QADINLAR
Dünyanı bəzəyən qadın səsidir,
Hər qadın bir evin nurlu çırağı,
Hər qadın
bir nəslin bünövrəsidir.
Qadın
gözlərini seyr et
bir anlıq:
Onlar sevinəndə açılır
səhər,
Onlar qəmlənəndə düşür
qaranlıq.
Həyat
dastanına gəl diqqətlə bax,
Dünyanın papaqlı kişiliyini,
Ləçəkli qadınlar yaradır
ancaq.
Onlar günəşdirlər, onlar
aydırlar,
İnanın, qadınlar olmasaydılar
Bir həsrət şeypuru çalardı dünya.
Hüqosuz, Bayronsuz, Üzeyir
bəysiz,
Cavidsiz,
Vurğunsuz qalardı
dünya.
Sıxaq
qadınların mərd
əllərini,
Bütün dahilərin analarilə,
Bir yerdə ucaldaq heykəllərini.
Qəlbimi titrədir alovlu
bir səs,
Ananın
bir günlük qayğı borcunu,
Övlad
bir əsrdə ödəyə bilməz.
Deməyin bu qədər tərif əbəsdir,
Mən qadın görmüşəm
onun qeyrəti,
Bəlkə də yüzlərlə
kişiyə bəsdir.
Köksümün altında bir heyrət yatır,
Qadın
var çöllərdə
traktor sürür,
Kişi
var bazarda gül-çiçək satır.
Qadın
var dünyanı bəzər şöhrəti,
Özü beş addımlıq
bir evdə yaşar,
Ancaq beş qitəni gəzər şöhrəti.
Kişilər, ən gözəl
töhfədir ürək,
Biz bu ürəkləri gül dəstəsi tək,
Gəlin
qadınlara hədiyyə
verək.
Zeynal VƏFA
Azərbaycan.-2013.- 8 mart.- S.4.