İş adamları ilə görüş

 

Azərbaycan Prezidenti İlham Əliyevin Xorvatiyaya rəsmi səfəri

 

 Xəbər verdiyimiz kimi, martın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Xorvatiya  Respublikasının Prezidenti İvo Yosipoviç iş adamları ilə görüşmüşlər.

Xorvatiya İqtisadiyyat Palatasının prezidenti Nadan VİDESEVİÇ görüşü açaraq dedi:

-Zati-aliləri, Prezident Yosipoviç, Prezident Əliyev, cənab nazirlər, Azərbaycan nümayəndə heyətinin üzvləri, biznes dairələrinin nümayəndələri və onların xorvatiyalı həmkarları.

Əvvəlcə, indiyədək həyata keçirilən və gələcək üçün planlaşdırılan ikitərəfli əməkdaşlığa göstərdikləri dəstəyə görə cənab prezidentlərə təşəkkür etmək istərdim. Hazırda burada Xorvatiyanın 19 şirkəti təmsil olunur. Bu şirkətlər müxtəlif sahələr üzrə yüksək səviyyəli xidmətlər, məhsullar təklif etmək iqtidarındadır. Vaxtınızı çox almayacağam, lakin bir xahişim olacaqdır. Burada Xorvatiyanın 19 şirkəti təmsil olunur, amma Xorvatiya tərəfinin Azərbaycan ilə əməkdaşlıq niyyəti daha böyükdür. Bizim adamlarından ibarət nümayəndə heyətimizə bu ilin sonundaya gələn ilin əvvəlində Azərbaycana səfər etməyə icazə versəniz, sizə minnətdar olarıq. Çünki burada iştirak etməyən bir çox şirkətlər ölkənizə səfər etməyə və müxtəlif sahələrdə öz imkanlarını təqdim etməyə hazırdırlar.

Biz Prezident Yosipoviçin Bakıya səfərindən sizin buraya səfərinizə qədər keçən bir il ərzində bir çox irəliləyişə nail olmuşuq. Bunu davam etdirmək lazımdır. Vaxtınızı  çox almaq istəmirəm. İcazənizlə, Prezident Yosipoviç, Sizdən xahiş edirəm ki, Prezident İlham Əliyevə söz verəsiniz  sonra həmkarlarımdan qısa olaraq özlərini təqdim etməyi  və gördükləri işlər barədə danışmağı xahiş edəcəyəm. Çox təşəkkür edirəm.    

Xorvatiya Prezidenti İvo YOSİPOVİÇ təşəkkür edərək dedi:

- Cənab Prezident Əliyev!

Xanımlar və cənablar!

Qısa danışmağa çalışacağam, çünki əsasən vaxt  sizin üçün ayrılmışdır. Vurğulamaq istərdim ki, Xorvatiya ilə Azərbaycan arasında yaxşı siyasi münasibətlər mövcuddur. İqtisadi əməkdaşlıq da əsas şərtdir. Düşünürəm ki, qarşıda daha  vacib və əlverişli imkanlar vardır.

Cənab Əliyev, mən bu gün apardığımız danışıqlardan və Sizin səfəriniz zamanı Xorvatiya adamları ilə belə bir görüşün təşkilindən çox məmnunam. Bu görüş təkcə maraqları  ifadə etmir, həm də əməkdaşlığımızı daha da konkretləşdirmək üçün yeni imkandır.

Xorvatiyanın Azərbaycanda daimi diplomatik nümayəndəliyinin yaradılması xüsusi əhəmiyyət kəsb edir. İnanıram ki, bu, bizim əməkdaşlığımıza dəstək olacaqXorvatiya adamlarının sizin şirkətləriniz  və rəsmilərinizlə əlaqə qurmasına kömək edəcəkdir.

Beləliklə, cənab Prezident, bilirəm ki, Siz Xorvatiyanın iqtisadi imkanlarından və xorvat şirkətlərinin sizin bazarda daha fəal olmaq cəhdlərindən xəbərdarsınız. Görüşdə iştirak edən şirkət təmsilçilərindən öz ideyalarını və layihələrini çox qısa və konkret şəkildə təqdim etmələrini xahiş edirəm. Bu şirkətlər dünya bazarında xüsusi əhəmiyyətə və beynəlxalq ticarətdə böyük təcrübəyə malik olan şirkətlərdir. Beləliklə, hesab edirəm ki, onlar üçün özlərini təqdim etmək imkanı çox əhəmiyyətlidir və belə bir imkanın mövcudluğu məni məmnun edir.

İki ölkə arasında əməkdaşlığın yaxşı nümunələri vardır. Buradakı bəzi şirkətlərin, məsələn, "Prinacro", "Duro Dakovic" kimi şirkətlərin Azərbaycan bazarında xeyli təcrübəsi vardır.

Beləliklə, hörmətli cənab Prezident Əliyev, hörmətli iştirakçılar, hər birinizə xoş gün arzulayıram və ümidvaram ki,  görüşümüz məhsuldar olacaqdır. Təşəkkür edirəm, cənab Əliyev.

 

 

AzərTAc

 

Azərbaycan.-2013.- 13 mart.- S.1.