Azərbaycan və Monteneqro
prezidentləri mətbuata
bəyanatlarla çıxış etmişlər
Azərbaycan
Prezidenti İlham Əliyevin Monteneqroya rəsmi səfəri
Martın 12-də Azərbaycan Prezidenti
İlham Əliyev və Monteneqro
Prezidenti Filip Vuyanoviç mətbuata bəyanatlarla
çıxış etmişlər.
Prezident Filip Vuyanoviçin bəyanatı
-
Hörmətli Prezident Əliyev!
Hörmətli
nazirlər, hörmətli nümayəndə heyətinin
üzvləri!
Azərbaycan
Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevin
Monteneqroya rəsmi səfəri çərçivəsində
Sizi, cənab Prezident və rəhbərlik etdiyiniz nümayəndə
heyətinin üzvlərini burada görməkdən
böyük şərəf hissi duyuram. Artıq bildirmişik
ki, aramızda çox gözəl münasibətlər
vardır. Coğrafi məsafə baxımından ölkələrimiz
bir-birinə o qədər yaxın olmasalar da, ölkələrimiz
yaxın dostdur və bu səbəbdən aramızda gözəl
əlaqələr mövcuddur. Dövlətlərimiz
arasında bu cür çoxşaxəli münasibətlərin
olması iqtisadi sahədə də müəyyən nailiyyətlərin
əldə olunması üçün şərait
yaratmışdır və qarşılıqlı əməkdaşlıq
üçün də imkanlar açmışdır.
Qarşılıqlı sərmayə qoyuluşu prosesi də
gedir. Bu məsələlər sırasında Azərbaycan
Respublikasının Dövlət Neft Şirkətinin ölkəmizə
yatırdığı sərmayələr xüsusi əhəmiyyət
kəsb edir. Məsələn, keçmişdə hərbi məqsədlər
üçün istifadə olunan yerlər, kazarmalar hazırda
müasir turizm infrastrukturuna çevrilmişdir. Biz həmçinin
Azərbaycanın Monteneqroda əlavə sərmayə qoymaq
potensialını da müzakirə etdik. Bu məqsədlə
bir çox sahələrə maraq göstərilir. Əməkdaşlıq
və sərmayələr üçün xüsusilə
maraqlı və cəlbedici sahələrə gəldikdə
bu sahədə yol infrastrukturunun tikintisi, enerji sektoru və
turizmi qeyd etmək olar. Biz dövlətlərarası əməkdaşlıq
komissiyasının rolunu da xüsusi qeyd edirik ki, yeni sərmayə
sahələrinin müəyyən edilməsində bu, vacib alətdir.
Əlavə maraq olarsa, bu, yeni müqavilələrin
imzalanmasına imkan yaradacaq və iqtisadi sahədə
qarşılıqlı əməkdaşlığı daha
da genişləndirəcəkdir.
Monteneqro
ilə Azərbaycan Respublikası arasında dostluq münasibətləri
və tərəfdaşlıq haqqında Bəyannaməni məmnunluqla
Prezident Əliyevlə imzaladıq. Bu sənəd gələcək
münasibətlərimizin əsasını təşkil edəcəkdir.
Biz həmçinin digər sazişləri də bu gün
imzaladıq. Onlardan biri gəlir vergisi üzrə ikiqat
vergitutmanın aradan qaldırılması haqqında
razılaşmadır. Biz mədəniyyət, elm və təhsil
sahəsində əməkdaşlıq imkanlarını da
müzakirə etdik. Bu sahələrdə də əməkdaşlıq
üçün geniş imkanların olduğunu qeyd etdik.
Mən
Monteneqro xalqı adından Prezident Əliyevə, Azərbaycan
dövlətinə və onun vətəndaşlarına
Monteneqroya göstərdiyi yardıma görə dərin təşəkkürümü
bildirirəm. Bildiyiniz kimi, bu yardım Bielo-Pole şəhərində
uşaq bağçasının tikintisi üçün
göstərilmişdir. Bu layihə Bielo-Pole üçün
olduqca vacib layihə idi. Biz bu gün həmçinin Azərbaycan
tərəfinin yardımı ilə parkın salınması
məsələsini müzakirə etdik və təqdimata
baxdıq. Təqdimata baxdıqdan sonra belə bir qənaətə
gəldik ki, bu parkın salınması əməkdaşlığımızı
daha da genişləndirəcəkdir. Mən şəxsən
cənab Prezident Əliyevə Monteneqro ilə bu cür gözəl
dost münasibətlərinin sabit vəziyyətdə
qalması və inkişaf etdirilməsində göstərdiyi
səylərə görə dərin təşəkkürümü
bildirirəm.
Prezident
Əliyev ölkələrimiz arasında iqtisadi münasibətlərin
daha da canlanması üçün çox fəal
çalışıb və Azərbaycan sərmayədarlarının
marağının təşviq olunması üçün
böyük səylər göstərib. Bununla mən cənab
Prezident Əliyevə dərin təşəkkürümü
bildirirəm ki, məhz onun gərgin fəaliyyəti nəticəsində
bizim birbaşa apardığımız iqtisadi əməkdaşlığımız,
ikitərəfli münasibətlərimiz daha da inkişaf
etmişdir.
Çox
sağ olun.
Azərbaycan.-2013.- 14 mart.- S.1.