Prezident İlham Əliyev
Azərbaycan tərəfindən Monteneqroda həyata keçiriləcək layihələrlə
tanış olmuşdur
Azərbaycan
Prezidenti İlham Əliyev martın 12-də Monteneqronun Baş
naziri Milo Dukanoviç ilə görüşdən sonra bu
ölkədə Azərbaycan tərəfindən həyata
keçiriləcək layihələrlə tanış
olmuşdur.
Podqoritsa
şəhərinin meri Miomir Muqoşa Azərbaycan dövlətinin
başçısına məlumat verdi ki, Monteneqroda fəaliyyət
göstərən "AzMont" Azərbaycan-Monteneqro
İqtisadi və Mədəni Mərkəzi və Azərbaycan
Respublikasının Monteneqrodakı diplomatik nümayəndəliyi
şəhərin mərkəzi küçələrindən
birinə "Bakı" adının verilməsi barədə
Podqoritsa şəhər meriyası qarşısında məsələ
qaldırmışdır.
Bu məsələ
ilə bağlı Monteneqro hökuməti, Mədəniyyət,
Xarici İşlər və Avropaya İnteqrasiya nazirlikləri,
Podqoritsa meriyası və şəhər parlamentinin üzvləri
ilə aparılmış müzakirələr nəticəsində
şəhər parlamenti 2013-cü il fevralın 12-də
paytaxtın mərkəzi küçələrindən birinə
"Bakı" adının verilməsinə dair müvafiq
qərar qəbul etmişdir. Qərara əsasən, Podqoritsanın
Mihail Lalic Bulvarından Sdutentska küçəsinə uzanan
Meşe Selimoviç küçəsinin davamı olan
küçəyə "Bakı" adı verilmişdir.
Hazırda küçədə təmir işləri
aparılır və "Bakı" sözü
yazılmış lövhələr
quraşdırılır.
Bundan
başqa, Azərbaycan xalqının görkəmli şairi və
dramaturqu Hüseyn Cavidin xatirəsinin Avropa ölkəsində
əbədiləşdirilməsinin vacibliyini nəzərə
alaraq, "AzMont" Azərbaycan-Monteneqro İqtisadi və Mədəni
Mərkəzi və Azərbaycan Respublikasının
Monteneqrodakı diplomatik nümayəndəliyi Podqoritsa şəhərində
böyük ədibin büstünün ucaldılması təşəbbüsü
ilə çıxış etmişdir.
Monteneqro
hökuməti, Mədəniyyət, Xarici İşlər və
Avropaya İnteqrasiya nazirlikləri, Podqoritsa meriyası və
şəhər parlamentinin üzvləri ilə
aparılmış müzakirələr nəticəsində
2012-ci il dekabrın 26-da şəhər parlamentində
paytaxtın "Kral parkı"nda dahi Azərbaycan ədibi
Hüseyn Cavidin büstünün qoyulmasına dair mütləq
səs çoxluğu ilə qərar qəbul olunmuşdur.
"Kral parkı" şəhərin mərkəzində -
Prezident Administrasiyasının, Parlamentin, Nazirlər Kabinetinin
və Xarici İşlər və Avropaya İnteqrasiya
Nazirliyinin binalarının yaxınlığında yerləşir.
Layihəyə əsasən, parkda Hüseyn Cavidin
büstünün qoyulması, giriş qapısında Azərbaycan
və Monteneqro gerblərinin vurulması, xalqımızın
milli memarlıq üslubundan geniş istifadə olunması nəzərdə
tutulur.
Podqoritsa
şəhər parlamentinin qərarına əsasən,
Hüseyn Cavidin bürüncdən büstü ağ mərmər
postamentin üzərində qoyulacaqdır.
AzərTAc
Azərbaycan.-2013.- 13 mart.- S.3.