Əsgər ölümünün
«günahkarları» tapıldı
Azərbaycan dilində maraqlı ifadə var: malı mala qatmaq. Adətən, müxtəlif məsələlər, müxtəlif hadisələr bir-birinə qarışanda və kimsə də bundan özünə sərf edən formada istifadə edəndə o adama deyirlər ki, "malı mala qatma"! İndi mən də demək istəyirəm ki, əzizlərim, sizə elə gəlmirmi ki, malı mala qatırsınız?
Mən də malı mala qatmamaq üçün məsələləri sıralayaraq cavab vermək istərdim. Beləliklə:
1. Əsgər ölümü
məsələsi
Ağlı başında olan hansı insan öz əsgərinin ölümünə müsbət yanaşa bilər? Əgər kimsə müsbət yanaşırsa, demək, onun ağlı yerində deyil. Yox, əgər kimsə müsbət yanaşmırsa, amma biriləri iddia edirsə ki kimsə müsbət yanaşır, deməli, onların ağlı yerində deyil.
2. Əsgər ölümü
ilə bağlı aksiyalar
Səmimi bir sualım ondan ibarətdir ki, bu məsələ ətrafında ən çox hay-küy salanların neçəsi şəhid ailələrini ziyarət edib? Neçə nəfər bu ağrını o ailələrlə bərabər yaşayıb? Mənim dayım Qarabağ müharibəsi zamanı aldığı yaradan dünyasını dəyişib. Bu müharibə zamanı həyatını itirən başqa qohumlarımız da var. Ailəmiz bu ağrının nə anlama gəldiyini çox yaxşı bilir. Bu faktı suala sualla cavab vermək adəti olanlar üçün yazdım. Amma maraqlıdır ki, neçə nəfər dünyasını dəyişən əsgərlərin hərbi xidmət çəkdiyi hərbi hissələr barədə məlumatlıdır? Kim ciddi araşdırma aparıb, kim monitorinq keçirmək istəyib? Kimlər bu barədə ən azından hərbi ekspertlərlə, tibb ekspertləri ilə söhbət aparıb? Bu sualları ona görə verirəm ki, mənə həqiqətən maraqlıdır, bu suallara cavab tapmayan gənclərimiz sualların cavabını niyə məhz Fəvvarələr meydanında axtarır? Nəyə görə aksiyalar üçün icazənin verildiyi Bayıl ərazisində yox, məhz Fəvvarələr meydanında?
Həm də Hərbi Prokurorluğun araşdırmasının nəticəsini gözləmədən...
3. Aksiyanın iştirakçıları
barədə
Yuxarıdakı sualları təsadüfən vermədim. Həqiqətən, əgər belə insanlar varsa ki bütün yuxarıda qeyd etdiyim sualları özlərinə və başqalarına verdikdən sonra bu qanunsuz aksiyaya qatılıblar, o zaman onlara deməyə sözüm yoxdur. Əgər bir insanın sualına cavab tapmaq üçün ən son yol budursa, o zaman həqiqətən bu insanları başa düşmək çətindir. Amma etiraf edək ki, o cavabları bildiyi halda meydana çıxanlar da az deyil. Kimisi şou axtarışındadır, kimisi şəxsi, kimisi siyasi məqsədləri naminə. Amma o məqsədlər nə olursa-olsun, gərək insani dəyərlərimiz ayaqlar altında qalmasın. Əsgər analarını qanunsuz aksiyalara gətirən aksiya "dahiləri", aksiya "qəhrəmanları" bəs niyə onları meydanda qoyub qaçdılar? Axı anaların və ataların bəzilərinin kədər və acılarını manipulyasiya edərək sonradan meydanda tək qoymaq yaraşardımı? Axı insanlar etiraf edirlər ki, sadəcə telefonla çağırılıblar bir görüşə, tədbirə dəvət adıyla... Sonra isə onların alovlanmış hisslərini polislə üz-üzə qoyaraq qaçmaq... Mən bayılmış bir qadını yerdən qaldırmaq istəyən polisin fotosunu çəkərək ona "zor tətbiq edən polis" damğasını vuranları qınayıram. Həmin vətəndaş da, polis də Azərbaycan insanıdır. Biz insanlarımız arasında uçurum yaratmağın yox, barış yaratmağın yolunu axtarmalıyıq!
4. Aksiyanın təşkilatçıları
barədə
Ortada aydın görsənən bir qeyri-səmimiyyət var. O da əsgər ölümü aksiyasının ideyası ilə aksiyanın təşkilatçılarının əsl niyyətləri arasında böyük uyğunsuzluqdur. Problemlərin çoxu da elə buradan qaynaqlanır.
Müxalifət düşünür ki, bu mövzu sadə vətəndaşlar üçün həssasdır, bu ideya ətrafında daha çox insanı səfərbər etmək olar, qanunsuz aksiya keçirərək bütün uğursuzluqları iqtidarın boynuna yıxmaq, bununla da seçki ilində siyasi dividend qazanmaq olar. Etiraf etmək lazımdır ki, insanların acısı üzərində siyasi dividend qazanmağa hesablanmış bu layihənin hüquqi tərəfi qalsın bir yana, mənəvi tərəfi də heç bir normaya sığmır.
İqtidar da, öz növbəsində, müxalifətin yuxarıda qeyd edilən hiyləsini anlayır və buna adekvat bir şəkildə cavab tədbirləri hazırlayır. Sual bundan ibarət olur ki, əgər həqiqətən söhbət səmimi ideyalardan gedirsə, belə bir aksiyanı müxalifət niyə də sivil qaydada keçirməsin? Axı Fəvvarələr meydanından cəmi 5 dəqiqəlik məsafədə yerləşən meydanda, yəni Bayıl qəsəbəsində aksiya və mitinqlərin keçirilməsinə icazə verilir!
Proseslərin gedişində isə müxalifət növbəti bir qeyri-səmimi addım ataraq belə tərzdə aksiyanın keçirilməsini pisləyənlərə də "əsgər ölümünə göz yumanlar" damğasını vurmaq istəyir. Halbuki necə ki hər kəs öz evində əmin-amanlıq olmasını istəyir, şuurlu vətəndaşlar da öz ölkələrində əmin-amanlıq olmasını istəyir, bununla da ölkədə müxtəlif təxribatlar törətməyə çalışanlara mənfi reaksiya verirlər. Amma qətiyyətlə deyə bilərəm ki, bu heç də o demək deyil ki, aksiyanı pisləyən insanlar bu acını digərlərindən daha çox hiss etmirlər.
Əslində belə aksiyalara çağırış edənlər bunun hüquqi məsuliyyətini anlayır və bəlkə ona görə də aksiyalara gəlmir, prosesləri xaricdən və ya evlərindən izləyirlər. Lakin təəssüflər olsun ki, aldadılanlar sadə və səmimi vətəndaşlar olurlar!
Amma
aydındır ki, təşkilatçıların da
arxasında dayanan görünməyən əllər var. Amma
bu əllərin Şimaldan, Cənubdan və ya Qərbdən
idarə olunmasına baxmayaraq, mənliyi və vicdanı olan hər
bir azərbaycanlının ilk arzusu müstəqil Azərbaycanda yaşamaq
olmalıdır. Biz müstəqillik üçün şəhidlər
vermişik. Bu gün əsgər ölümünə etiraz
edənlər minlərlə şəhid verdiyimiz müstəqilliyimizin
önəmini nə tez unutdular?! Bu gün ölkə daxilində
yaradılan bütün qarşıdurmalar və
çaxnaşmalar müstəqil Azərbaycanı
"böyük qardaş"lara üz tutmağa sövq etməyə
yönəldilib. Necə olur ki, bunu qonşu ölkələrdə
anlayırlar, amma öz ölkəmizdə olan bir qrup insan hələ
də anlamır?!
5.
Əsgər ölümünün
günahkarları
Müxalifətin
əsgər ölümünə həsr olunan aksiyasına
facebook-da minlərlə insan qatılacağını təsdiq
etsə də, nəticədə jurnalistlər də daxil
olmaqla meydanda 300-500 nəfərə yaxın adam
müşahidə edildi. Gün ərzində twitter və
facebook vasitəsilə minlərlə gənc bir-birinə fikrini
bildirdi. İki şeyə gün bitənə qədər
ümidimi itirmək istəmirdim. Hələ də inanmaq istəyirdim
ki, əsgər ölümü aksiyasının niyyəti səmimidir
və hələ də inanmaq istəyirdim ki, bizim gənclikdə
artıq sivil yanaşma təşəkkül tapıb. Amma
günün sonunda baş verənlər bu ümidlərimə
kölgə saldı. Belə ki, radikal müxalifətin hiddəti
o qədər coşdu ki, ASAİF-in sədri Ramin Hakimovu Azərbaycan
dövlətçiliyinin xeyrinə fikirlər yazmaqda ittiham
etdilər və martın sonu Romada olacaq tədbirə
iştirakçıların seçimini 10 mart aksiyasında fəallıqla
əlaqələndirdilər. Halbuki 9 mart tarixində, yəni
aksiyadan bir gün əvvəl Roma forumuna dəvət ediləcək
300 nəfərin hər biri seçilmişdi və onlara dəvət
göndərilmişdi. O dəvəti alanlardan, yəqin ki, bu
yazını oxuyanlar olacaq və onlar da fikirlərini
açıq bildirə bilərlər.
Başqa
bir qarayaxma isə İRƏLİ-nin sədri Rauf Mərdiyevə
ünvanlanmışdı. Guya ki, Rauf barədə "Yusif Nəbibəyli"
adlı inkoqnito "elitar" adlı sayta mail yazıb və
hansısa məsələni xəbər verib. Həmin
yazını diqqətlə oxuyan hər bir savadlı insan
bunun savadsız bir sifariş olduğunu dərhal anlayar və
biz bu sifarişin hansı dairələrin mətbəxində
hazırlanıb dövriyyəyə
buraxıldığını da yaxşı bilirik.
Sifarişçilər artıq layiqli cavablarını
alıblar, indi növbə "birdəfəlik istifadə
müddətini başa vurmuş"
icraçılarındır. Ona görə də gələcəkdə
belə yazıların sifarişçiləri daha peşəkar
dələduzlara bu işi etibar etsinlər ki, sonra belə
gülməli vəziyyətdə qalmasınlar. Yəqin ki, bu
məsələyə hüquq-mühafizə orqanları qiymət verəcək,
yazının sifarişçiləri və sayt bir də belə
başından böyük işlərlə məşğul
olmayacaq.
Lakin bir faktı qeyd etmək yerinə düşərdi ki, həm İRƏLİ, həm də ASAİF qeyri-hökumət təşkilatıdır. Bu təşkilatların sədrləri də, təşkilatın üzvləri, idarə heyəti də təşkilat məclisinin qarşısında hesabat verirlər. İnanmıram ki, bu təşkilatları hədəf alan kimsələr bu təşkilatların üzvüdür və ya oraya üzvlük haqqı verirlər. Ona görə də tənqid və ittihamların dozasını müəyyənləşdirərkən bu məsələyə də diqqət yetirmələri pis olmazdı.
Beləliklə, əsgər ölümünün günahkarını axtarmaq üçün Fəvvarələr
meydanına üz tutan
radikal müxalifət nümayəndələri
günün sonunda Ramin Hakimov və Rauf Mərdiyevin timsalında
"günahkarlar"ı tapdı, onlara
iftiralar atdı, onları ittiham,
təhqir etdi və bununla
da "günahkarlar"
tapıldığına görə missiya
tamamlanmış hesab edildi.
Bu da sosial şəbəkələrdə
minlərlə digər gəncin gözü
qarşısında baş verdi. Əslində Rauf Mərdiyevin
və Ramin Hakimovun Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin siyasətini dəstəkləyən
gənclərin parlaq simaları
olmasını nəzərə alsaq,
müxalifətin onların şərəfinə nəğmələr
və şeirlər qoşacağını gözləmək
sadəlövhlük olardı. Fərqli siyasi
qütblərdə olan insanların
bir-birinə tənqidi yanaşması normaldır. Lakin tənqid yalan, təhqir
və iftiralarla müşayiət
olunmamalıdır. Hər kəsin
atdığı iftiraya görə uca Alllah
qarşısında özünün cavab verəcəyi məsələsini
xatırladaraq təəssüf hissi ilə
bir daha inanmağa məcbur oldum ki, nə əsgər ölümü
ilə bağlı danışanların hamısı səmimi
imiş, nə də onların hamısı siyasi mübarizədə oyun
qaydalarını mənimsəyibmiş. İstisnalar var, amma bu, hər
kəs demək deyil!
6. Bundan sonrasına hazır olun
Bizim gəncliyimizin
bir qismindən fərqli olaraq, düşmənlərimiz yatmayıb. Dünən twitter-də ermənilərin əsgər ölümü
aksiyasını canfəşanlıqla
təbliğ etməsi,
ardından bu xəbərləri xarici mediaya servis etmələri maraqlı mətləblərdən xəbər
verir. Bu məsələnin
PR olunmasında ermənilərin
əl-ayağa düşməsini
anlamaq çətin deyil! Çünki sabah sərhəddə,
təmas xəttində
erməni snayperi tərəfindən öldürülən
hər bir azərbaycanlının, ermənilər
tərəfindən qətlə
yetiriləcək hər
bir şəhidimizin günahkarını onların
deyil, öz aramızda axtarmağın
zərurətini önə
çəkəcəklər. O zaman bəlkə də bu mövzuda
canfəşanlıq edən
gənclərin çoxu
ayılacaq, amma təəssüf ki, onda gec olacaq!
Ceyhun OSMANLI,
Milli Məclisin deputatı
Azərbaycan.-2013.- 13 mart.- S.6.