kimi formalaşmağımızın əsasən kimin sayəsində mümkün olduğunu bir daha dərk edir və Tanrının ilk növbədə Ana kimi yaratdığı yarımızın qarşısında baş əyirik.

Deyirlər, uşaq atadan yox, anadan yetim qalır. Bu, həqiqətdir. Hətta bir az dərinə gedəndə, görürük ki, nəinki uşaqlar, həyatın hər üzünü görən, hər sınağından çıxan böyüklər də anasız - qadınsız bütöv ola bilmirlər. Nahaq yerə qadınsız evi çiçəksiz bağçaya bənzətmirlər ki...

İşdə də belədir. İndi sahəsindən asılı olmayaraq hansı iş yerini qadınsız təsəvvür etmək mümkündür?! Yəqin ki, heç birini. O cümlədən, dünyada həyat üçün ən riskli peşə olduğu çoxdan sübut edilmiş jurnalistikada bu gün xanımlarsız keçinmək mümkün deyil. Götürək, bizim redaksiyanı. Təxminən 70-ə yaxın işçisi olan qəzetimizdə 25 xanım çalışır. Hamısı da cavabdeh olduqları işin öhdəsindən bacarıq və bir də təbii ki, qadınlara xas səliqə ilə gəlirlər.

Səliqədən söz düşmüşkən. Səhər 9-a az qalır. Hamımız bir-bir, iki-iki işə gəlirik. Elə dəhlizə ayaq basanda görürük ki, dünən axşam qoyub getdiyimiz deyil. Dəhliz də, otaqlar da təmizlənərək sahmana salınıb. Hətta kondisionerlər cərəyana qoşulub. Bir sözlə, redaksiyada işə başlamaq üçün yalnız masa arxasına keçmək qalır. Təxminən 30-a yaxın otağı, uzun dəhlizi olan redaksiyamızda bizim üçün hər səhər bu təmizliyi, rahatlığı yaradanlarsa Kəmalə Bayramova və Lumi İslamovadır. Artıq neçə illərdir ki, onların iş saatları səhər saat 6-dan əllərində tozsoran və dəsmalla başlayır və günortaya yaxın işlənmiş qucaq-qucaq kağızlarla başa çatır.

Saat 10-a təzə işləyir. Redaksiyada iş hələ, necə deyərlər, qızışmayıb. Bəs, operatorların otağından gələn səs kimindir? Sözsüz ki, mədəniyyət şöbəsinin redaktoru Flora Xəlilzadədir, növbəti məqaləni yazdırır. Flora Xəlilzadəni oxucularımıza xüsusi təqdim etməyə ehtiyac yoxdur. Nəinki qəzetimizi gündəlik oxuyanlar, eləcə də digər mətbu orqanları və telekanalları izləyənlər Flora xanımın Azərbaycanın görkəmli sənət adamları haqqında tədqiqat xarakterli məqalələri, ictimai maraq doğuran, cəmiyyəti narahat edən məsələlərlə bağlı çıxışları ilə tez-tez rastlaşırlar. Ümumiyyətlə, ölkənin mədəni və ictimai həyatında elə hadisə yoxdur ki, Flora xanım ona münasibətini bildirməsin. Hətta bəzən bu münasibət iç yanğısından doğan emosional olur. Amma bu halda da Flora Xəlilzadə səmimi və təbiidir. Məhz bütün bu keyfiyyətlərinə görə Flora xanıma bir neçə gün əvvəl Prezidentin sərəncamı ilə "Əməkdar jurnalist" fəxri adı verilmişdir.

Və beləliklə, redaksiyamızda bu ada layiq görülən qadınların sayı bir boy da artdı. Əməkdar jurnalist, humanitar şöbənin redaktoru İradə Əliyevanın yaşı elə çox olmasa da, xüsusən, cavanlarımız ona nəvazişlə "mamaşa" deyə müraciət edirlər. Özü də bu xanım-xatın həmkarımıza belə münasibət təkcə onun iş yoldaşlarına həmişə qayğı ilə yanaşmasından, əlindən gələn köməyi əsirgəməməsindən irəli gəlmir. İradə xanım həm də sözün bir başqa mənasında peşəkar jurnalistdir. İndiyəcən onun qələmindən çiy, yarımçıq məqalə çıxmayıb. İradə Əliyeva istər səhiyyə və təhsilin qlobal problemləri olsun, istərsə də cəmiyyətdəki bəzi nöqsanlar, nədən yazıbsa mövzunun dərinliyinə varır, başqa sözlə desək, qəzet səhifəsinə çıxardığı məsələnin nəticəsindən çox onu doğuran səbəbləri qələmə alır.

Madam ki söhbət əldəki qələmdən düşdü, əlindən qələm düşməyən daha bir xanımımızı təqdim etmək vaxtıdır. Flora Sadıqlı iqtisadiyyat şöbəsinin müxbiridir. Amma o, sıradan bir müxbir deyil. Tam məsuliyyətlə bildiririk ki, hazırda Azərbaycan jurnalistləri arasında ölkəmizin neft-qaz sənayesini, onun tarixini, bugününü, gələcəyini Flora xanım kimi bilən, Flora xanım qədər yazan ikinci bir qələm sahibi yoxdur! Deyir ki, gecə məni yuxudan oyadıb adımı soruşsalar, bəlkə də fikirləşərəm, amma BTC-nin təməlqoyma tarixindən tutmuş uzunluğunacan olan faktları əzbərdən söyləyərəm. Əslində, o, bunu deməsə də, bilirik. Bilirik ki, küçənin bu tayından qarşı tərəfinə keçməyə cürət etməyən Flora xanım dənizin ortasında hündür buruqlara qorxmadan çıxır. Dəfələrlə şahidi olmuşuq ki, hətta qışın soyuq-sazağı onu uzaq Çilov və Pirallahı adalarına getməkdən çəkindirməyib, jurnalist marağı bütün maneələrə üstün gəlib. Flora Sadıqlı həmçinin məzmunlu sosial oçerklərin və məqalələrin müəllifidir. Onun bu yönümlü yazılarında toxunduğu mövzu zəngin həyati faktlarla təhlil olunmaqla yanaşı, xarakterindəki məsuliyyət və sadəlik də sezilir.

Digər sadə və məsuliyyətli həmkarımız isə Rəsmiyyə Rzalıdır. Xalqla əlaqə şöbəsinin müxbiri Rəsmiyyə xanım bütün gün ərzində ya harasa tələsir, ya da barmaqları kompyuterin klaviaturasından çəkilmir. Kənardan müşayiət etmək kifayətdir ki, onun gün ərzində bir dəqiqə belə boş vaxtının olmadığını görəsən. Əsl qeyrətli Azərbaycan xanımıdır, hər işə çatır. Niyə də yox? Axı, Rəsmiyyə xanım ailəsi kimi işini, peşəsini də sevir. Onun xarakterinə uyğun çılğın qələmindən çıxan müxtəlif mövzulu elə yazısı yoxdur ki, oxunmasın, ən azından həmkarları arasında müzakirə edilməsin. Xüsusən, Qarabağ mövzusunda yazdıqları. Bir qarabağlı jurnalist kimi onun bu mövzuda qələmə aldığı məqalələrindəki yanğını hiss etməmək mümkün deyil.

Yəqin çox az adam bilir ki, bizim redaksiyanın müdiri də var və həmin məsul vəzifə Nüşabə Qənbərliyə həvalə olunub. Cavabdeh olduğu işi mükəmməl bilən N.Qənbərli jurnalist çörəyi ilə böyüyüb. Yəqin elə bu səbəbdən ara-sıra yazmağı da var. Nüşabə xanımı bizə daha çox sevdirən, necə deyərlər, missiyası isə onun xeyirxəbər olmasıdır. Əgər o, əlində şirniyyat qapımızı döyürsə, deməli, kollektivimizdə əlamətdar hadisə baş verib. Bu cür hadisələrinsə siyahısı genişdir - nişan, toy, ad günü, övlad və nəvənin dünyaya gəlməsi və s. Belə yerdə deməsək olmur: Allah şirin əlini kəsməsin, Nüşabə xanım!

Amma bizim gözümüz əllərində qalan digər xanımlarımız da var. Onlar da kim olsalar yaxşıdır? Təbii ki, mühasibatlığın işçiləri - baş mühasib Bilqeyis Şalıyeva, mühasib Bəhiyyə Əhmədova və mühasib-xəzinədar Marian Cəlilova. Düzdür, əməkhaqqımızı xeyli vaxtdır bankomatdan alırıq. Lakin görəndə ki, Bilqeyis xanım əlində bir qalaq kağız baş redaktorun yanına gedir, ən uzağı, ertəsi gün Marian xanım həmin sənədləri götürüb sürücü ilə banka yola düşür, deməli, maaş və qonorar sevinci yaşayacağıq. Onu da deyək ki, biz bu sevinci keçmiş vaxtlarda olduğu kimi, ayda iki dəfə keçiririk və bu xeyirxah işdə mühasibatlıqdakı xanımlarımızın zəhməti çoxdur.

Digər əməkdaşımız Təranə xanımın da "əli pulla oynayır". Lakin reklam və elanlar şöbəsinin mütəxəssisi T.Abbasovanın işi məsuliyyətlə bərabər, yaradıcılıq da tələb edir. Bu tələblər redaksiyanın əhali tərəfindən ən çox müraciət edilən şöbəsində hər kəslə öz dilində danışmaq, ən müxtəlif məzmunlu sorğulara cavab vermək və eyni zamanda, maliyyə məsələlərində dəqiq olmağın vacibliyindən doğur və Təranə xanım onların öhdəsindən bacarıqla gəlir. Operator yığıcılarımız kimi.

Onlarsa dörd nəfərdir, hamısı da xanım - Salmanova Rəsmiyyə, Əliyeva Səkinə, Əzimova Nərminə və Orucova Xuraman. Baxmayaraq ki, redaksiyada əməkdaşlarımızın hamısı fərdi kompyuterlə təchiz olunub, bu xanımlarsız işimiz aşmır. Rəsmiyyə xanım qaradinməzdir, dindirməsən danışmaz. Bütün günü işi və bir də... ürəyindəki övlad itkisi dərdiylədir. Səkinə xanım mətbuat veteranıdır. Hələ sovet vaxtında "Azərbaycan gəncləri" qəzetində dərc edilən məqalələrin çoxu onun yazı makinasından keçmişdir. İndi də həmin işi görür, amma kompyuterdə. Nərminə xanımsa bu işdə elə püxtələşib ki, hətta bəzən yığdığı yazılara redaktə xarakterli düzəlişlər də edir. Bir də eşitmişik ki, yaxşı qutab bişirməyi var. Qarabağlı qızı Xuraman xanımın isə həm də əla musiqi zövqü var. Nə vaxt ona yaxınlaşırsan, kompyuterində həzin el mahnıları səslənir. Doğulduğu Cəbrayılın həsrətinə özgə necə dözmək olar ki...

İş günü sona çatmaq üzrədir. Bəs, kitabxanaçı Dürdanə Ağayeva və baş redaktorun köməkçisi Yeganə Xudiyevanın yuxarıda nə işləri var? Yəqin baş redaktor ya hansısa tədbirdədir, ya da Milli Məclisdə. Deməli, fürsətdir, dördüncü mərtəbəyə qalxıb rəfiqələrlə "dərdləşmək" olar. Bizim bu iki xanımımızın yaşları arasında fərq olsa da, bacı kimidirlər. Özü də bu doğmalıq təkcə onların iş otaqlarının qonşu olmasından yaranmayıb. Dürdanə nənə (zarafat deyil, iki nəvə nənəsidir) və Yeganə xanım həmxasiyyətdirlər - mehriban və gülərüz. Hətta işə məsuliyyətli münasibətləri də eynidir. O dərəcədə ki, ehtiyac olduqda bir-birini problemsiz əvəz edə bilir.

...Bu da iş gününün sonu. Amma həmin son qəzetimizin korrektor və oxucuları üçün iş gününün başlanğıcıdır. Bəli, korrektorlar - Kəmalə Cəfərova, Fəzilət İsmayılova, Arzu Mehdiyeva, Gülnar Novruzova, Kəmalə Rəhimova, oxucular - Zəkurə Quliyeva, Rəhilə Əliyeva və Rüxsarə Əzimova üçün iş günü növbə ilə axşam saat 5-dən başlayır və saat neçədə qurtarır - bunu bir... AzərTAc bilir. Hər halda, gecə saat 12-1-dən tez qurtarmır. Bir faktı nəzərə çatdıraq: "Azərbaycan" qəzetinin ay ərzində təxminən 25 nömrəsi çıxır. Bu, orta hesabla 200-250 səhifə edir. Həmin səhifələrdə neçə sözün, durğu işarəsinin olmasını isə hesablamaq sadəcə, mümkün deyil. Yəqin ki, milyondan az olmaz. İndi gəl, gecə saatlarında bu sayda hər sözü az qala, hərf-hərf oxu ki, qəzetdə səhv getməsin. Yəqin elə ona görədir ki, bizim korrektor və oxucularımızın əksəriyyəti yaşlarından asılı olmayaraq optik gözlükdən istifadə edir. Necə deyərlər, hər səhər alıb oxuduğumuz qəzetimizin hər səhifəsində onların gözlərinin nuru var.

Həm də təkcə onların yox. Bu gün bayramlarını təbrik etdiyimiz bütün xanım əməkdaşlarımızın!

 

 

Raqif MƏMMƏDOV

 

Azərbaycan.-2013.- 8 mart.- S.4.