İş adamları ilə görüş

 

Azərbaycan Prezidenti İlham Əliyevin Xorvatiyaya rəsmi səfəri

 

Prezident İlham Əliyevin çıxışı

 

 - Təşəkkür edirəm, hörmətli Prezident, hörmətli İqtisadiyyat Palatasının prezidenti.

Cənab Prezident, qonaqpərvərliyinizə görə Sizə bir daha təşəkkür etmək istərdim. Bu gün səhər tezdən fəal şəkildə işləyirik. Demək istərdim ki, bu gün cənab Prezidentlə keçirdiyimiz bütün görüşlərdən məmnunam. Biz ümumi münasibətlərimiz barədə geniş müzakirələr apardıq. Ümumi fikrimiz belədir ki, siyasi münasibətlərimiz çox yaxşıdır, əladır. İqtisadi sahə də daxil olmaqla bütün sahələrdə  əməkdaşlığı genişləndirmək üçün güclü qarşılıqlı niyyət vardır. Bundan başqa, mən, həmçinin cənab Baş nazirlə və parlamentdə spikerlə danışıqlar zamanı da əsasən iqtisadi məsələlərin müzakirəsini davam etdirdik və indi də Xorvatiya iş adamları ilə görüşdəyik.

Düşünürəm ki, səfərim zamanı ikitərəfli münasibətlərimizin bütün vacib aspektlərini əhatə edə biləcəyəm. Ən vacib məsələ isə odur ki, hər iki ölkə bütün sahələrdə əməkdaşlığın gələcək inkişafı üçün lazım olan potensialı görür.

Cənab Prezidentin qeyd etdiyi kimi, bu, həqiqətən, güclü iqtisadi əməkdaşlıq üçün mühüm əhəmiyyət kəsb edir. Biznes əlaqələrini inkişaf etdirmək üçün qarşılıqlı marağı, gələcək illər üçün nəzərdə tutulan nailiyyətləri və birgə biznes fəaliyyətindəki təcrübəmizi nəzərə alsaq, hesab edirəm ki, bu görüş yeni imkanlar açacaqdır.

Azərbaycanda Xorvatiyanın daimi diplomatik nümayəndəliyinin açılması ilə yanaşı, ən vacib məsələlərdən biri də birgə iqtisadi əməkdaşlıq üzrə komissiyanın fəaliyyətə başlamasıdır. Düşünürəm ki, bu komissiya ən uyğun investisiya sahəsi və əlaqələri tapmaqda işgüzar dairələr  üçün bir bələdçi və təşkilatçı olmalıdır. Çox güman ki, komissiya biznes dairələrini bir araya gətirmək, hər iki ölkənin potensialını və investisiya imkanlarını təqdim etməsi və hər iki ölkədə həyata keçiriləcək konkret layihələr məsələsini diqqətdə saxlayacaqbununla da, biz ticarət dövriyyəsinin həcmini artıra və şaxələndirilmiş ticarət dövriyyəsinə nail ola biləcəyik. Çünki demək olar ki, hazırda mal dövriyyəsinin 100 faizini neft təşkil edir. Bu, çox yaxşıdır, lakin biz iqtisadi əməkdaşlığımızda daha yeni sahələr görmək istəyirik.

Azərbaycan birbaşa xarici investisiya imkanları baxımından cəlbedici ölkədir. Son 15 ildə  Azərbaycana 130 milyard dollardan çox investisiya qoyulubinvestisiya mühiti çox yaxşıdır. Eyni zamanda, biz ölkəmizdə podratçı təşkilat kimi fəaliyyət göstərən daha çox xorvat şirkəti görmək istərdik.

Azərbaycanda çoxlu layihələr həyata keçirilir. Tikinti, infrastruktur layihələri, nəqliyyat infrastrukturuna dair layihələrlə əlaqədar Xorvatiyadan olan şirkətlərin bizimlə tərəfdaşlığından məmnun olarıq. Əlbəttə, bu formatda ünsiyyət çox səmərəlidir. İndi Xorvatiyanın  işgüzar  dairələrinin ideyalarını və Azərbaycanda hansı  işləri görmək imkanları  barədə fikirlərini dinləyəcəyik. Ümumiyyətlə, Azərbaycanda iqtisadi vəziyyət çox sabitdir, iqtisadi artım çox sürətlidir və investisiya mühiti çox yaxşıdır. Ötən il ölkə iqtisadiyyatına 8 milyard dollar xarici investisiya və təxminən 15 milyard  dollar  yerli investisiya qoyulub. İnvestisiyalar qorunur və həm də bildiyiniz kimi, indi Azərbaycana qoyulan investisiya çoxşaxəli xarakter daşıyır. Bunlar əvvəllər olduğu kimi, yalnız enerji sektoru deyil, əsasən infrastruktur, xidmət  informasiya  texnologiyaları sahələridir.

Biz birgə biznes qurmaq üçün böyük imkanlar əldə edə bilərik. Onlardan biri nəqliyyat  infrastrukturudur. Bizim gəmiqayırma, dəmir yolu tikintisi layihələrində yaxşı təcrübəmiz vardır. Nəzərə alsaq ki, Azərbaycana informasiya  texnologiyaları sahəsinə fəal şəkildə investisiya qoyulur, bu sektor da əməkdaşlığın ümidverici sahəsi ola bilər.

Qeyd etdiyim kimi, Azərbaycanda müxtəlif tikinti layihələri həyata keçirilir və gələcəkdə reallaşacaq layihələr Xorvatiya biznes dairələrinə təqdim ediləcəkdir. Biz indiyədək bir sıra biznes forumlar keçirmişik və həmin tədbirlərdə praktik layihələr müzakirə olunmuşdur. Xorvatiyada Azərbaycan investorları üçün 50-dən artıq konkret layihə vardır və bu layihələr nəzərdən keçirilir. Əlbəttə, Azərbaycan öz imkanlarını təqdim edəcək və ölkədə həyata keçirilən layihələrin təqdimatını keçirəcəkdir.

Ümidvaram ki, burada iştirak edən şirkətlərin  təmsilçiləri Azərbaycan barədə məlumatlıdırlar. Əks halda, onlar burada olmazdılar. Amma yəqin ki, bu prosesi sürətləndirmək üçün bugünkü görüşün praktik nəticələrini araşdırmalı və dəqiqləşdirməliyik. Ən vacib məsələ isə bir-birimizə münasibətdə güclü qarşılıqlı marağın və dostluq hisslərinin mövcud olmasıdır.

Bizim ölkələr dostdur, tərəfdaşdır və bu gün cənab Prezidentlə strateji tərəfdaşlıq üzrə bəyannamə imzalamışıq. Belə bir bəyannamə hər hansı bir ölkə üçün qonşu və tərəfdaşlarla münasibətdə ən önəmli sənəddir. Mövcud  möhkəm təməli nəzərə alaraq biz bu imkandan istifadə etməliyik və qarşıdakı illər üçün daha sıx işgüzar münasibətlər qurmalıyıq. Təşəkkür edirəm.

 

*  *  *

 

Xorvatiyanın Ulyanik gəmiqayırma sənayesinin prezidenti Anton BRAYKEVİC  Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi ilə əlaqələrdən danışaraq dedi:

- Biz gəmiqayırma sahəsində fəaliyyət göstəririk. Son illər Xəzər Dəniz Gəmiçiliyinə də gəmilər satmışıq. Bir neçə ay əvvəl böyük  həcmdə gəmi satışını reallaşdırmışıq. Biz çox məmnun olduq ki, Siz şəxsən həmin gəmilərə baxdınız.  Bizim niyyətimiz  Xəzər Dəniz Gəmiçiliyi kimi böyük və təcrübəli qurum üçün  gəmi istehsalını davam etdirməkdir. Təşəkkür edirəm.

 

*  *  *

 

Prezident İlham ƏLİYEV:

- Təşəkkür edirəm. Sizin qeyd etdiyiniz əməkdaşlıqdan xəbərdaram. Mən həmin gəmilərə baxdım. Onlar yüksək keyfiyyətə malikdir. Şadam ki, bu əməkdaşlıq davam edirümidvaram ki, gələcəkdə  davam etdiriləcəkdir. Çünki bizim daha çox gəmi, bərə və tankerlərə ehtiyacımız vardır. Azərbaycan ərazisindən müxtəlif  növ yüklərin, o cümlədən  neft daşınmasının həcminin artması gəmilərə tələbatı artırır. Biz hazırda Xəzər dənizində ən böyük liman tikirik. Eyni zamanda, Azərbaycanın ərazisindən keçən  Asiya ilə  Avropanı birləşdirən dəmir yolu xəttinin tikintisini başa çatdırmaq üzrəyik. Bu səbəbdən yük daşımalarını həyata keçirmək üçün əlavə gəmilərə ehtiyacımız olacaqdır. Sizin şirkətin Azərbaycan Dövlət  Xəzər Dəniz Gəmiçiliyi ilə əməkdaşlığı çox yaxşı səviyyədədir. Ümid edirəm ki, bu əməkdaşlıq davam edəcəkdir. Təşəkkür edirəm.

 

*  *  *

 

Daha sonra Xorvatiyanın tanınmış  şirkətlərinin rəhbərləri və nümayəndələri təmsil etdikləri müəssisələr haqqında məlumat verdilər. Bildirildi ki, bu şirkətlər əsasən neft sənayesində geniş istifadə olunan avtomatik yanğınsöndürmə cihazları istehsalı, hərbi sənaye, nəqliyyat, yükdaşımalar, sənaye avadanlığı, körpü inşası, bərpa olunan enerji, elektrik avadanlığı, informasiya texnologiyaları sektoru, elektron  hökumət, qida sənayesi, neft qazma qurğuları, tibb avadanlığı, gəmiqayırma, naviqasiya, turizm, qaz nəqli və reklam sahəsində fəaliyyət göstərirlər.

İş adamları Azərbaycan ilə yeni əməkdaşlıq münasibətləri qurmaqdamövcud qarşılıqlı fəaliyyətin genişlənməsində maraqlı olduqlarını bildirərək, birgə müəssisələrin yaradılması təklifləri ilə də çıxış etdilər, Azərbaycan şirkətləri ilə təcrübə mübadiləsinə hazır olduqlarını bildirdilər.

 

İştirakçılar Azərbaycanın sürətli inkişafı ilə bağlı Prezident İlham Əliyevə təbriklərini çatdırdılar və respublikamızın biznes nöqteyi-nəzərindən də çox maraqlı ölkə olduğunu vurğuladılar.

Ölkəmizdə fəaliyyətlərindən məmnunluqla söhbət açan xorvatiyalı adamları  Azərbaycan xalqına və əməkdaşlıq etdikləri yerli şirkətlərə minnətdarlıqlarını  bildirdilər. Onlar  azərbaycanlı həmkarları ilə  əməkdaşlığın bundan sonra daha da genişlənəcəyinə böyük ümid bəslədiklərini söylədilər.

Görüşdə Azərbaycanda hasil olunan təbii  qazın Xorvatiya ərazisindən Avropaya nəqlinə dair təkliflər də səsləndi. Qeyd olundu ki, Xorvatiyanın işgüzar dairələri  təkcə iqtisadi  əməkdaşlığa deyil, mədəni mübadiləyə də töhfə verə bilərlər. Hazırda bəzi xorvat şirkətlərinin iri humanitar  layihələr həyata keçirdikləri, Azərbaycanın zəngin  mədəniyyətini Xorvatiyadaregionda təbliğ etdikləri vurğulandı.

 

*  *  *

 

Prezident İlham ƏLİYEV:

 

- Çıxışlarınıza görə təşəkkür edirəm, hörmətli dostlar! Eşitdiklərim, həqiqətən, məndə böyük təəssürat doğurdu. Çünki mən bəzi Xorvatiya şirkətlərinin Azərbaycanda  fəaliyyət göstərdiyini bilirdim, amma səmimi deyirəm, bilmirdim ki, buradakı şirkət təmsilçilərinin çoxu Azərbaycanda olub, bəzi şirkətlər ölkəmizdə qurublar. Bu, həqiqətən, əməkdaşlığın yaxşı əlamətidir. Bu, Azərbaycanı xarici investorlar və yaxşı xidmətlər təklif edən şirkətlər üçün cəlbedici etmək istiqamətində illərdən bəri nail olmaq istədiyimiz müvəffəqiyyətdir. Çünki bizim iqtisadiyyatımız və iqtisadı artımımız əsasən neftin, daha sonra isə qazın hesabına olub. Amma iqtisadi siyasətimizin əsas məqsədi iqtisadiyyatın şaxələndirilməsidir. Hesab edirəm ki, yaxşı nailiyyətlərimiz vardır. Belə ki, ötən il iqtisadiyyatın qeyri-neft sektorunda 10 faiz artım olub və hökumətimizin diqqət mərkəzində olan sektorlar məhz sizin çıxışlarınızda qeyd etdiyiniz sahələrdir.

Mən sizin indiyədək həyata keçirdiyiniz bütün işləri dəstəkləyirəm və gələcəkdə də dəstəkləyəcəyəm. Ölkəmizdə  ofisləri, biznes nümayəndəlikləri və biznesləri olan şirkətlərə işlərini davam etdirmək və genişləndirmək üçün Azərbaycan dövləti hər cür dəstək göstərəcəkdir. Hər hansı ideya və layihə ilə ölkəmizə gəlməyi planlaşdıran şirkətlərlə dövlət səviyyəsində işləyəcəyik.

 

Düşünürəm ki, yaranmaqda  olan birgə iqtisadi əməkdaşlıq üzrə komissiya əlaqələndirmə üçün vacib vasitə  olacaqdır. Əlbəttə, komissiya  şirkətlərin gündəlik fəaliyyətinə qarışmayacaq, sadəcə, əlaqələndirmə, əlaqələr qurmaq, işləri asanlaşdırmaq, bürokratiyadan qorunmaq  və tərəfdaşlar arasında əlaqələri sadələşdirmək məsələlərinə baxacaqdır. Hesab edirəm ki, bunlar  komissiyanın əsas məqsədləri olacaqdır.

İnformasiya-kommunikasiya texnologiyaları, əczaçılıq, gəmiqayırma, qida məhsulları, qazmaneft platformaları, vaqon istehsalı, yol, körpütunel tikintisi, çirkli ərazilərin, məsələn, neftlə çirklənmiş suların təmizlənməsi, müdafiə sənayesi kimi artıq müəyyən edilmiş sahələr və haqqında indi eşitdiyim və hazırlanmaqda  olan hərbi xəstəxana layihəsi bizim diqqət mərkəzində saxladığımız sahələrdir.

Eyni zamanda, memarlıq sahəsində layihənin reallaşdırıldığı barədə eşitdiklərim  məni məmnun etdi. Çünki Bakı da Zaqreb kimi qədim memarlıq üslubu olan şəhərdir və məqsədimiz bu qədim üslubu qoruyub saxlamaqorijinalda olduğu kimi bərpa etməkdir. Bu səbəbdən, mədəniyyət xarakterli layihələr də prioritetdir.

Düşünürəm ki, əməkdaşlığımızın şaxələndirmə xarakterli olmasının daha bir göstəricisi odur ki, biz yalnız görüşün sonunda enerji sahəsinin təmsilçilərinin çıxışını dinlədik. Əvvəllər, Azərbaycan və Azərbaycan iqtisadiyyatı əsasən neftlə bağlı idi və əsas sərmayə neft sektoruna qoyulurdu. Sonra biz nəhəng qaz yataqları kəşf etdikindi Azərbaycan Avropanın enerji təhlükəsizliyində, xüsusilə, qaz  paylanmasında önəmli rol oynayır. Amma bugünkü görüşdə müzakirə etdiyimiz təxminən 15-20 sahədən yalnız biri enerji ilə bağlı oldu. Bu, bizim ölkəmiz üçün yaxşı əlamətdir. Çünki biz iqtisadiyyatı şaxələndirməyə  nail olmuşuq. Azərbaycan Dövlət Neft Şirkəti ilə Xorvatiyanın qaz şirkəti arasında imzalanmış memorandum enerji sektorunda əməkdaşlıq üçün geniş imkanlar açır. Bu gün cənab Prezidentlə görüş zamanı aydın oldu ki, Xorvatiyanın istehlak etdiyi neftin 25 faizi və bəlkə də daha çox hissəsi Azərbaycandan gəlir. Əminəm ki, biz Avropaya qaz paylanması şəbəkəsini işləyib sona çatdırana qədər Xorvatiyanın qaz istehlakının təxminən yarısı Azərbaycandan  gələn qaz hesabına  ödəniləcəkdir.

Azərbaycan və Avropa İttifaqı üçün strateji əhəmiyyət daşıyan bu məsələlər, - Xorvatiya da artıq Avropa İttifaqının tərkib hissəsidir, - bizim əməkdaşlığımızı daha da möhkəmləndirəcəkdir.

Əlbəttə, haqqında söhbət gedən bu məsələlərin diqqətdə saxlanması və mövcud layihələrin icrası və hazırlıq mərhələsində olan layihələrin nəzərdə saxlanması prioritet olmalıdır.

Mən bütün ideyaları dəstəkləyirəm, çünki bütün ideyalar bizim hərtərəfli inkişaf strategiyamız və iqtisadiyyatımızın inkişafı ilə uzlaşır. Son 10 ildə biz iqtisadiyyatımızı 3 dəfə - yəni, 300 faiz artırmağa nail olmuşuq. Qarşıdakı 10 ildə biz dost ölkələrin təcrübəsindən istifadə etməklə, əlavə gəlir gətirən xidmət sahələrinə sərmayə cəlb etməklə iqtisadiyyatımızın qeyri-neft sahəsini 2 dəfə artırmağı planlaşdırırıq. Bu baxımdan ölkəmizə olan marağınız üçün sizə təşəkkür edirəm. İqtisadiyyat Palatasına və onun prezidentinə bu görüşü təşkil etdiyinə görə təşəkkür edirəm. Mən çox məmnunam və ölkəmizdəki fəaliyyətinizə görə təşəkkür edirəm. Ümidvaram ki, gələcəkdə daha tez-tez görüşəcəyik.

 

 

 AzərTAc

 

Azərbaycan.-2013.- 13 mart.- S.1.