«Molotovlu gəncliyə»
qarşı etiraz kampaniyası bir gün ərzində 1 milyondan çox dəstək qazandı
Azərbaycan gəncliyi xaos,
iğtişaş cəhdlərini qətiyyətlə pisləyir
və Prezident İlham Əliyevin siyasi kursu ətrafında
sıx birləşirlər
Ordu
cəmiyyətin ayrılmaz hissəsidir. Cəmiyyətdə,
sosial həyatda olduğu kimi, orduda da müəyyən problemlər
olur. Bu problemlər təkcə Azərbaycan ordusunda deyil,
bütün dünyanın ən güclü ordularında belə
var. Çünki, hər bir ordu əsasən müxtəlif
psixologiyaya sahib ən çılğın qrup olan gənclərdən
təşkil olunur. Lakin bəzi avantürist qüvvələr,
dağıdıcı müxalifət 22 ildir səngərdə
olan qəhrəman Azərbaycan ordusunun nüfuzuna xələl
gətirmək üçün əsgər ölümündən
"yararlanmaq" istəyirlər. Şəhid ailələrini
çirkin məqsədlərinə alət etmək istəyənlər,
insanların faciəsi üzərindən siyasi dividend
qazanmağa cəhd edənlər öz köhnə adətlərinə
sadiqdirlər və təəssüf ki, bir sıra gəncləri
də öz təxribatlarına cəlb edirlər. Ancaq Azərbaycan
gənclərinin mütləq əksəriyyəti belə
şər qüvvələrə "yox" deyirlər. Gənclər
hesab edirlər ki, dağıdıcı qüvvələrin əsl
məqsədi ölkədə xaos, anarxiya yaratmaq və bundan
öz maraqları naminə maksimum dərəcədə
istifadə etməkdir.
Müxalifətin sosial şəbəkələrdəki
rəqəmləri ilə reallıq arasında nəhəng
bir uçurum var
"İrəli" İctimai Birliyinin sədri Rauf MƏRDİYEV qəzetimizə açıqlamasında bildirdi ki, son zamanlar ifrat radikal müxalifət təmsilçilərinin sosial şəbəkələr vasitəsi ilə təşkil etmək istədikləri bütün aksiyalar uğursuzluqla nəticələnir. Martın 10-dan öncə onların açıqlamalarına görə aksiyada 20 mindən çox insanın iştirak edəcəyi haqqında pafoslu bəyanatlarının nəticəsini isə hər kəs gördü: "Azərbaycan gəncləri xaricdə əyləşib onları zorakılığa cəlb etmək istəyən və bunun da nəticəsində özünə kapital toplamağa çalışan insanlara inanmır. Son günlər MTN tərəfindən həyata keçirilən istintaq tədbirləri nəticəsində Azərbaycanda iğtişaş yaratmağa çalışan gənclərin aksiyalarda polislərə qarşı "molotov" bombaları ilə hücum etmək, zorakılıq həyata keçirməklə qarşıduma yaratmaq planlarının aşkara çıxmasından sonra bir çox gənclər aksiyada iştiraklarından imtina etdilər. Bunun da başlıca məqsədi odur ki, gənclik kiminsə əlində vasitəyə çevrilmək istəmir".
R.Mərdiyevin fikrincə, son aksiya nəticəsində aqressiv müxalifətin internet potensialının da zəif olduğu üzə çıxdı. "Facebook" sosial şəbəkəsində aksiyaya qatılacaq insanların sayı 22 min kimi qeyd olunsa da, aksiyada cəmi 400-500 nəfər iştirak edirdi: "Bu bir daha göstərir ki, müxalifətin sosial şəbəkələrdəki rəqəmləri ilə reallıq arasında nəhəng bir uçurum var. Bu fakt öz təsdiqini sosial şəbəkələrdə gedən müzakirələrdə də tapdı. Sosial şəbəkə fəallarının böyük əksəriyyəti "İrəli"nin "molotovlu gənclik istəmirik" şüarı ilə başlatdığı "Twitter" kampaniyasına qoşuldu və bu kampaniya çərçivəsində yayılan mesajlar 1 günün içində 1 milyon dəfədən çox oxundu. Bu bir daha onun göstəricisidir ki, gənclik aqressiv müxalifəti, onun xaos yaratmaq istəyini və dağıdıcı fəaliyyətini qətiyyətlə pisləyir və bu cür fəaliyyətlərə etirazını bildirir. "İrəli"çi gənclər də sosial şəbəkələrdə öz fəaliyyətlərini gücləndirir və gəncləri çaşdırmağa, ölkədə xaos yaratmağa yönəlik addımlara qarşı mübarizə aparır. Müxalifət gəncləri də özlərini güclü hesab etdikləri sosial şəbəkələrdə artıq öz ideyalarının dəstəklənmədiyini görürlər".
Rauf Mərdiyev təəssüf edir ki, aqressiv müxalifətin nəzarətində olan bir sıra KİV-lər xalqa və Prezidentə təmənnasız xidmət göstərən gənc fəallara qarşı da "qara piar" aparırlar. Müxtəlif məzmunlu dezinformasiyalarla kreativ gəncləri susdurmağa, onları öz haqq yollarından sapdırmağa çalışırlar. Bu baxımdan 30 minə yaxın gənci öz sıralarında birləşdirən "İrəli" İctimai Birliyinə qarşı da siyasi avantüristlər tərəfindən kütləvi qarayaxma kampaniyası aparır: "Hərəkatımızın bu gün güclü olması, onun dövlətçiliyimizi dəstəkləməsi və bizim ideyaların böyük gənclər kütləsi tərəfindən qəbul edilməsi əlbəttə ki, ifrat radikal müxalif fikirli gənclərdə qısqanclıq hissi yaradır. Biz onların xaos yaratmaq ideyalarını öz fəaliyyətimiz və tutarlı cavablarımız ilə darmadağın etmişik. Məhz buna görə də aksiyadan dərhal sonra fəaliyyətimizə kölgə salmağa, imicimizi korlamağa və ətrafımızda toplaşmış gəncləri çaşdırmağa çalışan yalan xəbərlər paylaşdılar. Yayılan bu kimi xəbərlərin heç bir əsası yoxdur, onlar dezinformasiyadır və bu kimi qarayaxma müəllifləri məhkəmə vasitəsilə cavab verəcəklər".
"İrəli" İctimai Birliyinin sədri
bir daha bəyan edib ki, rəhbəri olduğu qurumun bütün üzvləri dövlətin gənclər
üçün yaratdığı
imkanları yüksək qiymətləndirir və bundan istifadə edib Azərbaycanın
inkişafına töhfə vermək istəyirlər. Gənclər
Azərbaycanda xaos,
özbaşınalıq, iğtişaş
yaratmağa yönəlik istənilən
addımları pisləyir və buna
qarşı daim mübarizə
aparacaqlarını bəyan edirlər: "Biz
cənab Prezident İlham
Əliyevə və onun həyata keçirdiyi siyasətə inanırıq,
dövlət başçısını birmənalı dəstəkləyirik".
Prezident İlham Əliyevin həyata
keçirdiyi genişmiqyaslı islahatlara qarşı
çıxan hər kəs qarşısında
çoxmilyonlu Azərbaycan gəncliyini görəcək
"İslahatçı Gənclər" İctimai Birliyinin sədri Fərid ŞAHBAZLInın sözlərinə görə isə xalqımızın qürur mənbəyi olan ordumuzdakı müəyyən problemlər, əsgər ölümü hər bir azərbaycanlını narahat edir və böyük təəssüf hissi doğurur. Ölkə və ordu rəhbərliyinin də əsas amalı Silahlı Qüvvələrimizdəki bu problemin tezliklə həllinə nail olmaqdır.
Ümumilikdə götürdükdə isə dünyanın ən inkişaf etmiş ölkələrinin ordularında da az və ya çox dərəcədə əsgər ölümlərinə rast gəlinir: "Hesab edirəm ki, aqressiv müxalifətin və onların yedəyindəki bəzi gənclər təşkilatlarının orduda baş verən hadisələr fonunda özlərinə siyasi xal qazanmaq cəhdləri yolverilməzdir. Biz ilk gündən deyirik ki, guya əsgər ölümünə etiraz adı verilən bu aksiyaların heç birinin əsl mahiyyətində səmimi məqsədlər dayanmır. Siyasi şüarlarla keçirdikləri aksiyaların xalqdan dəstək görmədiyinin fərqində olan dağıdıcı müxalifət indi də yedəyindəki gənclər təşkilatlarını önə verərək, insanların faciəsi, kədəri üzərində siyasi dividend qazanmağa çalışır. Həlak olan əsgərlərin ailələri, yaxınları da dəfələrlə bu cür etiraz aksiyalarının əleyhinə olduqlarını, övladlarının vəfatının siyasi alver predmentinə çevrilməsinə qarşı çıxdıqlarını bəyan ediblər. Bütün bunlardan sonra bu qüvvələrin cidd-cəhdlə aksiyalar keçirməyə çalışması onların bundan özlərinin siyasi mövcudluqlarını qorumaq üçün istifadə etdiyi faktını ortaya çıxarır".
F.Şahbazlı hesab edir ki, martın 10-da keçirilən son aksiya da aqressiv qüvvələrin uğursuz aksiyalar seriyasının davamı oldu. "Facebook" sosial şəbəkəsində aksiya ilə bağlı yaradılan dəvət qrupunda guya 22 min nəfərin aksiyada iştirak edəcəyini bildirsələr də, bu adamların sayı heç 500 nəfəri də keçmədi. Bu rəqəmin də tam yarısı dağıdıcı müxalifətin mitinq üzrə ixtisaslaşmış üzvləri, onların nəzarətində olan media qurumlarının və QHT-lərin əməkdaşları idi. Bundan sonra fotoqrafların hər aksiyaya qatılıb şəkillər çəkməsinə də gərək yoxdur. Çünki, ictimaiyyət onsuz da bütün aksiyalarda eyni adamlara və proseslərə şahidlik edir.
F.Şahbazlı deyir ki, 10 mart aksiyası eyni zamanda ölkəmiz üçün olduqca təhlükəli
olan bir planı ortaya çıxardı: "Sən
demə, bəzi qüvvələr xalqdan
dəstək almadıqlarından dolayı keçirdikləri
aksiyaların heç bir
effekt vermədiyini görüb,
daha radikal üsullara əl ataraq, iğtişaşlar törətməyə,
qarışıqlıq yaratmağa
hazırlaşırmışlar. Özlərinin çirkin planlarına gəncləri də
alət edənlər bu məqsədlə
"molotov kokteyl"lərindən,
müxtəlif narkotik vasitələrdən
istifadə etməyi də planlaşdırırmışlar. Bu haqda həbs olunan üç gəncin
istintaqa verdikləri ifadələrində
geniş etiraflar olduğundan bizim xüsusi bir şərhimizə
gərək qalmır".
Həmsöhbətimizin fikrincə, seçki öncəsi ölkəmizdə özünün təxribat planlarını həyata keçirmək düşüncəsində olan yerli və xarici dairələr yaxşı bilməlidirlər ki, Azərbaycan gəncliyinin mövqeyi kifayət qədər aydın və qətidir. Gəncliyimiz tarixin bütün mərhələlərində dövlətçiliyin yanında olub və bu bundan sonra da belə olacaq. Azərbaycan gəncliyi hazırda ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında aparılan genişmiqyaslı islahatları dəstəkləyir və bu islahatlara qarşı çıxan hər kəs qarşısında çoxmilyonlu Azərbaycan gəncliyini görəcək.
Gəncləri qanunsuz hərəkətlərə
sövq edənlər vaxtilə Qarabağın
işğalına şərait yaratmış siyasi
avantüristlərdir
"Gələcək və İnkişaf" Gənclər İctimai Birliyinin rəhbəri Amil CAVADOV da ordumuzu nüfuzdan salmağa yönələn belə halları qınayır. Onun sözlərinə görə, bu gün gəncləri qanunsuz hərəkətlərə sövq edənlər və onların arxasında gizlənənlər vaxtilə Ağdamın, Şuşanın, Laçının, bir sözlə, Qarabağın işğalına şərait yaratmış siyasi avantüristlərdir. İndi bu qüvvələr sabitliyi pozmaq üçün önə şəhid dərdi görmüş valideynləri vermək istəyirlər: "Müxalifət "liderlərinin" orda olmaması da təbiidir. Çunki onların hesablamalarına görə, o tədbirdə molotovlar atılmalıydı. Yazıq səhid anaları, bir də heç nədən xəbəri olmayan aldanmış cavanlar qurban getməliydi. Müxalifət "liderləri" isə onların qanının üstündən siyasət yeritməliydilər. Ancaq onların hesabları yanlış çıxdı, dövlət bir daha hər bir vətəndaşının təhlükəsizliyini təmin etdyini isbatladı".
Birliyin rəhbəri hesab edir ki, şəhid anasını fikirləşən onu partladacağı yerə göndərməz: "Bu aksiya icazəsiz idi. Orada təxribat törədiləcəyinə dair dəlillər vardı. Ancaq dövlətin gördüyü tədbirlər sayəsində böyük bir faciənin qarşısı alındı. Onu deyə bilərəm ki, bu avantürstlər yenə də siyasi tamaşa nümayiş etdirdilər. Ölkədə xaos yaratmaq istəyən üzdəniraq qüvvələr dövlətçiliyimizin imicinə zərbə vurmaq üçün istənilən vasitəyə əl atarlar. Təki onlara verilən "tapşırıqlar" yerinə yetirilsin".
Amil Cavadov ölkə gənclərini insanların faciəsindən istifadə edən qüvvələrin məkrli niyyətlərini həyata keçirməkdə onlara dəstək verməməyə səsləyir. Onun sözlərinə görə, bu gün həmin mitinqlərdə ölkədəki sabitliyi pozmağa çalışan insanların heç birinə nə Qarabağ, nə də şəhid əsgərin taleyi lazım deyil. Məqsəd Azərbaycanda mövcud vəziyyətdən sui-istifadə edib qeyri-sabitlik yaratmaq və bu situasiyadan istifadə edib siyasi xal yığmaqdır. Ancaq Azərbaycan xalqı, xüsusən də gənc nəsil bu qüvvələrə heç bir zaman inanmayacaq və onların təxribatçı əməllərinə dəstək olmayacaq.
"Molotov kokteyli"
hazırlayanlar bunu həbslərindən öncə sosial
şəbəkələrdə etiraf etmişdilər
Gənc fəal, "Azxeber.com" informasiya portalının təsisçisi Hacıbəy HEYDƏRLİ də düşünür ki, 10 mart mitinqi məlum qüvvələrin məkrli niyyətlərini bir daha ortaya çıxardı. Antiazərbaycançı şəbəkəyə xidmət edən qüvvələr əsgər ölümündən sadəcə bir bəhanə kimi istifadə etməyə cəhd göstərdilər. Aksiya təşkilatçıları cəmiyyətin həssas yeri olan ordudan istifadə edərək öz çirkin niyyətlərini, ölkədə iğtişaş yaratmaq istəklərini ortaya qoydular: "Sosial şəbəkələrdə insanları dinc aksiyaya dəvət edən, əslində isə aksiyaya "Molotov kokteyli" ilə çıxmağı planlaşdıran şəxslər sübut etdilər ki, onlar üçün ən ümdə vəzifə Azərbaycanın maraqlarını qurban vermək, ölkəmizdə vətəndaş müharibəsi, qardaş qırğını yaratmaqdır".
Hacıbəy Heydərlinin sözlərinə görə, aksiyada "Molotov kokteyl"lərindən istifadə etməyi planlaşdıran "Nida" Vətəndaş Hərəkatının 3 üzvü sosial şəbəkələrdə də insanları iğtişaşlara, təxribata çağıran bəyanatlar yayıblar: "Əsgərlərimizin ölümünə etiraz edərkən, başqa vətəndaşımızı bədbəxt etməyi düşünən bu gənclərin həbsi haqda çox danışmağa dəyməz. Onsuz da bu gənclər öz dillərindən hər şeyi etiraf ediblər. Həmin 3 gəncin bu günə qədər "facebook"da gedən "təbliğat"da da "misilsiz" rolları olub. Bu həm də o deməkdir ki, müxalif düşərgəsində olan adamlar söz azadlığıyla özbaşınalığı, demokratiya ilə avtoritarizmi səhv salırlar və düşünürlər ki, ölkədə istədiklərini edə bilərlər. Özlərinin də dediyi kimi, "facebook"da yaratdıqları "ajiotajı" "xaos"a çevirərək ölkədə vətəndaş müharibəsi planlaşdırırmışlar. Aksiya təşkilatçıları polislərə, dinc əhaliyə xəsarət yetirib bunu Azərbaycan hakimiyyətinin adına yazmağı düşünürmüşlər".
Hacıbəy Heydərli qeyd edib ki, əhalini aksiyaya çağıran insanların çoxu xaricdə yaşayanlardır: "Praqada oturub gəncləri Bakının mərkəzində qanunsuzluğa səsləyən Emin Milli və onun xarici havadarları üçün əsgər ölümü sadəcə bir bəhanə, bir vasitədir. Əsgərlikdə olmayan, bu gün Praqada kef edən Emin Milliyə siyasi kamikadze adını versək yanılmarıq. Normal düşüncə qabliyyəti, məntiqi olan adam əsgərlikdən yayınan bu şəxsin çağırışını dinləyib Fəvvarələr meydanına gəlməz".
Hacıbəy
Heydərli vurğulayıb ki, sağlam düşüncəli
gənclər heç bir zaman bu qüvvələrin
arxasınca getməyəcək: "Çox maraqlıdır
ki, bu aksiyaya cəhd edənlər və onun təşkilatçıları
müxalifət partiyaları rəhbərlərinin yaxın ətrafıdır,
hər zaman müxalifətin aksiyalarına çıxıb,
ölkədə iğtişaş yaratmaq istəyən gənclərdir.
Bir daha qeyd edirəm ki, Azərbaycan gənclərinin mütləq
əksəriyyəti "Molotov kokteyli" hazırlayan,
narkotikdən istifadə edən, insanları
iğtişaşa çağıran dağıdıcı
qüvvələrə güvənmir
və güvənməyəcək. Bunu həmin şəxslərin
özləri də çox gözəl bilir və bu səbəbdən
radikal üsullara əl atırlar. Bu gün Azərbaycan gəncliyi
Prezident İlham Əliyevin yanındadır".
Rəşad BAXŞƏLİYEV
Azərbaycan.-2013.- 12 mart.- S.7.