O böyük insan daim bizimlədir

 

Heydər Əliyev mənim həyatımda

 

Zəngin və şərəfli ömür yolu keçmək, fenomenal keyfiyyətləri ilə milyonların qəlbində ölməzlik məşəli yandırmaq, millətinə azadlıq hissini bütün varlığı ilə yaşatmaq xöşbəxtliyi çox az liderlərə nəsib olur. Tanrı belə şəxsiyyətlərə həm də xilaskarlıq missiyası verir. Bu baxımdan ulu öndər Heydər Əliyev bütöv bir xalqın tarixinin yüksək zirvəsində özünə əbədi yer qazanmış dahi şəxsiyyətdir.

Qarşıdan ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi gəlir. Ölkə Prezidenti İlham Əliyev böyük rəhbərin 90 illik yubileyi ilə bağlı xüsusi sərəncam imzalamışdır. Sərəncamda deyilir: "Heydər Əliyev öz siyasi dühası ilə Azərbaycanın müasir simasını müəyyənləşdirmiş və xalqımızın taleyində silinməz izlər qoymuşdur. Onun siyasəti nəticəsində əldə olunan misilsiz nailiyyətlər göz qabağındadır. Bu uğurlar paytaxtımızın daim yeniləşən görkəmində, şəhər və rayonlarımızın sürətlə modernləşməsində, iqtisadiyyat və elm, təhsil, mədəniyyət və səhiyyədə, eləcə də ictimai-siyasi həyatımızda öz əksini tapmışdır". Bütün bunlar barədə düşünəndə mən özümün, övladlarımızın, bütün xalqımızın həyatını göz önünə gətirirəm. Ulu öndər bizim hamımızın həyatında olub və bu gün də var: qocanın da, gəncin də, lap elə körpənin də.  Ümummilli lider Heydər Əliyev onu şəxsən tanıyanların və tanımayanların da həyatında böyük bir iz qoyub. Çünki bizlər bu böyük insanın qurub-yaratdığı, dünyaya tanıtdığı ölkənin vətəndaşlarıyıq. Hər birimiz ulu öndərin gördüyü titanik işlərin şahidi və çoxumuz isə bilavasitə iştirakçısıyıq, onun rəhbərliyi ilə qurulub-yaradılanlardan bəhrələnmişik. Və ən başlıcası, Heydər Əliyev öz vətənpərvərlik, mərdlik, yorulmazlıq, mübarizlik nümunəsi ilə həmişə hər birimizin Prezidenti olub.

Ulu öndər Heydər Əliyevin hakimiyyətdə olduğu ikinci dövrdə mən Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü idim. YAP-ın Yasamal rayon İdarə Heyətinin sədr müavini kimi fəaliyyət göstərirdim. Eləcə də YAP-ın Yasamal rayon Qadınlar Şurasının sədri seçilmişdim. Hər mərhələdə, hər vəzifədə mənə göstərilən etimadı öz fəaliyyətimlə doğrultmağa çalışırdım. Xoşbəxtəm ki, bu vəzifələri layiqincə yerinə yetirməyə gücüm çatıb. Düşünürəm ki, bu, belə olmalı idi. Əgər hər hansı bir insana etimad göstərilirsə, etibar edilirsə, o, özündə güc tapmalıdır və cəhd etməlidir ki, ona bəslənən inamı doğrultsun.

1969-cu ildə ali məktəbi yenicə bitirmişdim. Ulu öndərin o vaxt keçirdiyi ilk plenumun - Azərbaycanın tarixinə "Avqust plenumu" kimi düşmüş həmin möhtəşəm tədbirin gedişini qəzetlərdən, radio və televiziyadan izləyirdim. Daxilimdə işləməyə, öyrənməyə, öyrətməyə, irəliyə getməyə bir həvəs oyanmışdı. "Biz, yəni, xalqımız artıq böyük, geniş bir yolun başlanğıcındayıq" - deyə fikirləşirdim və bunu özümün bir intuisiyam olduğunu hesab edirdim. Günlər, həftələr keçdikcə görürdüm ki, bu, reallıq olduğu üçün çoxları belə fikirləşir. O cümlədən, cavanların da fəaliyyətində, hərəkətlərində bir oyanış əmələ gəlməkdə idi. Dərk edirdik ki, respublikaya rəhbərlik edən bu uzaqgörən siyasətçinin başladığı böyük işlərə hamı dəstək olmalıdır. Quruculuq işlərində ilk növbədə, biz iştirak etməliyik, öhdəmizə isə böyük vəzifələr düşürdü. Beləcə, ulu öndər hər birimizin həyatına deməzdim ki, qiyabi, məhz əyani surətdə daxil olur, sanki hər birimizə həm ayrı-ayrılıqda, həm də hamımıza birlikdə rəhbərlik edir, yolgöstərənimizə çevrilirdi. Mən isə o gənclərdən biri idim. Elə bil ki, bu böyük insanı şəxsən tanıyırdım, onun göstərdiyi istiqamətdə həyat yollarında irəliyə getməyə can atırdım.

Heydər Əliyevin o dövrdə Azərbaycanı ayağa qaldırmaq üçün gördüyü tədbirlər bu gün də gözümün qabağındadır. Qeyri-adi, fitri istedadı, təşkilatçılıq və idarəçilik məharəti, ən əsası, vətənpərvərliyi, milli ideallara bağlılığı ilə ilk gündən Azərbaycanın üzləşdiyi sosial-iqtisadi problemləri aradan qaldırmaq, qanunçuluğu və hüquq qaydalarını gücləndirmək, ciddi sosial bəlaya çevrilmiş korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə tədbirlərini genişləndirmək istiqamətində əzmkarlıq göstərir, mütərəqqi idarəçilik ənənələrinin bünövrəsini qoyur, cəmiyyətin normal inkişaf ahəngini təmin edirdi. Böyük öndər respublikamızın üzləşdiyi problemləri ilk gündən düzgün müəyyənləşdirməklə onların həlli üçün lazımi iradə, qətiyyət və prinsipiallıq göstərirdi. Onun insanlarla görüşlərini televiziya ekranlarından izləyirdik. Əbədiyaşar liderin insanların çox yığışdığı yerlərə qəflətən gəlməsi, meydanlarda, dövlət idarələrində xalqın dərd-sərini, problemlərini, arzu və istəklərini yaxından öyrənməsi, vəzifəsinin öhdəsindən gələ bilməyən məmurlar barəsində sərt qərarlar verməsi haqda çoxlu sayda maraqlı faktlar danışmaq olar. Pambıq tarlalarınacan gedirdi. Hər yerdə insanlarla ünsiyyət qurur, söhbət edir, sual verir, cavab alırdı. Təsərrüfat sahələri inkişaf etdikcə Azərbaycanın rəhbəri xalqın gözündə ucalırdı, özünü yaxından tanıdırdı, respublikamız isə gündən-günə tərəqqi edirdi.

Televiziya verilişlərindən ulu öndər Heydər Əliyevin ziyalılara, o cümlədən şairlərə, yazıçılara olan münasibətini görürdük. Bu, elə bir dövr idi ki, Azərbaycanda böyükdən-kiçiyə hamı işə, fəaliyyətə  səfərbər edilmişdi. Hamı əl-ələ vermişdi. Yayda hətta müəllim və tələbələr də pambıq yığımına, kənd əməkçilərinə köməyə gedirdilər.

Ölkədə müxtəlif ictimai-siyasi tədbirlər, qurultaylar və yubileylər keçirilirdi. Təsərrüfat işlərində, yaradıcılıqda fərqlənənlərə "Sosialist Əməyi Qəhrəmanı" adı verilirdi və bu, insanların ruh yüksəkliyinə səbəb olurdu. Qısası, Heydər Əliyevə qədər Azərbaycan sanki yatan bir ölkə idi. Böyük rəhbərin gəlişi ilə yuxudan oyanmışdı. Ölkənin ərazisində iri müəssisələr tikilir, binalar ucalırdı. O vaxta qədər hələ heç kəsin görmədiyi, bilmədiyi yeni və gözəl işlərin əsası qoyulurdu. Bütün SSRİ ilə Azərbaycan arasında möhkəm bir körpü yaranmışdı. Hamı bizə mehribanlıq göstərir, başqa gözlə baxırdı, respublikamız sayılıb-seçilirdi.

SSRİ kimi nəhəng bir dövlətin rəhbərləri Azərbaycana gəlirdilər, burada gedən inkişafı maraqla izləyirdilər. Ağıllı insanlar buna düzgün qiymət verirdilər. Bilirdilər ki, görülən işlərin hamısı xalqımızın, Vətənimizin xeyrinədir. Bu körpü xalqın inkişaf və tərəqqisinə xidmət edirdi.

Böyük siyasət ustadının yaratdığı spesifik idarəçilik modelinin üstün cəhətlərindən biri də kadr seçimində daha çox yüksək mənəvi-əxlaqi keyfiyyətləri, intellektual səviyyəsi və biliyi ilə fərqlənən gənclərə üstünlük verilməsi idi. Həmin dövrdə bir çox gənclər digər respublikaların tanınmış ali məktəblərinə təhsil almağa göndərilirdi. Əvvəllər belə bir ənənə olmamışdı, yalnız çox az sayda cavanlar fərdi şəkildə xaricə oxumağa gedərdi. 1970-1980-ci illərdə minlərlə gənci SSRİ respublikalarının nüfuzlu ali məktəblərinə göndərən Heydər Əliyev yüksək ixtisaslı, peşəkar kadrların hazırlanması məsələsinə də qayğı ilə yanaşırdı. Azərbaycanın özündə də yeni ali məktəblər açılır, müxtəlif ixtisaslar üzrə fakültələr yaradılırdı. Xaricdə təhsil alıb qayıdan gənclər işlə təmin olunurdu. "Bilik yeganə meyardır" şüarı irəli sürülmüşdü. Biz müəllimlər təhsil sistemindəki bu yenidənqurmadan çox məmnun idik. Çalışırdıq ki, yetirmələrimizin bilik səviyyəsi üçün utanmayaq. Mən də bir müəllim kimi gündəlik fəaliyyətimdə ulu öndərin rəhbərliyini hiss edir, görürdüm. O zaman Heydər Əliyev təkcə mənim deyil, bütün vicdanlı müəllimlərin qəlbinə, həyatına, fəaliyyətinə daxil olmuşdu.

1970-1980-ci illərdə Azərbaycan xalqı, dövləti üçün qurub-yaratmaq, onun gələcək müstəqilliyi naminə etibarlı zəmin formalaşdırmaq ulu öndərin başlıca amalı olmuşdur. Həmin illərdə ölkəmizi nəhəng quruculuq meydanına çevirərkən, azərbaycanlı gəncləri xaricdə təhsil almağa göndərərkən, Azərbaycan xalqının nə qədər böyük mədəniyyətə malik olduğunu müxtəlif tədbirlər vasitəsi ilə bütün dünyanın diqqətinə çatdırarkən, ölkəmizdə fundamental və tədbiqi elmlərin inkişafına nail olarkən məhz vətənimizin bu gününü düşünür, memarı olduğu müstəqil Azərbaycan dövlətini hələ o zamanlarda qurub-yaradırdı.

Heydər Əliyev ikinci dəfə hakimiyyətə Vətənimizin incidildiyi, gözdən salındığı, uçurum qarşısında olduğu bir zamanda qayıtdı. Azərbaycanın məhv olmaq, xəritədən silinmək təhlükəsi yaranmışdı. Ölkənin daxilində vətəndaş müharibəsi gözlənirdi. Hər yanda hərc-mərclik, xaos baş alıb gedirdi. İş o yerə çatmışdı ki, axşamlar övladlarımızın evə salamat qayıdacağına inanmırdıq. O qədər gözlənilməz hadisələr olurdu ki, bir çox insanlar az qala, baş götürüb qaçmaq, canlarını qurtarmaq istəyirdilər. Ümumiyyətlə, hamı çox narahat, gərgin, pəjmürdə bir əhval-ruhiyyədə idi.

Bir qədər geriyə dönüb 1990-cı ilin Qanlı Yanvar hadisələrini xatırlamaq istərdim. 20 Yanvar faciəsinin ertəsi günü süqut ərəfəsində olan sovet rejiminin Azərbaycana qarşı törətdiyi ağır cinayətə qarşı ilk reaksiya da o zaman Heydər Əliyevdən gəldi. Ailəsi ilə birlikdə Azərbaycanın Rusiyadakı nümayəndəliyinə gedərək mətbuat konfransı keçirən ulu öndər imperiyanın ifşası, xalqımızın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində bir sıra prinsipial addımlar atdı, hadisəyə öz münasibətini bildirdi. Onun belə bir qorxulu məqamda çəkinmədən meydana çıxması həyatı üçün böyük təhlükə yaradırdı.

Hamıya bəlli idi ki, Mixail Qorbaçovun gözü Heydər Əliyevi götürmürdü. Çünki o, Heydər Əliyevin böyüklüyünü, hünərini, gücünü real görürdü. Ulu öndərin ağlı, kamalı, zəkası, dünyagörüşü, biliyi, bacarığı, rəhbərlik qabiliyyəti və digər keyfiyyətləri hamıdan çox-çox üstün idi və bu, onun hər bir rəqibini narahat edirdi.

Heydər Əliyev məhz bu səbəbdən sıxışdırılırdı. Əlbəttə ki, bütün bunlar onun ürəyindən ağrısız keçmirdi. Buna baxmayaraq, Azərbaycan dara düşən kimi ilk növbədə ayağa qalxdı və sinəsini xalqı üçün sanki sipər etdi, müdrik məsləhətləri ilə millətinə kömək etməyə, istiqamət verməyə başladı.

Biz niyə susmalı, kədərə bürünüb evdə oturmalı, vəzifəmizi yalnız sükutla, matəm saxlamaqla ifadə etməli idik? Bəli, ulu öndərin o təhlükəli anlarda övladlarını da götürərək Azərbaycan nümayəndəliyinə gəlib qanlı olaylara qarşı etiraz etməsi bütün xalqımıza bir nümunə oldu. O çətin günlərdə ulu öndər bizimlə idi. Hər birimizin sanki evində, həyatındaydı. Bizə ürək-dirək verir, cəsarətimizi, mübarizə əzmimizi artırırdı.

Böyük öndərin 1990-cı ilin Qanlı Yanvar hadisələri ilə bağlı bəyanatından sonra mən mərhum yazıçımız, professor Əzizə Cəfərzadə ilə xəstəxanalardakı yaralılara baş çəkməyə başladıq. Xəstə çox idi, odur ki, evlərimizdəki ruzidən onlara pay aparırdıq. Ağ mələfələri yuyub, ütüləyib xəstəxanalara verirdik. O zaman bu, kortəbii şəkildə həyata keçirilirdi, yəni, kim nə bacarırdısa, onu da edirdi. Sonralar Qadınlar Şurası bu işləri mütəşəkkilliklə reallaşdırmağa başladı.

Ötən əsrin 90-cı illərində xalq artıq başa düşürdü ki, hakimiyyətdə olan Xalq Cəbhəsi ölkəni idarə etmək gücündə deyil. Xalqın ziyalıları, dərin düşüncəli insanlar Heydər Əliyevin gəlişini istəyirdilər. Bir yerə yığışıb fikirlərini bölüşür, bunun üçün yollar axtarırdılar.

Həmin vaxtdan bir il sonra Heydər Əliyev Naxçıvana qayıtdı. Bu zaman bir qrup ziyalı Heydər Əliyevlə görüşə getdi. Məqsəd o idi ki, ulu öndər Bakıya gəlib xalqı ağır vəziyyətdən çıxarsın, Vətəni böyük təhlükədən xilas etsin.

1993-cü ildə Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gəldi. O zaman mən mətbuata verdiyim müsahibədə bu hadisə barədə belə demişdim: "Elə bil xalqın başının üstünü almış qara buludlara bir atəş açıldı". İnsanlar dərindən nəfəs aldılar. Çünki Heydər Əliyevin gücünü, qüdrətini bilirdilər. Hamımız köks ötürdük və artıq tam əmin olduq ki, Azərbaycan xilas olacaq! Bu isə Heydər Əliyevin qüdrəti sayəsində baş verəcək və ona ziyalılarımız, vətənpərvər insanlar kömək edəcək, dəstək olacaqlar.

Bu müdrik insan hakimiyyətə gələn kimi xalqın ağsaqqallarını məşvərətə topladı. Ağıllı insanlarla məsləhətləşmələr apardı. Heydər Əliyevin gəlişi ilə hər bir sahədə dirçəliş özünü göstərdi. Beləliklə, bu gəliş ölkəni faciələrdən, ölümdən, məhvolmadan xilas etdi. İndiyədək yadımdadır, Heydər Əliyev 1993-cü ilin 15 iyununda xalqa olan müraciətində birinci növbədə qeyd etmişdi ki, dövlət quruculuğu və cəmiyyətin formalaşması demokratik prinsiplər əsasında olmalıdır. Siyasətdə, iqtisadiyyatda sərbəstlik, hürriyyət, insan azadlığı, insan hüquqlarının qorunması prinsipləri bərqərar edilməlidir. Sonda xüsusi vurğulamışdır ki, bu, düzgün, doğru yoldur. "Əmin olmalısınız ki, mən bu yola həmişə sadiq qalacağam".

1992-ci ildə Yeni Azərbaycan Partiyası (YAP) təsis edilmişdi. İnsanlar bir qurumda, bir partiyanın tərkibində öz mübarizələrini mütəşəkkil aparmaq, birgə fəaliyyət göstərmək imkanı əldə etmişdilər. YAP-ın tərkibinə bir-birinin ardınca çoxlu insan gəlirdi. Böyük bir ordu yaranmışdı. Bu ordunun gücü doğrudan da, dövlətçiliyimizi o vaxtkı vəziyyətindən xilas etmək üçün çox böyük önəm daşıdı.

Bütün sahələrdə oyanma baş verdi, işlər irəli getməyə başladı. Digər ölkələrlə əlaqələr yarandı. İqtisadiyyatın artımı üçün düşünülmüş addımlar atıldı. Yeni neft strategiyasının bünövrəsi qoyuldu. Yeraltı sərvətlərimizin üzə çıxarılması üçün müxtəlif danışıqların aparılmasına və müqavilələrin imzalanmasına rəvac verildi... Pulu, vəsaiti, büdcəsi olmayan bir ölkədə belə siyasət aparmaq bəlkə də ağlasığan, mümkün olan iş deyildi. Bunun öhdəsindən yalnız Heydər Əliyev kimi böyük siyasətçi gələ bilərdi. Həmin dövrdə xalq, onun qabaqcıl nümayəndələri tam varlığı ilə dərk edirdi ki, Heydər Əliyevə dəstək lazımdır.

O zaman ümummilli liderlə əyani söhbətim, tanışlığım olmamışdı. Lakin onun fəaliyyətini izlədikcə düşünürdüm ki, ulu öndər hər birimizi fəaliyyətə, ictimai həyata səsləyir. Böyük rəhbərin "Vətənin bu günündə hər bir insan öz gücündən, potensialından səmərəli istifadə etməlidir" sözləri ictimaiyyəti mütəşəkkilliyə çağırırdı. Ona görə də biz ictimai həyata atılır, hərəmiz bacardığımızı etməyə çalışırdıq.

Həmin ağır dövrdə Azərbaycanın ərazisində nə qədər qaçqın-köçkün var idi. Odur ki, 1995-ci ildə qadınlar şurası belə bir mütəşəkkil iş qurmuşdu: hər evdən, hər ailədən qaçqın və məcburi köçkünlərə kömək edilirdi. Kimin gücü nəyə çatırdısa, onu əsirgəmirdi. Təzədən ev-ocaq qurmaq üçün onlara çox şey lazım idi - məişət əşyaları, soyuqdan qorunmaq üçün isti pal-paltar. Həmin əşyalar yuyulmuş, ütülənmiş və səliqə ilə bükülmüş, yaxud qablaşdırılmış şəkildə onlara göndərilirdi ki, hələlik ehtiyacları ödənsin. İlk baxışdan adi görünsə də, bu, vacib  bir iş idi. Qadınlar şurasının təşkil etdiyi bu iş Azərbaycanın rayonlarını da əhatə etmişdi.

O vaxt indi rəhbərlik etdiyim kollecin foyesinə nə qədər odeyal, qalaq-qalaq yorğan-döşək, açılıb-bağlanan çarpayılar, isti köynək, papaq, ayaqqabı, corab yığıldığı hələ də gözümün önündən getmir.

1990-cı illərin sonuna doğru artıq bu hərəkatın, ictimai həyatın içində idim. Odur ki, 1998-ci ildə Prezident seçkilərində Heydər Əliyevin vəkili qismində çıxış edirdim. Biz vəkillər Azərbaycanın rayonlarında böyük təbliğat-təşviqat işi aparırdıq. İnsanların qarşısında çıxışlar edirdik. Real vəziyyət, respublikada görülən işlər, siyasi məsələlər, iqtisadiyyat, elm, təhsil , səhiyyə, mədəniyyət sahələrində aparılan islahatlar barədə insanlara məlumat verirdik. Ürəklə çalışırdıq.

Belə bir zamanda Heydər Əliyev öz vəkilləri ilə görüş keçirdi. Bu görüşdə ümummilli lider çoxlu məsələlərə toxundu.  Hətta SSRİ dövründə Moskvada işlədiyi illəri yada saldı. Ulu öndər o dövrdə milli maraqlarla bağlı məsələlərdə daim əzmkarlıq göstərmiş, yüksək siyasi iradə ortaya qoymuş, mərkəzin yeritdiyi siyasətin ayrı-ayrı çalarları ilə əlaqədar tənqidi fikirlərini, mülahizələrini irəli sürmüşdü. Həmin görüşdə müxalifətin çirkin fəaliyyəti, azğınlığı barədə də söhbət getdi, onların yalan, şər, böhtan dolu kampaniyası pislənildi. Heydər Əliyev çox təəssüf etdi ki, onun haqqında yanlış, ədalətsiz sözlər yazılır, saxta, həqiqətə uyğun olmayan məlumatlar yayılır. Biz vəkil kimi müxalifətin əsassız söhbətlərinə, fikirlərinə rəğmən, öz sözümüzü deyir, münasibətimizi bildirirdik, sadəcə, həqiqəti söyləyirdik. Yaxşı yadımdadır ki, hər dəfə Heydər Əliyevin adı çəkiləndə sürəkli alqışlar qopurdu. Kənardan gəlmiş yad bir adam da dərhal hiss edirdi ki, xalq bu şəxsiyyəti nə qədər sevir. Bu sevgi, bu inam idi Heydər Əliyevi ən çətin dövrlərdə, ən çətin məqamlarda hakimiyyətdə qalıb var qüvvəsi ilə işləməyə sövq edən - məhz bu böyük inam!

1998-ci ildə ölkənin fəal qadınlarından bir qrupu Heydər Əliyevin 75 illik yubileyi münasibətilə onunla görüşə getdi. Mən də o dəstədə idim. Rəhmətlik professor Zəhra Quliyeva təklif etdi ki, apardığımız hədiyyəni ulu öndərə mən təqdim edim. Bu, simvolik bir hədiyyə idi. At, atın belində bir xanım, xanımın çiynində xurcun, xurcunun içində də yayla ox. Bu, bizim hamımızın ürəyindən xəbər verən bir hədiyyə idi. Belə ki, At Azərbaycan xalqının təxəyyülündə həmişə sədaqət, murada yetmək, arzuya çatmaq rəmzi olub. Atın belindəki xanım qadınlarımızın düşmən üstünə getməyə hazır olmasına işarə idi.

Mən apardığımız o rəmzi fiquru rəhbərə təqdim edərkən ona müraciətlə dedim: "Cənab Prezident, Azərbaycan qadını Vətənin bütövlüyü, toxunulmazlığı, övladlarımızın əmin-amanlığı, gələcəyimizin xoşbəxtliyi naminə silaha sarılaraq cəbhəyə getməyə, düşmənlə üz-üzə durmağa, sinəsini sipər etməyə hazırdır. Ali Baş Komandanın bircə işarəsi kifayətdir ki, oğullarımızla çiyin-çiyinə düşmənə qarşı döyüşək. Biz Sizin müdrik siyasətinizə ürəkdən inanır və bu siyasətin ardınca gedirik. Sizin ideyalarınız bizim üçün proqramdır. Biz o proqramı həyata keçirmək üçün var qüvvə ilə fəaliyyət göstərərək vətənpərvər orduya qoşulmağa hazırıq".

Ulu öndərlə görüşə 20-25 nəfər qadın getmişdi. Onlar da öz ürək sözlərini dedilər. Böyük şəxsiyyətin yubileyini belə səmimi bir şəraitdə qeyd etdiyimizdən hamımız məmnun qalmışdıq. Hərə öz evinə, öz iş yerinə yeni qüvvə, yeni arzu, həvəs və ideyalarla qayıtdı. Sanki yaşamağa, işləməyə, qurub-yaratmağa gücümüz birə-beş artdı.

2003-cü ilin prezident seçkilərində yenə də ulu öndərin vəkili idim. Yenə də yüksək səviyyədə təbliğat-təşviqat işləri aparırdıq. YAP-ın tərkibində mütəşəkkil fəaliyyətə başlamışdıq.

Həmin vaxtlar ümummilli liderin səhhətində olan dəyişiklik Azərbaycan analarına kədərli anlar yaşadırdı. Bütün xalq üçün dərdli bir dövr idi. Çünki insanlarda bu qədər ümid və inam doğuran, gələcək üçün hələ nə qədər ağıl və zəka sərf etmək əzmində olan o böyük insan xəstələnmişdi. Həmin vaxt ulu öndər bəyanat verdi ki, İlham Əliyevi Prezidentliyə layiq bilirəm. Mən ona özüm qədər inanıram və onun zəmanətini verirəm.

Bu, adi bir bəyanat deyildi! Bu, Heydər Əliyevin unikal bir şəxsiyyət olduğunu bir daha təsdiqləyir, üzə çıxarırdı. Çünki hər bir insan öz övladının çətin, mürəkkəb işdən uzaq olmasını istəyir. Amma Heydər Əliyev öz yeganə oğluna belə ağır bir yükü çəkməyə rəva görürdü. Hakimiyyətdə olmaq çox məsuliyyətli bir işdir. O dövrdə isə bu, xüsusilə, çətin idi. Bəlkə də hakimiyyətin başında dayanan insanın səhhətinə, hətta həyatına bərabər bir iş idi. Ulu öndər məhz belə bir işə öz övladını Vətəninin, torpağının, xalqının xatirinə göndərirdi. Deməli, Vətənini oğlundan da çox sevirdi. Mən şəxsən bunu belə dəyərləndirirəm. 2003-cü ildə xalq artıq İlham Heydər oğlu Əliyevin namizədliyini dəstəklədi və müdafiə etdi.

Heydər Əliyev şəxsiyyəti haqqında fikirləşəndə düşünürsən ki, bu insan torpağına, xalqına, dövlətinə nə qədər bağlı idi. Ulu öndərin öz evində, ailəsində apardığı siyasət, təbliğat, tərbiyə övladlarının da varlığına sirayət etmişdi. Odur ki, bu gün onun bütün ailəsi xalqın xidmətində dayanır. Mehriban xanım Əliyevanın apardığı genişmiqyaslı işlər sayəsində milli-mənəvi dəyərlərimizlə bütün dünya tanış olur. O, Azərbaycan qadınını bütün beynəlxalq aləmdə ucaldır. Dünya görür ki, Azərbaycanın anaları necə övladlar tərbiyə edir, istedadlar yetirir.

Bu göstərir ki, Azərbaycan, doğrudan da, mütərəqqi ölkədir. Belə ölkənin gələcəyi sözsüz ki, parlaqdır. Bu cür anaları olan ölkə heç bir müharibə istəməz. O, yalnız əmin-amanlığı, firavanlığı, sülhü, dinc həyatı seçə bilər.

Düşünürəm ki, bunun özü də hər birimiz üçün bir həyat nümunəsidir. İnsan kim olur, nəçi olursa-olsun, o, Vətəni, cəmiyyəti üçün ilk növbədə, layiqli övladlar yetişdirməlidir. Ümummilli liderin Azərbaycan xalqı qarşısındakı ən böyük xidmətləri sırasında onun Vətən üçün gərəkli övladlar yetirməsi də dayanır. Bax, bu nümunə ilə mən də həyatımda valideyn və müəllim kimi çalışmışam ki, əsl insanlar, vətəndaşlar tərbiyə edim.

Ümumiyyətlə, Heydər Əliyev mənim həyatımda çox böyük rol oynayıb. Onun həyatı, şəxsiyyəti, əməlləri, gözlərimlə əyani şəkildə gördüyüm, ağlımla dərk etdiyim nümunəsi məni bir ictimaiyyətçi kimi yetişdirdi. Bu insanın cəfakeşliyi və fədakarlığı hələ gənc yaşlarımdan beynimdə və qəlbimdə özünə dərin yer almışdı. Ölkəyə belə bir siyasətçinin rəhbərlik etdiyi dövrdə insanın təkcə öz həyatı ilə yaşamağa haqqı yox idi. O cümlədən, mən də insanların arasına, ictimai işlərə atılmışam ki, bir işin qulpundan yapışım, ölkəyə xeyir verə biləcək nə isə bir işlə məşğul olum. Düşünmüşəm ki, vətənin o böyük oğlunun gördüyü böyük işlərə hərə öz bacardığı köməyi - qoy bu, lap kiçik kömək olsun - etməlidir.

Üç min tələbənin təhsil aldığı və 300 müəllimin çalışdığı bir müəssisənin başçısı kimi mən də bu gün həmin məqsəd və məramla yaşayıram. Böyük ideyaların cəmiyyətimizin çiçəklənməsinə yönəldiyini həmişə kollektivə çatdırıram. Düşünürəm ki, beləcə, Heydər Əliyevin əməlləri nəsildən-nəslə keçərək övladlarımızın, bütün gənclərimizin həyatına da daxil olaraq onları öz ömürlərini Vətən, xalq naminə yaşamağa çağırır.

Bizim gənclərimizin hafizəsinə Heydər Əliyev əbədi həkk olunub. Tam səmimiyyət və cəsarətlə deyirəm ki, ulu öndərin qəlbimizdə ucalan heykəli, o böyük insana böyük məhəbbətimiz hər bir gəncin qəlbinə köçüb. Bu o deməkdir ki, böyük şəxsiyyət, onun nümunəsi hər bir tələbənin qəlbində və həyatında var, bu böyük ehtiram, məhəbbət nəsildən-nəslə keçərək əsrlərlə yaşayacaq.

Mən bu gün də Heydər Əliyevin ideyalarını müdafiə edirəm. Uzun illər mətbuat orqanlarında dərc olunan yazılarım, müxtəlif tədbirlərdə etdiyim çıxışlar məhz bu böyük ehtiramın və hörmətin, məhəbbətin nəticəsidir. İnsanlarla əyani şəkildə, onlarla birbaşa ünsiyyət zamanı söhbətlərimdə də həmin duyğuların fikri altında oluram. Mən Heydər Əliyevin hakimiyyətinə, rəhbərliyinə məhəbbət və ehtiramla xidmət edənləri qədirbilən insan adlandırıram. Onun tribunada saatlarla hərbi duruşunu, ağıllı, rəvan, möhtəşəm nitqlərini xəyalımın güzgüsündən keçirərkən bu dünyanın ən müdrik, fədakar, cəfakeş anasının da ruhuna - öndərimizi tərbiyə edib boya-başa çatdıran o qadına böyük Allahımızın rəhmətini diləməyi unutmuram.

Ulu öndərin böyük arzularının çiçəklənməsi naminə gənclərimizin  daim fəal olmasını istəyirəm. Arzulayıram ki, onlar ümummilli lider Heydər Əliyevin göstərdiyi yolla getsinlər. Çünki insanları, cəmiyyəti irəli aparan inam və ümid qoşa qanad kimi yanaşı olmasa, həyatda nailiyyət qazanmaq çətinləşər. Və nə yaxşı ki, bu gün Azərbaycan vətəndaşında güclü inam da, ümid də var.

Biz bu gün ulu öndər Heydər Əliyevin davamlı ideyalarını yenə də fəaliyyətdə, uğurlarımızın təməlində görürük. Çünki bu hakimiyyətin başında ümummilli liderin ideyalarını layiqincə davam və inkişaf etdirən Prezident İlham Əliyev dayanır. İndi onun uğurla idarə etdiyi ölkə dünyanı təəccübləndirir! Azərbaycan öz intibahının zirvəsinə doğru inamla irəliləyir! Və nə qədər ki Heydər Əliyevin ideyaları yaşayır, hələ sonsuz nailiyyətlər bizimlə olacaq!

Nə qədər ömrüm, həyatım var, Heydər Əliyev şəxsiyyəti qəlbimdə, beynimdə, bütün fəaliyyətimdə layiqli yer tutacaq. İndi mənim Heydər Əliyevlə bağlı ən böyük istəyim odur ki, onun azad ruhu Qarabağ torpağı üzərində pərvaz etsin. Ölkə rəhbərimiz başda olmaqla torpalarımızın azadlığını, Vətənin bütövlüyünü təmin edək və o böyük şəxsiyyətin ən ümdə arzusunu yerinə yetirək!..

 

 

Nurlana ƏLİYEVA,

YAP Qadınlar Şurasının sədri,

 filologiya elmləri doktoru, professor

 

Azərbaycan.-2013.- 12 mart.- S.6.