Avropa Komissiyasının prezidenti: Xocalı aeroportunun açılması sülh
prosesinə zərbə vuracaq
Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazisində Xocalı aeroportunun açılmasının qeyri-qanuni olması ilə əlaqədar Avropa Azərbaycan Cəmiyyəti (AAC) geniş məlumatlandırma kampaniyası aparır.
AAC-dan AzərTAc-a bildirmişlər ki, bu kampaniya çərçivəsində cəmiyyətin Belçika nümayəndəliyi Xocalı aeroportunun açılmasının Çikaqo Konvensiyasına və beynəlxalq mülki aviasiya hüququna zidd olduğu üçün fəaliyyətinə yol verilməməsinin əhəmiyyətini vurğulayaraq Avropanın bır sıra qurumlarına müraciət etmişdir.
AAC-ın bu müraciətlərinə bir sıra rəsmi orqanlardan, o cümlədən Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozudan da cavab gəlmişdir. Prezident məktubunda xüsusi olaraq qeyd etmişdir ki, sülh prosesində nailiyyət əldə etmək üçün gərginliyə yol aça biləcək səbəblərdən uzaq durmaq vacibdir. Xocalı aeroportuna gəldikdə isə, Avropa İttifaqı ATƏT-in Minsk qrupunun həmsədrlərinin 2011-ci ilin aprelində və ötən ilin iyulunda verdikləri bəyanatları dəstəkləyir. Onlar bu aeroportun fəaliyyətinin gərginliyi artıra biləcəyinə dair narahatlıqlarını ifadə etmişlər. Uçuşların həyata keçirilməsi sülh prosesinə zərbə vuracaq və Avropa İttifaqı hər iki tərəfi məsələnin həllini danışıqlar yolu ilə tapmağa çağırır.
Cavab məktubunda bildirilmişdir ki, Avropa İttifaqı hər iki tərəfi beynəlxalq hüquq çərçivəsində və öz əraziləri üzərində həyata keçirdikləri uçuşların cari təcrübəsinə uyğun olaraq hərəkət etməyə dəvət etmişdir. Bu aeroportun fəaliyyəti Dağlıq Qarabağın statusunda hər hansı bir dəyişiklik iddiasını dəstəkləmək üçün istifadə oluna bilməz.
AAC
bu cür dəstəkləyici bəyanatlara əsaslanaraq
prezident Serj Sarkisyana Ermənistanın ATƏT və Beynəlxalq Mülki Aviasiya Təşkilatı
qarşısında öhdəliklərini yerinə yetirməsi
və işğal olunmuş Azərbaycan torpaqlarında
qeyri-qanuni olaraq aeroportun açılmamasına dair təminat
verməsi barədə diplomatik yol ilə təzyiq göstərilməsi
üçün Avropa İttifaqına və digər
nüfuzlu beynəlxalq qüvvələrə müraciət
etmişdir.
Azərbaycan.-2013.- 8 mart.- S.8.