Görkəmli alimin həyat yolu «Nura boyanmış ömür» kitabında

 

Görkəmli alim, tanınmış ictimai xadim Səidə İmanzadəyə həsr edilmiş "Nura boyanmış ömür" kitabı "Çaşıoğlu" nəşriyyatında yüksək poliqrafik üslubda nəşr olunmuşdur.

AzərTAc xəbər verir ki, kitabın müəllifi "Neft Daşları" qəzetinin baş redaktoru, tanınmış jurnalist Xeyrulla Ağayevdir.

Nəşrin redaktorları Bakı Dövlət Universitetinin (BDU) rektoru, əməkdar elm xadimi, akademik Abel Məhərrəmov və əməkdar elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvi, AMEA-nın Tarix İnstitutunun direktoru Yaqub Mahmudovdur.

Kitabda ötən əsrdə qadınların azadlığı, onların fəal ictimai həyata cəlb olunması və maariflənməsi uğrunda qarşısına çıxan çətinliklərə mətinliklə sinə gərərək mərdliklə mübarizə aparmış, elmin inkişafı sahəsində misilsiz işlər görmüş, ömrünü məktəb, təhsil, maarif işinə həsr etmiş, alim, ictimai xadim Səidə İmanzadənin mənalı ömür yoluna işıq salınır.

Nəşrdə S.İmanzadənin ömrünün son illərində qələmə aldığı "Memuarlar"ı, xüsusilə də BDU-dakı fəaliyyəti ilə bağlı xatirələri ilk dəfə dərc olunmuşdur. Burada, həmçinin kövrək qəlbli Səidə xanımın şeirləri də öz əksini tapmışdır.

Kitab hazırlanarkən müəllif arxiv materiallarından və müxtəlif insanların S.İmanzadə haqqında xatirələrindən də istifadə etmişdir.

Alimin ömür yolunun müxtəlif dövrlərini əks etdirən fotoşəkillərin də yer aldığı 356 səhifəlik bu kitabda Səidə İmanzadənin keçdiyi həyat yolu bədii dillə, obrazlı şəkildə oxucuya təqdim olunmuşdur.

Eyni zamanda Y.Mahmudov "Səidə İmanzadə - xalqına nur paylayan böyük ziyalı" başlıqlı yazısı ilə bir daha sevimli müəllimi haqqında ürək sözlərini kağıza köçürmüşdür.

İnanırıq ki, geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş kitab böyük maraqla qarşılanacaqdır.

 

 

Azərbaycan.-2013.- 13 mart.- S.8.