Müqəddəs peşəni sevdirənlər

 

Hər birimizin həyatında silinməz izlər buraxanlar arasında, heç şübhəsiz, ilk sinif  müəllimlərimiz də olur. İltifat Bəktaşi də belələrindən biridir. O, Naxçıvan şəhərindəki Afiyyədin Cəlilov adına 12 nömrəli tam orta məktəbdə işləyir.

Məktəbin direktoru Əli Novruzovla İltifat müəllimin dərsində iştirak etdik. İlk andan  hiss edildi ki, şagirdlər onu çox sevirlər. Bəlkə də bunun nəticəsi idi ki, müəllimin soruşduğu hər suala cavab vermək üçün bütün sinif əlini qaldırırdı. Müəllimə şagirdlərdən kimi dindirirdisə, o, suallara dolğun cavab verirdi. Elə müəllimin özü də uşaqların bütün suallarına səbirlə, təmkinlə cavablandırır, mövzunun asan qavramaları üçün sadə misallarla şərh edirdi.

Yeri gəlmişkən onu da qeyd edək ki, Naxçıvan şəhər 12 nömrəli tam orta məktəb 2011-ci ilin sentyabr ayından müasir standartlara cavab verən, hər cür şəraitlə təmin olunmuş üçmərtəbəli yeni binada fəaliyyət göstərir. Dərs vəsaitləri, otaqdakı normal hava temperaturu  burada lazımi şəkildə dərs keçmək üçün hər cür şərait var.  Şagirdlər onlara verilmiş dərsliklərə də qayğı ilə yanaşırlar. Yəqin ki, bu da müəllimin tövsiyə və tapşırıqlarından irəli gəlirdi.

Direktor söhbət əsnasında dedi ki,  İltifat Bəktaşi müəllim ailəsində dünyaya göz açıb. Anası Cəmilə xanım coğrafiya müəllimidir.  Atası Məmməd Bəktaşi də bir müddət ədəbiyyat müəllimi işləyib, 1946-1960-cı illərdə isə Naxçıvan Muxtar Respublikasının maarif naziri, 1961-1974-cü illərdə "Şərq qapısı" qəzetinin redaktoru olub.

İltifat müəllimin bir vaxtlar oxuduğu Naxçıvan şəhər 4 nömrəli orta məktəb XIX əsrin sonlarında - 1894-cü ildə görkəmli maarifçi-ziyalı Məhəmmədtağı Sidqi tərəfindən "Məktəbi-Tərbiyyə" adı ilə yaradılmışdı. Sidqi bildirirdi: "Məktəb bizim elmmaarifimizin vasitəsi, dünya və axirətimizin səadətinin səbəbidir. Məktəb cəhalət dərdinin dərmanı və mərifət bağının xiyabanıdır ki, həmişə cahilləri alim və divanələri aqil eylər... Məktəb də bir cismə bənzər ki, onun ruhu müəllimdir". M.Sidqinin bu kəlamları İltifatın da fikrinə hakim kəsilir. Orta məktəbi bitirib, Naxçıvan Dövlət Pedaqoji İnstitutuna daxil olur. İbtidai təhsilin metodikası ixtisası üzrə təhsil alıb, Culfa rayonunun Yaycı kəndində bir neçə il işləyəndən sonra Naxçıvan şəhərində fəaliyyətini davam etdirir. Artıq o,  32 ildir ki, ibtidai siniflərdə dərs deyir.

İltifat müəllimə ailədə 3 bacı olublar. Ədəbiyyat müəllimi olan böyük bacısı Etimad Bəktaşi 1992-ci ildə Naxçıvan şəhərində qızlar liseyinin əsasını qoyub. Digər bacısı Etiqad coğrafiya fənnini tədris edir.

Məktəbdə olarkən onu da hiss etdik ki, İltifat Bəktaşi öz şagirdləri ilə nəinki müəllim, həm də bir ana kimi rəftar edir. Tənəffüs boyu bir neçə şagirdin ona yaxınlaşaraq öz istəklərini bildirməsinin sirri də məncə, budur.

 

 

Elxan MƏMMƏDOV

 

Azərbaycan.-2013.- 10 mart.- S.6.