Gənclər Azərbaycanın dinamik inkişafının tərəfdarıdır

 

Ölkədə sabitliyi pozmağa çalışan və antiazərbaycançı şəbəkələrin direktivlərini həyata keçirən aqressiv müxalifət isə gənclər tərəfindən dəstəklənməyəcək

 

Bu gün Azərbaycan Respublikası sabit və dinamik inkişafına, həmçinin çevik daxili və xarici siyasətinə görə nəinki Cənubi Qafqazın, eləcə də Avropanın bir çox dövlətlərindən irəlidədir, hətta onlar üçün tərəqqi modelidir.

Ölkəmizdə Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, həmçinin sosial-iqtisadi islahatların siyasi reformalarla paralel həyata keçirilməsi nəticəsində Azərbaycanın timsalında iqtisadi inkişafın və demokratik tərəqqinin yeni nümunəsi formalaşıb. Odur ki, müasir dünyanın dövlətləri  Azərbaycanın təcrübəsini bölüşmək və düşdükləri vəziyyətdən çıxmaq üçün sözügedən modelə müraciət edirlər.

 

 "Sabitlik adası" - Azərbaycan

 

 Xarici siyasət sahəsində əməkdaşlığı və tərəfdaşlığı əsas faktor kimi götürən Azərbaycan son 20 il ərzində müasir beynəlxalq münasibətlər sisteminin fəal aktoruna çevrilməyi bacarıb. Sülh və təhlükəsizliyin qorunması kimi qlobal prosesə öz dəstəyini verən ölkəmiz, hətta BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi də dünya siyasətində mühüm rol oynayır. Sevindirici haldır ki, regionda həyata keçirilən və reallaşdırılması nəzərdə tutulan qlobal əhəmiyyətli layihələr də Azərbaycanın birbaşa təşəbbüsü və iştirakı ilə baş tutur.

Azərbaycanın bu cür praqmatik və səmərəli xarici siyasətinin əsasında duran rasional daxili siyasət sahəsində də sadalamaqla bitməyən uğurları var. Təkcə son 10 il ərzində həyata keçirilmiş sosial-iqtisadi reformalar nəticəsində ümumi daxili məhsul üç dəfə, qeyri-neft ümumi daxili məhsulu isə 2,4 dəfə artıb.

Son 9 ildə Azərbaycanın strateji valyuta ehtiyatları 28,8 dəfə artaraq 46 milyard dolları ötüb. Yoxsulluğun səviyyəsi 44,7 faizdən 6 faizə, işsizlik isə 5,2 faizə qədər azalıb. 2003-2012-ci illərdə Azərbaycan iqtisadiyyatına yönəldilən 128,3 milyard dollar investisiyadan 65,7 milyard dollarını daxili investisiyalar təşkil edib və xarici ticarət dövriyyəsi 6,4 dəfə artıb. Təsadüfi deyil ki, dünyanın ən nüfuzlu "Standard & Poor's", "Fitch" və "Moody's" beynəlxalq agentliklərinin Cənubi Qafqazda investisiya reytinqinə layiq görülən ilk ölkə də məhz Azərbaycandır. "Qlobal Rəqabətlilik Hesabatı"nda ölkəmiz 144 ölkə arasında 46-cı, MDB məkanında isə ardıcıl olaraq dörd ildir ki, birinci yerdədir. Beynəlxalq imici durmadan yüksələn Azərbaycan "Yüksək insan inkişafı" və "Yuxarı orta gəlirli" ölkələr qrupuna daxildir.

Eyni zamanda, Azərbaycanda 2003-cü ildən bəri sənaye istehsalı 2,6 dəfə, 2003-2012-ci illərdə aqrar sektor 1,4 dəfə, heyvandarlıq məhsullarının istehsalı isə 3,4 dəfə artıb. 2003-cü ildən bəri turizm sektoru 8,5 dəfə və ölkəmizə gələn turistlərin sayı isə 3,3 dəfə yüksəlib. Son doqquz il ərzində 2500-ə yaxın məktəb, 500-dən çox tibb müəssisəsi, 35 Olimpiya İdman Kompleksi və digər sosialyönümlü obyektlər istifadəyə verilib. Həmçinin sahibkarlığın, özəl sektorun ümumi daxili məhsuldakı payına nəzər salsaq görərik ki, bu, artıq 80 faizdən çoxdur. Son rəqəmlərə görə, ümumi daxili məhsulda özəl sektor 83 faiz təşkil edir.

Bütün bu sadalananlar Azərbaycanın bir "sabitlik adası" olduğunu əsaslandırır. Bu mənada, ölkəmizin sabit və dinamik inkişafı onun dünya ictimaiyyətinin diqqətinə müxtəlif beynəlxalq tədbirlərlə gəlməsinə də səbəb olur. Elə "Eurovision-2012" mahnı yarışmasının Azərbaycanda keçirilməsi, həmçinin Ümumdünya İqtisadi Forumunun, şahmat üzrə 2015-ci il Dünya Kuboku yarışlarının, 2016-cı il Dünya Şahmat Olimpiadasının və I Avropa Oyunlarının da ölkəmizdə təşkil edilməsinin qərara alınması söylənilənlərin əyani sübutudur.

Əlbəttə ki, bütün bunlar birbaşa olaraq, Prezident İlham Əliyevin Heydər Əliyev siyasətini uğurla davam etdirməsi nəticəsində mümkün olub.

 

 İnkişafdan ən çox fayda götürən gənclərdir

 

 Beləliklə də Azərbaycanın milli inkişafı onun müasir, perspektivli və güclü dövlət kimi tarixə düşməsini təmin edir. Bu tərəqqi və uğurlar seriyası isə birbaşa olaraq, Azərbaycan cəmiyyətinin sosial stratifikasiyasına və təbəqələşmə prosesinə müsbət təsirini göstərir. Ölkəmizdə orta təbəqənin və sahibkarlar sinfinin formalaşması söylənilən fikirlərə əyani misallardır. Lakin müşahidə olunan milli inkişaf tendensiyasından daha çox fayda götürənlər elə gənclərimizdir.

Çünki müasir Azərbaycan gəncliyi ölkəmizin inkişafının sürətli və imkanlarının daha geniş olduğu bir dövrün vətəndaşlarıdır. Bu gün Azərbaycan dövləti gənclərin kreativ və intellektual təbəqə kimi formalaşması üçün bütün resurslardan istifadə edir. Təhsil sahəsində ciddi addımlar atılır, gənclər xaricə dövlət hesabına təhsil almağa göndərilir, yüksək vəzifələrə çəkilir, bir sözlə, ölkənin ictimai-siyasi həyatında aktiv rol oynamaları üçün şərait yaradılır. Bunun üçün isə Azərbaycanda gənclərlə bağlı dövlət proqramları icra edilir.  Gənclərin inkişafına hesablanmış fond yaradıb, gənc sahibkarların, menecerlərin, idarəçilərin formalaşmasını təmin edir. Məhz bu gün dövlət vəzifələrinin əksəriyyətində gənclərin təmsil olunması, qeyri-dövlət sektorunda isə 50-60 faizdən artıq iştirakın bu təbəqənin nümayəndələrinin payına düşməsi də söylədiklərimizi təsdiqləyir.

Lakin çox təəssüflər olsun ki, daxildəki bəzi antimilli ünsürlər gənclərin enerjisindən və qabiliyyətindən dövlətə və xalqa qarşı istifadə etməyə çalışırlar. Belə qüvvələrin sırasında isə antiazərbaycançı şəbəkələrə işləyən ifrat radikal müxalifət və onların ətrafındakılar durur.

 

 Antimilli ünsürlər korporativ maraqları üçün gənclərin qüvvəsini istismar etməyə cəhd göstərir

 

 Təkzibolunmaz faktdır ki, bu gün Azərbaycanda demokratik mühit formalaşsa da, konstruktiv müxalifət institutu yaranmayıb. Yəni, müxalifətçilik fəlsəfəsini mənimsəməmiş bir qrup dağıdıcı ünsürlər Azərbaycanda mövcud olan insan hüquqlarının yüksək səviyyədə təminatı şəraitindən, plüralist atmosferdən, demokratik siyasi sistem quruluşundan, xüsusilə də söz, ifadə və sərbəst toplaşmaq azadlıqlarından sui-istifadə edərək Azərbaycanı antimilli qüvvələrin poliqonuna çevirməyə cəhd göstərirlər. Hazırda aqressiv müxalifət rasional düşüncəli və kreativ yanaşma tətbiq edən institut kimi çıxış edə bilmədiyindən ancaq korporativ maraqlar ətrafında birləşmiş marginal qruplar və ya siyasi dərnəklər təsirini bağışlayır. Onların inkişaf etmiş demokratik cəmiyyətlərin müxalifət institutları kimi müasir siyasi metodlara, sivil mübarizə taktikasına istinad etməməsi və bütün fəaliyyətinin əsasında milli maraqların deyil, qrup mənafeyinin durması radikal müxalifətin konseptual olaraq, demokratik dəyərlərin və ideyaların daşıyıcısı olmadığını isbatlayır.

Müxalifət institutunun əsas fəlsəfəsi dövlətçiliyin möhkəmləndirilməsi və inkişaf etdirilməsi olsa da, təəssüf ki, Azərbaycanın müxalifət institutuna bu prinsiplər yaddır. Məhz bu konteksdə radikal müxalifət dövlətçilik, etatizm ideyalarına xidmət etmək əvəzinə, Azərbaycanın gələcəyini düşünməyən "əyləc mexanizmi" qismində çıxış edir.

Hər kəs açıq şəkildə görür ki, ifrat radikal müxalifət Azərbaycanın əleyhinə çevrilmiş, qərəzli dairələrin ölkəmizə qarşı istənilən zaman istifadə edə biləcəyi təzyiq alətinə çevrilib. Bu, əlbəttə ki, nəzəri fikir deyil, təcrübədə özünün mənfi əksini tapmış reallıqdır. Elə 2012-ci ildə Azərbaycanda keçirilmiş "Eurovision-2012" mahnı müsabiqəsi ərəfəsində aqressiv müxalifətin təmsilçiləri - Müsavat, AXCP, İP və digər partiyaların antiazərbaycançı şəbəkələrin siyasi sifarişləri əsasında ölkədə ictimai-siyasi sabitliyin pozulması istiqamətində sistemli iş aparmalarını göstərmək olar. Məhz bu cür antimilli işlərində  əsasən, gənclərdən istifadə etməyə çalışan ifrat radikal müxalifət uğursuzluğa düçar olur. Çünki modern Azərbaycanın gəncləri artıq radikal müxalifətin hansı qərəzli dairələrə işlədiyini və necə çirkin planların yerli icraçısı kimi "beşinci kolon" rolunu aldığını bilir. Bunu isə həm mətbuatdan, həm də sosial şəbəkələrdəki müzakirələrdən də aydın sezmək mümkündür.

 

 İfrat radikal müxalifətin Ruslan Bəşirli kimi "əl işləri" hər bir gəncə bəllidir

 

 Aqressiv müxalifətin gənclər tərəfindən qəbul edilməməsinin başlıca səbəbi odur ki, həmin antimilli ünsürlər gəncləri "birdəfəlik istifadə vasitəsi" kimi görməyə cəhd etməsidir. Dəfələrlə görmüşük ki, korporativ maraqları naminə gəncləri qərəzli qüvvələrlə əlaqələndirən radikal müxalifət sonda onları lazımsız əşya kimi kənara atıb. Götürək elə Ruslan Bəşirlini.

O, rəhbərini zəhərləyərək yerinə keçmiş AXCP sədri Əli Kərimli vasitəsilə Gürcüstanda ermənilərlə görüşmüş, 2000 dollara və bir qədəh şəraba Qarabağı satmışdı. Əlbəttə ki, Ruslan Bəşirli bunu Əli Kərimlinin birbaşa göstərişi əsasında etmişdi. Amma onun həbs edilməsindən sonra Əli Kərimli sanki partiyasında belə birisinin gənclər təşkilatına rəhbərlik etdiyini bilməyib. Hətta Prezident İlham Əliyevin humanist addımı sayəsində azadlığa çıxmış Ruslan Bəşirlinin ziyarətinə də AXCP sədri getmədi. Yəqin ki, Əli Kərimlinin necə antimilli ünsür olması haqqında əlavə fikrə ehtiyac qalmır. Yalnız bu misalın timsalında deyə bilərik ki, radikal müxalifətin əsas mədsədi Ruslan Bəşirli kimi "əl işləri" hazırlamaq və korporativ maraqlarını təmin etməkdir.

 

 Gənclər Əkrəm Naibovu müdafiə edənlərə də etirazını ifadə edir

 

Gənclər arasında ikrah hissi doğuran məsələlərdən biri də vaxtı keçmiş və seçki yığıncağını müxtəlif bəhanələrlə yubadan Müsavat başqanı İsa Qəmbərin ermənilərin "fəxri oğlu", Azərbaycan xalqının milli qüruruna toxunmuş Əkrəm Naibovu müdafiə edən və icazəsiz aksiyalarda dağıdıcılıqla məşğul olan oğlu Turqut Qəmbəri gənclərə "dəyər" kimi təqdim etməsidir. Azərbaycan gəncliyi heç bir halda Azərbaycanın milli maraqlarını daim təhdid qarşısında qoyan, Dağlıq Qarabağın işğalına səbəb olan İsa Qəmbəri və ondan dərs alan oğlunu nümunə kimi qəbul etmir. Ona görə də gənclər antimilli planların yerli icraçısı İsa Qəmbəri heç bir halda dəstəkləməyib və bundan sonra da bu cür olacaq.

Bir halda ki, İctimai Palata, ayrılıqda İsa Qəmbər, Əli Kərimli, reneqat Eldar Namazovun dəstəsi ermənilərin maraqlarına xidmət edən "Daş yuxular" adlı cızma-qaranın müəllifi Əkrəm Naibovun bu hərəkətini söz azadlığı ilə əlaqələndirirlərsə, onun Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə zidd addım atmadığını iddia edirlərsə, əlbəttə, onların dəstəklənməsi mümkün ola bilməz.

Elə Əli Kərimlinin və Əkrəm Naibovun evinin, İsa Qəmbərin qərargahının qarşısında gənclərin etiraz aksiyaları keçirməsi, kitabları yandırması Azərbaycan gəncliyinin radikal müxalifətə olan münasibətinin təzahürüdür.

 

 Gənclər aqressiv müxalifəti reneqatlar birliyi kimi görür

 

 Bununla yanaşı, radikal müxalifətin təfəkküründə hakimiyyətə qarşı ifratçılığın hökm sürməsi, dövlətə və milli maraqlara qarşı durmaqları, onların daxilindəki qarşıdurmaların, qovğaların olması zəifliklərini nümayiş etdirir. Bu mənada milli təfəkkür və düşüncə problemi yaşayan ifrat radikal müxalifət heç bir halda Azərbaycan gəncliyindən dəstək ala bilməz. Çünki gənclər onları ölkədə demokratiyanın, vətəndaş cəmiyyətinin inkişaf etdirilməsinə təkan verə biləcək qüvvə kimi deyil, sırf ölkəni xaosa sürükləməyə çalışan, ancaq siyasi sifarişi həyata keçirən reneqatlar dəstəsi kimi görür.

Gənclər düşünürlər ki, Azərbaycanda bu və ya digər qüvvələrin maddi-siyasi dəstəyilə dövlətin əsaslarının laxladılması dövrü artıq geridə qalıb. Məhz kənar müdaxilələrin tarix boyu Azərbaycan dövlətçiliyinin qərar tuta bilməməsinin əsas səbəbi olduğundan bu gün siyasi şüur və siyasi mədəniyyət səviyyəsi yüksək olan gənclər radikal müxalifətin antimilli çağırışlarına cavab vermir, hər dəfə dövlətçiliyə və milli maraqlara zidd addımlar atan, xarici siyasi qüvvələrin əlində təzyiq alətinə çevrilmiş destruktiv radikal müxalifəti qəbul etmirlər.

 

 Azərbaycan gəncliyi sabit və dinamik inkişafın tərəfdarıdır

 

Bir sözlə, bu gün Azərbaycanda aqressiv radikal müxalifətin gənclər tərəfindən dəstəklənməməsinin səbəbləri təhlil nəticəsində bəlli olur. Elə bu səbəblər, eyni zamanda, dağıdıcı müxalifətin xalqın dəstəyindən məhrum olmasına gətirib çıxarıb. Çünki artıq insanlar AXC-Müsavat iqtidarı dönəmində yaşanmış günlərə bir daha qayıtmaq istəmirlər. Xüsusilə də gənclər Azərbaycanın sabit və dinamik inkişafının tərəfdarıdır. Bu mənada, cəmiyyətimizin intellektual və kreativ kəsimi olan gənclər Prezident İlham Əliyevin növbəti beşillikdə də dövlət başçısı olmasını arzulayırlar. Əlbəttə ki, dövlətçiliyi müdafiə edən hər bir gənc artıq qəti mövqeyini də ortaya qoyub. Ona görə də əminliklə demək olar ki, ölkədə sabitliyi pozmağa çalışan və antiazərbaycançı şəbəkələrin direktivlərini həyata keçirən ifrat radikal müxalifət gənclər tərəfindən dəstəklənməyəcək.

 

 

Ramil VƏLİBƏYOV,

YAP Nizami rayon təşkilatının

aparat rəhbəri

 

Azərbaycan.-2013.- 10 mart.- S.4.