Azərbaycan Qızıl Aypara
Cəmiyyətinin XXIV Baş Məclisi keçirilmişdir
Baş Məclisdə dövlət
başçısı İlham Əliyevin
növbəti dəfə prezidentliyə namizədliyi yekdilliklə
irəli sürülmüşdür
Martın
12-də Milli Təhlükəsizlik Nazirliyinin Mədəniyyət
Mərkəzində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin
(AQAC) XXIV Baş Məclisi keçirilmişdir.
AzərTAc
xəbər verir ki, mandat komissiyasının hesabatı dinlənildikdən
sonra AQAC-nin sədri, Milli Məclisin deputatı Novruzəli
Aslanov tədbiri açıq elan etmiş, Azərbaycan
Respublikasının Dövlət himni səsləndirilmişdir.
Sonra
təşkilati məsələyə baxılmış,
Baş Məclisin rəyasət heyəti, katibliyi,
hesablayıcı komissiyaları seçilmişdir.
Daha
sonra Azərbaycan Prezidenti Administrasiyasının
İctimai-siyasi məsələlər şöbəsinin
müdiri Əli Həsənov Prezident İlham Əliyevin
Baş Məclisə təbrik məktubunu oxumuşdur (Təbrik
məktubu qəzetin bugünkü nömrəsində dərc
olunur).
Baş
Məclisdə məruzə ilə çıxış edən
Novruzəli Aslanov bildirmişdir ki, 1920-ci ildə yaradılan
AQAC indi ölkədə ən böyük sosial bazaya malik
qeyri-hökumət təşkilatıdır. Hazırda cəmiyyətin
300 mindən çox üzvü, 20 minə yaxın
könüllüsü vardır.
Sədr
vurğulamışdır ki, Prezident İlham Əliyevin
"Qızıl Aypara Gününün təsis edilməsi
haqqında" 2008-ci il 7 aprel tarixli sərəncamı cəmiyyətin
fəaliyyətinə verilən yüksək qiymətdir. Sərəncama
əsasən, hər il martın 10-u Azərbaycanda
Qızıl Aypara Günü kimi qeyd olunur.
Məruzəçi
ötən məclisdən sonra görülən işlər
haqqında ətraflı məlumat vermişdir.
Bildirilmişdir ki, hər cür dövlət
qayğısı ilə əhatə olunan AQAC həmin
müddətdə xeyli sayda insana maddi və mənəvi
yardımlar göstərmiş, bir çox layihələrdə
iştirak etmişdir. Beynəlxalq cəmiyyət də AQAC-nin
fəaliyyətini qənaətbəxş hesab etmişdir.
N.Aslanov
AQAC-nin fəaliyyətini geniş şəkildə
işıqlandırdığına görə bəzi
kütləvi informasiya vasitələrinə, o cümlədən
də Azərbaycan Dövlət Teleqraf Agentliyinə (AzərTAc)
minnətdarlığını bildirmişdir.
Hesabat
məruzəsi ətrafında çıxışlardan sonra
təşkilati məsələyə baxılmış,
Novruzəli Aslanov səs çoxluğu ilə AQAC-yə
növbəti müddətə sədr seçilmişdir.
Cəmiyyətin
sədri Novruzəli Aslanov təşkilatın adından
AQAC-nin fəxri üzvü İlham Əliyevin növbəti
prezident seçkilərində namizədliyinin irəli
sürülməsi təklifi ilə çıxış
etmişdir.
Təklif
yekdilliklə qəbul olunmuşdur.
Novruzəli
Aslanov bildirmişdir ki, Baş Məclisdə qəbul
olunmuş bu təklif Azərbaycan Qızıl Aypara Cəmiyyətinin
hər bir üzvünün dövlət
başçısına olan dərin inamının əyani təsdiqidir.
Azərbaycan
Qızıl Aypara Cəmiyyətinin sədri təşkilatın
bundan sonra da ölkəmizin ictimai həyatında və sosial
inkişafında fəal iştirak edəcəyini
vurğulamışdır.
Baş
Məclisdə Azərbaycan Prezidenti İlham Əliyevə
müraciət qəbul olunmuşdur.
Prezident
Administrasiyasının şöbə müdiri Əli Həsənov
tədbirdə çıxış edərək demişdir
ki, keçmiş Sovet İttifaqı tərkibində
qızıl aypara cəmiyyətləri fəaliyyət
göstərmişdir. SSRİ-nin dağılması və
müstəqilliyin ilk dövründə bu cəmiyyətlərin
fəaliyyətində də müəyyən pozuntular
olmuşdur.
Ümummilli
lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra
göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində
Azərbaycanda Qızıl Aypara Cəmiyyətinin fəaliyyətində
prinsipial dəyişikliklər baş vermişdir.
İnsanlara
yardım göstərilməsi ilə bağlı dünya təcrübəsindən
danışan Ə.Həsənov vurğulamışdır
ki, bir çox ölkələrdə təbii fəlakətlərdən
əziyyət çəkən insanlara dövlət tərəfindən
heç bir yardım göstərilmir. Bəzi ölkələrdə
isə ən yaxşı halda kredit şəklində
yardımlar göstərilir. Azərbaycanda isə dövlət
öz vətəndaşlarına birbaşa, əvəzsiz
yardım göstərir. Bu yardımlar qeyri-hökumət təşkilatları,
eləcə də AQAC tərəfindən
də lazımi səviyyədə göstərilir. Bu gün
dövlət özü də bu təşkilatlara yardım
edir. Cari ildə AQAC-yə dövlət büdcəsindən
720 min manata yaxın vəsait ayrılmışdır. Təşkilat
və onun bəzi yerli şöbələri dövlət
mülkiyyəti hesabına mənzil-qərargahla təmin
olunmuşdur.
Ona
görə də hesab edirəm ki, növbəti prezident
seçkilərində dövlət başçısı
postuna İlham Əliyevin namizədliyinin sizin tərəfinizdən
irəli sürülməsi təsadüfi deyildir. Bu, artıq
üçüncü qeyri-hökumət təşkilatıdır
ki, Prezident İlham Əliyevin namizədliyini irəli
sürür. Ətrafında yüz minlərlə insanı
birləşdirən Ağsaqqallar Şurasının, Həmkarlar
İttifaqları Konfederasiyasının və Qızıl
Aypara Cəmiyyətinin üzvlərinin belə bir təkliflə
çıxış etmələri sadə Azərbaycan vətəndaşlarının
ulu öndərin siyasi kursunun layiqli davamçısı,
dövlət başçısı İlham Əliyevə
olan etimadının və inamının parlaq təzahürüdür.
Əli
Həsənov AQAC-nin həm ölkə daxilində, həm də
beynəlxalq aləmdəki fəaliyyətini yüksək qiymətləndirmiş,
cəmiyyətin üzvlərinə və könüllülərə
gələcək fəaliyyətlərində uğurlar
arzulamışdır.
Sonra
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin müvafiq
komissiyalarının hesabatları dinlənilmiş, qərarlar
təsdiqlənmişdir.
Sonda
Novruzəli Aslanov və Nazirlər Kabinetinin şöbə
müdiri Qurban Sadıqov AQAC-nin fəaliyyətində fərqlənən
şəxslərə fəxri fərmanlar və
mükafatları təqdim etmişlər.
Azərbaycan
Qızıl Aypara Cəmiyyətinin XXIV Baş Məclisi bədii
proqramla başa çatmışdır.
Azərbaycan.-2013.- 13 mart.- S.4.