Daxili Qoşunların yaranmasının 21-ci ildönümünə həsr olunmuş təntənəli mərasim

 

Martın 12-də Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunlarının (DQ) Baş İdarəsində bu qurumun yaranmasının 21-ci ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilmişdir. DİN-in mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, tədbirdə Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov iştirak etmişdir.

Əvvəlcə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının döyüş bayrağı gətirilmişdir.

Sonra ümummilli lider Heydər Əliyevin və Vətən uğrunda döyüşlərdə həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Azərbaycanın Dövlət himni səsləndirilmişdir.

Daha sonra DQ-nin bu illər ərzində keçdiyi şanlı döyüş və xidmət yolu barədə məruzə ilə çıxış edən daxili işlər nazirinin müavini, Daxili Qoşunların komandanı, general-leytenant Zakir Həsənov ümummilli lider Heydər Əliyevin 1995-ci il 9 mart tarixli fərmanı ilə Azərbaycan Respublikası Daxili Qoşunlarının ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı döyüşə başladıqları günün - martın 12-nin Daxili Qoşunlar günü elan olunduğunu məmnunluqla xatırlatmışdır. O vurğulamışdır ki, ötən illər ərzində Daxili Qoşunlar ölkəmizin həyatında baş verən bir sıra proseslərin fəal iştirakçısı olmuş, ciddi sınaq və çətinliklərdən dəyanətlə çıxmışdır. DQ-nin şəxsi heyəti Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə qəhrəmanlıq nümunələri göstərmişlər. Ümumiyyətlə, döyüş əməliyyatları aparılan müddətdə Daxili Qoşunların 510 hərbi qulluqçusu həlak olmuş, 1166-sı yaralanmış, 268 nəfər itkin düşmüş, 9 əməkdaş "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür. Daxili Qoşunların Azərbaycan xalqına, dövlətinə və dövlətçiliyinə sədaqətlə xidmət etməsi, fədakarlığı ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin diqqətindən kənarda qalmamış, bir çox hərbi qulluqçu dövlət mükafatlarına layiq görülmüşdür.

Bu gün Daxili Qoşunların yüksək döyüş hazırlığına malik bir qurum olduğunu deyən general-leytenant Z.Həsənov bildirmişdir ki, Ali Baş Komandan İlham Əliyevin Silahlı Qüvvələrə diqqəti və qayğısı nəticəsində Daxili Qoşunlarda da davamlı inkişaf prosesi gedir. Aparılan islahatlar, döyüş hazırlığı, maddi-texniki təminat, hərbi qulluqçuların sosial vəziyyəti və digər proseslər baxımından son illər yeni inkişaf dövrü kimi xarakterizə olunur. Təsadüfi deyil ki, maddi-texniki bazanın möhkəmləndirilməsi, kazarma-yaşayış fondunun daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər sayəsində hərbi hissələr müasir texnika və rabitə sistemləri ilə təchiz olunmuş, istifadədə olan silah, texnika, xüsusi vasitə və avadanlıqlar ən yüksək beynəlxalq standartlara cavab verir. Ötən il Daxili Qoşunların ixtisaslı zabit kadrları ilə təmin olunmasının daha da yaxşılaşdırılması məqsədi ilə orta ixtisas hərbi məktəbinin bazasında Ali Hərbi Məktəb də yaradılmışdır.

Sonra daxili işlər naziri, general-polkovnik Ramil Usubov Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin bayram münasibətilə şəxsi heyətə təbriklərini və xoş arzularını çatdırmışdır.

Silahlı Qüvvələrimizin formalaşmasında ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri olduğunu xatırladan general-polkovnik Ramil Usubov ulu öndərin ordu quruculuğu çərçivəsində Daxili Qoşunların da təkmilləşməsinə böyük önəm verdiyini vurğulamış, DQ-nin şəxsi heyətinin ərazi bütövlüyümüzsuverenliyimizin, dövlətçiliyimizin, milli mənafelərimizin keşiyində hər zaman ayıq-sayıq dayandığını, ölkəmizdə daxili sabitliyin, ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasında əsas qüvvələrdən birinə çevrildiyini xüsusilə qeyd etmişdir.

Daxili Qoşunların qısa zamanda böyük inkişaf yolu keçdiyini xatırladan Ramil Usubov müstəqilliyimiz ilə yaşıd olan bu qurumun torpaqlarımızın qorunmasında fədakarlıq və qəhrəmanlıq nümunələri göstərdiyini, yüzlərlə şəhid verdiyini, Azərbaycan xalqına, dövlətçiliyinə xidmətin Daxili Qoşunların fəaliyyətində daim aparıcı istiqamət olduğunu və sonrakı illərdə respublikamızda daxili sabitliyin və əmin-amanlığın təmin olunmasında əzmkarlıq nümayiş etdirdiyini, qoşunların yüksək peşəkarlığa və mənəvi-psixoloji hazırlığa malik mobil bir quruma çevrildiyini məmnunluqla bildirmişdir. Nazir xüsusi vurğulamışdır ki, bu gün Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin tələb və göstərişlərinin, xüsusi diqqət və qayğısının nəticəsi olaraq Daxili Qoşunlar qarşısına qoyulan istənilən döyüş tapşırığını keyfiyyətlə yerinə yetirməyə qadirdir.

Daxili Qoşunların beynəlxalq əməkdaşlıq çərçivəsində əldə etdiyi uğurlardan söz açan nazir bu qurumun 1997-ci ildən Türkiyə Jandarm Təşkilatı ilə sıx əlaqələr saxladığını, bu illər ərzində Jandarm Qüvvələrinin yardımı ilə Qoşunların müasir tələbləuyğun qurulduğunu, təminatının əhəmiyyətli dərəcədə yüksəldiyini xatırlatmış, əldə edilmiş nailiyyətlərə görə dostqardaş dövlətin Silahlı Qüvvələrinin, onun Jandarm Komandanlığının rəhbərliyinə və hərbi mütəxəssislərinə təşəkkürünü bildirmişdir.

Bu gün ciddi nizam-intizama, peşəkar hazırlığa malik olan Daxili Qoşunlarda yüksək döyüş ruhu yaşandığını diqqətə çatdıran daxili işlər naziri bunun heç də təsadüfi olmadığını, Prezident İlham Əliyevin dəfələrlə hərbi hissələrə getməsinin, şəxsi heyətin sosial-məişət şəraiti ilə yaxından tanış olmasının hər bir hərbi qulluqçunun döyüş əzminin daha da yüksəlməsinə böyük stimul verdiyini, dövlət başçısının Silahlı Qüvvələrin tərkib hissəsi kimi Daxili Qoşunların təkmilləşdirilməsinə, peşəkarlığının yüksəldilməsinə daim xüsusi diqqət və qayğı göstərdiyini vurğulamışdır. Məhz belə ali diqqət və qayğı nəticəsində Daxili Qoşunların sosial-məişət problemlərinin son illər çox sürətlə öz həllini tapdığını deyən nazir zabitlər üçün xidməti yaşayış komplekslərinin tikilməsinin, müasir standartlara uyğun əsgər yataqxanalarının istifadəyə verilməsinin bunun bariz nümunəsi olduğunu bildirmişdir.

Nazir eyni zamanda, respublikamızdakı dayanıqlı sabitliyi pozmaqda maraqlı olan bəzi qüvvələrin ayrı-ayrı ailələrin faciəsindən öz siyasi maraqları üçün istifadə etmələrini, həmin qüvvələrin təhriki ilə bir qrup gəncin "Facebook" sosial şəbəkəsində ölkə vətəndaşlarına müraciət edərək onları qanunsuz aksiyaya qoşulmağa çağırmalarını cəmiyyətlə ordu arasında inamsızlıq, süni qarşıdurma yaratmağa yönəlmiş uğursuz cəhd kimi qiymətləndirmiş, bütün bunların Silahlı Qüvvələrə qarşı məlum dairələr tərəfindən aparılan çirkin təxribat olduğunu diqqətə çatdırmışdır.

O qeyd etmişdir ki, Azərbaycanda elə bir insan tapmaq olmaz ki, istər o, ən yüksək rütbəli zabit olsun, istər adi vətəndaş, əsgər ölümü onu qayğılandırmasın, onu üzməsin. Lakin ayrı-ayrı faktları, həm də ailə faciəsini siyasiləşdirib orduya qarşı istifadə etmək heç kəsə hörmət gətirməz. Azərbaycan ordusuna qarşı bu cür təxribat hərəkətlərini xalqımız yaxşı başa düşür. Güclü Azərbaycan ordusu hər bir vətəndaşımızı sevindirir, qürrələndirir. Güclü Azərbaycan ordusu bütün vicdanlı insanlar, cəmiyyətin bütün təbəqələri tərəfindən alqışlanır və dəstəklənir.

General-polkovnik Ramil Usubov məmnunluqla bildirmişdir ki,  bu güclü ordunun təməlini ulu öndər Heydər Əliyev qurub-yaradıb. Bu gün Silahlı Qüvvələrin Ali Baş Komandanı, Azərbaycan Prezidenti  İlham Əliyev tərəfindən ordu quruculuğu uğurla inkişaf etdirilir. Lakin bölgənin ən güclü silahlı qüvvələrini - Azərbaycan ordusunu sevməyənlər, gözü götürməyənlər də vardır. Onlar kimlərdir? Onlar xaricdən dəstək alan, Azərbaycan ordusunun gücünə bələd olan, onu qısqanan, istəməyən düşmənlərimiz və onların yerli əlaltılarıdır. Bu gün əsgər və zabitlər arasında inamsızlıq yaratmaq, nifaq toxumu səpmək kimi uğursuz cəhdlər edilir. Sual olunur: Bu kimə xeyir verə bilər? İlk növbədə, düşmənlərimizə. Dünyanın hansı ordusunda ölüm faktları, intihar hadisələri baş vermir? Belə faciəli, xoşagəlməz hadisələr hətta ayrı-ayrı ailələrdə də baş verir. Lakin bu cür faktlarla ordunu gözdən salmaq, ona qarşı çirkin siyasət aparmaq yolverilməzdir və bu, heç kimə şərəf gətirməz. Azərbaycan xalqı bu hərəkətləri qətiyyətlə pisləyir. Orduya qarşı mənfi hərəkətlərə yol verənlər bilməlidirlər ki, belə çirkin siyasət uğursuzluğa məhkumdur. Çünki Azərbaycanda dayanıqlı sabitlik mövcuddur, ictimai təhlükəsizlik etibarlı şəkildə təmin olunur. Ölkə Prezidentinin siyasəti Azərbaycan xalqının mütləq əksəriyyəti tərəfindən dəstəklənir. Heç bir qüvvəyə ölkəmizdəki əmin-amanlığı, nümunəvi ictimai asayişi pozmağa imkan verilməyəcək və belə cəhdlərin qarşısı daxili işlər orqanları tərəfindən qətiyyətlə alınacaqdır.      

Şəxsi heyətin xüsusi diqqət və qayğı ilə əhatə olunduğunu, qarşıya qoyulan bütün tapşırıqların öhdəsindən hər zaman layiqincə gəldiyini nəzərə çatdıran daxili işlər naziri Ramil Usubov Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevi əmin etmişdir ki, "Vətənin əsgəri" adını daim uca tutan hərbi qulluqçular bundan sonra da ictimai asayişindaxili təhlükəsizliyin keşiyində ayıq-sayıq dayanacaq, vətəndaşların qanuni mənafelərinin hüquqazidd əməllərdən qorunmasında səy və bacarığını əsirgəməyəcək, öz şanlı ənənələrini qoruyub saxlayacaq, inkişaf etdirəcək, döyüş hazırlığını daim artıracaqdır.

Azərbaycan Respublikası daxili işlər nazirinin müvafiq əmrləri elan olunduqdan sonra general-polkovnik Ramil Usubov xidmətdə fərqlənmiş hərbi qulluqçulara medallarmükafat qaydasında verilmiş rütbələrin paqonlarını təqdim etmişdir.

Təntənəli mərasimin sonunda tədbir iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə müraciət qəbul olunmuşdur.

 

 

Azərbaycan.-2013.- 13 mart.- S.4.