Hikmət İsmayıl oğlu
Atayev
Azərbaycan ictimaiyyətinə ağır itki üz vermişdir. Azərbaycan Respublikası Milli Məclisinin deputatı Hikmət İsmayıl oğlu Atayev 2013-cü il martın 7-də faciəli surətdə həlak olmuşdur.
Hikmət Atayev 1953-cü il fevralın 4-də Zaqatala şəhərində anadan olmuşdur. Zaqatalada orta məktəbi bitirdikdən sonra 1970 - 1976-cı illərdə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsində ali təhsil almışdır.
1976-cı ildə əmək fəaliyyətinə başlayan Hikmət Atayev əvvəlcə Zaqatala rayon xəstəxanasında həkim-cərrah, 2002-ci ildən isə cərrahiyyə şöbəsinin müdiri vəzifələrində çalışmışdır. 2005-2006-cı illərdə o, Zaqatala şəhər bələdiyyəsinin sədri olmuşdur.
2006-cı və 2010-cu illərdə Hikmət Atayev 110 saylı Zaqatala seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir. O, Milli Məclisin Sosial siyasət komitəsinin, habelə Belçika, Bosniya-Herseqovina, Finlandiya, Rusiya parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvü idi.
Hikmət Atayev dövlətimizin qanunvericilik bazasının möhkəmləndirilməsi və təkmilləşdirilməsi üçün bütün bilik və bacarığını sərf edir, parlamentin beynəlxalq əlaqələrinin inkişafında yaxından iştirak edirdi. O, fəal vətəndaş mövqeyi olan bir ziyalı idi, seçicilərinin mənafelərini layiqincə təmsil etmək, onları düşündürən problemlərin həllinə nail olmaq üçün hər bir imkandan istifadə edirdi.
Hikmət Atayevin xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.
Allah rəhmət eləsin!
Oqtay Əsədov, Ziyafət Əsgərov, Bahar Muradova, Valeh Ələsgərov, Səfa Mirzəyev, Əli Hüseynli, Ziyad Səmədzadə, Eldar İbrahimov, Hadi Rəcəbli, Arif Rəhimzadə, Şəmsəddin Hacıyev, Nizami Cəfərov, Rəbiyyət Aslanova, Səməd Seyidov, Siyavuş Novruzov, Mübariz Qurbanlı
Azərbaycan.-2013.- 10 mart.- S.3.