«Muğam aləmi» Üçüncü Beynəlxalq Muğam Festivalı çərçivəsində Ağcabədidə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin konserti olmuşdur

 

Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Bəstəkarlar İttifaqının birgə təşkilatçılığı ilə ölkəmizdə keçirilən "Muğam aləmi" Üçüncü Beynəlxalq Muğam Festivalı çərçivəsində Ağcabədidə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin "Zərb muğamlar və təsniflər" adlı konserti olmuşdur.

Qarabağ Muğam Mərkəzində keçirilən konsertdə mədəniyyət və ictimaiyyət xadimləri, muğamsevərlər iştirak etmişlər.

Konsertin açılış mərasimində Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzinin baş metodisti Səid Hacıyev və Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının müavini Əbülfət Tapdıqov çıxış edərək ölkəmizdə milli-mənəvi dəyərlərimizin qorunması və təbliği istiqamətində həyata keçirilən tədbirlərdən, xüsusilə Azərbaycan muğamlarının inkişafında Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın müstəsna xidmətlərindən danışmışlar.

Qeyd olunmuşdur ki, festival çərçivəsində martın 9-dan 19-dək həm Bakıda, həm də ölkəmizin bir çox bölgələrində Azərbaycanın və xarici musiqiçilərin iştirakı ilə konsertlərin keçirilməsi, beynəlxalq muğam müsabiqəsinin, beynəlxalq elmi simpoziumun və ustad dərslərinin təşkili nəzərdə tutulmuşdur.  Orkestrin bədii rəhbəri, xalq artisti Ağaverdi Paşayevin dirijorluğu ilə keçirilən konsertdə xalq artisti Simarə İmanova, xanəndələr Səbuhi İbayev, Nəzər Bəylərov və Sevinc Abbasovanın ifa etdikləri muğam, təsnif və xalq mahnıları, "Leyli və Məcnun" operasından parça dinləyicilər tərəfindən sürəkli alqışlarla qarşılanmışdır.

Konsert "Qarabağ şikəstəsi"nin ifası ilə başa çatmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.-2013.- 12 mart.- S.10.