Əvvəlcə seli,
indi də yeli gözəl...
Üzü
novruza sarı
Novruzun
adı çəkilən kimi ilk yada düşənlərdən
biri məhz ulu Şəhriyar olur. "Heydərbabaya salam"
mənzuməsində bu gözəl bayramın bütün
detalları aydın və təsirli şəkildə öz əksini
tapıb:
Bayram
yeli çardaxları yıxanda,
Novruzgülü,
qarçiçəyi çıxanda,
Ağ
buludlar köynəklərin sıxanda,
Bizdən
də bir yad eləyən sağ olsun!..
Ehtiram
və səbirsizliklə gözlədiyimiz Novruz
bayramının ürəyimizdə sevgisi o qədər dərindir
ki, onun adət-ənənəsinə, mərasimlərinə
sözsüz əməl etməyi özümüzə borc
bilirik. Novruzun gəlişini ta bineyi-qədimdən xüsusi
hazırlıqla gözləmişik. Bu bayrama qədər hər
həftə bir çərşənbəni təmtəraqla
qarşılayıb məhəbbətlə yola
salmışıq. Hər bir çərşənbənin də
öz adı, öz mənası, öz yozumu var. Filologiya elmləri
doktoru, folklorşünas-alim Məhərrəm Qasımov
söyləyir ki, Novruza qədər, əslində, yeddi
çərşənbə var. El arasında onun
üçü "Oğru çərşənbə"lər,
dördü isə "Doğru çərşənbə"lər
adlanır. "Oğru çərşənbə"lər
Kiçik Çilləyə düşür. İnama görə,
bu çərşənbələrdə yazın nəfəsi
Yer üzünə - suya, torpağa, ağaclara oğrunca
toxunub geri qayıdır. Oğru çərşənbələrdən
sonra başlayan əsas çərşənbələr
"Doğru çərşənbə"lər adı ilə
tanınır və onun hər birini elimiz bayram ovqatı ilə
qeyd edir.
Novruzun
gözəl çərşənbələrindən
üçüncüsü martın 12-də yurdumuza qədəm
qoyur. Xalq arasında ona Yel çərşənbəsi deyirlər.
Bəzi bölgələrdə isə onu "Yelli çərşənbə",
"Küləkli çərşənbə", "Hava
çərşənbəsi", "Külək oyadan
çərşənbə" adlandırırlar. Qədim
etiqadlara görə, bu çərşənbə axşamında
oyanan külək ərzi dolaşaraq suyu, odu hərəkətə
gətirir. Yel çərşənbəsində əsən
mehin də, küləyin də daxilində bir hərarət
olur. Gün ərzində havanın bir neçə dəfə
dəyişməsi küləyin tənzimlənməsi kimi
başa düşülür.
Folklor
nümunələrində, xüsusilə də dastanlarımızda,
eləcə də əski etiqadlarda Yer üzündə
küləyin iki rəngi göstərilib: qara və ağ. Hətta
deyimlərdə belə bir ifadə var ki, hansı
qarğışdan, xoşa gəlməyən sözdən
narazılıq yaransa, nənələr tez deyərdi:
"Ağzından qara yellər aparsın". Yaxud da elə,
obaya, ailəyə, təzə bəylə gəlinə
xeyir-dua verəndə söyləyərdilər:
"Üstünüzə ağ yellər əssin". Xəzərətrafı,
xüsusilə də Abşeron bölgəsində küləyin
başqa adı var: Xəzri və Gilavar. Əski inamlara
görə, qara külək siyah, ağ külək bəyaz,
xəzri göy, Gilavar isə qırmızı libasda təsvir
edilir. Bu rənglərin də mifik mənaları var. Deyilənə
görə, çərşənbə bayramında yurdumuzda
dolaşan külək məhz bu dördlüyün rəngindən
özünə pay alır və qısa müddətdə ərzi
dolaşır. Ona görə də hava təbdən-təbə,
rəngdən-rəngə düşür.
Xalq
inamına görə, Tanrı tərəfindən idarə
edilən külək özü də insanların himayədarına
çevrilib. Hətta bu barədə müxtəlif dini ədəbiyyatlarda
müəyyən məlumatlar var. Qurani-Kərimdə küləyin
Allah tərəfindən göndərildiyi və onun mərhəmətli,
qəzəbli xüsusiyyətlərə malik olduğu qeyd
edilir.
İlaxır
çərşənbələrinin məhz
üçüncüsünün küləklə
bağlanması qədim zamanlardan mövcuddur. Şifahi xalq
yaradıcılığında yelin müqəddəsliyi,
ucalığı, qüdrəti ilə bağlı müxtəlif
nəğmə, mif, əfsanə, inanc, atalar sözləri,
bayatılar, tapmacalar var.
Məlumdur
ki, insanın oda, suya, küləyə, torpağa ehtiyacı
yalnız Novruz günlərində deyil. Lakin Novruz şənliklərində
bu ünsürlərin adı ilə bağlı İlaxır
çərşənbələrinin xüsusi təntənə
ilə qeyd edilməsi etiqadla bağlıdır. Məsələn,
"Yel qayadan nə aparar?", "Yelnən gələn,
selnən gedər", "Yel apardığını
qaytarmaz", "Yelin işini bilmək olmaz", "Külək
kimi hərdən bir yana əsmə" ifadələri illərin
sınağından çıxmışdır. Bayatı və
ağılarda da küləklə bağlı yaddaqalan, dillər
əzbəri olan, hətta mahnıya, nəğməyə
çevrilən folklor nümunələri çoxdur:
Yel əssin
yelə dəysin,
Meh əssin
telə dəysin.
Tək
əldən nə səs çıxar,
Əl
gərək ələ dəysin.
* * *
Qara
yel əsdi keçdi
Səbrimi
kəsdi keçdi.
Vətəndən
gələn durna
Yaman
tələsdi keçdi.
* * *
Yel əsər,
toz qoparar,
Ağacdan
qoz qoparar.
Yellə
gələn bəlanı
Yel
özü də aparar.
Bilməcələrdə
də xalqın təfəkkürü, idrak, düşüncə
tərzi özünü büruzə verir. Ümumiyyətlə,
tapmacalara adi uydurma oyun kimi baxmaq düz deyil. Hər bir tapmacada
dövrün ovqatı, təfəkkür tərzi var, eləcə
də öyrətmək, öyrənmək meyili
güclüdür: "Dağdan gəlir hozu kimi, dəyirmanın
tozu kimi" (Külək).
Üç qardaşım var,
Biri sulayır,
Biri üfürür,
Biri bitirir
(Yağış, Külək,
Günəş).
Yellə bağlı inanclarda müqəddəslik duyulur. Hiss olunur
ki, xalq hələ qədim dövrlərdən küləyə
Allahın qüdrəti
kimi baxmış, ona mehr
və məhəbbət
göstərmişdir: "Yeli əsdirəni söyməzlər", "Yelin
adına nəzir deyərlər", "Yelə
qarğış etməzlər".
Yel çərşənbəsi axşamı
ağac altında durub niyyət edərlər və Yel babanı köməyə çağırarlar.
Əgər həmin anda meh hiss etsən
və ağacın budaqları torpağa toxunsa, deməli, arzun yerinə yetib, Tanrı diləyini eşidib. Qədim zamanlarda xırmanın mövcud olduğu vaxtlarda Yellə bağlı yaranmış
ən çox inanclar taxılla, çörəklə, xırmanla
bağlı idi.
Küləklə əlaqədar müxtəlif
miflər və mərasimlər də mövcuddur. Deyilənə görə, Novruz
bayramının obrazlarından
biri olan Fatı qarı yeddirəngli ip əyirib hərəsini bir bağlamaya yığaraq dizinin altına qoyubmuş.
Birdən necə olursa
axırıncı bağlama
qarının dizinin altından çıxıb
kənara düşür.
Qəzəblənən Fatı
qarı Yelə qarğış edir:
"Azarım-bezarım dəymiş
Yel baba, hardan gəlib çıxdı axı?"
Bu deyinmədən sonra qarının o biri bağlamaları da dizinin altından
çıxaraq diyirlənməyə
başlayıb. Fatı qarı
buna dözməyərək
qarğışı qarğışa
calayıb və onun gileyləri, söyüşləri öz
başına bəla gətirib. Yel baba qarının
iplərini qanadına
alaraq üfüqlərə
qədər aparıb.
Deyilənə görə, o vaxtdan
Fatı qarının
ipləri yeddirəngli
qurşağa dönərək
göydə parıldayır.
Qarı da nə qədər
edirsə, nə Yel babanı vura bilir, nə
də iplərini tutur. Odur ki, gur yağışdan sonra üfüqdə görünən
yeddirəngli qurşağa
el arasında "Fatı
qarının hanası"
deyirlər. Sonralar Fatı
qarı üzünü
göyə tutaraq nə qədər nəğmə oxusa da, Yel babaya
yalvarsa da, səsi eşidilmir. Həmin nəğmələrdən:
Yel babam,
Yel babam,
Telli babam,
Tel babam,
Gül babam.
Dərdimi gəl bil, babam,
Gəl babam, ay
gəl, babam.
Əlbəttə, sonrakı peşmançılığın
heç bir faydası olmadı. Qarı nənə
gərək əvvəldən
Yelə qarğış
etməyəydi, ona turş sifət göstərməyəydi.
Beləcə, Boz ayın müqəddəs
çərşənbələrindən
sayılan və təbiətin ünsürləri
ilə bağlı olan Sudan içdik, Oddan keçdik, Küləyin həzin mehinə bələndik. Qarşıdan isə müqəddəs Torpaq çərşənbəsi
gəlir. İllərlə
əl-ələ verərək
bu əziz günlərin şərəfinə
həvəslə oxumuşuq:
Zəmzəm gəldi,
Atəş gəldi,
Yel gəldi,
Təzə ömür,
Təzə məhsul,
İl gəldi.
Yel çərşənbəsinin
süfrəsi də xoş ovqat yaratmalıdır. Həmişəki kimi, quru meyvələr, çərəz
də öz yerində. Onların yanına piyalədə
su və süd qoymaq yaddan çıxmamalıdır.
Xanımlar yenə də
plov hazırlamalı olacaqlar. Yaxşı olar ki, bu axşam süfrəyə
ya fisincanplov, ya da cücəplov
verilsin. Cənub bölgəsində
süfrəyə adətən
plovla birgə balıq ləvəngisi də qoyurlar.
İlaxır çərşənbələrin sonuncusuna cəmi bir həftə qaldı. Ondan sonra yurdumuzda
Novruz təntənəsi
başlayacaq. Bayramınız
mübarək, əziz
oxucular! Axar suyunuz qurumasın,
odunuz sönməsin, əsən küləklər
sizə xeyir-bərəkət
gətirsin. Neynim, necə
eləyim deməyəsiniz.
Tər aparıb zər bağışlayan torpaq həmişə üzünüzə
gülsün. Bu təntənəyə,
bu bayram günlərinin sevincinə
həsrət qalan torpaqlarımızda - işğal
altında inildəyən
ərazilərimizdə də
Novruz tonqallarının
alışacağı gün
bizləri sevindirsin!
Novruzun möcüzəsi
çoxdur. Bu müqəddəs
bayram həm də ulu Tanrının
xalqımıza əbədi
töhfəsidir. Elə
buna görə də inanırıq ki, işğalda qalmış qədim yurd yerlərimiz öz doğmalarına və bir də
Novruz tonqallarına mütləq qovuşacaq!
Flora XƏLİLZADƏ
Azərbaycan.-2013.- 12 mart.- S.10.