Şeirlərindən boylanan şair
Cabir Novruz-80
Ləyaqətli bir ömrün sahibi, yaradıcılığı ilə ədəbiyyatımızın yeni səhifələrini yazmış xalq şairi Cabir Novruzun bu mart 80 yaşı tamam olur. Təəssüf ki, biz bu yubileyə onsuz gəldik. Unudulmaz şairimizin məşhur bir misrası var: "Sağlığında qiymət verin insanlara". Bir qürur duyur, təskinlik tapırıq ki, Cabir Novruz məhz öz sağlığında istər oxucuları, istərsə də dövlətimiz tərəfindən layiqli qiymətini alıb, həmişə qədirli və qiymətli olub. Xalq şairi kimi yüksək fəxri ada layiq görülmüş görkəmli söz sərrafımız Cabir Novruz ümummilli lider Heydər Əliyev tərəfindən Prezidentin fəxri təqaüdünə də layiq görülmüşdü. Yadımdadır ki, bu yüksək təltif münasibətilə onu təbrik edəndə ürəkdən gələn səmimi bir cümlə işlətdi: "Mənim belə bir şeirim var: "Özünü qoru, xalqım". İndi isə üzümü millətimə tutaraq deyirəm ki, özünü qorumaq üçün birinci növbədə Prezidentini qoru". Müdrik və mənalı fikirdir.
Xalq yazıçısı Anar şairin "İnsanı tanımaq olmur" adlı kitabına yazdığı ön sözdə sənət dostu haqqında maraqlı fikirlər qələmə alıb: "Cabir Novruzu 40 ildən artıq bir müddətdə tanıyır, ictimai və ədəbi davranışını, rəftarını izləyir, müşahidə edirəm. Bu qırx ildə sakit, təlatümsüz vaxtlarda da, sürətlə dəyişən, püskürən, çalxalanan dövrlərdə də Cabirin həm şair, həm də insan kimi bütün sınaqlardan dəyanətlə, həmişə abrını, vüqarını saxlayaraq çıxdığının şahidiyəm".
Tale elə gətirib ki, xalq şairinin yaradıcılığı ilə bağlı bir neçə dəfə yazmalı olmuşam. Hər dəfə də Cabir Novruzun diqqətinə, ürəyinin genişliyinə heyrət etmişəm. Təşəkkür dolu zənglərindəki həssaslığına valeh olmuşam.
Bütün mövzularda uğurlu şeirlərin müəllifi olan Cabir Novruz hər şeydən öncə vətəndaş şair idi. Onun nəzərində bütöv Azərbaycan var idi. Parça-parça edilən, didilən torpaqlarımızın harayı şairi təpədən-dırnağa göynədirdi. Onun poeziyasında bu dərdi doğuran səbəblər dəqiq açılırdı:
Özümüz
quzğunlara eylədik ov bu yurdu,
Etdik öz nəfsimizə qurban, girov bu
yurdu,
Allah bölə bilməzdi belə bütöv bir yurdu,
Onu öz soyumuzdan bölənlər olmasaydı...
Ömrün belə ağır
vaxtlarını içindən
keçirən şair
yollarımıza çökmüş
boranın, şaxtanın
yaxasından yapışaraq
bu gün də bizi düşündürən
poetik ittihamlar qaldırırdı: "Qapımızda
yad toxumları olmasaydı, bəlkə də ərzin ən zəngin, xoşbəxt xalqı olardıq". Şairin ən böyük
arzusu xalqdan danışanların xalqa
layiq olmağında idi. Cabir Novruza ağır
gəlirdi ki, dinsiz-imansızlar dindən,
qorxaqlar Koroğludan, böhtan quraşdıranlar
düzlükdən söz
açırdılar. Bunun da nəticəsində
yaranan zərbələr
hərlənib, fırlanıb
Vətənə dəyirdi:
Zaman-zaman
bu yurdu neçə yerə böldülər,
Mahallara
böldülər, bölgələrə
böldülər,
Balaca bir ölkəni ölkələrə böldülər,
İndi
bu tayı satır o taydan danışanlar,
Bizi az sayda
qoydu çox saydan danışanlar.
1993-cü ildə ömrünün
60 yaşına ünvanlandığı
bir rekviyemdə Vətənin ağır günlərini gördüyünə
görə pəjmürdə
dolu misralar işlədib. "Kaş
bu yaşa girməyəydim" söyləyən
Cabir Novruz Qanlı Yanvar vəhşətinə, Xocalı
dəhşətinə, Qarabağın
qara günlərinə
içdən gələn
bir ah çəkib.
Bu şeirin hər
misrasından Vətən
dərdi duyulur. Xüsusilə də sinəsinə dağ çəkmiş Şuşadan
danışanda şairin
necə dolub-boşaldığı,
göynədiyi misra-misra
ürəyimizə köz
kimi sıxılır:
Şuşa eşqi, Şuşa dərdi,
Bütün dərdlərdən betərdi,
Bütün dərdlərdən əvvəldi,
Bütün dərdlərdən öndərdi...
Şuşa dərdi ağır
dərddi,
yaman dərddi.
Heç
dərdə sığmayan
dərddən...
O Qalasız yaşamağa
haqqım yoxdur,
O Qalasız özüm heçəm,
xalqım yoxdur.
Vətən Cabir Novruzun nəzərində Tanrının
özü demək idi. Vətən onun üçün
aldığı hava,
içdiyi su, qoynuna sığındığı
ana kimi dəyərləndirilirdi. Bu səbəbdən də şairin əksər şeirlərində Vətənin
mübarək adına bağışlanan
poetik deyimlər var:
Gözümün ağı-qarası,
Müşküllərimin çarəsi.
Ən dəqiq nizam-tərəzi,
Meyar mənim
üçün Vətəndir.
Şəxsi istəkləri, kreslo naminə Vətənini aldadan, onun torpaqlarını
bada verən namərdlər haqqında
şairin şeirlərində
kəskin münasibət
var. O bu xəyanətləri
heç cür bağışlaya bilmir. Bu səbəbdən də ölümü deyil, belə şərəfsiz
yaşamağı qorxulu
sayan şair alınmaz Qala Şuşanın, Qarabağın
məhz məsləksizlərin
qurbanı olduğunu qələmə alıb.
Həmişə ülvi arzularla,
müqəddəs hisslərlə
yaşayan Cabir Novruz üzünü Allaha tutaraq göylərdən kömək
diləyir: "Təmiz
ölmək istəyirəm".
İstər həyatı, istərsə
də yaradıcılığı
ilə şair təsdiqlədi ki, o, saf əqidəli, Vətən sevgili, vətəndaş mövqeli,
əsl insan kimi yaşadı və qəlbindən su içən misraları da poeziyamızın solmayan nümunələrinə çevrildi.
Ruhunu, təbiətini
şeirlərinə köçürməyi
bacaran şairimiz uzaqgörənliklə yazırdı:
"Məni şeirlərimdə
taparsınız".
Vətəndən sonra Cabir Novruzun
yaradıcılığında geniş yer verdiyi müqəddəs mövzulardan biri də ana haqqında
olan nəğmələrdir. Gəncliyindən ömrünün sonuna kimi anasının ünvanına yönəltdiyi
bütün şeirləri
bütövlükdə Azərbaycan
qadını haqqında
deyilmiş ən səmimi və mənalı əsərlərdir.
Bu şeirlərin sayı çoxdur. Onların hər birində ana məhəbbəti qarşısında övlad
ürəyinin müxtəlif
ovqatlarda çırpıntısı,
döyüntüsü eşidilir.
Allah ucalığında və
qüdrətində gördüyü
Cabir Novruz yaradıcılığında ana elə bir
möhtəşəm yer
tutur ki, heç kəsə oxşamayan bu xilqətin qarşısında
dönə-dönə baş
əymək istəyirsən:
Anadan bu bəşər doğmayıb hələ,
Sənə tay tutulmaz heç kəs, ay Ana...
Mənə qəhmər dura
bir Allah belə,
Allah da yerini verməz,
ay Ana...
Cabir Novruz düşünən və
düşündürməyi bacaran şair idi. Onun şeirləri
ruha, idraka qida vermək üçün oxunurdu:
Hələ varlı olmaq zənginlik deyil.
Fərhadlıq deyil ki, dağ
yarmaq hələ.
Hər ağırlıq özü
hələ yük deyil,
Yaşamaq deyil ki, sağ
olmaq hələ.
Həyatı bütün rəngləriylə
poeziyada əks etdirən Cabir ona görə də çox sevilirdi, şeirləri dillər əzbəri idi. Şeirlərinin birində deyirdi
ki, zaman bizi ələyəcək,
zaman kimi ələk olmaz. Həqiqətən də bu, hər kəsin qismətinə çıxmış
səadət deyil ki, zamanın ələyində qala bilsin. Nə xoş ki Cabir Novruz adını
Azərbaycan ədəbiyyatına,
poeziyasına əbədi
həkk etdirə bildi.
Onu yaxından tanıyanlar
bilirlər ki, nə şairin öz təbiətində
iddia var idi, nə də
şeirlərində bu
hal duyulurdu. Mətləb,
fikir aydınlığı
Cabir Novruz yaradıcılığının mayası idi. O, həyatı elə real boyalarla, poetik düşüncələrlə şeirlərində təsvir
edirdi ki, sanki sözlə bədii tablo yaradırdı. Müəllifin 1998-ci ildə yazdığı
"Düz yaşadın,
Cabir Novruz" adlı bir şeiri
çox mətləblərdən
xəbər verir.
Şair sanki həmişə özünə, övladlarına,
həm də oxucularına bir poetik hesabat verirmiş. Sözün gücünə söykənərək ömrünə
ayna tutan Cabir Novruz bu
şeirlə öz şərəfli tərcümeyi-halına
bir nida qoyub. Başqa bir şeirində isə bizə xatırladıb:
Bir vaxt bu dünyada
mən olmayanda,
Məni taparsınız şeirlərimdə.
Nə yaxşı
ki belədir. Əbədi ayrılığın
rüzgarları, onsuz
keçən illərin
soyuqluğu bu böyük şairin qəlblərimizdə ucaltdığı
abidəsinə yaxın
düşə bilməyib.
Ədəbiyyatımızda və yaddaşımızda
daim yaşayan Cabir Novruz həmişə
şerlərindən boylanacaq!
Flora XƏLİLZADƏ
Azərbaycan.-2013.- 12 mart.- S.10.