Qeyri-neft sektoru
üzrə ən böyük sərmayələr
Qusar rayonuna
yatırılır
Ötən il qusarlılar üçün əlamətdar hadisələrlə yaddaqalan olmuşdur. Prezident İlham Əliyev Qusara etdiyi səfərlər zamanı abadlıq işləri ilə tanış olmuş, Heydər Əliyev Mərkəzinin və rayon Mərkəzi xəstəxanasının açılışında iştirak etmişdir: "Yenidən Qusarda olmağımdan çox məmnunam. Biz bu gün Qusar rayon xəstəxanasının açılışını etdik... Burada ən müasir avadanlıq quraşdırılıb, ən gözəl şərait yaradılıb və bütün şöbələr nəzərdə tutulub. İndi xəstəxana ilə tanış olarkən bir daha gördük ki, bu xəstəxana istənilən inkişaf etmiş ölkənin standartlarına cavab verir. Rayonun inkişafı ilə bağlı konkret proqramlar icra edilir. "Şahdağ" Qış-Yay Xizək Mərkəzinin tikintisi sürətlə və uğurla gedir. Qeyri-neft sektorunda ən böyük sərmayə Azərbaycanda Qusar rayonuna qoyulur". Qusara səfəri çərçivəsində Prezident İlham Əliyev "Şahdağ" Qış-Yay Turizm Kompleksində aparılan tikinti işləri ilə də tanış olmuş, öz təklif və tapşırıqlarını vermişdir: "Şahdağ" Qış-Yay Xizək Mərkəzi dünyanın ən gözəl mərkəzlərindən birinə çevriləcəkdir. Buraya gələcək turistlərin sayı, hesab edirəm ki, minlərlə ölçüləcəkdir. Təbii ki, bu, rayonun inkişafına çox böyük təkan verəcək, yüzlərlə, bəlkə minlərlə yeni iş yerləri açılacaq və Qusar rayonu Azərbaycanın turizm mərkəzinə çevriləcəkdir".
Ötən ilin sonunda Qusara etdiyi növbəti səfəri zamanı isə ölkə başçısı Qusar-1 kiçik su-elektrik stansiyasının, Qusar-Ləzə avtomobil yolunun, "Şahdağ" Qış-Yay Turizm Kompleksinə daxil olan "Zirvə" və "Qaya" hotellərinin açılışında iştirak etmiş, "Şahdağ Resort SPA" hotelində aparılan tikinti işlərinin gedişi ilə maraqlanmışdır.
"Şahdağ" Qış-Yay Turizm Kompleksinin 1-ci fazasının istifadəyə verilməsi rayona respublikanın müxtəlif regionlarından və xarici ölkələrdən çoxsaylı turistlərin və qonaqların axınına səbəb olmuşdur. Bu da onu göstərir ki, kompleks rayonda nəinki idmanın və turizmin, eləcə də infrastruktur və istehsal sahələrinin inkişafına, rayon büdcəsinin və əhalinin pul gəlirlərinin artmasına, beləliklə, əhalinin yaşayış səviyyəsinin yüksəlməsinə təkan verəcək. Xatırladaq ki, kompleksin tikintisinə 2009-cu ildə başlanıb. Rayon mərkəzindən 25 kilometr şimalda, dəniz səviyyəsindən 1300-3200 metr hündürlükdə yerləşən obyekt 2000 hektardan artıq sahəni əhatə edir. Ölkə başçısının xüsusi diqqət və qayğısı sayəsində ərsəyə gələn kompleksin ərazisində artıq iki hotel istifadəyə verilmiş, turistlərin qəbulu üçün zəruri infrastruktur yaradılmışdır. Ümumiyyətlə, bu gün mövcud potensialdan daha səmərəli istifadə etməklə rayonda ilk növbədə turizmin inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirilir və bu işdə yerli sahibkarlara lazımi dəstək verilir.
Qusarın ötən ilin sosial-iqtisadi sahədə əldə etdiyi nəticələrə gəldikdə isə, bu göstəricilər rayonun yüksək templərlə inkişaf etdiyini göstərir. Belə ki, ötən il rayonda ümumdaxili məhsulun həcmi 2,4, o cümlədən sənaye məhsulları istehsalı 5,9, kənd təsərrüfatı məhsulları istehsalı 2,5 dəfə artmışdır.
Məlumdur ki, dövlətin investisiya siyasəti regionlarda yeni iş yerlərinin və müasir infrastrukturun yaradılmasına, insan kapitalının inkişafı və vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə yönəldilir. Bu baxımdan özəl sektorun, əsasən kiçik və orta sahibkarlığın inkişafına yönələn tədbirlər xüsusi əhəmiyyət kəsb edir. Əhalinin işlə təmin edilməsi və iş axtaran vətəndaşlara kömək məqsədilə Qusar şəhərində də əmək yarmarkaları keçirilir. Təkcə son yarmarkaya rayonun müxtəlif müəssisə və təşkilatlarında vakant olan 159 iş yeri çıxarılmış və 50 nəfər ixtisasına, arzu və istəyinə uyğun işlə təmin olunmuşdur. Söz düşmüşkən qeyd edək ki, ötən il rayonda 1600-dən çox yeni iş yeri açılmışdır ki, bunun da 539-u daimidir.
Ötən il Qusarda sahibkarlığın inkişafını dəstəkləyən bir sıra tədbirlər keçirilmişdir. İqtisadi İnkişaf Nazirliyi ilə birlikdə may ayında "Aqrar-sənaye kompleksinin rəqabət qabiliyyətinin artırılması: nailiyyətlər və perspektivlər" mövzusunda konfrans, oktyabrda Balaqusar kəndində "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda seminar və kredit yarmarkası təşkil olunmuş, rayonda fəaliyyət göstərən 10 sahibkara 100 min manatdan çox güzəştli kredit verilmişdir. Ümumilikdə Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına rayonda fəaliyyət göstərən sahibkarlar 21 layihə üçün 2 milyon 754 min manat güzəştli kredit almışlar.
Həyata keçirilmiş tədbirlər və dövlətin sahibkarlığın inkişafına göstərdiyi bu dəstəyin nəticəsidir ki, Qusarda sahibkarlıq fəaliyyəti ilbəil genişlənir, özəl sektorda istehsal edilən məhsulun və göstərilən xidmətlərin həcmi və keyfiyyəti artır. Yalnız ötən il rayonda istehsal olunan sənaye məhsulunun, kənd təsərrüfatında ümumi məhsul istehsalının, əhaliyə göstərilən xidmətlərin, pərakəndə əmtəə dövriyyəsinin və nəhayət, ümumdaxili məhsulun yarıdan çox hissəsi sahibkarlıq subyektlərinin payına düşmüşdür.
Kənd təsərrüfatı aparıcı sahə kimi Qusarın iqtisadiyyatının əsasını təşkil etdiyi üçün RİH tərəfindən bu sahədə fəaliyyət göstərən sahibkarlara xüsusi diqqət göstərilir. Nəticədə sahibkarlar ötən il 195 hektar sahədə yeni bağlar salmışlar ki, onun da əksəriyyətini alma, armud, gilas və fındıq bağları təşkil edir. Məlumdur ki, dövlət kənd təsərrüfatı məhsullarının ilin bütün fəsillərində normal qaydada saxlanılması üçün soyuducu anbarların tikintisinə maliyyə dəstəyi verilir. Qusarda yaradılan belə anbarlarda saxlanan tonlarla məhsul il ərzində Bakıda və digər iri şəhərlərdə keçirilən kənd təsərrüfatı məhsullarının satış yarmarkasına çıxarılır. Bütün bu tədbirlər isə həm də ölkədə ərzaq təhlükəsizliyinin təminatına, əhalinin ərzağa olan tələbatının ödənilməsinə xidmət edir.
Qusarda keçən il digər sahələrdə də bir çox layihələr həyata keçirilmişdir. Bunların sırasında 22 kilometrlik Həzrə-Zuhul avtomobil yolunda aparılan təmir işlərini, Tahirçal çayı üzərində yeni körpünün salınmasını, Uqur və Nəcəfkənd ərazilərindəki 2 körpünün əsaslı təmirini və başqa tədbirləri göstərmək olar. Eləcə də əhalinin fasiləsiz elektrik enerjisi ilə təminatı məqsədilə hava xətlərindəki təmir işləri, yararsız dayaqların yeniləri ilə əvəzlənməsi və s. təmiri bu sahədə görülən tədbirlər sırasındadır. Hazırda Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi və Azərbaycan höküməti tərəfindən birgə maliyyələşdirilən "Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi" çərçivəsində Qusar şəhərinin və ətraf 7 kəndin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə Qusarçayda 700 poqonmetrlik suqəbuledici qurğu və yeni su anbarları tikilir. Artıq suqəbuledici qurğunun və 2 su anbarının tikintisi başa çatmışdır. Cari il həmçinin Qusar-Quba kanalizasiya kollektorunun tikintisinin başa çatdırılması və şəhərin kanalizasiya sisteminin ona qoşulması nəzərdə tutulur.
Sosial sahədə görülən tədbirlərdən söz düşəndə Qusar Mərkəzi rayon xəstəxanasının yeni binaya köçməsi, onun müasir inventar və avadanlıqlarla təchiz edilməsi də mütləq qeyd olunmalıdır. Bundan əlavə, ötən il rayonda böyük tikinti abadlıq-quruculuq işləri davam etmişdir. Belə ki, Qusar şəhərindəki onlarca çoxmənzilli yaşayış binalarının dam örtükləri və fasadları təmir edilmiş, ümumi görünüşə xələl gətirən fərdi yaşayış evlərinin dam örtükləri dəyişdirilmiş, küçələrdə kənar divarlar tikilmiş, onlar aqlay və dekorativ daşla üzlənmiş, bardürlər dəyişdirilmiş, səkilər yenidən salınmışdır. Qusarın mərkəzində yerləşən Gənclər parkı da əsaslı təmirdən sonra təzə görkəm almışdır.
Ümumiyyətlə,
2012-ci il rayonun tarixində nəhəng tikinti, quruculuq və
abadlıq işləri ilə yadda qalmış, əhalini
narahat edən bir çox problemlər həllini
tapmışdır. Bununla belə, hələ də həlli
vacib olan problemlər çoxdur. Odur ki, RİH 2013-cü il
üçün rayonun inkişaf planını
hazırlamışdır. Sənəddə yolların,
körpülərin, təhsil və
səhiyyə obyektlərinin tikintisi, təmiri, elektrik
enerjisi, içməli su, qaz xətlərinin çəkilməsi
və digər problemlərin aradan qaldırılması
üçün tədbirlər nəzərdə tutulmuşdur.
Akif ƏLİYEV
Azərbaycan.-2013.- 10 mart.- S.5.