Qadın hüquqları tarixindən
Ən qədim dövrlərdən qadının həyatı dar ailə çərçivəsində məhdudlaşırdı. Qadına yalnız ana, kişiyə həyat yoldaşı olmağa izin verilirdi. Qədim Hindistanda qadın ərindən tam asılı idi. Belə bir durum 3 min il öncə yazılmış Manu qanunlarında fiksasiya edilmişdi. Roma hüququ qadınları mülki aktları yerinə yetirmək haqqından məhrum olan uşaqlarla eyni cərgəyə qoyurdu. Hətta qadınlara vətəndaş hüquqlarının verilməsi haqqında məsələnin qaldırıldığı Böyük Fransa inqilabı zamanında belə bir çoxları qadınlara müəyyən haqların verilməsinə etiraz edirdi.
Çar Rusiyasında da qadının vəziyyəti yaxşı olmamışdır, hətta digər ölkələrlə müqayisədə daha pis imiş. Qadınlar kişilərə - ataya, ərə, böyük oğula tam tabe idilər. Rusiya qadınlarının heç bir mülki hüququ yox idi. Onların bir yerdən başqa yerə getmək haqqı da yox idi, çünki pasport sahibi olmaq hüququndan məhrum idilər. Yalnız XIX əsrdə Rusiyada qızlar valideynlərin razılığı olmadan müstəqil pasport almaq hüququ əldə etdilər. Evli qadınların taleyi isə ərlərindən asılı idi: ərinin icazəsindən sonra qadın pasport ala bilərdi. Pasportsuz isə hətta ən qısa müddətə belə harasa getmək mümkün deyildi.
1912-ci ilin iyununda Rusiya Dövlət Duması Ədliyyə Nazirliyinin təqdim etdiyi və ərli qadınlara ərlərinin icazəsi olmadan ayrı yaşamaq sənədi (pasport) almaq və qulluğa daxil olmaq hüququnun verildiyi qanun layihəsini qəbul etdi. Həmin qanun qəbul edilənə kimi qadın qəyyumluq altında dolanan və vətəndaşlıq hüququna malik olmayan şəxs hesab olunurdu. Yeni qanun onlara müstəqil və azad vətəndaş haqları verirdi.
Azərbaycan qadınlarının taleyi də Rusiya qadınlarının vəziyyətindən yaxşı deyildi. Görkəmli ictimai xadim Əhməd bəy Ağayev 1905-ci ildə özünün "Müsəlmanların petisiyasına zəruri izahatlar" adlı məqaləsində ürək ağrısı ilə yazırdı ki, Rusiyadakı müsəlmanlar, o cümlədən Azərbaycan türkləri yaşamırlar, ömür çürüdürlər. Yaşamaq - düşünmək və hərəkət etməkdir. Hanı bizim düşüncəmiz, hanı bizim əməllərimiz? Axı biz hətta danışmağı, haqla, təbiətcə bizim olanı xahiş etməyi bacarmırıq. Rusiyada yaşayanların hamısı danışır, düşünür, duyur, ictimai həyata bu və ya digər şəkildə reaksiya verir. Bir tək biz müsəlmanlar cansız bədən kimi səssiz-səmirsiz, susqun yatırıq.
Qadın hüquqlarının tarixinin tədqiqi ilə məşğul olan sovet alimləri haqsız olaraq qadınların ağır vəziyyətinin əsas baiskarı olaraq islamı və şəriət qanunlarını görürdülər. Elə 17 milyondan artıq müsəlmanın yaşadığı Rusiyada 1872-ci ildə qəbul edilmiş Zaqafqaziya müsəlman ruhaniləri haqqında xüsusi əsasnamə fəaliyyət göstərirdi. Rus qanunvericiliyi Qafqaz əhalisinin bütün müsəlman hissəsinin, o cümlədən qadınların hüququna aidiyyəti olan məsələlər (nikah, miras və s. haqqında məsələlər) dairəsini adıçəkilən əsasnamənin müddəaları ilə müəyyən edirdi. Yalnız 1905-ci il inqilabından sonra qüvvədə olan əsasnaməyə yenidən baxılması haqqında məsələ qaldırıldı.
Nalbuki islam dini qadınların hüquqlarını məhdudlaşdırmırdı, əksinə, qadınlara əmlak hüquqları verirdi, şəriət isə onları mühafizə və müdafiə edirdi. Elə buna görə də çox vaxt müsəlman qadınları islamın şəriət qanunlarında müdafiə axtarırdılar. 1908-ci ildə müsəlman qadınları Rusiya Dövlət Duması üzvlərinə müraciətlə onları müstəbid ərlərin özbaşınalığından müdafiə etmələrini xahiş edirdilər. Müsəlman qadınlarının müraciətində deyilirdi ki, şəriətə əsasən qadınlar təhsil almaq, səyahətə çıxmaq, Məkkəyə həcc ziyarəti etmək, məscidlərdə ibadət etmək, ticarət aparmaq, veksel vermək, şəfqət bacıları olmaq hüquqlarına malikdir: Ərəbistan buna örnək ola bilər. Orada müsəlman qadınları cəmiyyətlər təsis edir, məscidlər və müxtəlif xeyriyyə müəssisələri tikir, kitablar yazırdılar.
Belə bir məqam xüsusi olaraq qeyd olunmalıdır ki, çətinliklər və ədalətsizliklərlə qarşılaşan Azərbaycan qadınları müdafiə və himayə axtarışında yardım üçün çox vaxt müxtəlif müsəlman ruhani instansiyalarına müraciət edirdilər. Bir çox hallarda da gözlənilən yardım və dəstəyi alırdılar. Hüquqlarını bilən azərbaycanlı qadınlar öz əmlak haqlarını özləri müdafiə edirdilər. Məsələn, 1900-cü ildə Göyçay qəzasından Şahnaz Şahmuradova adlı bir qadın Bakı quberniya idarəsinə şikayətlə müraciət etmişdi ki, əri öləndən sonra onun qohumları qadının pay torpaqlarından iki sahə almışlar; həmin sahələr vasitəsilə dul qadın özünün iki yetim övladını saxlayırdı. Uzun sürən məhkəmə çəkişməsindən sonra qadın Müsəlman Rühani İdarəsindən təqdim edilən şəriət izahatları əsasında torpaq sahəsini qaytara bildi.
Azərbaycan arxivlərinin fondlarında şəriət qanunlarının müsəlman qadınlarının hüquqlarını qorumaq sahəsində rolunu təsdiqləyən minlərlə sənəd aşkar edilmişdir. Bundan başqa, qadın hüquqlarını tənzimləyən Mülki qanunlar külliyyatı, Zaqafqaziya Müsəlman Ruhani İdarəsi haqqında Əsasnamə və başqa mənbələr də mövcuddur.
Azərbaycan qadınlarının daha bir problemi də erkən nikahlarla bağlı idi. Rus imperiyasında hələ 1872-ci ildə qəbul edilmiş nizamnaməyə əsasən azərbaycanlı qızlar üçün nikah qurulmasında minimal hədd 13 yaş müəyyən edilsə də, azyaşlı qız uşaqlarının ərə verilməsi praktikası geniş yayılmışdı. 1913-cü il 22 iyun tarixli "Baku" qəzetində bir neçə azərbaycanlı qızın imzası ilə məktub dərc olunmuşdu. Qızlar ictimaiyyətə müraciət edir, "vicdanı olan hər bir kəsi" onlara məcburi nikahlardan nicat yolunda yardım etmələrini istəyirdilər.
Qadınların bir başqa bəlası da qapalılıq, guşənişinlik idi. Bu mürtəce adətə görə, qadınlar ictimai həyatda iştirak edə, öz ailə üzvlərindən başqa kişilərlə ünsiyyətdə ola bilməzdilər, onlar həmişə evdə olmalı idilər. Şəhərli qadınlar evdən çıxarkən çadraya bürünməliydilər. Azərbaycanın kəndlərində isə qadınlar çadra geymirdilər, onlar ağızlarını və burunlarını baş yaylığı ilə (yaşmaqla) örtürdülər.
Bir çox hallarda çadradan əlavə qadınlar üzlərini niqabla və ya torla örtürdülər. Bakıda və Bakı qəzasında, Naxçıvanda, Ordubadda, Gəncədə və Şamaxıda qadınlar çadra örtürdülər. Azərbaycanın digər bölgələrində çadra örtmək ənənəsi yox idi.
1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması Azərbaycan qadınının demokratik cəmiyyətin fəal üzvünə çevrilməsi üçün geniş imkanlar yaratdı. Sonrakı illərdə Azərbaycan qadını çox mürəkkəb, eyni zamanda şərəfli yol keçmişdir. Cəmiyyətdə kişilərlə bərabər hüquqlara malik olması, öz istedad və bacarıqlarını gerçəkləşdirə bilməsi sovet dövrünün başlıca nailiyyətləridir. Onların elm və mədəniyyət sahələrində əldə etdikləri nailiyyətlər böyük istedadlarına və əməksevərliklərinə dəlalət edən tutarlı sübutdur.
Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra vətəndaş cəmiyyətinin inkişafında və müstəqil dövlətin qurulmasında qadınların rolu artmağa başladı. Müasir Azərbaycanda qadınların hüquqlarının müdafiəsi istiqamətində intensiv işlər görülür. Ölkəmiz 1992-ci il avqustun 4-də "Qadınların siyasi hüquqları haqqında" 1952-ci il BMT Konvensiyasına, 1995-ci il iyunun 30-da BMT-nin "Qadınlara münasibətdə ayrıseçkiliyin bütün formalarının ləğv olunması haqqında" Konvensiyasına, 2001-ci ildə Birləşmiş Millətlər Təşkilatının Qadınlar üçün İnkişaf Fondunun "Zorakılıqsız həyat" regional məlumatlandırma kampaniyasına qoşularaq öz üzərinə müvafiq öhdəliklər götürmüşdür.
Azərbaycan bir çox beynəlxalq təşkilatlarla əməkdaşlıq etmək və konvensiyalara qoşulmaqla yanaşı, ölkə daxilində də qadınların hüquq və azadlıqlarının qorunması istiqamətində bir çox normativ-hüquqi aktlar qəbul edib. "Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında", "Qadın zorakılığı haqqında" qanunları, Ailə Məcəlləsinə edilən dəyişiklikləri buna misal çəkmək olar.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin "Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında" fərmanında qadının cəmiyətimizdəki rolu haqqında deyilir: "Azərbaycan qadını öz iradəsi və mərdliyi, saflığı və sədaqəti ilə cəmiyyətimizin həyatında, xalqımızın milli-mənəvi dəyərlər sisteminin formalaşmasında müstəsna rol oynamışdır".
Ölkəmizin
sürətli inkişafı naminə Azərbaycan
qadınları bu gün də elm, mədəniyyət, habelə
həyatın digər sahələrində misilsiz nailiyyətlər
qazanırlar. Bu nailiyyətləri isə saymaqla qurtaran deyil.
Samirə ƏHMƏDOVA
Azərbaycan.-2013.- 10 mart.- S.6.