Avantüristlər gəncləri indi də «Molotov kokteyli» ilə silahlandırırlar
İfrat radikal
müxalifətin ictimai-siyasi sabitliyi pozmaq cəhdinin qarşısı bu dəfə də
alındı
Azərbaycan gənclərinin
sağlam ruhda böyüməsi və ölkəyə layiqli
vətəndaş kimi yetişmələri üçün
ölkə rəhbərliyi tərəfindən ardıcıl
və sistemli tədbirlər həyata keçirilir. Prezident
İlham Əliyevin ölkədə aparılan kadr
islahatları zamanı gənclərə göstərdiyi
etimad bu baxımdan diqqəti cəlb edir.
Bu
gün ölkəmizdə gənclər siyasəti dövlət
siyasətinin mühüm tərkib hissəsinə
çevrilib. Azərbaycan gəncliyi ictimai həyatın
bütün sahələrində aktiv fəaliyyəti ilə
seçilir, siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin
gerçəkləşməsində mühüm rol
oynayırlar. Dövlətin gənclərin fəaliyyəti
üçün yaratdığı geniş imkanlar sayəsində
bu təbəqə cəmiyyətin avanqard qüvvəsinə
çevrilib. Ölkə başçısı bununla
bağlı bildirmişdi: "Bugünkü gənclər bir
neçə ildən sonra Azərbaycanın bütün idarəetmə
sistemində əsas rol oynayacaqlar. Ona görə gəncləri
inamla qabağa çəkmək lazımdır, məsul vəzifələrə
təyin etmək lazımdır ki, onlar işləsinlər,
gözəl təcrübə əldə etsinlər və beləliklə,
gələcək fəaliyyət üçün hazır
olsunlar".
Yüksək
intellekti və bacarığı ilə seçilən gənclərin
dövlət idarəetmə işlərinə cəlb
olunması deyilənləri bir daha təsdiqləyir. Azərbaycanda
gənclərin hərtərəfli inkişafı istiqamətində
genişmiqyaslı işlər aparılır. Bu baxımdan
ölkə Prezidentinin sərəncamı ilə təsdiq
olunmuş "2007-2015-ci illərdə Azərbaycan gənclərinin
xarici ölkələrdə təhsili üzrə Dövlət
Proqramı"nın böyük əhəmiyyəti var.
Ötən müddətdə cəmiyyətin bu əhəmiyyətli
təbəqəsinin hərtərəfli inkişafı istiqamətində
mühüm addımlar atılmışdır. Gənclərimizin
intellektual səviyyəsinin yüksəldilməsi
üçün bütün imkanlar
yaradılmışdır.
Təəssüflər
olsun ki, ifrat radikal müxalifətin liderləri bir qrup gənci təsir altına
salaraq onların ölkəyə layiqli vətəndaş kimi
yetişməsinə, düzgün istiqamətdə
inkişafına ciddi əngəl törədirlər.
Onları destruktiv hərəkətlər törətməyə
sövq edirlər. Sosial dayaqlarını və ictimai-siyasi
proseslərə təsir imkanlarını tamamilə
itirmiş radikal müxalifət təmsilçiləri
seçkiqabağı ölkədə vəziyyəti
süni şəkildə gərginləşdirməyə,
bundan öz çirkin məqsədləri üçün
istifadə etməyə çalışırlar. Radikal
müxalifətin hakimiyyətin nüfuzu qarşısında
acizliyi, gücsüzlüyü və sivil rəqabət
imkanına malik olmadığı bununla bir daha təsdiq
olunur. "Nida" Vətəndaş Hərəkatının
üç üzvünün cinayət əməlləri
törətməkdə şübhəli şəxs qismində
həbs edilmələri də həmin gənclərin
destruktiv dairələrin təsiri altında olduğunu
sübuta yetirdi.
Milli
Təhlükəsizlik Nazirliyinin və Baş Prokurorluğun
birgə bəyanatında qeyd olunur ki, son dövrlər
radikalyönümlü bəzi destruktiv qüvvələr tərəfindən
ölkədə bərqərar olmuş ictimai-siyasi sabitliyin
pozulmasına yönəlmiş qanunazidd cəhdlər göstərilir.
İlkin istintaqla müəyyən edilib ki, Bəxtiyar Quliyev,
Şahin Novruzlu və Məmməd Əzizov 2012-ci ilin
ortalarından etibarən internet vasitəsilə "Nida"
Vətəndaş Hərəkatının üzvləri və
narkotika aludəçiləri olmaqla təşkilatın bir
sıra qanunsuz tədbirlərində fəal iştirak
etmişlər. Bu şəxslərin yaşadıqları mənzillərdən "Molotov kokteyli" adlanan tez
alışan maye aşkarlanıb.
Məlum
olub ki, 2013-cü il yanvarın 26-da keçirilmiş qanunsuz
aksiyanın iştirakçısı M.Əzizov sosial şəbəkələrdəki
yazışmalarında dinc aksiyaların fayda vermədiyini,
insanlar arasında vahimə yaratmaq effekti verən "Molotov
kokteyli"ndən istifadə edilməsinin lazım olduğunu
bildirib. Aksiyanın digər iştirakçısı B.Quliyev
"facebook" sosial şəbəkəsində
Ş.Novruzlu ilə yazışmaları zamanı növbəti
aksiyaların daha səmərəli keçməsi və əhalinin
aqressiv addımlar atması üçün "Molotov
kokteyli"ndən, səs və tüstü
şaşkalarından istifadə edilməsinin zəruri
olduğunu müzakirə etmiş və sonuncu artıq on ədəd
"Molotov kokteyli" hazırlamışdır. Ş.Novruzlu
2013-cü il fevralın 23-də "facebook"da öz
profilində "Molotov kokteyli", səs və tüstü
şaşkalarının kustar üsulla
hazırlanmasını öyrədən videomateriallar yerləşdirmişdir.
Martın 10-da paytaxtın Fəvvarələr meydanında
keçirilən qeyri-qanuni mitinq zamanı "Molotov
kokteyli"ndən istifadənin yolları da göstərilmişdir.
Bu şəxslərin qeyri-qanuni əməllərinin
qarşısı vaxtında alınmışdır.
Martın
10-da Fəvvarələr meydanında cəmiyyətə
açıq hörmətsizlik ifadə edən aqressiv və qərəzli
hərəkətlər dinc sakinlərin ciddi narahatlığına
və narazılığına səbəb olmuşdur. Asayişi
mühafizə qüvvələrinin gördüyü qətiyyətli
tədbirlər nəticəsində ictimai qaydanı pozan hərəkətlərin
genişlənməsinin qarşısı
alınmışdır. Radikal düşərgə təmsilçilərinin
seçki öncəsi müxtəlif
yollarla ictimai-siyasi sabitliyi pozmağa yönələn
qanunazidd əməlləri bu şəxslərin
simasızlığını bir daha ortaya
çıxarır. Aqressiv müxalifət partiyaları rəhbərlərinin
öz çirkin siyasi oyunlarında bəzi gəncləri də
alət etmələri yalnız ikrah hissi doğurur.
Elnur HACALIYEV
Azərbaycan.-2013.- 12 mart.- S.7.