Bakıda Üçüncü Beynəlxalq
«Muğam aləmi» elmi simpoziumu işə
başlamışdır
Martın
12-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA)
Milli Azərbaycan Tarixi Muzeyində "Muğam aləmi"
Üçüncü Beynəlxalq Muğam Festivalı çərçivəsində
Üçüncü Beynəlxalq "Muğam aləmi"
elmi simpoziumu işə başlamışdır. AzərTAc xəbər
verir ki, tədbirdə Azərbaycan Milli Elmlər Akademiyası
prezidentinin səlahiyyətlərini icra edən akademik Akif Əlizadə
çıxış edərək Heydər Əliyev Mərkəzində
"Muğam aləmi" Üçüncü Beynəlxalq
Muğam Festivalının təntənəli
açılış mərasiminin keçirildiyini
xatırlatmışdır.
A.Əlizadə
demişdir ki, açılış mərasimində Beynəlxalq
festivalın prezidenti, Azərbaycanın birinci xanımı,
Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun
xoşməramlı səfiri Mehriban Əliyevanın nitqi bu
möhtəşəm tədbirin uğurla keçməsinə
stimul verən başlıca amil olmuşdur.
Natiq
vurğulamışdır ki, ulu öndər Heydər Əliyevin
milli mənəvi dəyərlərimizə göstərdiyi
diqqət və qayğı bu gün Prezident İlham Əliyev
tərəfindən uğurla davam etdirilir.
Akademik
diqqətə çatdırmışdır ki, Azərbaycan
xalqının musiqiyə, xüsusilə muğama olan sevgisi
bütün dünyaya məlumdur. Muğamın UNESCO tərəfindən
yüksək qiymətləndirilməsi, eyni zamanda Azərbaycanın
birinci xanımının onun inkişafına böyük
töhfəsi bu gün artıq öz bəhrəsini verməkdədir.
UNESCO
səviyyəsində keçirilən simpoziumun tarixi əhəmiyyətindən
danışan Akif Əlizadə tədbiri açıq elan
etmişdir.
Simpoziumda
çıxış edən təhsil naziri Misir Mərdanov
demişdir ki, bu beynəlxalq festival təkcə muğam mədəniyyətini
deyil, eyni zamanda musiqi təhsili, musiqi elmi, muğamların tədris
olunması, qorunması və varisliyi, ifaçılıq sənəti,
gənc muğamşünas və ifaçı kadrların
hazırlanması, xalqlar arasında beynəlxalq mədəni
inteqrasiya və əlaqələrin genişlənməsi kimi
müasir, vacib və aktual olan məsələləri də
özündə ehtiva edir. Bütün bunların
hamısı festivalın proqramları çərçivəsində
uğurla həyata keçirilir.
Nazir
diqqətə çatdırmışdır ki, Azərbaycanın
birinci xanımı Mehriban Əliyevanın ideyası və
müəllifi olduğu muğam layihələri Azərbaycan muğam mədəniyyətinin
müxtəlif istiqamətlərdə inkişaf etməsinə,
dünya miqyasında təbliğinə, onun elmi problemlərinin
tədqiqinə, muğamların müasir ali musiqi məktəblərində
tədrisinə, muğam mədəniyyətinə mütəxəssis
marağının artmasına səbəb olmuşdur. Nəticə
etibarilə muğamın tədrisində, elmi cəhətdən
öyrənilməsində, muğam
ifaçılığında, onun bəşəri mədəni
dəyər kimi təbliğ olunmasında yeni və
mühüm nailiyyətlər qazanılmışdır.
M.Mərdanov
demişdir ki, Azərbaycanın müasir mədəniyyət
həyatında mühüm hadisə olan muğam
festivalları beynəlxalq mədəniyyət, elm və təhsil
sistemində ən yaxşı və ən maraqlı ənənələr
sırasında dayanır və mütəxəssislər tərəfindən
yüksək qiymətləndirilir. İndiyədək
keçirilən və bu gün də davam etdirilən
muğam festivallarının nailiyyətləri və nəticələri
müasir dünyanın müxtəlif ölkələrində
geniş beynəlxalq marağa səbəb olmuşdur. Bu
nailiyyətlərə və nəticələrə
dünyanın ən nüfuzlu mədəniyyət, elm və
təhsil təşkilatları, görkəmli mədəniyyət,
təhsil və elm mütəxəssisləri tərəfindən
böyük əhəmiyyət verilir. Hamılıqla sevinirik
ki, bu festival beynəlxalq musiqi, elm, təhsil ictimaiyyəti tərəfindən
çox dəyərləndirilən irimiqyaslı mədəniyyət
layihəsi kimi böyük şöhrət və nüfuz
qazanmışdır.
Bildirilmişdir
ki, qədim tarixə və zəngin ənənələrə
malik olan, UNESCO tərəfindən bəşəriyyətin mədəni
irsinə daxil edilən, dünyanın müxtəlif
xalqları tərəfindən sevilən muğam sənətinin
tədrisə daxil edilməsi Azərbaycanda müasir təhsil
siyasətinin nailiyyətlərindən biridir. Əsas məqsəd
gənclərdə bütün xalqların mədəniyyətinə
və milli dəyərlərinə humanist münasibət
formalaşdırmaqdan, onlara bu sahədə bilik və
informasiya verməkdən, nəhayət, müasir tələblərə
cavab verən mütəxəssis hazırlığını
həyata keçirməkdən ibarətdir.
Ölkəmizdə
musiqi təhsilinin 3 pillədə həyata keçirildiyini
söyləyən Misir Mərdanov vurğulamışdır
ki, son illər Təhsil Nazirliyi Azərbaycan Milli
Konservatoriyası və onun nəzdində fəaliyyət
göstərən musiqi kolleci ilə birgə respublika
muğam müsabiqələri keçirir. Bu muğam
müsabiqələri milli musiqi təhsilini daha da inkişaf
etdirmək, muğam ifaçılığı sahəsində
yeni istedadlı gəncləri aşkar etmək, gənclərin
professional ifaçı kimi formalaşmasına nail olmaq məqsədi
daşıyır.
Son
illər ölkəmizdə muğam təhsili sahəsində
baş verən daha bir yeniliyi diqqətə çatdıran təhsil
naziri demişdir ki, ali musiqi məktəblərinin magistratura
pilləsində muğamşünaslıq ixtisası üzrə
mütəxəssis hazırlığına
başlanılmışdır.
Muğamın
xalqımızın mənəvi dünyasının, milli
ruhunun əsas ifadə vasitələrindən biri olduğunu
söyləyən mədəniyyət və turizm nazirinin
müavini Ədalət Vəliyev demişdir ki, muğam
keçmişlə bu gün arasında, Azərbaycan ilə
dünya xalqlarının mədəniyyəti arasında mənəvi
körpüdür. Təsadüfi deyildir ki, Azərbaycan
muğamı 2003-cü ildə bəşəriyyətin
şifahi və qeyri-maddi şah əsərləri
siyahısına daxil edilmişdir. Bununla əlaqədar olaraq
2006-cı ildə UNESCO ilə Azərbaycan hökuməti
arasında saziş imzalanmış və bu saziş əsasında
Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan
Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və
UNESCO tərəfindən "Əbədi muğam" layihəsi
uğurla həyata keçirilmişdir.
Muğam
sənətinin müxtəlif mədəniyyətlər
arasında dialoq musiqisi kimi təbliğində, Azərbaycan
xalqının mənəvi irsi kimi qorunmasında Heydər Əliyev
Fondunun prezidenti Mehriban xanım Əliyevanın əvəzsiz
rolu vardır. Məhz onun fəaliyyətinin nəticəsi
olaraq artıq üçüncü dəfədir ki, ölkəmizdə
"Muğam aləmi" Beynəlxalq Muğam Festivalı
keçirilir. Bu tədbir dünya miqyasında muğam
ifaçılarının, muğamsevərlərin və
xüsusilə bu musiqiyə həyatını həsr etmiş
elm adamlarının, ekspertlərin şəbəkəsini
formalaşdıra bilmişdir.
Nazir
müavini vurğulamışdır ki, builki festival və
simpoziuma əvvəlkilərdən daha çox, təqribən
24 ölkədən iştirakçı
qatılmışdır. Bu fakt muğam sənətinə və
festivalına ildən-ilə artan marağın göstəricisidir.
Ə.Vəliyev
demişdir: "Hələ 1971-ci ildə UNESCO 50 albomdan ibarət
olan "Dünya ənənəvi musiqisinin
antologiyası" kolleksiyasına "Şərqin musiqi
antologiyası" seriyasında çıxan "Azərbaycan
musiqisi" plastikasını daxil etmişdir. 1975-ci ildə isə
Azərbaycan muğamları UNESCO tərəfindən
"Musiqi mənbələri" seriyasında
buraxılmışdır. Ötən əsrin 70-ci illərində
ulu öndər Heydər Əliyevin himayəsi ilə
başlanan muğam sənətinin inkişafı XXI əsrdə
Prezident İlham Əliyevin dəstəyi ilə
özünün ən yüksək inkişaf mərhələsini
yaşamaqdadır".
Ötən
il ölkəmizin UNESCO ilə əlaqələrinin
qurulmasının 20 illiyinin qeyd olunmasını diqqətə
çatdıran natiq bildirmişdir ki, bu müddətdə Azərbaycan
dövləti xalqın milli mənəvi dəyərlərini
özündə ehtiva etdirən qeyri-maddi irs nümunələrinin
mühafizəsi və təbliği sahəsində UNESCO ilə
sıx əməkdaşlıq münasibətləri
qurmuşdur.
Bildirilmişdir
ki, muğam sənətindən sonra 2009-cu ildə Azərbaycanın
aşıq sənəti və beynəlmiləl qeyri-maddi mədəni
irs nümunəsi kimi Novruz bayramı, 2010-cu ildə
xalçaçılıq sənəti, 2012-ci ildə isə
tar ifaçılığı sənəti UNESCO-nun
Qeyri-maddi mədəni irsin reprezentativ siyahısına daxil
edilmişdir. Bu, UNESCO ilə əməkdaşlığın
bariz göstəricisidir.
Vurğulanmışdır
ki, muğam sənəti UNESCO səviyyəsində xalqın
milli-mədəni irsinin qorunması hərəkatının
başlanğıcında ilk addım olsa da, digər irs
nümunələrinin də bu prosesə qoşulmasında
mühüm rol oynamışdır.
Nazir
müavini əminliklə bildirmişdir ki, bugünkü
simpoziumda muğam musiqisi elmi cəhətdən müzakirə
olunmaqla yanaşı, onun mədəniyyətləri,
xalqları birləşdirən xüsusiyyətləri bir daha
təsdiqini tapacaq, muğamın bizi valeh edən yeni
xüsusiyyətləri üzə çıxacaqdır.
İştirakçıları Azərbaycan dilində salamlayan UNESCO-nun Ənənəvi Musiqi üzrə Beynəlxalq Şurasının (İCTM) nümayəndəsi Jan Dürinq tədbirin böyük əhəmiyyət daşıdığını söyləmişdir. Qonaq demişdir ki, bir neçə dildə çap edilmiş simpozium materialları hər bir iştirakçıya müzakirələrdə yaxından iştirak etmək imkanı yaradacaqdır.
Muğamın spesifik bir musiqi növü olduğunu söylənən J.Dürinq demişdir ki, bu musiqi xalqların birləşməsinə, yaxınlaşmasına xidmət edir. Bu da özlüyündə muğamın əlçatmazlığından, bəşəriliyindən xəbər verir.
Azərbaycan xalqının musiqiyə, xüsusilə muğama olan sevgisinin bütün dünyaya məlum olduğunu söyləyən UNESCO-nun nümayəndəsi festivalın bütün təşkilatçılarına minnətdarlığını bildirmişdir.
Ənənəvi olaraq iki ildən bir ölkəmizdə keçirilən beynəlxalq muğam festivalının böyük maraq doğurduğunu söyləyən Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor Firəngiz Əlizadə demişdir ki, milli musiqimizin təbliğində belə tədbirlərin mühüm rolu vardır.
"Muğam aləmi" Üçüncü Beynəlxalq Muğam Festivalının artıq 4 gündür ki, davam etdiyini diqqətə çatdıran xalq artisti bildirmişdir ki, bu möhtəşəm musiqi bayramı təkcə paytaxt Bakıda deyil, bu gün Azərbaycanın bütün bölgələrində geniş şəkildə qeyd olunmaqdadır.
Hər il simpoziumun mövzu baxımından zənginləşdiyini söyləyən F.Əlizadə demişdir ki, bu da özlüyündə musiqiyə, xüsusilə də muğamların tədqiq və təbliğinə olan böyük maraqdan irəli gəlir. Simpoziuma təqdim olunan məruzələr muğamın geniş təhlilini, onun dünyanın aparıcı musiqişünas alimlərinin diqqət mərkəzində olmasını göstərir. Bu da özlüyündə müxtəlif xalqlara məxsus muğam ifaçılığının yaxınlığından, qohumluğundan xəbər verir. Bütün bunlar deməyə əsas verir ki, muğam bəşəridir, əlçatmazdır, onun fəzası sonsuzdur.
Üçüncü Beynəlxalq "Muğam aləmi" elmi simpoziumunun böyük maraq doğuracağını söyləyən Azərbaycan Bəstəkarlar İttifaqının sədri demişdir ki, burada alimlərlə yanaşı, ifaçıların da çıxışları dinləniləcəkdir. Bir sözlə, nəzəriyyə ilə praktikanın vəhdəti özünü göstərəcəkdir.
Bildirilmişdir ki, muğam festivalı çərçivəsində təşkil edilən üç mühüm tədbirin hər biri ayrı-ayrılıqda iştirakçıların marağına səbəb olacaqdır. Festival günlərində Azərbaycan və dünya alimlərinin iştirakı ilə Beynəlxalq muğam simpoziumu, 35 yaşadək muğam ifaçılarının müsabiqəsi və şəhərimizin əsas səhnə salonlarında yerli və xarici ölkələri təmsil edən ifaçıların iştirakı ilə konsertlər təşkil olunur.
Budəfəki muğam müsabiqəsinin böyük maraq doğuracağını bildirən Firəngiz Əlizadə demişdir ki, burada təkcə xanəndələr deyil, həm də milli alətlərin ifaçıları da öz məharətlərini nümayiş etdirəcəklər.
Azərbaycanın ayrılmaz tərkib hissəsi olan, bu gün düşmən tapdağı altında inləyən Qarabağın zəngin musiqi ənənələrinin bu gün də yaşadıldığını söyləyən Firəngiz Əlizadə demişdir ki, hazırda festival çərçivəsində təşkil edilmiş silsilə konsertlərdə bu doğma yurdun 11-12 yaşlı xanəndələri çox böyük uğurla çıxış edirlər. Artıq Qarabağın işğalından 20 ildən çox vaxt keçir. Bu balaca ifaçılar heç ata-baba torpaqları - Qarabağı görməyiblər. Amma genetik kod onların qanında, düşüncə tərzində, ifaçılıq məharətində özünü çox aydın şəkildə göstərməkdədir. Bu, bir daha göstərir ki, nəsillər dəyişsə də, məşhur Qarabağ xanəndələrinin yaratdıqları ənənələr dünya durduqca yaşayacaqdır.
Simpoziumun açılış mərasiminə həsr edilmiş tədbirə yekun vuran Azərbaycan Milli Elmlər Akademiyası prezidentinin səlahiyyətlərini icra edən akademik Akif Əlizadə vurğulamışdır ki, sorağı dünyanın ən müxtəlif guşələrindən gələn bu nəhəng mədəniyyət hadisəsi bizi daim qürurlandırır.
Sonra elmi simpozium öz işini bölmə iclaslarında davam etdirmişdir.
Firəngiz Əlizadənin və UNESCO-nun nümayəndəsi Jan Dürinqin sədrlik etdikləri "Azərbaycan muğamlarında və Şərqin oxşar ənənəvi janrlarında musiqi alətlərinin rolu" mövzusunda iclasda ümumilikdə 5 məruzə dinlənilmişdir.
İclasda almaniyalı alim Elsner Yurgenin "Muğam -reallıq və ümumiləşdirmələr", yaponiyalı professor Geniçi Tsugenin "Yapon qaqakusu və qədim uyğur musiqisi bir-biri ilə əlaqəlidirmi?", qazaxıstanlı tədqiqatçı Saida Yelemanovanın "Qazax şifahi ənənəli professional musiqisinin vokal-instrumental spesifikasının öyrənilməsi problemi və bəzi tipoloji cəhətləri", tunisli tədqiqatçı Mahmud Gettatın "Tunis maalufunda Nuba: morfoloji orqanoloji yanaşma" və türkiyəli alimlər - Rəcəb Uslu, Burçin Uçaner və Əmrah Hatipoğlunun birgə işi olan "Türkiyə sufi musiqisində məqamlar və alətlər" mövzularında məruzələr təqdim edilmişdir.
AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsinin akademik-katibi Kamal Abdullayevin sədrlik etdiyi "Azərbaycan muğam dəstgahlarının müqayisəli təhlili" mövzusunda iclasda ümumilikdə 7 məruzə dinlənilmişdir.
İclasda azərbaycanlı alimlər Zemfira Səfərovanın "Musiqi məcəlləsi" (XV əsr) və "Vüzuhül-əqram" (XIX əsr) risalələrində muğam və musiqi alətlərinin rolu və onlar haqqında dini baxışlar", Rəna Məmmədovanın "Makom formalarında struktur prinsiplərinin vahidliyinə dair", Əfsanə Babayevanın "Muğam və İslam dini mərasimlərinin struktur və informasiya əlaqələri", Afaq Hüseynovanın "Azərbaycan muğamı: müqayisəli aspektləri", Ülkər Talıbzadənin "Azərbaycan muğamına dövlət qayğısı", Sehranə Kasiminin "Şərq musiqi alətlərinin təkamül yolu" və Teymur Kərimlinin "Klassik Azərbaycan ədəbiyyatında musiqi alətlərinin bədii təqdimi" mövzularında məruzələri maraqla qarşılanmışdır.
Alimlər araşdırdıqları məsələləri əyani vasitələrlə diqqətə çatdırmışlar.
Simpozium işini martın 15-də
yekunlaşdıracaqdır.
Azərbaycan.-2013.- 13 mart.- S.7.