Ali qonağın
şərəfinə
Xorvatiya
Prezidenti İvo Yosipoviçin çıxışı
Xəbər
verdiyimiz kimi, martın 11-də Xorvatiya Respublikasının
Prezidenti İvo Yosipoviçin adından Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə
rəsmi ziyafət verilmişdir. Dövlət
başçıları ziyafətdə çıxış
etmişlər.
Xorvatiya Prezidenti İvo
Yosipoviçin çıxışı
-
Hörmətli Prezident Əliyev!
Azərbaycan
Respublikasının hörmətli nümayəndələri!
Xanımlar
və cənablar!
Sizi
Zaqrebdə qonaq etməkdən məmnunluq hissi keçirirəm
və Xorvatiyada hərarətlə salamlayıram.
Bu səfər
Xorvatiya ilə Azərbaycan arasında daha yaxşı siyasi və
iqtisadi əlaqələrə söykənən möhkəm
dostluq tellərini gücləndirmək üçün
növbəti imkandır. Bu, şübhəsiz ki, ölkələrimiz
arasında qarşılıqlı anlaşma və dostluğa
töhfəsini verəcəkdir. Vətəndaşlarımızın
marağı hər zaman səylərimizin mərkəzində
durur.
Biz
Azərbaycanın möhtəşəm inkişaf və tərəqqisini
böyük maraqla izləyirik. Azərbaycan bu əsrdə bir
çox çətinliklərin öhdəsindən uğurla
gələn zəngin və şanlı keçmişə
malik ölkədir. Eyni zamanda, bütün milli məqsədlərinə
çatmaq üçün güclü zəmin yaradan ölkədir.
Mənim
Bakıya keçən ilki səfərimlə bağlı
gözəl xatirələrim vardır. Mən Azərbaycanın
öz gələcəyini formalaşdırmaq istiqamətində
göstərdiyi əsas səylərini görmək imkanı
əldə etdim.
Mən,
xüsusilə, ölkələrimiz arasındakı əlaqələrdə
davamlı inkişafı görməkdən məmnunam. Bu, gələcəkdə
də ən yüksək səviyyəli müntəzəm
görüşlərə ehtiyac olduğunu təsdiq edir. Həm
Azərbaycan, həm də Xorvatiya hələ də əsas
çətinliklərlə üzləşən regionların
bir hissəsidir. Biz həm Qafqazda, həm də Cənubi-Şərqi
Avropada sabit və təhlükəsiz mühitin olmasında
çox maraqlıyıq. Buna görə də biz konstruktiv və
açıq dialoqa sadiqik, eləcə də regional əməkdaşlığa
səy göstərir və bu yanaşma ilə öz
qonşuluğumuzun daha da sabitləşməsinə və
inkişafına töhfə veririk.
Hörmətli
Prezident Əliyev, xanımlar və cənablar!
Avropa
İttifaqına qəbul olmaqla Xorvatiya NATO-ya
üzvlüyünün ardınca əsas milli maraqlarından
sonuncusunu yerinə yetirmiş olacaqdır. Bu yeni mərhələ
bizə, eləcə də tərəfdaşlarımıza və
dostlarımıza öhdəsindən gəlməli
olacağımız yeni çətinliklər və yeni
imkanlar gətirəcəkdir. Mən səmimiyyətlə
inanıram ki, Xorvatiya və Azərbaycan bu imkanları dəyərləndirəcək
və qarşılıqlı olaraq daha zəngin və səmərəli
əməkdaşlığı inkişaf etdirəcəkdir.
Sizin
səfəriniz və ikitərəfli münasibətlərimizin
intensivləşməsindəki davamlı yüksəliş mənim
inamımın sübutudur. İki dövlət
arasındakı əla siyasi əlaqələri iş
adamlarımız, elm və mədəniyyət nümayəndələri,
hər şeydən əvvəl, vətəndaşlarımız
arasında əməkdaşlığı təmin etməyi
mümkün qədər tez və daha çox görmək
istərdik.
Azərbaycan.-2013.- 13 mart.- S.2.