Bakıda «Muğam aləmi»
III Beynəlxalq muğam festivalının təntənəli
açılışı olmuşdur
Martın
9-da Bakıda, Heydər Əliyev Mərkəzində
"Muğam aləmi" III
Beynəlxalq muğam festivalının təntənəli
açılış mərasimi olmuşdur.
Tədbirdə
Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun
xoşməramlı səfiri Mehriban xanım Əliyeva
iştirak etmişdir.
Martın
19-dək davam edəcək festivalın təşkilatçıları
Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm
Nazirliyi və Azərbaycan Bəstəkarlar
İttifaqıdır.
Beynəlxalq
festivalın prezidenti, Azərbaycanın birinci xanımı
Mehriban Əliyeva mərasimi açaraq çıxış
etmişdir.
Mehriban xanım Əliyevanın
çıxışı
- Xanımlar və cənablar,
hörmətli qonaqlar, əziz dostlar, axşamınız xeyir.
Bu
gün şəhərimizin mədəni həyatında
çox mühüm hadisə baş verir. Bu axşam III Beynəlxalq
muğam festivalının açılış mərasimi
keçirilir. Mən festivalın
iştirakçılarını, ölkəmizə gələn
bütün qonaqları səmimi-qəlbdən salamlayıram,
Azərbaycana "Xoş gəlmisiniz!" deyirəm.
Artıq üçüncü dəfədir ki, qədim muğam sənəti dünyanın müxtəlif ölkələrindən gələn ifaçıları, sənətkarları, incəsənət xadimlərini, alimləri, musiqisevərləri bir araya toplayır və heç bir sərhədlərə sığışmayan gözəl musiqi bizi on gün ərzində birləşdirəcək, bizə xoş anlar bəxş edəcəkdir.
Bu il muğam festivalının açılış mərasimi Heydər Əliyev Mərkəzində keçirilir. Bu memarlıq abidəsi özü sanki musiqiyə bənzəyərək insanların daxilində müxtəlif hisslər və obrazlar oyadır. Kimsə onu dəniz dalğasına, kimsə bulud karvanına, kimsə küləyin şiddətinə oxşadır. Bu məkan ənənəni və müasirliyi özündə birləşdirən Bakının yeni simvollarından biridir. Bu axşam bu səhnədə bizim mədəni irsimizin incisi olan gözəl muğam səslənəcəkdir.
Əziz dostlar, festival günləri biz birlikdə məşhur ustadları və gənc ifaçıları dinləyəcəyik. Gənclər muğam müsabiqəsində iştirak edəcəklər. Bakı Beynəlxalq Muğam Mərkəzində ustadların çıxışları, Filarmoniyada, Opera və Balet Teatrında, digər konsert salonlarında simfonik muğamlar, muğam operaları səslənəcəkdir. Bakı caz klubunda muğamla cazın nadir sintezini dinləmək imkanı yaradılacaqdır. Azərbaycan muğamının qədim ənənələri və tarixi ilə yanaşı, müasir ifa sənətinin imkanları göstəriləcəkdir. Eyni zamanda, muğamın ölkəmizin XX əsrdə musiqi mədəniyyətinin bütün janrlarına nə dərəcədə təsir göstərdiyinin şahidi olacağıq. Mən ümidvaram ki, festival proqramı özündə Azərbaycanda qonaq olan ölkələrin rəngarəng muğam məktəblərinin ənənələrini, uğurlarını, nailiyyətlərini də bizə göstərəcəkdir. Ən əsası odur ki, Beynəlxalq muğam müsabiqəsi yeni adlar, yeni istedadlar aşkar edəcək və muğamın həm ölkəmizdə, həm dünyada daha yaxşı tanınmasına, daha geniş yayılmasına töhfəsini verəcəkdir.
Builki festival bir
neçə yeniliklə
seçilir. Birinci yenilik ondan ibarətdir ki, muğam müsabiqəsi təkcə xanəndələr
arasında keçirilmir,
həmçinin instrumental muğam
sənətini də əhatə edəcəkdir.
Digər
yenilik ondan ibarətdir ki, demək olar, ölkəmizin bütün
regionlarında fəaliyyət
göstərən musiqi
məktəblərinin şagirdləri
bu festivalda iştirak edəcəklər.
Onlar məşhur xanəndələrlə,
ölkəmizə gələn
qonaqlarla birgə çıxış edəcəklər
və əlbəttə,
bu da gənc
istedadlar üçün
əvəzolunmaz bir təcrübədir.
Əvvəlki illərdən fərqli
olaraq bu il festival təkcə
Bakı şəhərində
deyil, Naxçıvanda,
Gəncədə, Lənkəranda,
Qəbələdə, Şamaxıda,
Şirvanda və ölkəmizin digər şəhər və rayonlarında keçiriləcəkdir.
Dünyada muğama maraq artmaqdadır. Biz bunu
festivalda iştirak edən ölkələrin
sayının artmasında
da görürük.
Bu il festivala
24 ölkə qatılıb.
Festival çərçivəsində
keçirilən elmi simpoziumda xaricdən gələn çoxsaylı
ekspertlər və alimlər də iştirak edəcəklər.
Əziz
dostlar! Hər bir xalqın,
hər bir millətin ən böyük sərvəti
onun mədəni irsidir. Azərbaycan qədim və
zəngin tarixə, mədəniyyətə malik
olan bir ölkədir. Əsrlər boyu bizi bir
millət kimi qoruyub saxlayan mədəni irsimiz, dilimiz, ədəbiyyatımız,
poeziyamız, musiqimiz olub. Muğam isə əsl
sənət incisidir.
Təsadüfi deyil ki, Azərbaycan muğamı
UNESCO-nun bəşəriyyətin mədəni irsinin şah əsərləri siyahısına salınıb
və çox sevindirici haldır ki, artıq bu siyahıda Azərbaycan tarı və tar ifaçılığı
da vardır. Bu, bizim mədəni
irsimizə, mədəni
irsimizin qorunmasına dünya miqyasında göstərilən diqqətin
və qayğının
göstəricisidir.
Əziz
dostlar! Yəqin bilirsiniz ki,
bu festival Heydər Əliyev Fondu tərəfindən hazırlanır.
Heydər Əliyev Fondu
fəaliyyətinin ilk günündən
mədəni irsimizin qorunmasına xüsusi diqqət yetirir. Biz bu sahədə
bir çox tədbirlər hazırlayıb
həyata keçiririk,
bir çox festivallar reallaşdırırıq.
Bu sırada Qəbələ
musiqi festivalı, Rostropoviçin, Qara Qarayevin, Üzeyir Hacıbəylinin adını
daşıyan festivalları
qeyd etmək istərdim. Əlbəttə, ən vacibi
Beynəlxalq muğam festivalıdır. Festivalın hazırlanmasında
əməyi olan hər bir insana
dərin minnətdarlığımı
bildirmək istəyirəm.
Bu gün mən
bizim məşhur ustadlarımızı salamlayıram
və onlara öz hörmət və ehtiramımı çatdırıram. Siz bizim
korifeylərimizsiniz, siz
muğam sənətini
yaşadırsınız, siz
yeni istedadlar yetişdirirsiniz. Mən sizə
cansağlığı, uzun
ömür arzulayıram.
Əziz
dostlar! Sonda qarşıdan gələn
Novruz bayramı münasibətilə sizin
hamınızı ürəkdən
təbrik edirəm.
Festival iştirakçılarına
uğurlar, bizə isə çox xoş anlar arzulayıram.
İndi isə "Muğam aləmi" III Beynəlxalq
Muğam Festivalını
açıq elan edirəm. Çox sağ olun.
* * *
Hökumət rəsmilərinin, Milli
Məclisin deputatlarının,
Azərbaycanda akkreditə
olunmuş diplomatik korpusun nümayəndələrinin,
tanınmış mədəniyyət
və incəsənət
xadimlərinin, 24 ölkədən,
o cümlədən Türkiyə,
İtaliya, İspaniya,
Misir, Hindistan, Çin, İran, Tunis, Mərakeş, Liviyadan gəlmiş qonaqların iştirak etdikləri tədbir geniş konsert proqramı ilə davam etmişdir.
AzərTAc
Azərbaycan.-2013.- 10 mart.- S.2.