Qəbələ şəhərində «Mülki müdafiə və əhalinin fəlakət riskinin qarşısının alınmasına hazırlanması» mövzusunda beynəlxalq konfrans keçirilmiş, bəyannamə qəbul edilmişdir

 

Martın 12-də Qəbələ şəhərində Beynəlxalq Mülki Müdafiə Təşkilatının təşəbbüsü və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) təşkilatçılığı ilə "Mülki müdafiə və əhalinin fəlakət riskinin qarşısının alınmasına hazırlanması" mövzusunda beynəlxalq konfrans keçirilmişdir.

AzərTAc xəbər verir ki, 54 ölkədən 155 nümayəndənin iştirak etdiyi konfransda Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunmuşdur.

 Beynəlxalq konfransda çıxış edən fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov bildirmişdir ki, son illər dünyada baş verən təbii fəlakətlərdə yüz minlərlə insan həlak olmuş, dövlətlərə böyük zərər dəymişdir. Son illər artan risklər şəraitində əhalinin həyat təhlükəsizliyini təmin etmək vacib şərtlərdəndir.

 Nazir diqqətə çatdırmışdır ki, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə Beynəlxalq Mülki Müdafiə Təşkilatı arasında əlaqələrin qurulmasından 20 il ötür və bu dövrdə tərəflər arasında sıx əməkdaşlıq yaranmışdır. Azərbaycan fövqəladə hallar riskinin yüksək olduğu zonada yerləşir. Burada təbii risklərlə yanaşı, potensial təhlükə yaradan obyektlər də mövcuddur. FHN bir çox nüfuzlu beynəlxalq təşkilat və xarici ölkələrin analoji qurumları ilə əməkdaşlıq edir. Nazirliyin tərkibində beynəlxalq xilasetmə əməliyyatlarında iştirak etmək üçün ən müasir avadanlıqlarla, təyyarə və helikopterlərlə təchiz olunmuş xüsusi xilasetmə dəstələri yaradılmışdır. Bu dəstələr bir sıra xarici ölkədə baş vermiş xilasetmə əməliyyatlarında fəal iştirak etmişdir. Hazırda beynəlxalq qurumlarla həmin dəstənin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində məsləhətləşmələr davam etdirilir.

Beynəlxalq Mülki Müdafiə Təşkilatının baş katibi Nəvaf əl-Sleybi çıxışında konfransın Azərbaycanda təşkilinə yaratdığı əlverişli şəraitə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirmişdir. O, qeyd etmişdir ki, bu konfrans beynəlxalq təşkilatın tarixində dönüş nöqtəsi olacaq və üzv dövlətlərin səylərinin birləşdirilməsinə öz töhfəsini verəcəkdir.

Tədbirdə Beynəlxalq Mülki Müdafiə Təşkilatının baş katibi Nəvaf əl-Sleybinin Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən mükafatlandırıldığı bildirilmişdir.

Nazir Kəmaləddin Heydərov baş katib Nəvaf əl-Sleybiyə FHN-in "Əməkdaşlığa görə" döş nişanını təqdim etmişdir.

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov  isə Beynəlxalq Mülki Müdafiə Təşkilatının birinci dərəcəli "Komandor" medalı ilə təltif olunmuşdur.

Tədbirdə nazir Kəmaləddin Heydərova "Komandor" medalı təqdim edilmişdir.

Sonra Beynəlxalq Mülki Müdafiə Təşkilatına üzv və tərəfdaş olan dövlətlərin fövqəladə halların idarə olunması üzrə məsul dövlət qurumlarının rəhbərləri və nümayəndələrinin çıxışları dinlənilmişdir.

Nümayəndə heyətləri arasında ikitərəfli görüşlər keçirilmiş, mülki müdafiə və fövqəladə hallardan müdafiə sahəsində əhalinin hazırlığında qurumlararası koordinasiyanın təşkili, mülki müdafiə sahəsində əhalinin hazırlığı, fövqəladə halların qarşısının alınması və əhalinin həyat təminatının təşkili sahələri üzrə konfrans iştirakçılarının təqdimatları olmuş, mövzu ilə bağlı geniş müzakirələr aparılmışdır.

 Konfransda Özbəkistanın fövqəladə hallar naziri Tursinxan Xudaybergenov, Qırğızıstanın fövqəladə hallar naziri Kubatbek Boronov, Latviyanın daxili işlər naziri Rihards Kozlovskis, Malinin daxili təhlükəsizlik və mülki müdafiə naziri Tiefinq Konate, Tacikistanın Fövqəladə Hallar və Mülki Müdafiə Komitəsinin sədri Xayridin Abdurəhimov, Qazaxıstanın fövqəladə hallar naziri Vladimir Boşko, Belarusun fövqəladə hallar naziri Vladimir Vaşçenko, Rusiyanın mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması nazirinin müavini Sergey Şilikov çıxış edərək öz ölkələrində mövcud potensial problemlər və fövqəladə halların aradan qaldırılması istiqamətində görülən işlər barədə məlumat vermişlər.

Sonda Azərbaycan FHN-in mülki müdafiə sistemi ilə bağlı təqdimatı olmuşdur.

Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının Mülki Müdafiə İşinin Təşkili Baş İdarəsinin rəisi, polkovnik Mirzə Əsgərovun təqdimatında mülki müdafiə işinin təşkili, FHN tərəfindən işlərin planlaşdırılması və həyata keçirilməsindən bəhs edilmişdir. O, ölkədə bu istiqamətdə bir sıra qanunvericilik aktlarının qəbul edildiyini demişdir.

Konfransın sonunda Beynəlxalq Mülki Müdafiə Təşkilatının baş katibi Nəvaf əl-Sleybi çıxış edərək tədbirin təşkilinə görə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə minnətdarlığını bildirmiş, burada  qazanılan təcrübənin iştirakçı ölkələrə öz töhfəsini verəcəyini vurğulamışdır.

Beynəlxalq konfransın sonunda Qəbələ bəyannaməsi qəbul olunmuşdur.

 

 

Azərbaycan.-2013.- 12 mart.- S.4.