Xaricdə yaşayan azərbaycanlıların
mütləq əksəriyyəti Azərbaycanın tutduğu yolun düzgün və
uğurlu olduğuna inanır
Bu fikir Avropa Azərbaycanlıları
Konqresinin bəyanatında səslənmişdir
Xəbər verdiyimiz kimi, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Avropa Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə Frankfurt şəhərində "Avropada Azərbaycan diasporu: yeni dövrün şərtləri və qarşıda duran vəzifələr" mövzusunda keçirilən diaspor nümayəndələrinin müşavirəsində Konqresin bəyanatı qəbul olunmuşdur.
Komitədən bildirmişlər ki, bəyanatda Azərbaycanda yürüdülən uğurlu xarici və daxili siyasət, həyata keçirilən islahatlar və irimiqyaslı layihələr əsasında iqtisadi və sosial-siyasi sahələrdə sürətli inkişafa nail olunduğu qeyd edilmişdir. Sənəddə bu uğurların diaspor quruculuğu işinə də müsbət təsir göstərdiyi, ötən dövrdə Azərbaycan diasporunun güclənməsinə xidmət edən bir sıra əhəmiyyətli tədbirlərin həyata keçirildiyi vurğulanmışdır.
Bəyanatda Azərbaycanın daxili siyasətinə aid məsələlərin xarici ölkələrdə yaşayan bəzi soydaşlarımız tərəfindən müzakirə obyektinə çevrilməsindən də narahatlıq ifadə olunmuşdur: "Azərbaycanın daxili siyasəti ilə bağlı məsələləri ölkənin hüdudlarından kənara çıxarmağa çalışan, məqsədi və məramı aydın olmayan bəzi diaspor təşkilatları bütöv Azərbaycan diasporunun parlaq fəaliyyətinə kölgə salmağa çalışırlar. Bu cür təşəbbüslər Azərbaycan dövlətçiliyinə və ölkəmizin milli maraqlarına ziddir və belə cəhdlərin perspektivi yoxdur".
Vurğulanmışdır
ki, xaricdə yaşayan azərbaycanlıların mütləq
əksəriyyəti Azərbaycanın tutduğu yolun
düzgün və uğurlu olduğuna əmindir: "Biz
inanırıq ki, bu il keçiriləcək prezident
seçkiləri Azərbaycanda demokratiyanın
inkişafına xidmət edən tarixi proses kimi yadda qalacaq və
xalqımız bu dəfə də düzgün seçim edərək,
ölkəmizin iqtisadi inkişafı, dünya birliyinə
inteqrasiyası, regionda və beynəlxalq aləmdə
nüfuzunun yüksəlməsi istiqamətində
böyük nailiyyətlərə imza atmış İlham Əliyevin
namizədliyini dəstəkləyəcəkdir. Biz bu siyasətin
müasir dövrün mürəkkəb geosiyasi və qlobal
iqtisadi şərtləri fonunda Azərbaycanın alternativsiz
inkişaf yolu olduğuna qəti şəkildə əmin
olduğumuzu xüsusi vurğulamaq istəyirik".
AzərTAc
Azərbaycan.-2013.- 12 mart.- S.5.