Ali qonağın şərəfinə

 

Azərbaycan Prezidenti İlham Əliyevin Monteneqroya rəsmi səfəri

 

Xəbər verdiyimiz kimi, martın 12-də Monteneqro Prezidenti Filip Vuyanoviçin adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə rəsmi ziyafət verilmişdir.

 

Dövlət başçıları ziyafətdə çıxış etdilər.

 

 

Prezident İlham Əliyevin çıxışı

 

- Hörmətli cənab Prezident!

 

Xanımlar və cənablar!

 

Cənab Prezident, ilk növbədə, səfər zamanı mənə və nümayəndə heyətinə göstərdiyiniz qonaqpərvərliyə görə Sizə minnətdarlığımı bildirirəm.

Son zamanlar iki ölkə arasında qarşılıqlı səfərlərin intensivləşməsi məmnunluq doğurur. Siz son iki ildə Azərbaycana iki dəfə səfər etmisiniz. Bu il isə mən ölkənizə ilk səfərimi həyata keçirirəm. Səfərlər çərçivəsində aparılan danışıqlar və fikir mübadiləsi onu deməyə əsas verir ki, ölkələrimiz arasında energetika, informasiya texnologiyaları, turizm, kənd təsərrüfatı, səhiyyə, ekologiya, mədəniyyət, idman, təhlükəsizlik və digər sahələrdə əməkdaşlıq üçün yaxşı imkanlar vardır. Əldə olunmuş razılaşmaların imzalanan mühüm sənədlərin qısa müddətdə öz nəticələrini verəcəyinə inanıram.

Ölkələrimiz arasında iqtisadi və mədəni əlaqələr inkişaf etməkdədir. Artıq Monteneqroda mədəni və iqtisadi əlaqələr üzrə Azərbaycan-Monteneqro Mərkəzi fəaliyyət göstərir. Eyni zamanda, Azərbaycan investorlarının dəstəyi ilə Monteneqronun Bielo-Pole şəhərində uşaq bağçasının inşa edilməsi və Azərbaycan investorlarının Monteneqroda turizm kompleksinin inşası üzrə tenderdə qalib gəlməsi əməkdaşlığımızın digər konkret nümunələridir.

Yeri gəlmişkən, Podqoritsa şəhərində Azərbaycan xalqının görkəmli şairi və dramaturqu Hüseyn Cavidin büstünün qoyulması və mərkəzi küçələrindən birinə "Bakı" adının verilməsi ilə bağlı qərarlara görə təşəkkürümü bildirir və bu addımları mədəni əlaqələrimizin inkişafına töhfə hesab edirəm.

Ölkələrimiz arasında, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın möhkəmləndirilməsi üçün geniş imkanlar mövcuddur. BMT, ATƏT, Avropa Şurası kimi təşkilatlar bu sahədə olduqca əlverişli platforma təşkil edir.

Monteneqronun gənc müstəqil dövlət kimi əldə etdiyi uğurlar bizi sevindirir. Doqquz ay bundan əvvəl Monteneqronun Avropa İttifaqına üzvlüyü ilə əlaqədar danışıqlara start verilməsi əhəmiyyətli hadisədir.

Azərbaycanın xarici siyasətində Avratlantik strukturlarla əlaqələr mühüm yer tutur. Enerji sahəsində əməkdaşlıq Avropa İttifaqı ilə münasibətlərimizin əsas istiqamətlərindən biridir. Azərbaycan bu istiqamətdə etibarlı tərəfdaş ölkə olduğunu nümayiş etdirmişdir. Biz enerji resurslarımızın bütün istiqamətlərdə dünya bazarlarına çıxarılmasında maraqlıyıq və müxtəlif layihələr üzərində işləyirik. Regionun əsas iqtisadi mərkəzinə çevrilmiş Azərbaycan Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin olunması üçün bundan sonra da öz töhfəsini verməyə hazırdır.

Yuxarıda qeyd edilənlərlə yanaşı, regionun inkişafı üçün ən böyük təhlükə mənbəyi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin öz həllini tapmamasıdır. Bildiyiniz kimi, Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizi - tarixi torpaqlarımız olan Dağlıq Qarabağ və ətrafdakı 7 rayon işğal olunmuş, bu ərazilərdə etnik təmizləmə siyasəti aparılmış və bir milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi, ATƏT, Avropa Parlamenti, Avropa Şurasının Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, NATO və digər beynəlxalq təşkilatların müvafiq qərar və qətnamələri vardır. Bizim qəti mövqeyimiz bundan ibarətdir ki, münaqişə ancaq beynəlxalq hüquq normalarına uyğun və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.

Hörmətli cənab Prezident, Monteneqroya səfər etməyimdən məmnun olduğumu bir daha ifadə edir, Sizə cansağlığı, ölkənizə və xalqınıza daim inkişaf və tərəqqi arzulayıram.

 

 

AzərTAc

 

Azərbaycan.-2013.- 14 mart.- S.2.