Fransa radiosunda Milli Assambleyada iki azərbaycanlının döyülməsi ilə
bağlı veriliş yayımlanmışdır
Fransanın
"Made in Turkey" radio proqramının Azərbaycana həsr
etdiyi verilişin növbəti qonaqları Milli Assambleyada
Fransa-Azərbaycan dostluq qrupunun sədr müavini Jan-Lui
Dümon və fevralın 26-da ermənilər tərəfindən
vəhşicəsinə döyülən Parisdəki "Azərbaycan
evi"nin rəhbəri Mirvari Fətəliyeva olmuşdur.
Verilişdə çıxış edən Jan-Lui Dümon
fevralın 26-da Milli Assambleyada iki azərbaycanlının ermənilər
tərəfindən zorakılığa məruz
qalmalarını qətiyyətlə pislədiyini bəyan
etmiş, bu məsələ ilə bağlı dostluq qrupunun
hazırladığı "Qəbuledilməz təcavüz
cəzasız qala bilməz" adlı bəyanatı digər
üzvlərlə birlikdə imzaladığını
xatırlatmışdır.
Jan-Lui
Düma Milli Assambleyanın bütün üzvlərini
Fransanın maraqlarına uyğun hərəkət etməyə,
ermənipərəst deputatları yanlış əməllərinə
görə Mirvari Fətəliyevadan üzr istəməyə
çağırmışdır.
Fransalı
deputat çıxışında Dağlıq Qarabağdan
olan məcburi köçkünlərin
yaşadığı ağır şəraitlə yaxından
tanış olduğunu, onların tezliklə öz doğma
yerlərinə qayıtmalarını arzu etdiyini, Azərbaycan
ərazilərinin 20 faizinin ermənilər tərəfindən
işğal olunmasını, torpaqlarımızın dərhal
və qeyd-şərtsiz azad edilməsi barədə BMT Təhlükəsizlik
Şurasının qətnamələrinə Ermənistanın
hörmət etməməsini qətiyyətlə pisləmiş,
ATƏT-in Minsk qrupunun fəaliyyətinin
artırılmasının vacibliyini bildirmiş, Xocalı faciəsi
qurbanlarının xatirəsinin anma tədbirlərində
iştirak etdiyini söyləmişdir.
Milli
Assambleyada erməni vəhşiliyi ilə üzləşən
və xəsarət alan Mirvari Fətəliyeva Fransa
qanunlarının qəbul edildiyi yerdə baş verən hadisələr
barədə dinləyicilərə ətraflı məlumat
vermişdir.
M.Fətəliyeva
Ermənistanın Azərbaycana qarşı elan
olunmamış müharibəsi nəticəsində
işğal edilən Qubadlı rayonunda doğulduğunu, ailəsi
ilə birlikdə Bakıda məcburi köçkün kimi məskunlaşdıqlarını
bildirmişdir. Ermənilərin fevralın 26-da Milli Assambleyada
uydurma "Sumqayıt hadisələrinin 25 illiyini" qeyd etmələrinin
heç də təsadüfi olmadığını söyləyən
M.Fətəliyeva bildirmişdir ki, Azərbaycan diasporunun dünyada getdikcə fəallaşmasından,
ölkəmizlə bağlı həqiqətlərin geniş
yayılmasından təşvişə
düşən ermənilər həmin tədbiri keçirməklə
həm fransızların, həm də digər xalqların
diqqətini Xocalı faciəsindən yayındırmağa
çalışırdılar.
Milli
Assambleyada baş verən hadisənin türklərə
qarşı terror aktları həyata keçirən
Daşnaksütyun partiyasının bir qolu tərəfindən
törədildiyi verilişdə xüsusi
vurğulanmışdır.
Aparıcının
"Fransız məhkəməsindən nə gözləyirsiniz?"
sualına cavab verən Mirvari Fətəliyeva hadisənin sivil
və demokratik bir ölkə hesab edilən Fransada baş verməsindən
təəssüf hissi keçirdiyini, səbəbkarların
tezliklə ədalət məhkəməsi
qarşısında dayanacaqlarına və öz layiqli cəzalarını
alacaqlarına ümidvar olduğunu
bildirmişdir. M.Fətəliyeva həmin hadisə
zamanı onları dəstəkləyən insanlara və təşkilatlara
minnətdarlığını bildirmişdir.
Radio
verilişini www.turquie-news.com/rubrique/france saytına daxil olmaqla
dinləmək mümkündür.
Əsgər
ƏLİYEV,
AzərTAc-ın xüsusi müxbiri
Paris
Azərbaycan.-2013.- 8 mart.- S.8.