Azərbaycançılıq və milli
muğamlarımız
Azərbaycançılıq ideyaları Azərbaycan professional musiqisinin “şifahi” ənənəyə malik, özünəməxsus xalq musiqisi janrı olan muğamlarla da sıx bağlıdır. Tədqiqatçıların fikrincə, qədim dövrlərdən meydana gələn muğam musiqisi haqda bizə ilk məlumatı orta əsrlər verir. Məlumdur ki, o dövrdə Azərbaycan poeziyası yüksək çiçəklənmə mərhələsinə çatmış və onun ən yaxşı nümayəndələri olan Xaqani, Nizami, Nəsimi, Füzuli və başqaları bütün dünyada şöhrət qazanmışlar.
Poeziya - orta əsr Azərbaycan incəsənətinin ən parlaq və yüksək nailiyyətlərindən biridir. Təəccüblü deyil ki, öz təbiəti etibarilə ahəngdar incəsənət olan musiqi poetik yaradıcılığın nailiyyətlərindən geniş istifadə edirdi. Buna klassiklərin poeziyası ilə üzvi surətdə bağlı olan bir çox muğamları misal gətirmək olar. N.Məmmədovun fikrincə, muğamın meydana gəlməsi haqqında rəvayətlərdən biri də bu janrın poetik yaradıcılıqla birgə yaranmasından ibarətdir. Orta əsr Azərbaycanında şeirlərin deklamasiya şəklində oxunması geniş surətdə tətbiq edilirdi. Onun özünəməxsus forması var idi. Şeirləri sözü uzadaraq oxuyurdular. Poetik qafiyəsinin gözəlliyi və quruluşu baxımından öz-özlüyündə ahəngdar olan şeir musiqi deklamasiyalarının yaranmasına imkan verirdi. Güman etmək olar ki, sözü uzadaraq deyilən deklamasiya üslubca reçitativ quruluşda olan muğam melodiyalarının meydana gəlməsinin qaynaqlarından biri olmuşdur. Muğamın hələ qədimdən klassik şairlərin şeirlərində ifa olunmasını nəzərə alsaq, bu fikir həqiqətə uyğun olar. Bundan əlavə, reçitativə poeziya ilə musiqi arasında keçid forması kimi baxmaq lazımdır.
Muğamların meydana gəlməsi haqqında məşhur rus folklorçu alimi V.M.Belyayev göstərir ki, kənd folkloru ilə əlaqədə olan aşıq yaradıcılığının inkişafı ilə paralel olaraq “Azərbaycan şəhərlərində yazılı poeziya və ədəbiyyatın inkişafı ilə əlaqədar xalq professional incəsənətinin başqa növü - xanəndə yaradıcılığı inkişaf etmişdir”. Reçitativ muğam melodiyalarının meydana gəlməsini Quran mətnlərinin uzadılaraq oxunması ilə əlaqələndirən başqa bir mülahizə də mövcuddur. Bu fikri, məsələn, Yəmən musiqişünası Samxa El Xoli təsdiq edir: “İmprovizasiyanın ən qədim və əsil ifadəsi Quran şeirlərinin oxunmasından irəli gəlir, bu oxumanın ritmi prosodiyası ilə əlaqələndirilsə də, melodiyası müğənniyə sözlərin əhəmiyyətindən və mövcud melodik üslubun şərtiliyindən asılı olaraq improvizasiya ixtiyarı verir”.
N.Məmmədov fikirlərinə davam edərək yazır: “Yuxarıda dediklərimizlə əlaqədar, öz növbəsində, ehtimal etmək olar ki, muğam melodikası ilk əvvəl vokal formasında meydana gəlmiş, sonralar görünür, ona instrumental ansambl (tar, kamança, dəf) birləşmişdir. Vokal-instrumental muğam daha sonralar inkişaf etməyə başlamışdır. Xalis vokal muğamı yalnız dini ayinlərdə qorunub saxlanmışdır”.
Muğam əsasən estetik funksiya
daşıyır. O öz yüksək bədii təzahürü
ilə insan fəaliyyətinin bilavasitə bədii olmayan
növləri ilə bağlı deyildir. Məhz buna görə də
muğamı professional incəsənətə aid etmək
olar. Müəyyən ictimai-tarixi şəraitdə muğam
özünəməxsus ifadə vasitələrinin köməyi
ilə müəyyən dərəcədə emosional məzmun,
hətta dövrün fəlsəfəsini özünə
birləşdirərək, Avropa bəstəkarlıq
yaradıcılığının janrına məxsus bədii
rol və funksiya daşımışdır.
Başqa
cür ola da bilməzdi, çünki yuxarıda qeyd edildiyi kimi,
muğamların mətnləri keçmiş klassik şairlərin
- Xaqani, Nizami, Nəsimi və Füzulinin şeirlərindən
ibarət olmuşdur. Bu sənətkarlar, məlum olduğu
kimi, eyni zamanda, alim-filosof olmuş və bütün bədii
mədəniyyətin inkişafına böyük təsir
göstərmişlər. Muğamın fikri məzmunu poetik mətni
fikri məzmununa uyğun gəlirdi. Poetik mətnlər isə
çox vaxt sevgi mövzularına həsr edilir, şairlər
tərəfindən böyük həyati ümumiləşdirmələr
aspektində verilir və xoşbəxtlik haqqında insanın
hüdudsuz arzularını simvolik şəkildə açıb
göstərirdi.
Muğam
sənəti ilə poeziyanın əlaqəsi bədii istiqamətin
ümumiliyində, stilistikasında, kompozisiya-quruluş
xüsusiyyətlərində təzahür edirdi.
Məlum
olduğu kimi, poema orta əsr poeziyasının geniş
yayılmış janrlarından biridir. Varlığın
canlı hadisələri burada yüksək həyəcanlı
planda təsvir olunurdu. Məşhur sovet alimi şərqşünas
N.İ.Konradın təsdiq etdiyi kimi, Qərbdə və Şərqdə
orta əsr bədii mədəniyyətinin parlaq
inkişafı dövründə, yəni renessans
dövründə yaradılmış poemaların qəhrəmanı
əhvali-ruhiyyə, obrazlı təfəkkürü
baxımından romantik səpkidə təsvir edilmişdir.
Sonra N.İ.Konrad yazır ki, “renessans şairlərinə, həqiqətən,
təsvirlərdə və xarakteristikalarda hədsiz-hüdudsuz
mübaliğə, fantastika genişliyi xasdır”.
Hisslərin
ekspressivliyi, müəyyən bir emosional vəziyyətdə
dərinləşmə, emosiyaların dönə-dönə,
çevik surətdə dəyişməsi, geniş
kulminasiyalar gərginliyi ilə səciyyələnən
muğam sənəti də romantik istiqamətdə inkişaf
edirdi. Tədqiqatçı Mina Hacıyeva “Musiqi folklorumuzun
mükəmməl abidəsi muğamdır” məqaləsində
göstərir ki, hər bir milli mədəniyyətin fərqli,
səciyyəli cəhəti onun folklorunun, xalq
yaradıcılığı qaynaqlarının
orijinallığında, özünəməxsusluğundadır.
Folklora qayıdış, maraq heç bir zaman azalmayıb, əksinə,
işıqlı fikir sahibləri, zəka mücəssimələri
ondan bəhrələnərək zaman-zaman ölməz sənət
əsərləri yaradıblar. Lakin burası da həqiqətdir
ki, hər bir tarixi dövr öz təkamül, yeniyetmə, mədəniyyət
dəyərlərini təkmilləşdirmək
inteqrasiyasını irəli sürüb nə zamanın
estetik yönümündən, insanların fəlsəfi təfəkkür
tərəfindən asılı olaraq folklordan istifadə, ona
yanaşma təcrübəsi də dəyişib. VIII əsrin
ən görkəmli musiqişünası, Yaxın və Orta
Şərq xalqlarının musiqi nəzəriyyəsinin əsasını
qoyan Bəsərli Əbu Əbdürrəhman Xədil,
İbn Əhməd Fərahidi, Əbunəsir Məhəmməd
Fərabi, Hümam Təbrizi, daha sonra Səfiəddin Urməvi,
Əbdülqadir Qeybi oldu. Maraqlı və digər alimlərin
musiqiyə dair əsərləri sübut edir ki, peşəkar,
klassik musiqi sənətinin ibtidai-memorial formaları hələ
quldarlıq quruluşu bərqərar olunduğu dövrlərə
təsadüf edir.
Çox-çox
qədimlərdə, zərdüştlük dövründə
çoxsəsli dini nəğmələr oxumağın izləri
olduğu da sübuta yetirilmişdir. Şübhəsiz, ki, bu
nəğmələrin müəllifi zərdüştün
özü olmuşdur. B.Bertels “Oçerki istorii persidskoy
literaturı” kitabında bunu etiraf edir.
İslamın
meydana gəlməsindən iki əsr sonra müsəlman
ruhanilərinin musiqini, mahnını, təsviri sənəti
yasaq etdikləri zamanlarda belə xüsusilə Fufizs Hərəkatı
ilə əlaqədar çox səciyyəli nəğmələr
oxunardı. Hətta müqəddəs kitab Quranı, sadəcə
olaraq, mütaliə etməyə icazə verildiyi dövrlərdə
də, artıq Quranın surələrini minbərlərdən
rozəxanlar muğam üstündə oxumağa
başlamışdılar. Bunu danmaq olmaz ki, ən qədim
musiqi ənənələrimizin inkişafına dinin
güclü təsiri olmuşdur. Din incəsənətin, eləcə
də, musiqi mədəniyyətinin təşəkkül
tapmasına, sərbəst “əl-qol açması”na həmişə
mane olsa da, bu iki məfhum tarix boyu qoşa yaşamış,
bir-birilə açıq və gizli ədavət
aparmış, hətta musiqi dini təbliğ etmək məcburiyyətində
qalanda belə yenə də öz mahiyyətini,
varlığını, sosial borcunu xürafatın dar məngənəsindən
çıxarmış, Ulu Tanrının xəlq etdiyi
insanların ruhu, duyğusunu təlatümə gətirmiş,
sevinc və kədərinin tərcümanı olmuşdur. Belə
ki, müəyyən dövr islam dini incəsənətin atsa
da istər ədəbiyyat, istər təsviri sənət, istərsə
də musiqi sənəti sahəsində Yaxın Şərq,
o cümlədən, Azərbaycan xalqı özlərinin
ölməz sənət nümunələrini yaratmağa nail
olmuşlar. Əlbəttə, sənətdə olan intibah
xalqın tarixi ilə, taleyi ilə bağlıdır.
Bunları cəmiyyətin inkişaf qanunauyğunluqlarında,
ictimai şüurun tədricən formalaşmasında axtarmaq
lazımdır. Olduqca keşməkeşli inkişaf yolu
keçmiş, tarixin gözlənilməz, amansız zərbələrinə
cəsarətlə dözüb ərəb xəlifələri,
monqol-köçəri feodal başkəsənləri,
İran şahları, Osmanlı paşaları və s. tərəfindən
zaman-zaman talan edilən, mənəviyyatı tapdanan Azərbaycan
xalqı yenə də öz qədim mədəniyyətini və
bu mədəniyyətə daxil olan dəyərlərini
qoruyub saxlaya bilmişdir.
Əcdadlarımızın
bu nailiyyətləri el sənətkarlarının əl
işlərində, memarlıq dühasının bəhrəsi
olan məbəd və ehramlarda, daş kitabələrdə, qəsidələrdə,
rübai və məsnəvilərdə, musiqidə, nəğmədə
ulu fikirlər qaynağı olan xalq təfəkkürünün
bütün möhtəşəmliyini, əzəmətini
özündə cəmləşdirən muğamlarda
ölümsüz örnəklərimizlə yaşayır.
X əsrdən
başlayaraq tarixə intibah - mədəniyyətinin
qızıl dövrü tək həkk olunan orta əsrlərdə
Şərq ölkələrində muğam sənəti
geniş yayılmağa başlamışdı. Bunların
arasında Azərbaycan muğamları öz lad və
koloritinin zənginliyi, fəlsəfi tutumu, əzəməti
ilə seçilirdi.
Şərq
xalqlarının musiqi sənətinə, poeziyasına xas olan
dünyəvilik, bəşəri hiss, humanizm bütün
möhtəşəmliyi ilə muğamlarımızda ehtiva
edilib. Muğam Azərbaycan xalqının ruhu, əbədiliyi,
idrakı, varlığının parlaqlığının
pasportudur. Maraqlıdır ki, hələ orta əsrlərdən
də əvvəl İshaq İbn-İbrahim və əl-Xəlil
adında musiqişünaslar öz risalələrində
muğamat barədə kifayət qədər təsəvvür
yaradıbdır.
Memorial
janra, yəni musiqinin, mahnının zənginliyinə,
muğamlara qayıdış Səfəvilər hakimiyyəti
zamanında daha geniş inikas tapmışdır. Məhərrəmlik
mərasimlərində, təziyə günlərində Məhəmməd
Peyğəmbərin nəslindən olan İmam Əlinin Kərbəla
müsibətinin xalqa çatdırmaq müsəlman ölkələrinin
bir çoxunda bu ənənə indi də davam edir. İmam Əli
və Onun övladları üçün göz yaxı axıtmaq,
eləcə də, şiəliyi gücləndirmək naminə
“Rast”, “Şur”, “Segah” muğamları üstündə
meydanlarda, təziyə məclislərində mərsiyələr
deyilər, qəsidələr oxunardı. Şah
İsmayıl Səfəvi dövründə 1501-1524 bu ənənə
özünün ən yüksək pilləsinə
çatmışdır.
1587-1629 illərdə
İranın hökmdarı olmuş Şah Abbas da öz sələfinin
yolunu davam etdirmişdir. Onun dövründə şiə məzhəbinin
banisi İmam Əlinin şəninə şəbeh
tamaşaları göstərilir, müxtəlif dini mərasimlər
çox təntənəli keçirilərmiş. Bizcə,
mükəmməl, kamil muğam ifaçıları məhz
həmin dövrlərdən yetişməyə
başlamışdır.
Bu gün
cəsarətlə və fəxrlə deyə bilərik ki,
çağdaş Azərbaycan musiqisinin uğurlarında həmin
dövrlərdən qalmış musiqi, mahnı folklorunun, onun
memorial qaynaqlarının nailiyyətləri əvəzedilməzdir.
Ü.Hacıbəyov yazır:
“İndiyədək zamanın
və hadisələrin sarsıdıcı təsirinə
qarşı möhkəm duran yekanə muğam “Rast”dır.
Bu muğam kökünün möhkəm və məntiqli
olması onun adının mənasına tamamilə
uyğun gəlir: “Rast”-düz, doğru deməkdir”.
XVII əsr
Orta Asiya musiqisi-alimi Dərviş Əli özünün
musiqi traktatında sələfləri olan görkəmli
musiqiçi-alimlər Səfiəddin Urməvi, Əbdülqadir
Marağayi, Sultan Üveys Cəlairin nüfuzuna istinad edərək
muğamın əmələ gəlməsi haqqında əfsanəvi
məlumatlar verir: “Rast muğamı Adəmdən
qalmışdır o, ilk insanın əldən
çıxmış cənnət və itirilmiş xoşbəxtlik
haqqında ağlamasından ibarətdir”. Zənnimizcə,
burada “ağlamağı” həyat və səadət
haqqında düşüncələr mənasında başa
düşmək lazımdır.
Musiqişünas
F.Əmmar məlumat verir ki, “Rast” ladı haqqında bizə gəlib
çatan nəzəri mülahizələr XIII əsrə
aiddir”. Lakin ərəb musiqisi tarixinə aid məxəzlər
görkəmli ərəb filosofu və musiqiçisi əl-Kindinin
(IX əsr) dövründə yayılmış elə bir lad
haqqında xəbər verir ki, bizim ona bir növ “Rast”
ladının kökü kimi baxmağa haqqımız
vardır. Bu lad “Xinsar fil binsar” adı altında əl-Ükeylinin
(XX əsr) əvvəlindəki səkkiz lad içərisinə
daxildir. Müasir ərəb musiqişünası bunu əl-İsfahaninin
(IX əsr) “Böyük mahnı kitabı”ndan
götürmüşdür.
Böyük
Azərbaycan bəstəkarı Fikrət Əmirov muğamlara
və muğamların milli varlığımızla
bağlılığına işarə edərək
yazır: “Muğamlar bütünlükdə və
ayrı-ayrılıqda hər biri poetik obraz, təsəvvür
və fəlsəfi ideyalar aləmini əks etdirir. Bu aləmə
sahib olan və onu kütləyə yetirə bilənlər, hər
şeydən əvvəl, xanəndə-müğənnilər
və onları müşayiət edən virtuoz
ifaçılar olmuşlar. Xanəndələr təkcə
gözəl səsə, həm də kişilər
üçüm qeyri-adi dərəcədə yüksək
olan tessituraya malik olmur, eyni zamanda, xalq musiqiçilərinin
bir çox nəsilləri tərəfindən
toplanmış muğam ifaçılığı təcrübəsinin
gözəl biliciləri olurdular. Muğam üslubunda
improvizasiya böyük rol oynayır. Muğam
melodiyasının intonasiya zənginliyi hər bir
ifaçı-xanəndənin fərdi fantaziya və sənətkarlığından
asılı olur.
Lap qədim
zamanlardan başlayaraq muğamlar Şərqin böyük
söz ustalarının poeziyası ilə möhkəm şəkildə
bağlı olmuşdur: muğamlarda oxunan mətnlərdə
Nizami, Nəsimi, Füzuli, Xaqani və başqa görkəmli
Azərbaycan şairlərinin əsərlərindən istifadə
edilmişdnr. Odur ki, muğam ifaçıları, eyni zamanda,
bu böyük şairlərin
yaradıcılığının təbliğatçısı
kimi də çıxış edir, onların ölməz
poetik incilərinin geniş kütlə içərisində
yayılmasına kömək göstərmiş olurdular.
Muğam sənəti təkcə Azərbaycanın deyil, həmçinin,
Şərqin digər xalqlarının, məsələn,
türklərin, iranlıların, ərəblərin, hindlilərin
musiqi mədəniyyətində rol oynamışdır.
O da məlumdur
ki, ilk Azərbaycan milli operalarında muğam mühüm yer
tutmuş, muğam ifaçıları da görkəmli rol
oynamışlar. Həmin operaların adına milli
varlığımızla, milli ideyalarımızla, o cümlədən,
Azərbaycançılıqla sıx bağlı olan
muğamlarımıza Ulu Öndər Heydər Əliyev tərəfindən
olduğu kimi, Onun layiqli siyasi varisi ölkə Prezidenti cənab
İlham Əliyev tərəfindən də rəsmi dövlət
səviyyəsində qayğı göstərilir. Bu işdə
xüsusilə Heydər Əliyev Fondunun prezidenti ölkənin
birinci xanımı Mehriban xanım Əliyevanın xidmətlərini
xüsusi qeyd etmək lazımdır.
Vahid Ömərov
Azad Azərbaycan.- 2013.- 13 mart.- S.5.