Dulusçuluğu yaşadaq
"Dulusçuluqla əsasən
Şəki və Masallıda məşğul olurlar.
Sənət artıq ölmək üzrədir. Yəqin ki, bu sənətə daha ehtiyac yoxdur.
Çünki dulusçular
əsasən məişət qabları düzəldirlər,
indi isə dünyanın o
vaxtıdır ki, lazım olan
hər şey var".
Bu fikirlər Azərbaycanın adla çağırılan və Şəki
şəhərinin cəmi iki dulusçusundan biri olan usta Yaşara
məxsusdur.
Dulusçu
Yaşarla söhbətləşməmişdən əvvəl
Bakı şəhərində dulusçu
olub-olmadığı ilə maraqlandıq. Paytaxtın bir
neçə yerini gəzsək də, nə dulusçu emalatxanasına,
nə də belə bir yeri tanıyana rastlaşdıq. Amma
"Təzə Bazar"ın girəcəyindəki saxsı
qablar satılan mağazadan öyrəndik ki, Bakıda,
ümumiyyətlə, dulusçu emalatxanası yoxdur.
Yalnız Masallı rayonunun Ərkivan kəndində 3-4 ailə
dulusçuluqla məşğul olur. Digər iki dulusçu
isə Şəki şəhərindədir. Uzun illərdir
saxsı qablar satan satıcı bu şəxslərdən
başqa ölkədə dulusçu
tanımadığını dedi. Bizə də məsləhət
gördü ki, dulusçuluq sənəti barədə elə
sənətkarların özü ilə danışaq. Amma bu
arada satıcıdan saxsı qabların qiymətləri və
bəzi xüsusiyyətləri barədə məlumat
aldıq.
Dəyərdən
düşən dulusçuluq
Məlum oldu ki, saxsı qablar daha əvvəlki
kimi çox satılmır. Hərdən restoranlar alıb
içərisinə çaxır, kompot, ayran tökürlər.
Bu saxsı qabların isə əsasən iki təyinatı
olur - ya xörək bişirilir, ya da süfrəyə təamlarla
təqdim edilir. Həm də müxtəlif qida məhsullarını
saxlamaq üçün nəzərdə tutulur. Onu da deyək
ki, mağazada müxtəlif çeşidli saxsı qablar
satılır. Məsələn, fərqli
ölçülü piti qabları, xörək bişirmək
üçün qazanlar, nehrə çalxalamaq
üçün irihəcmli kuzələr və
irili-xırdalı müxtəlif qəfədanlar.
Satıcının
sözlərinə görə, bu qablarda bişən yeməklər
dadlı, həm də ekoloji cəhətdən təmiz olur.
Qazanların qiyməti isə adi qazanlardan bahadır - 25-30
manat. Saxsı qabların bir xüsusiyyəti də var ki,
içərisinə tökülən suyu sərin, ərzağı
isə keyfiyyətli və uzunömürlü saxlayır:
"Dədə-babadan saxsı qabların içərisində
ət qovurub basdırırdılar, balıq duzlayıb
yığırdılar, pendir və tutma saxlayırdılar.
Ona görə ki, bu qablarda saxlanılan məhsul tez xarab
olmurdu, keyfiyyətli qalırdı. Məsələn, bal həm
sərin, həm də gün düşməyən yerdə
saxlanılmalıdır. Ona görə də balın daha
yaxşı qalması üçün ən yaxşı yer
elə saxsı qablardır".
Ən çox tələbat piti qablarına olduğundan onlarla da maraqlandıq. Qabların qiyməti ölçülərinə görə dəyişir. Yəni buradan 1, 2 , 3 və 5 nəfərlik piti qabı almaq olar. Qablar böyüdükcə qiyməti də 1-7 manat arası dəyişir. 25-30 litrlik küp də var, yəni nehrə. Qiyməti isə 60 manatdır.
Onu
da öyrəndik ki, Bakıdakı əksər saxsı qablar
mağazasında Şəkidən, Masallıdan və
Gürcüstandan gətirilən qablar satılır. Şəkidən
gətirilən qablar həm keyfiyyətinə, həm də əl
işinə görə xüsusilə fərqlənir.
Satıcı bunu Şəki gilinin daha yaxşı, həm də
Şəki ustalarının daha səliqəli işlədiyi
ilə izah etdi. Sonra sənət barədə onu əlavə
etdi ki, dulusçuluq "ölür", sənətə
pul verən yoxdur: "Usta ilə danışanda o da belə
deyəcək. Bir də ki, bu qablara qayğı ilə
yanaşmırlar. Məsələn, biri qazan alır, bir
neçə gündən sonra götürüb gəlir ki, bəs
partlayıb. Məlum olur ki, qazanı həddindən artıq
odun üstündə saxlayıb, bu da gildi, normadan artıq
istilik olsa, partlayıb dağılır".
Azərbaycanın dulusçuluq
tarixi çox zəngin olub
Xatırladaq ki, dulusçuluq - gilin xüsusi formaya salınması və xüsusi bişirilməsi ilə bağlı peşədir. Bu peşə Azərbaycanda sənətkarlıq istehsalının ən qədim sahələrindən olub, bugünə qədər öz əhəmiyyətini saxlamışdır. Mütəxəssislər sənətin bu sahəsinin meydana çıxmasını Neolit dövrünə aid edirlər. Əvvəllər əsasən qadınların məşğul olduğu dulusçuluq Eneolit dövründə tətbiq edilən bir sıra texniki nailiyyətlər nəticəsində müstəqil sənət sahəsinə çevrilmişdir.
Orta əsrlərin sonlarından başlayaraq Azərbaycanda dulusçuluq istehsalı daha yüksək səviyyəyə çatmışdı. Monqol işğallarına qədər davam etmiş bu yüksəliş dövründə dulusçuluqda güclü kəmiyyət və keyfiyyət dəyişikliyi baş vermişdi. Ayaqla hərəkətə gətirilən çarxın meydana gəlməsi, müxtəlif dulusçuluq mərkəzlərində şirli qablar istehsalının başlanması, dulus kürələrinin kütləvi şəkildə tətbiq edilməsi yüksək keyfiyyətli saxsı məmulatın istehsalı üçün daha əlverişli şərait yaratmışdı.
O
dövrdə saxsı qabların yayılması arealı Azərbaycanın,
demək olar ki, bütün şəhər və vilayətlərini
əhatə edirdi. Xanlıqlar dövrünə aid arxiv sənədlərində
və digər yazılı mənbələrdə Azərbaycanın
Şamaxı, Şəki, Ərdəbil, Təbriz,
Naxçıvan, Gəncə, Ordubad və digər şəhərlərində
saxsı qabların istehsalı barədə məlumat verilir.
Bu məlumatlardan aydın olur ki, Şəki
xanlığının bir çox kəndlərində və
Nuxada gil qablar hazırlayırdılar. Təkcə Şəki
şəhərində saxsı səhəng istehsal edənlərin
sayı 29 nəfərə çatırdı.
Dulusçuluq
istehsalının Bakıda da mövcud olması
ehtimalını irəli sürürlər. Şəhərin
ətrafındakı müxtəlif növ gil yataqları
burada saxsı qabların istehsalı üçün şərait
yaradırdı. 1946-cı ildə şəhərin qala hissəsində
V.N.Leviatov tərəfindən aparılmış
qazıntı işləri zamanı XVII-XVIII əsrlərə
aid edilən xeyli miqdarda şirli qablar - kasa, boşqab, badya və
s. tapılmışdır ki, bunların da əksəriyyəti
yerli istehsalın məhsulları idi.
Bütün
orta əsrlər boyu saxsı qablar istehsalının əsas mərkəzlərindən
olmuş Gəncədə də bu sənət sahəsi
yaşayırdı. Mənbələrdən birində Gəncə
dulusçularının məhsulları yüksək qiymətləndirilir
və onlar "öz işlərini yaxşı bilən"
sənətkarlar kimi xarakterizə olunurlar. Təbriz və Ərdəbil
şəhərləri də dulusçuluq istehsalının əsas
mərkəzləri kimi öz mövqelərini saxlamaqda davam
edirdilər. Bu şəhərlərin ətrafındakı zəngin
gil yataqları saxsı məmulatların istehsalı
üçün əlverişli şərait yaradırdı.
Xanlıqlar dövründə saxsı qablar istehsalı ilə
daha çox kəndlərdə məşğul olurdular. Ərdəbilin
Cəcin, Talıb qışlağı, Dövlətabad kəndlərində
satış üçün müxtəlif
ölçülü saxsı qablar istehsal edirdilər.
Quba
xanlığında isə saxsı qablar istehsalının əsas
mərkəzləri Yenikənd, İspik və Möhüc kəndləri
idi.
Dulus
məmulatlarının hər biri unikal əsərdir
Hazırda isə bu qədər
geniş arealı əhatə edən dulusçuluq peşəsi
yox olmaq təhlükəsi ilə üzləşib. Bu qənaətə
elə Şəkinin məşhur dulusçusu Yaşar Məmmədovla
söhbətimizdən sonra gəldik. 50 illik ömrünün
30 ilini məhz dulusçuluğa həsr edib. Dediyinə
görə, atası və babaları da tarixən dulusçu
olublar. Sənəti də elə onlardan öyrənib: "Mən
əsasən sifarişlə işləyirəm, sifariş
olmayanda da düzəldirəm. Sənətin köməyi ilə
birtəhər dolanırıq, amma ortada ürəkaçan
bir şey yoxdur. Sənət artıq ölmək üzrədir.
Yəqin ki, bu sənətə daha ehtiyac yoxdur. Çünki
dünyanın elə vaxtıdır ki, lazım olan hər
şey var. Bu sənət yarananda belə şeylər yox idi.
İndi isə bunlardan da gözəl hər şey var. Ona
görə də daha saxsı qablara o qədər tələbat
yoxdur".
Sənətkara
görə, dulusçuluq peşəsi vərdişlə olan
bir sənətdir. Vərdiş etməsən, işləyə
bilməzsən: "Elə ki bu işə alışdın,
sənətdən ayrılmaq olmur. Bu elə bir sənət
növüdür ki, düzəldilən eyniadlı əşya
digərinə bənzəmir. Kənardan bir-birinə
oxşaya bilər, ancaq detallar çox ciddi fərqlənir.
Ölçü alətlərindən istifadə etsək də,
yenə də əsas iş ələ düşür. Ona
görə də dulus məmulatlarının hər biri unikal
əsərdir. Dulusçu gündə ən azı gərək
18 saat sənətlə məşğul olsun. Bəlkə də
bunun vaxtı bilinmir, yəni sənətkarın bütün
fikri-zikri daim sənətin üzərində olmalıdır.
Bir qab düzəldib ərsəyə gətirənə kimi
müxtəlif prosedurlardan keçir. Gil su ilə
qarışdırılır, palçıq hazır olandan
sonra qab işlənilir, sonra qurudulur,
daha sonra sakit vəziyyətdə kürədə
bişirilir. Kürədən çıxarılandan sonra qab
hazır olur. Orta götürəndə bir saxsı qab ən
azı 10 günə tamamlanır".
Saxsı qablar nəfəs alır
Bakıdan başqa, demək olar ki,
heç yerdən ona sifariş olunmadığını deyən
dulusçu tək-tək xırda qab çeşidləri,
piti qabları və s. düzəltdiyini bildirdi. Düzəldib
satdığı qabların qiyməti isə onların
ölçüsündən asılıdır. Usta düzəltdiyi
piti qablarını yerində 5, 6 və 10 manata satır. Onun
sözlərinə görə, məişətdə
saxsı qablardan o qədər də istifadə etmirlər.
Restoranlar hərdən su səhəngləri, piti qabları
sifariş verirlər. Evlərdə isə insanların buna
ehtiyacı yoxdur. Amma bu qabların faydası çoxdur. Təbii
qablardır, hər halda alüminiumdan qat-qat
yaxşıdır. Saxsı qabların bir özəlliyi də
var ki, bunlar nəfəs alır, digər müasir qablar,
şüşə butulkalar isə nəfəs almır. Buna
görə saxsı qabda saxlanılan qida sərin və
çox keyfiyyətli qalır.
Usta
ilə sənətin gələcək taleyi barədə də
söhbətləşdik. Dedi ki, gənclərdə bu sənətə
marağın olduğunu hələ ki görməyib: "Mənim
davamçım kimi də heç kim yoxdur. Şəkidə
yalnız mən və əmim oğlu (Hümmət Məmmədov)
dulusçuluqla məşğul oluruq. Şübhəsiz ki,
başqa yerlərdən saxsı qablar gətirib satanlar var və
özlərini dulusçu kimi təqdim edirlər. Amma
hazırda bizdən başqa Şəkidə dulusçuluq edən
yoxdur. Bunun da səbəbi odur ki, saxsı qablara tələbat
azaldıqca ustalar da azalır. Vaxtilə xeyli dulusçusu olan
bu boyda Şəkidə indi cəmi iki dulusçunun
qalması onların sənətə vərdiş etmələrinə
görədir. Çünki sənətdən ayrıla
bilmirlər".
Dulusçu
onu da əlavə etdi ki, piti qabını çıxmaq şərtilə,
gələcəkdə bu sənətə heç ehtiyac
duyulmayacaq. Çünki piti Şəkinin milli yeməyidir və
bu yemək ancaq saxsı qabda bişirilir. Ona görə də
bu qablar yaşayacaq. Başqa saxsı qabları alanlar isə tələbat
xətrinə deyil, maraq üçün alırlar.
"Dulusçuluq
peşəsinin gələcək taleyi barədə nə
düşünürsünüz" sualına sənətkar
belə cavab verdi: "Ömrümü bu sənətə həsr
etdim. Sənətdən narazı deyiləm, maddi vəziyyətimi
yüksəltməsə də, ailəmi dolandıra bilirəm.
Bu yaşımda da sənətimdən zövq alıram.
İstərdim ki, gənclərdə dulusçuluq sənətinə
maraq oyansın ki, bu peşə daim yaşasın".
Elgün MƏNSİMOV
Azərbaycan.-2013.- 10 mart.- S.7.