Simlərdən süzülən
duyğular
Kamanı ilə dinləyicilərin məhəbbətini qazanan, qeyri-adi ifa tərzi ilə fərqlənən xalq artisti Şəfiqə Eyvazova 50 ildir ki, professional sənətdədir. Seçilən bir tale yaşayan Şəfiqə Eyvazova kamana könül bağladığı gündən onun simlərində elə bir möcüzə yaratdı ki, hətta üzünü görmədən də belə musiqinin ahəngindən ifaçının kim olduğunu demək mümkündür. Əgər ustad Habil Əliyev kamançanın tarixində yeni bir eranın başlanğıcını qoydusa, Şəfiqə Eyvazova da bu alətdə qadınlar arasında ilk ifaçıdır ki, özünəməxsusluğu və zərifliyi ilə fərqləndi. Kamanla ünsiyyət bağladığı gündən unudulmaz bəstəkarımız Cahangir Cahangirovun musiqilərini dərindən sevən, onun əsərlərini ürəklə, valehedici bir ahənglə ifa etməyi özünə borc bilən Şəfiqə Eyvazova həqiqətən, bu qədim musiqi alətinin vurğunudur. Özünü kamançasız təsəvvür etmir. Əslində, onların ailəsi elə kamança çalanlardan ibarətdir.
Həyat yoldaşı Arif Əsədullayev respublikamızın əməkdar incəsənət xadimidir. İllərdir ki, müxtəlif ansambllarda kamançası ilə fəaliyyət göstərir. Qızı Mehri xanım anasının saldığı cığırda mətin addımlarını atır. Bəzən onların ifalarını bir-birinə qarışdıran da olur. Çünki ana-bala doğmalığı musiqidə də özünü göstərir.
Xəyalımdan çəkilməyən bir xatirə var. Ötən əsrin 80-ci illərində indiki Heydər Əliyev Sarayında Zeynəb Xanlarovanın konserti keçirilirdi. O vaxt bu böyük sənətkarın konsertinə düşmək çox çətin idi. Kassada bilet tapılmazdı. Möhtəkirlər əvvəlcədən biletləri əldə edərək yüksək qiymətə musiqisevərlərə satırdılar. Yadımdadır, biz də o vaxtkı əlli rubla bilet alaraq tamaşaçı olmaq sevincini yaşamışdıq. Zeynəb Xanlarova Azərbaycan səhnəsinə elə bir şuxluq və gözəllik gətirmişdi ki, onun mahnılarından doymaq olmurdu. Gül-çiçəyə qərq olmuş müğənnimiz üzünü salona tutaraq bildirdi: "Mən gedim yükümü boşaldım (qucağındakı gül dəstələrini nəzərdə tuturdu - F.X.), siz də dağlı qızımızın kamanına qulaq asın". Mən Şəfiqə Eyvazovanı səhnədə ilk dəfə onda gördüm. Radiodan, televiziyadan çaldığı musiqilərə çox qulaq asmışdım. Bu dəfə o, bizi "Şur"un sehrinə saldı. Hələ də o musiqinin ahəngindəki məlahət, həzinlik, qəlbə sirayətedici məqamlar qulaqlarımdan çəkilməyib. Şəfiqə xanım səhnədə bir möcüzə yaradırdı. O anda mənə elə gəlmişdi ki, kamanla Şəfiqə xanım birləşərək qeyri-adi bir varlığa çevriliblər. Onları bir-birindən ayırmaq mümkün deyildi. Kaman bu xanımın ürəyindən keçən duyğuları öz simlərində aləmə yayırdı. Bir də onda ayıldıq ki, Zeynəb xanım Şəfiqə Eyvazovanın yanında dayanaraq razılıqla başını yırğalayır və üzünü tamaşaçılara tutaraq: "Ayılın, mənim əzizlərim, bu gözəl qızımızı alqışlayın!" Elə bil ki, insanlar kamandan qopan təranələrin ahənginə qoşularaq uzaqlara qanadlanmışdılar. Özümüzə gələndə alqışdan qulaq tutulurdu.
Şəfiqə Eyvazova baharın ilk ayında Bakıda anadan olub. Özü belə söyləyir: "Əslində, 8 martda doğulmuşam. Amma pasportuma 9 rəqəmi düşüb. Deyirlər, mən anam üçün taleyin töhfəsi olmuşam. Uşaqlıqdan musiqiyə böyük həvəsim, marağım, məhəbbətim olub". Elə bu niyyətlə də orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb. Uzun illər Teleradio Verilişləri Şirkətinin Xalq Çalğı Alətləri Orkestri və Əhsən Dadaşovun rəhbərlik etdiyi ansamblın solisti olub. İlk solo konsertləri ilə tamaşaçı qarşısında çıxış edəndə Şəfiqə Eyvazovanın 18 yaşı vardı. Kamanda ifa etdiyi "Rast", "Çahargah", "Rahab", "Şüştər", "Şur" və s. muğamlar musiqisevərlər tərəfindən həmişə rəğbətlə qarşılanır. Mütəxəssislər də Şəfiqə Eyvazovanın sənətini yüksək qiymətləndirərək onun haqqında xoş sözlər deyirlər. Kaman ustası muğamlarla bərabər, həm Azərbaycanın, həm də xarici ölkə bəstəkarlarının yaradıcılıqlarına tez-tez müraciət edir. Hələ sovet dövründən başlayaraq bu azərbaycanlı qızın böyük məharət və məhəbbətlə ifa etdiyi kamanın xoş sədaları bütün dünyanın möhtəşəm səhnələrindən eşidilib. Özü də hərdən zarafatla söyləyir ki, mən dünyanı bir neçə dəfə dolaşmışam. Vaxtilə SSRİ xalqlarının folklor musiqi festivalında, dünya musiqişünaslarının beynəlxalq simpoziumunda, eləcə də UNESCO-nun xəttilə ABŞ-da keçirilən Şərq xalqlarının musiqi folkloru festivalında uğurla iştirak edən Şəfiqə Eyvazovanın sənət dünyası çoxunu heyrətə gətirdi. Bir sıra xarici ölkələrdə - İsveçrə, Almaniya, Fransa, Polşa, Belçika, İtaliya, Əfqanıstan və s. yerlərdə qastrol səfərlərində olan Şəfiqə Eyvazovanın kamanı həmişə heyranlıqla qarşılanıb. Dövlət müstəqilliyimizin bərpasından sonra bu kaman ustadının yaradıcılıq coğrafiyası daha da genişləndi. Bu gün fəxrlə deyə bilərik ki, Şəfiqə Eyvazova 2003-cü ildən Türkiyənin "Tekşen-Kara Dəniz" Simfonik Orkestrinin solistidir. Onun ifasında yeni zirvə tapan "Şur", "Şüştər", "Rahab" və bir çox digər muğamlar Azərbaycan Radiosu və Televiziyasının Qızıl Fondunda qorunur.
O, öz sehrli musiqisi ilə böyük sənətkarları da müşayiət edib. Bu gün həmin insanları xiffətlə xatırlayan Şəfiqə Eyvazova söyləyir: "Elə mahnılar var ki, onları eşidəndə çox kövrəlirəm. Çünki vaxtilə bu şərqiləri mən özüm də çalmışam. Kimlərin səsləri yada düşmür? Şövkət Ələkbərova, İslam Rzayev, Gülağa Məmmədov, Rübabə Muradova, Qulu Əsgərov... Allah canını sağ eləsin, Elmira Rəhimova... Bilirsiniz, bu sənətkarların sənətə məsuliyyəti biz musiqiçilərə də xoş təsir bağışlayırdı. Onların həm ifa tərzi, həm səsləri, həm səhnə və özünü apara bilmək mədəniyyətləri, necə deyim sizə, nümunə idilər. Onlardan həmişə öyrənmək gərəkdir".
Xalq artisti Arif Babayev Şəfiqə xanım haqqında böyük ehtiramla danışdı: "Mən onun xətrini çox istəyirəm. Dəfələrlə birlikdə xarici ölkələrə qastrol səfərlərinə getmişik. Çox abırlı, məsuliyyətli, sənətə bağlı və həssas xanımdır. Şəfiqə Eyvazova həm də kamança çalanlar arasında yeganə ifaçı qadındır ki, istər özündən əvvəl yaşayıb-yaratmış instrumental ifaçıları, istərsə də müasirlərini heç zaman təqlid etməmişdir. O, özünəməxsus ifaçılıq ənənəsini yaratmış, ardınca yüzlərlə gəncə bu sənəti sevdirmişdir. Ondakı musiqi duyumu çox güclüdür. İllər boyu öz ifası ilə sübut etdi ki, bizim qadınlar da kamançada necə çala bilərlər və heç də kişilərdən əskik deyillər. İfaçılıq sənətinə özünəməxsus tələbkarlıqla yanaşan Şəfiqə Eyvazova həm də bir daha təsdiqlədi ki, musiqi ifaçılığında qadın-kişi söhbəti yoxdur, sənətkar var. Dünyanın müxtəlif ölkələrində musiqimizi birlikdə təmsil etmişik. Hər dəfə də şahidi olmuşam ki, dilimizi bilməyən, sözümüzü anlamayan əcnəbilər bizim bu xanım ifaçının çalğısını necə rəğbətlə alqışlayıblar.
Musiqi sahəsindəki göstərdiyi böyük xidmətlərlə yanaşı, 1974-cü ildən Azərbaycan Dövlət Konservatoriyasında çalışan Şəfiqə Eyvazova həm də pedaqoji fəaliyyətlə məşğuldur. Qırx altı ildir ki, müəllim işləyir. Tələbələrinin sorağı müxtəlif yerlərdən gəlir. "Mən həmişə onlarla fəxr etmişəm" - söyləyən Şəfiqə Eyvazova böyük məhəbbət və ehtiramla tələbəsi kaman ifaçısı Munis Şərifovun adını çəkir. Bu gün öz çalğısı ilə tamaşaçı məhəbbəti qazanan Mehri Əsədullayeva da ikiqat sevinc içindədir. O, həm bir ana, həm də bir müəllimi kimi Şəfiqə Eyvazova sənətinin ustad davamçısıdır. "Sənətkar qızı olmaq nə qədər xoşbəxtlikdirsə, bir o qədər də məsuliyyətlidir, çətindir. Mən konservatoriyada oxuyanda tələbə yoldaşlarımdan fərqli olaraq bir qorxu içində idim. Çünki bütün hərəkətlərimdə, dərslərə hazırlaşmağımda, sənətə bağlılığımda təkcə öz adım deyildi, anamın da ismi vardı. Çalışırdım ki, bütün etimadları doğruldum. Bəzən uşaqlar dərsdən yayınıb kinoya, hansısa bir tədbirə gedəndə mən bu "azadlıq"dan məhrum idim. Anamı sevirdim, ona hörmət edirdim, nəvazişindən ötrü ürəyim gedirdi, amma danlağından da çox qorxurdum. Ona görə də bütün tələbəlik dövrü və elə sonra da ona çalışmışam ki, anamın onsuz da ciddi olan simasında bir narazılıq duyulmasın. Xoşbəxtəm ki, həm övlad, həm də tələbəsi kimi mən onun etimadını doğrulda bildim".
Əlbəttə, kamançada çalanlarımız çox olub. Sənətin fədailəri arasında hər kəsfin öz yeri var. Şəfiqə Eyvazova o qüdrətli sənətkarlardandır ki, orta əsrlərdən üzü bəri təriflənən, klassik ədəbiyyatda adı tez-tez çəkilən kamançanın tarixində bir qadın ifaçı kimi öz möhürünü vurdu. Onun avazına yeni xallar, rənglər, ovqatlar, duyğular qatdı. Bu, hər kəsə nəsib olan sənət uğuru deyil ki, çalğısının ilk təranələrindən kamanı dilləndirənin məhz Habil Əliyev, yaxud da Şəfiqə Eyvazova olduğunu dərhal hiss edəsən. Bu şəxsiyyətlərin bir özəlliyi də ondan ibarətdir ki, adi çalğıçı kimi məşhurlaşmadılar. Habil Əliyev də, Şəfiqə Eyvazova da muğamın xarakterinə uyğun bir hekayət yaratdılar. Şəfiqə Eyvazovanın kamandakı möcüzəsinə qulaq asanda adama elə gəlir ki, eşitdiyin o sədalar öz ürəyinin pıçıltılarıdır. Özünəməxsus ifa tərzi ilə seçilən və pərəstişkarlarını sehrləyən xalq artisti Şəfiqə Eyvazova yalnız dinləyiciləri, tamaşaçıları deyil, öz həmkarlarını da valeh edən ustaddır. Bu xanımın Azərbaycan mədəniyyətinin inkişafında öz xidmətləri var. İllərdir ki, ürəyinin səsini kamanda dilə gətirərək bizi ovsunlayır. Əslində, Şəfiqə Eyvazovanın kamanından qopan o ilahi sədalarda dünənimizin nisgili, bugünümüzün ovqatı, sabahımızın ümid dolu anları var.
Şəfiqə Eyvazova çox sevdiyi "Rahab"ı çalırdı. Bu ağırtaxtalı xanımın zərif ruhundan qopub simlərdən haraylanan duyğularında bir insanın şərəfli ömrü boylanırdı. Əlli ildir ki, o, öz kamanı ilə arzu və istəklərini dilə gətirir. Əlli ildir ki, Şəfiqə Eyvazova xalqına, millətinə kamanı ilə xidmət edir.
Flora XƏLİLZADƏ
Azərbaycan.-2013.- 10 mart.- S.6.