Azərbaycanın Baş
naziri Artur Rasizadə Beynəlxalq konfransın
iştirakçıları ilə
görüşmüşdür
Martın
13-də Azərbaycan Respublikasının Baş naziri Artur
Rasizadə "Mülki müdafiə və əhalinin fəlakət
riskinin qarşısının alınmasına
hazırlanması" mövzusunda keçirilmiş Beynəlxalq
konfransın iştirakçıları ilə
görüşmüşdür.
AzərTAc xəbər verir ki, Baş nazir Artur Rasizadə Qəbələ şəhərində Beynəlxalq konfransın yüksək səviyyədə keçirildiyini diqqətə çatdırmışdır. Baş nazir Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin (FHN) 2005-ci ildən fəaliyyət göstərdiyini qeyd etmişdir. A.Rasizadə Azərbaycanın fövqəladə hallar riskinin yüksək olduğu bölgədə yerləşdiyini bildirmişdir. Burada təbii risklərlə yanaşı, potensial təhlükə yaradan obyektlərin də mövcud olduğunu deyən Baş nazir FHN-in bir çox nüfuzlu beynəlxalq təşkilat və xarici ölkələrin müvafiq qurumları ilə əməkdaşlıq etdiyini bildirmişdir. Baş verən fəlakətlərlə bağlı FHN tərəfindən ölkədə bir sıra tədbirlərin həyata keçirildiyini vurğulayan A.Rasizadə bu istiqamətdə işlərin davam etdirildiyini, həmçinin bu sahədəki təcrübəni digər ölkələrlə də bölüşməyin vacibliyini demişdir.
Azərbaycanın iqtisadi inkişafı barədə qonaqlara ətraflı məlumat verən Baş nazir A.Rasizadə ölkəmizdə əhalinin rifahının yaxşılaşdırılması istiqamətində mühüm işlərin görüldüyünü diqqətə çatdırmışdır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən söhbət açan Artur Rasizadə bildirmişdir ki, Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi işğal olunmuş, 1 milyondan çox vətəndaşımız öz yurd-yuvalarından qovulmuş, işğal altındakı ərazilərdə mədəniyyət abidələri və infrastruktur tamamilə dağıdılmışdır.
Beynəlxalq Mülki Müdafiə Təşkilatının baş katibi Nəvaf əl-Sleybi konfransın Azərbaycanda təşkilinə yaradılan yüksək şəraitə görə minnətdarlığını bildirmişdir. O qeyd etmişdir ki, bu konfrans beynəlxalq təşkilatın tarixində dönüş nöqtəsi olacaq və üzv dövlətlərin səylərinin birləşdirilməsinə öz töhfəsini verəcəkdir. Baş katib Azərbaycanın bütün sahələrdə inkişaf etdiyini bildirmiş, ölkəmizin mülki müdafiə sahəsində də bir çox nailiyyətlər qazandığını qeyd etmişdir. Azərbaycanın humanitar sahədə bir çox uğurlara imza atdığını bildirən Nəvaf əl-Sleybi xalqımıza əmin-amanlıq və firavanlıq arzulamışdır.
Sonda
konfrans iştirakçıları adından Azərbaycanın
Baş naziri Artur Rasizadəyə mükafat təqdim
olunmuşdur.
Azərbaycan.-2013.- 14 mart.- S.3.