Azərbaycan və Monteneqro
prezidentləri mətbuata
bəyanatlarla çıxış etmişlər
Azərbaycan
Prezidenti İlham Əliyevin Monteneqroya rəsmi səfəri
Martın
12-də Azərbaycan Prezidenti İlham Əliyev və Monteneqro
Prezidenti Filip Vuyanoviç mətbuata bəyanatlarla
çıxış etmişlər.
Prezident İlham Əliyevin bəyanatı
-
Hörmətli cənab Prezident!
Hörmətli
xanımlar və cənablar!
İlk
növbədə, cənab Prezident, mənə və nümayəndə
heyətinə göstərdiyiniz qonaqpərvərliyə
görə Sizə dərin minnətdarlığımı
bildirmək istəyirəm. Sizin gözəl ölkənizdə
olmağımdan çox məmnunam. Sizi və bütün
Monteneqro xalqını müstəqillik dövründə əldə
etdiyi uğurlar münasibətilə ürəkdən təbrik
etmək istəyirəm. Sizin ölkəniz qısa müddət
ərzində böyük uğurlara imza atıbdır. Hətta
böhranlı illərdə Sizin iqtisadiyyatınız sabitlik
nümayiş etdiribdir. İndi Monteneqronun beynəlxalq aləmdə
çox böyük hörməti və nüfuzu vardır.
Onu da qeyd etmək istəyirəm ki, Sizin ölkəniz
Avratlantik strukturlara sürətlə inteqrasiya edir və bu da
Sizin siyasətinizin uğurlarından biridir.
Mən
çox şadam ki, Monteneqro-Azərbaycan əlaqələri də
çox uğurla inkişaf edir. Sizin, cənab Prezident, iki il əvvəl
Azərbaycana etdiyiniz rəsmi səfər bu əlaqələrə
çox güclü təkan vermişdir. İki il ərzində
nəinki yüksək səviyyədə
qarşılıqlı rəsmi səfərlər həyata
keçirilmiş, eyni zamanda, biz iqtisadi sahədə
böyük irəliləyişə nail ola bilmişik. Bu
gün bizim iqtisadi əməkdaşlıqla bağlı
mövqeyimiz yüz faiz üst-üstə düşür.
Monteneqroda yaradılmış gözəl investisiya iqlimi Azərbaycan
investorlarını da ruhlandırmışdır. Mən
çox şadam ki, həm sosial sahə ilə bağlı,
eyni zamanda, turizm infrastrukturunun yaradılması ilə əlaqədar
Monteneqroya artıq Azərbaycan investisiyaları qoyulmağa
başlayır. Ancaq mən hesab edirəm ki, bu, birinci
addımlardır, böyük addımlardır, amma birinci
addımlardır.
Bu
gün əməkdaşlığımızın müxtəlif
aspektlərini müzakirə etdik və belə fikrə gəldik
ki, biz Azərbaycan investisiyalarını Monteneqroya daha da
böyük həcmdə qoymalıyıq və iqtisadi əməkdaşlığı
dərinləşdirməliyik.
Bank
sektoruna böyük maraq göstərilir və biz bu sahədə
uğurlu əməkdaşlıq edə bilərik. Enerji
sektorunda əməkdaşlıq üçün çox
gözəl imkanlar vardır. Bu gün biz Azərbaycanın
icra etdiyi böyük nəqliyyat layihələrini də
müzakirə etdik. Xüsusilə
enerjidaşıyıcılarının Avropa qitəsinə
çatdırılması ilə əlaqədar məsələlər
müzakirə edildi və bu məsələlərlə
bağlı Monteneqro-Azərbaycan əməkdaşlığı
çox uğurlu ola bilər.
Sizin
gözəl ölkəniz haqqında əvvəllər
çox eşitmişəm. Bu gün isə özüm
görürəm ki, doğrudan da, Sizin ölkəniz çox
böyük və uğurlu yol keçmişdir. Bütün
bu uğurlar münasibətilə Sizi bir dost kimi ürəkdən
təbik edirəm.
AzərTAc
Azərbaycan.-2013.- 14 mart.- S.1.