«YARAT!» Müasir İncəsənət Məkanının «İNDİ» layihəsi çərçivəsində yaradıcılıq axşamlarının ilk tədbiri keçirilmişdir

 

"ÜNS" yaradıcılıq səhnəsində "YARAT!" Müasir İncəsənət Məkanının "İNDİ" layihəsi çərçivəsində yaradıcılıq axşamlarının ilk tədbiri keçirilmişdir. AzərTAc xəbər verir ki, tədbir Samir Əsədov (birinci skripka), İsmayıl Əsədov (ikinci skripka), Asim Xəlilov (violonçel) və Elcan Cəbrayılovdan (alt) ibarət simli kvartetin çıxışı ilə başlamışdır.

Kvartet bəstəkar Firəngiz Əlizadənin indiyədək vətənində ifa olunmamış "İki nömrəli dilogiya" əsərini təqdim etmişdir. Layihənin vizual tərtibatını real zaman rejimində çəkən gənc rəssam və qrafikaçı Emil Məcnunov (Moose) təqdim etmişdir.

Axşamın ikinci hissəsində Dövlət Pantomim Teatrının aktyorları Nargilə Qəribovanın və Ceyhun Dadaşovun müəllif quruluşunda "Katarsis" tamaşası təqdim olunmuşdur.

"Katarsis" kişi və qadının kinoteatrda tanışlığı, məhəbbəti tarixçəsindən, öz daxili ziddiyyətlərinin aradan qaldırmasından bəhs edən aktyor oyunundan, videomaterialdan və musiqidən ibarət tamaşadır.

"YARAT!" Müasir İncəsənət Məkanı tərəfindən düşünülən və reallaşdırılan "İNDİ" layihəsi Azərbaycanda ilk dəfə olaraq müasir incəsənətin müxtəlif növlərinin ən parlaq nümayəndələrini bir səhnədə və eyni məkanda birləşdirməyi nəzərdə tutur. Layihəyə əsasən, bir məkanda toplaşan gənc rəssamlar, şairlər, musiqiçilər, ədəbiyyatçılar, rejissorlar, dizaynerlər, DJ-lər ideyalarını reallaşdırmaq, yaradıcı tandem təşkil etmək və özlərinin yaradıcı tərəfdaşlarını tapmaq şansı əldə edirlər.

Layihə "ARTIM" gənc istedadların dəstəklənməsi proqramı çərçivəsində həyata keçirilir. Bu proqram yaradıcılığa yeni başlayan rəssamlara öz işlərini təqdim etmək və seçim müsabiqəsindən keçməklə yeni peşəkar perspektivlər açır.

Layihə ənənəvi olaraq bu cür mədəniyyət təşəbbüslərinin reallaşmasında çox yaxından iştirak edən "Bank Technique"in sponsorluğu ilə həyata keçirilir.

"İNDİ" layihəsi paytaxtın müxtəlif meydançalarında keçirilməsi nəzərdə tutulan və sərbəst tədbirlərdən ibarət olan fənlərarası layihədir. Layihənin iştirakçıları məzmun və formaca müxtəlif eksperimentlər əsasında tamaşaçılara fərqli janr və istiqamətlərin - rəssamlıqdan və poetik ekspromtlardan tutmuş media-performanslara və video-instalyasiyalaradək qeyri-adi birləşmələrini təqdim etməyi planlaşdırırlar.

 

 

Azərbaycan.-2013.- 10 mart.- S.6.