Sənətin şərəfli yolu
10 mart Milli Teatr Günüdür
Uzun illər teatrsevərlər 10 martı milli teatr günü kimi qeyd ediblər. Ölkənin mədəni həyatında milli teatrın əhəmiyyəti və rolunu nəzərə alaraq milli teatr gününün təsis edilməsi haqqında Prezident İlham Əliyevin 1 mart 2013-cü il tarixdə imzaladığı sərəncam, sözün əsl mənasında, teatrsevərlərə bir töhfə oldu. Çünki bu ildən rəsmi olaraq 10 mart Milli Teatr Günü kimi qeyd ediləcək.
Əsrlərdir ki, həyat hadisələrinin bədii ifadəsi olduğunu təsdiqləyən səhnə sənətinin yaşı Azərbaycanda 1873-cü ildən hesablanır. Bünövrəsi hələ meydan tamaşalarından qoyulan və bu günə qədər gəlib çıxmış bir sıra folklor nümunələri ("Maraloyunu", "Zopu-zopu", yaxud "Kilimarası", eləcə də Novruz bayramı şənliklərində göstərilən "Kosa-kosa", "Qodu-qodu", həmçinin digər tamaşa və məzhəkələr) var ki, onlar səhnə sənətinin rüşeymləri sayılıb.
Azərbaycan milli teatrının qazandığı nailiyyətlərlə bağlı ümummilli lider Heydər Əliyev söyləyib: "Teatrımızın böyük tarixi, böyük ənənələri, gözəl nümunələri var. Milli teatr bu gün də, gələcəkdə də yaşayacaqdır".
Azərbaycan teatr tarixinə adları qızıl hərflərlə yazılan korifey sənətkarlarımızın həyat və fəaliyyətinə nəzər salsaq, bir daha yəqinləşdirərik ki, milyonlarla insanın həyat və təfəkkür tərzi - onların ictimai münasibətləri, baxışları, adətləri, inamları, idealları, arzu və istəkləri M.F.Axundzadə, S.S.Axundov, N.B.Vəzirov, Ə.B.Haqverdiyev, eləcə də S.Ruhulla, H.Sarabski, H.Ərəblinski, M.A.Əliyev, M.Sənani, F.Qədri, M.Kələntərli, İ.Osmanlı, A.Gəraybəyli, R.Əfqanlı, L.Abdullayev, B.Səfəroğlu, Y.Vəliyev, B.Şəkinskaya, C.Cəfərov, S.Rzayev, L.Bədirbəyli, H.Qurbanova, H.Turabov, N.Məlikova və digər sənətkarların yaradıcılığında təcəssüm etdirilib.
Milli teatrın yaradıcıları barədə sonralar dramaturq Sabit Rəhman da ətraflı məlumat vermiş, o dövrün gənc aktyorlarından olan Hüseynqulu Sarabskinin səhnə fəaliyyəti, ümumiyyətlə, potensiallarını geniş şərh edərək yüksək qiymətləndirmişdir.
1950-ci ildə Azərbaycan SSR Elmlər Akademiyası nəşriyyatının çapdan buraxdığı Azərbaycan İncəsənət İnstitutunun "Azərbaycan incəsənəti" buraxılışında da milli teatrımızın yaradıcıları sayılan H.Ərəblinski, C.Zeynalov, H.Sarabski, M.Əliyev, S.Ruhulla, M.Davıdova və başqalarının teatr tarixindəki şərəfli xidmətlərindən bəhs edilir. Mənbələrdə göstərildiyi kimi, şərəfli və keşməkeşli tarix yaşamış Azərbaycan milli teatrı müxtəlif siyasi, ədəbi-bədii mərhələlərdən keçib. Yarandığı vaxtlardakı ilk yaradıcılar, həvəskarlar teatra can yanğısı ilə yanaşdılar. Bu gün də səhnə fədailəri eyni həvəs və məhəbbətlərini əsirgəmirlər.
140 il öncə M.F.Axundzadənin "Lənkəran xanının vəziri" və "Hacı Qara" komediyaları ilə səhnə pərdələrini geniş tamaşaçı üzünə açan Azərbaycan milli teatrı qarşısına qoyduğu məqsədə çatmaq üçün çox da hamar olmayan yollar keçib, siyasi cərəyanların bir-birini əvəz etməsindən meydana çıxan məşəqqətləri də yaşayıb. Lakin xalqımızın mədəniyyət, o cümlədən milli teatr tarixindən görünür ki, tamaşaçı məhəbbəti, sənətə bağlılıq qarşıya çıxmış bütün çətinlikləri aradan qaldırmaqla həyat hadisələrini səhnəyə daha böyük sevgi və şövqlə gətirib.
H.Zərdabinin təşəbbüsü, N.Vəzirov və Ə.Adıgözəlovun (Gorani) yaxından iştirakı ilə realnı məktəbin şagirdləri tərəfindən göstərilən ilk həvəskar tamaşalar milli teatrın yaranması üçün mühüm təkan idi.
Qabaqcıl Azərbaycan ziyalıları, Qori Müəllimlər Seminariyasını bitirənlər Şuşa, Naxçıvan və başqa şəhərlərdə teatr tamaşaları hazırlayır, eyni zamanda aktyor kimi çıxış edirdilər. Şuşada qabaqcıl müəllim və ziyalı qüvvələri Y.Məlik-Haqnəzərovun rəhbərliyi ilə yay tətilləri zamanı klubda və Xandəmirovun teatrında müntəzəm surətdə tamaşalar təşkil edir, M.F.Axundzadənin komediyalarını ("Xırs-quldurbasan", "Müsyö Jordan və dərviş Məstəli şah") oynayırdılar.
1876-cı ildən M.F.Axundzadənin komediyaları Tiflisdə də Azərbaycan dilində oynanılır. Qabaqcıl ziyalılardan bir sıra komediyalar müəllifi N.Vəzirov, B.Bədəlbəyov, Ə.Vəlibəyov, F.Köçərli, H.Sarıcalinski, İ.Şəfibəyov, məşhur xanəndə Cabbar Qaryağdıoğlu (Şuşa), M.Sidqi, C.Məmmədquluzadənin qardaşı Mirzə Ələkbər, dramaturq E.Sultanov (Naxçıvan), R.Əfəndiyev (Nuxa) və başqalarının fəaliyyəti xüsusi qeyd olunmalıdır.
XIX əsrin 70-80-ci illərində Azərbaycanın müxtəlif şəhərlərində fəaliyyət göstərən səhnə sənəti həvəskarları tədricən Bakıdakı teatr xadimləri ətrafında toplaşmağa başlayırlar. Ona görə də Bakının teatr həyatı 80-ci illərin axırlarına doğru yenidən canlanır. Demək olar ki, bu da sözün əsl mənasında müəyyən bir teatr kollektivinin yaranmasına səbəb olur. 1887-ci ildən etibarən Bakıdakı teatr dəstəsinə H.Mahmudbəyov, S.M.Qənizadə və N.Vəliyev başçılıq edirlər. Onlar həmin dəstəni xeyli qüvvətləndirib truppa halına salırlar. Bu truppa 1888-ci ildən artıq müstəqil teatr kollektivi kimi fəaliyyətə başlayır.
1890-cı illərdən başlayaraq N.Nərimanovun Azərbaycan teatrının ideyaca sağlam istiqamətdə, yəni milli zəmində inkişaf etməsində, səhnə realizmi tələblərinin həyata keçirilməsində böyük xidməti olmuşdur. O, teatra xalqın ictimai şüurunu yüksəltməyin və zamanın qabaqcıl ideyalarını yaymağın mühüm vasitələrindən biri kimi qiymət verir və bundan tribuna kimi istifadə edirdi. N.Nərimanov ziyalı gəncləri aktyor truppasına dəvət edir, eyni zamanda özü də bir çox tamaşalarda baş rolları oynayırdı.
1896-cı
ildə H.Zərdabi Bakıda "Birinci müsəlman dram truppası"
adlı ilk professional teatr kollektivini təşkil edir. 1897-ci
ildə Bakıda ilk dəfə "Artistlər
ittifaqı" yaradılır. İnqilabaqədərki Azərbaycan
teatrının repertuarı milli dramaturqların - M.F.Axundzadə,
N.Vəzirov, N.Nərimanov, Ə.Haqverdiyev,
C.Məmmədquluzadə və başqalarının pyeslərindən
tərtib olunur, həmçinin rus (N.V.Qoqol, İ.S.Turgenev,
L.N.Tolstoy) və Qərbi Avropa (V.Şekspir, F.Şiller, H.Heyne,
J.B.Molyer) klassiklərinin əsərləri ilə zənginləşdirilirdi.
Azərbaycan teatrı ilk illərdən maarifçilik və
demokratik ideyalara sadiq idi. M.F.Axundzadənin komediyaları ilə
yanaşı, N.Vəzirovun "Müsibəti-Fəxrədin",
"Yağışdan çıxdıq, yağmura
düşdük", Ə.Haqverdiyevin "Dağılan
tifaq", "Bəxtsiz cavan", "Ağa Məhəmməd
şah Qacar", N.Nərimanovun "Nadanlıq", "Nadir
şah" pyeslərində feodal adətlər, quruluşun
zülm və despotizmi, cəhalətpərəstlik ifşa
olunur.
1906-cı
ildə Bakıda "Müsəlman dram artistləri"
adlı şirkət yaradılır. Şirkətə məşhur
teatr xadimi C.Zeynalov rəhbərlik edir. Təqiblərə,
maddi çətinliklərə baxmayaraq, şirkət
arası kəsilmədən tamaşalar verir,
repertuarını genişləndirir. Həmin illərdə
Bakının fəhlə rayonlarında tamaşalar göstərən
dram dərnəkləri və teatr truppaları
("Balaxanı dram dərnəyi", "Həmiyyət")
təşkil edilir. "Təkamül" qəzeti yanında
yaradılmış "Həmiyyət" truppasının
heyətində onun bilavasitə təşkilatçısı
M.A.Əliyevdən başqa Ə.Rzayev, C.Hacınski və
başqaları olub. Truppanın üzvləri həm tamaşa
hazırlayır, həm də tamaşaçı
yığırlar. Yaxşı bina kirayələməyə
vəsait olmadığından tamaşalar ticarət
passajının "Qranvio" adlı salonunda göstərilir.
1906-cı ildə burada N.Nərimanovun "Nadanlıq"
pyesi oynanılıb. 1905-ci il inqilabından sonra Bakıda bir
sıra cəmiyyətlər yaradılmasına icazə
verilir, əvvəllər gizli fəaliyyət göstərənlər
isə üzə çıxır. Bunlardan biri də
"Nicat" Mədəni-Maarif Cəmiyyəti idi. 1907-ci ildə
bu cəmiyyətin yanında teatr truppasının təşkil
edilməsi həmin dövr teatr həyatında mühüm
rol oynayıb. 1908-ci ildə "Nicat" cəmiyyəti
yanında H.Ərəblinski, S.Ruhulla, Ə.Vəli kimi
professional aktyorları birləşdirən vahid dram
truppası yaradıldı; onun daimi qarderobu, rekviziti var idi.
Truppa həftədə bir-iki dəfə Tağıyev
teatrında, həm də fəhlə rayonlarında
tamaşalar verirdi. Ə.Haqverdiyevin "Bəxtsiz cavan",
"Ağa Məhəmməd şah Qacar", N.Nərimanovun
"Nadir şah", N.Vəzirovun "Pəhlivanani-zamanə",
Ş.Saminin "Gaveyi-ahəngar", F.Şillerin
"Qaçaqlar", H.Heynenin "Əlmənsur",
V.Şekspirin "Otello", J.B.Molyerin "Zorən təbib",
N.V.Qoqolun "Müfəttiş", "Evlənmə",
L.N.Tolstoyun "Əvvəlinci şərabçı"
pyesləri məhz o dövrdə Azərbaycan teatrının
repertuarında mühüm yer tutdu.
Şərqdə
ilk dəfə olaraq peşəkar teatrın Bakıda
yaranması xalqımızın milli-mənəvi dəyərlərinin
qorunmasında, təbliğində, estetik zövqünün
formalaşmasında, maarifləndirmənin sürətləndirilməsində
mühüm vəzifələr yerinə yetirərək
mütərəqqi ideyaların carçısına
çevrilib.
Mədəniyyət
tarixinin parlaq səhifələrini şərəflə yazan
milli teatr dövlət müstəqilliyinin bərpasından
sonra özünün yeni inkişaf mərhələsinə qədəm
qoydu. İllərdən bəri baxımsızlıq
üzündən öz simasını dəyişmiş,
teatr binalarının bərpası
ilə yanaşı, yaradıcı kollektivlərə diqqət
və qayğı öz bəhrəsini qısa müddət ərzində
göstərdi. Yaradıcılıq şəraitinin daha da
yaxşılaşdırılması yolunda dövlət tərəfindən
müntəzəm şəkildə müxtəlif tədbirlər
həyata keçirilir, yeni-yeni sənət əsərləri səhnəyə
çıxarıldıqca sənətkarların yubileyləri
qeyd edilir, onların ictimai həyatdakı nüfuzları
getdikcə artırılır. Məhz Azərbaycan milli
teatrına dövlət və
xalq məhəbbətinin təzahürüdür ki,
yaradıcı kollektivlərin beynəlxalq mədəni əlaqələri
genişlənir. Bu isə Avropa və Şərqdə mədəniyyətimizin
təbliğində mühüm vasitələrdən biridir.
Respublikada olan 27 dövlət, həmçinin bələdiyyə,
uşaq və özəl
teatrların səmərəli fəaliyyətini təmin etmək
məqsədilə onlara hər
cür qayğı göstərilir.
"Azərbaycan
teatr sənətinin inkişaf etdirilməsi haqqında" Azərbaycan
Prezidenti İlham Əliyevin 19 fevral 2007-ci il tarixli sərəncamında
milli mədəniyyətimizin inkişafında böyük rol
oynayan teatrların maddi-texniki bazasının möhkəmləndirilməsi
və yaradıcılıq potensialının
yaxşılaşdırılması üçün bir
sıra tədbirlərin həyata keçirilməsi nəzərdə
tutulur.
Azərbaycan
milli teatrının tarixi keçmişi və bugünkü
vəziyyəti barədə söz açarkən ilk növbədə
onların bəzilərinin erməni vandalizminin qurbanlarına
çevrilməsini xatırlatmalıyıq. İrəvan,
Şuşa, Ağdam, Füzuli dövlət dram
teatrlarının kollektivləri ötən müddət ərzində
qaçqınlıq-köçkünlük
ağrılarını daşımaqla yanaşı,
düşmənin mənfur,
çirkin siyasətinin ifşasının bədii ifadəsini
tapmaq üçün
yaradıcı potensialından səmərəli istifadə
edib.
Lakin
müxtəlif yerlərdə
sadəcə uyğunlaşdırılmış şəraitdə
tamaşalar hazırlayan Füzuli Dövlət Dram
Teatrı yenidən Horadiz şəhərinə
qayıdıb və fəaliyyətini
doğma yurd yerində bərpa edib. Ağdam, Şuşa,
İrəvan dövlət dram teatrlarının öz fəaliyyətlərini
bərpa etmələri, təbii ki, mədəniyyətimizə dövlət
qayğısının təzahürüdür.
Azərbaycan
milli teatrının bünövrəsi meydan
tamaşalarından qoyulduğundan onun bundan sonra da
uzunömürlü olmasına şübhə yoxdur.
Çünki bu sənəti yaşadanlar yalnız səhnə
fədailəri deyil, xalqın özüdür. Xalq isə
özünün tarixi keçmişini yaşatmaqda
mühüm vasitə rolu oynayan mədəniyyət və incəsənətin
inkişafı yolunda daim mübarizələrdən
keçib. Bu bayramın mart ayında keçirilməsinin isə
xüsusi əhəmiyyəti var. Çünki Novruz tədbirləri
də folklor nümunələri sayılan meydan
tamaşaları və məzhəkələrlə daha
çox yaddaqalan olur.
Azərbaycan
milli teatrının inkişafı bir sıra digər amillərdə
də özünün təsdiqini tapıb. UNESCO-nun Beynəlxalq
Teatr İnstitutunun konqresinin Bakıda keçirilməsi də
məhz Azərbaycanın təkcə mədəniyyətinin deyil, həmçinin
iqtisadiyyatının da bugünkü tərəqqisinin ifadəsidir.
Onu da qeyd
edək ki, 1961-ci il mart ayının 27-də UNESCO-nun Beynəlxalq
Teatr İnstitutunun Vyanada keçirilən IX konqresi səhnə
sənətinin tarixinə əlamətdar gün kimi yazılıb. O zaman qəbul
edilən qərara əsasən hər il mart ayının
27-si Beynəlxalq Teatr Günü kimi qeyd edilir. Demək, əslində,
mart yalnız milli deyil, bəşəriyyətdə
teatrsevərlərin bayram ayıdır.
Məhəmməd NƏRİMANOĞLU
Azərbaycan.-2013.- 10 mart.- S.7.