Azərbaycan və
Xorvatiya prezidentləri mətbuata bəyanatlarla
çıxış etmişlər
Azərbaycan
Prezidenti İlham Əliyevin Xorvatiyaya rəsmi səfəri
Prezident İlham Əliyevin bəyanatı
-
Hörmətli cənab Prezident!
Hörmətli
mətbuat nümayəndələri!
Hörmətli
xanımlar və cənablar!
İlk
növbədə, cənab Prezident, mənə və nümayəndə
heyətinə göstərdiyiniz qonaqpərvərliyə
görə Sizə minnətdarlığımı bildirmək
istəyirəm.
Mən
yenidən gözəl ölkənizdə olmağımdan
çox məmnunam. Çox şadam ki, son illər ərzində
Xorvatiya uğurla inkişaf edir. Mən burada birinci dəfə
2005-ci ildə olmuşam. O dövrdən bugünə qədər
Sizin ölkəniz böyük və uğurlu yol
keçmişdir, yaxın aylarda Avropa İttifaqına üzv
olacaqdır.
Biz
bu gün əməkdaşlığımızın
bütün istiqamətlərini geniş müzakirə etdik.
Bir daha görürük ki, Xorvatiya ilə Azərbaycan
arasındakı əlaqələr çox uğurla və
sürətlə inkişaf edir. Sizin Azərbaycana keçən
il etdiyiniz səfər və səfərin nəticələri,
bu gün keçirdiyimiz danışıqlar və indicə
imzalanmış bu mühüm sənəd bir daha bu əlaqələrin
strateji xarakterini vurğulayır. Bizim aramızda çox
intensiv siyasi dialoq aparılır. Bizim siyasi əlaqələrimiz
mükəmməldir. Bu səfər və bu gün
apardığımız danışıqlar bunu bir daha təsdiqləyir.
Biz belə gözəl zəmin üzərində mütləq
güclü iqtisadi tərəfdaşlıq da
qurmalıyıq. Bu istiqamətdə artıq mühüm
addımlar atılır. Əminəm ki, gələcək illərdə
daha da geniş iqtisadi əməkdaşlıq mümkün
olacaqdır.
İqtisadi
əməkdaşlığın əsas istiqamətlərindən
biri olan enerji məsələləri də uğurla öz həllini
tapır. Azərbaycan Xorvatiyanı xam neftlə təmin edən
ölkələrdən biridir. Bizim sizin
bazarınızdakı payımız getdikcə artır. Gələcəkdə
Azərbaycanın zəngin qaz resurslarının Avropa qitəsinə
çatdırılması nəticəsində Xorvatiya bu sahədə
də mütləq bizim tərəfdaşımız
olacaqdır.
Bildiyiniz kimi, bizim zəngin
resurslarımız vardır. Azərbaycan tərəfindən
irəli sürülmüş
layihələr, xüsusilə
TANAP layihəsi və
onun uğurlu icrası Azərbaycan qazının Avropa məkanına gətirilməsinə
şərait yaradacaqdır.
Təbii, Xorvatiya bu istiqamətdə
də bizim yaxın tərəfdaşımız
olacaqdır.
Azərbaycan investisiyalarının Xorvatiyaya
yatırılması məsələləri
də bu gün müzakirə olundu. Əminəm ki, gələcək
aylarda konkret nəticələr olacaqdır.
Bu gün imzalanacaq
sənədlərin arasında
birgə hökumətlərarası
komissiyanın yaradılması
da nəzərdə tutulur. Gələcək illərdə bu
komissiya çərçivəsində
bütün iqtisadi məsələlər öz
həllini tapacaqdır.
Bu gün, eyni zamanda, turizm, nəqliyyat, yüksək texnologiyalar sektorundakı əməkdaşlıq haqqında
fikir mübadiləsi aparılmışdır. Hər bir
istiqamət üzrə
çox gözəl imkanlar vardır. Təbii ki, humanitar sahədəki
əməkdaşlıq da
mühüm yer tutur. Mədəniyyət sahəsində əməkdaşlığa
hər iki tərəfdən çox
böyük maraq vardır. Əminəm ki, bu sahədəki əməkdaşlıq
ümumi əməkdaşlıq
mənzərəsini tamamlayacaqdır.
Bu gün, eyni zamanda, regional məsələlər,
regional təhlükəsizlik məsələləri, o cümlədən
Dağlıq Qarabağ
münaqişəsi və
onun həlli yolları da müzakirə edildi. Fürsətdən istifadə edib, cənab Prezident, Xorvatiya dövlətinə
bu məsələ ilə bağlı göstərdiyi mövqeyə
görə minnətdarlığımı
bildirmək istəyirəm.
Bu mövqe bu
gün imzalanan sənəddə də öz əksini tapıb. Bütün beynəlxalq hüquq
normaları tətbiq edilməlidir. BMT Təhlükəsizlik Şurasının
dörd qətnaməsi
qeyd-şərtsiz icra
edilməlidir və Azərbaycan torpaqları işğalçılardan azad
olunmalıdır. Ölkələrin suverenliyi və ərazi bütövlüyü
bu məsələnin
həllində üstünlük
təşkil edir.
Münaqişənin həlli ancaq
bu prinsiplər üzərində mümkündür.
Biz bir daha görürük ki, bütün məsələlərdə
mövqeyimiz üst-üstə
düşür. Xorvatiya-Azərbaycan əlaqələri, eyni zamanda, Azərbaycan-NATO
əməkdaşlığının bir tərkib hissəsidir. Bu əlaqələr də uğurla icra edilir. NATO-Azərbaycan
əlaqələrinin gələcək
inkişafı üçün
gözəl perspektivlər
vardır və Xorvatiya bu məsələlərdə
Azərbaycanı daim dəstəkləyir.
Bir sözlə,
səfər zamanı
apardığım danışıqlar
və imzalanmış
ciddi siyasi sənəd və bu gün imzalanacaq
digər sənədlər
əlaqələrimizi daha
da möhkəmləndirəcəkdir. Xorvatiya-Azərbaycan əlaqələrinin çox
gözəl gələcəyi
vardır. Biz bu möhkəm zəmin üzərində
gələcəyə çox
nikbinliklə baxırıq
və uğurla gedəcəyik.
Bir daha, cənab Prezident, göstərdiyiniz qonaqpərvərliyə
və diqqətə görə Sizə minnətdaram.
Sonra prezidentlər
jurnalistlərin suallarını
cavablandırdılar.
* * *
Azərbaycan Televiziyasının müxbiri
Yunis ORUCOV: Sualım hər iki prezidentədir.
Cənab
prezidentlər, siz qarşılıqlı investisiyaların
qoyulması ilə bağlı məsələni
qeyd etdiniz. Bilmək olarmı ki, ölkələrimiz arasında
yaxın gələcəkdə
investisiyaların qoyulması
ilə bağlı hansı konkret layihələrin həyata
keçirilməsi planlaşdırılır?
Prezident
İlham ƏLİYEV: Bu gün
biz əlbəttə ki,
bu barədə danışdıq və gələcəkdə daha
da konkret danışıqlar aparılacaqdır.
İlk növbədə, turizm infrastrukturuna Azərbaycan investisiyalarının qoyulması
nəzərdə tutulur.
Bu sahədə artıq ilkin araşdırmalar aparılmışdır.
Xorvatiyanın çox zəngin
turizm imkanları, çox gözəl təbiəti vardır və əlbəttə ki, bu sahə
çox cəlbedicidir.
Ancaq bu gün danışıqlar
əsnasında biz belə
fikrə gəldik ki, gərək fəaliyyətimizi təkcə
bu sahə ilə məhdudlaşdırmayaq. Digər
sahələrə Azərbaycan
investisiyalarının qoyuluşu,
hesab edirəm ki, çox vacib ola
bilər. Xüsusilə yüksək texnologiyalara
investisiyaların qoyuluşu
nəzərdə tutula
bilər. Çünki Azərbaycanda da bu sahə indi
çox sürətlə
inkişaf edir. Sənaye istehsalının inkişafına,
daşınmaz əmlaka
investisiyalar qoyula bilər. Əlbəttə, enerji sektoruna,
xüsusilə bayaq qeyd etdiyim kimi,
Azərbaycan qazını
Avropaya nəql etmək üçün icra olunan layihələrin
nəticəsi buna imkan yaradacaqdır. Yəni, bir çox sahələrə Azərbaycan
investisiyaları qoyula
bilər və bütün bu məsələlər, yenə
də demək istəyirəm ki, yaranmaqda olan birgə hökumətlərarası
komissiyanın işi olacaqdır və bu investisiyalar qarşılıqlı razılıq
əsasında qoyulacaqdır.
Prezident
İvo YOSİPOVİÇ: Prezident Əliyevin dedikləri ilə tam razıyam. Əlavə etmək istərdim
ki, Xorvatiya enerji və infrastruktur sahələrində
əməkdaşlıqda olduqca
maraqlıdır. Eyni zamanda,
Xorvatiyanın Azərbaycana
çoxlu təklifləri
vardır. Buraya, ilk növbədə,
bizim gəmiqayırma
və gəmi təmiri zavodlarımız
daxildir ki, bu sahədə imzalanan sazişlərin tezliklə icrasına başlanacaqdır. Digər tərəfdən,
dəmir yolu əlaqəsinə dair infrastruktur layihələri
vardır. Xorvatiya çox
gözəl vaqonlar istehsal edir. Bu da bizim danışıqlarda mövzulardan
biri olub. İstərdim qeyd edim ki, bu
görüş və
xorvat parlamentində təşkil olunan görüş, həmçinin
işgüzar dairələrin
görüşü üçün
hazırlıqlar zamanı
böyük həcmdə
iş aparılıb.
Zəngin proqram hazırladıqlarına
görə hökumətlərə
və nazirliklərə
minnətdarlığımı bildirirəm. Əminəm ki, bu proqram
əməkdaşlığın konkret istiqamətləri üzrə səmərə
verəcəkdir.
Azad Avropa Radiosunun müxbiri Eni
SEBİÇ: Sualım hər
iki prezidentədir, ilk
növbədə, Azərbaycan
Prezidentinə. Azərbaycan Xorvatiyada
böyük həcmdə
sərmayələrlə təmsil
olunur. Avropanın bu regionuna sərmayə qoyuluşu nöqteyi-nəzərindən Azərbaycanın
əsas marağı nədən ibarətdir?
Prezident
İlham ƏLİYEV: Mən
hesab edirəm ki, birinci suala
cavab verərkən bu suala da
qismən cavab verdim. Yenə də demək
istəyirəm ki, Azərbaycan investisiyaları
bu gün həm ölkə daxilinə, həm də ölkə xaricinə qoyulur. Əgər Azərbaycana qoyulan investisiyaların həcminə nəzər
salsaq görərik ki, son bir neçə
il ərzində
bu investisiyalar təqribən 15-20 milyard
dollar ətrafındadır. Keçən il
Azərbaycan iqtisadiyyatına
22 milyard dollar sərmayə
qoyulmuşdur, onlardan
15 milyardı daxili investisiyalardır.
Azərbaycanın indi öz investisiyalarını
başqa ölkələrə
qoymaq üçün
çox işlək və mükəmməl vasitə vardır. Bu da Azərbaycan Dövlət Neft Fondudur. Deyə bilərəm ki,
Azərbaycan Dövlət
Neft Fondu suveren fondlar arasında ən yüksək diqqətə
və qiymətə layiqdir, ən şəffaf fonddur və bütün beynəlxalq təşkilatlar
bunu qeyd edir. Bu fond vasitəsilə
artıq Azərbaycan müxtəlif ölkələrə
öz investisiyalarını
qoymağa başlamışdır.
Bu investisiyalar da çoxşaxəlidir.
Onların arasında daşınmaz
əmlaka, şirkətlərin
səhmlərinə və
sənaye müəssisələrinin
yaradılmasına qoyulan
investisiyalar vardır.
O ki qaldı Xorvatiyaya
qoyulan və qoyulacaq investisiyalarla bağlı məsələlərə,
bu məsələlər
indi araşdırılır.
Qeyd etdiyim kimi, turizm,
infrastruktur, yüksək
texnologiyalar, sənaye
istehsalı sahələri
diqqəti cəlb edir.
Onu da qeyd etmək
istəyirəm ki, Azərbaycan investisiyaları
dost ölkələrə göndərilir.
Bu, bizim siyasətimizdir.
Hər bir ölkə yəqin ki, eyni mövqe
sərgiləyir və
Xorvatiya bizim üçün dost ölkədir,
dostluğumuz möhkəmdir.
Hər iki tərəfin razılığı ilə
investisiyalar qoyulacaqdır.
Əminəm ki, gələcək
illərdə bu investisiyalar böyük həcmlərlə ölçüləcəkdir.
AzərTAc
Azərbaycan.-2013.- 12 mart.- S.2.