Niderland Krallığının
ölkəmizdəki səfiri Bakı Ali Neft Məktəbində
olmuşdur
Niderland
Krallığının Azərbaycandakı səfiri Aryen
Peter Uyterlinde Bakı Ali Neft Məktəbində (BANM)
olmuşdur.
BANM-in
rektoru Elmar Qasımov qonağa ali təhsil müəssisəsinin
yaranma tarixi, qarşısında duran məqsədlər,
2012-ci ildə tələbə qəbulunun nəticələri,
tədris prosesinin təşkili, beynəlxalq əlaqələrin
genişləndirilməsi istiqamətlərində
görülən işlər haqqında məlumat
vermişdir. Qeyd etmişdir ki, Dövlət Neft Şirkətinin
strukturunda ali məktəbin yaradılmasında məqsəd
ölkənin sənaye müəssisələrinin yüksəkixtisaslı
mütəxəssislərə ehtiyacını ödəməkdir.
2012-ci ildə fəaliyyətə başlamasına baxmayaraq,
BANM Tələbə Qəbulu üzrə Dövlət
Komissiyasının qəbulunun göstəricilərinə
görə tərtib etdiyi reytinq cədvəlində lider
olmuşdur. Ali məktəbdə tədrisin ingilis dilində təşkil
edildiyini vurğulayan rektor bu məqsədlə Böyük
Britaniyanın Heriot-Vatt
Universiteti ilə əməkdaşlıq haqqında
razılaşma imzalandığını, mütəxəssis
hazırlığının həmin universitetin tədris
proqramları əsasında müasir tədris
texnologiyalarının tətbiqi ilə həyata
keçirildiyini və məzunlara 2 diplom veriləcəyini
demişdir. Rektor BANM-in Niderland Krallığının texniki
ali təhsil müəssisələri və neft-kimya təmayüllü sənaye
qurumları ilə əməkdaşlıq əlaqələrinin
qurulmasına ehtiyac olduğunu bildirmişdir.
Səfir
Aryen Peter müasir ali məktəbin yaradılmasını
yüksək qiymətləndirmiş, ali təhsil
ocağının kollektivinə tədrisdə və təhsildə
uğurlar diləmiş, Bakı Ali Neft Məktəbinin
Niderland Krallığının müvafiq təhsil müəssisələri
və sənaye qurumları ilə əlaqələrin
yaradılmasında kömək etməyə hazır
olduğunu bildirmişdir.
Sonda
rektor Elmar Qasımov qonağa Bakı Ali Neft Məktəbinin
"Fəxri qonağı" diplomunu təqdim etmişdir.
Azərbaycan.-2013.- 8 mart.- S.5.