Azərbaycan Prezidenti İlham Əliyevin Monteneqronun
«Pobjeda» qəzetinə müsahibəsi
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev Monteneqronun
"Pobjeda" qəzetinin baş redaktoru Srdan Kusovaça
müsahibə vermişdir.
- Cənab Prezident, tezliklə Monteneqroya rəsmi səfərə gələcəksiniz. Monteneqroya səfərinizdən nə gözləyirsiniz?
- Bu, mənim Monteneqroya ilk rəsmi səfərimdir. Bildiyiniz kimi, Monteneqronun Prezidenti cənab Filip Vuyanoviç Azərbaycanda səfərdə olmuşdur. Müxtəlif səviyyədə digər qarşılıqlı səfərlər də həyata keçirilmişdir. Əlaqələrimizin inkişafında yüksək səviyyəli səfərlər xüsusi əhəmiyyət daşıyır. Mənim Monteneqroya bu səfərim də ümid edirəm ki, ikitərəfli münasibətlərimizin genişləndirilməsi baxımından önəmli olacaqdır. Hesab edirəm ki, dövlət başçıları səviyyəsində aparılan danışıqlar və heyət üzvləri arasında keçirilən görüşlər, o cümlədən imzalanacaq sənədlər ölkələrimizin mövcud əlaqələrinin daha da möhkəmləndirilməsi və əməkdaşlığımızın yeni sahələrinin müəyyənləşdirilməsi işinə təkan verəcəkdir.
- Ölkənizin bu regiona marağı böyükdür. Son iki ildə Monteneqro,
Serbiya və Xorvatiya prezidentləri Azərbaycana səfər edib. Bu, necə baş verdi,
regiona belə böyük maraq nədən qaynaqlanır?
- Bəli, qeyd etdiyiniz kimi, Monteneqro ilə yanaşı, Serbiya və Xorvatiya prezidentləri də Azərbaycanda səfərdə
olmuşlar. Eyni zamanda, Bosniya
və Herseqovina, Sloveniya, Makedoniya prezidentləri də Azərbaycanda olmuşlar.
Dövlət başçılarının ölkəmizə bu səfərləri Azərbaycan
ilə əməkdaşlığın
genişləndirilməsinə olan marağın göstəricisidir. Əlbəttə
ki, Azərbaycan üçün
də bu regionun ölkələri ilə müxtəlif sahələrdə əlaqələrin
gücləndirilməsi önəmlidir.
Regionun lider dövləti olan Azərbaycan ilə bu ölkələrin əlaqələrinin möhkəmləndirilməsi həm
ikitərəfli münasibətlərin
inkişafına,
həm də
regional əməkdaşlığa öz töhfəsini verə bilər.
- Ölkələrimiz arasında
müxtəlif sahələrdə
olan ikitərəfli əlaqələrin inkişafını
necə dəyərləndirərdiniz?
- Ölkələrimiz arasında
ikitərəfli əlaqələr
müxtəlif sahələrdə
dinamik şəkildə
inkişaf etməkdədir.
Siyasi əlaqələrimizin səviyyəsi
razılıq doğurur. Hökumətlər arasında imzalanan
sənədlər əməkdaşlığımızın
genişləndirilməsi üçün
möhkəm hüquqi
baza yaratmışdır.
Ümid edirəm ki, ikitərəfli münasibətlərimizin
möhkəmləndirilməsində hökumətlərarası birgə
komissiyanın fəaliyyəti
əhəmiyyətli olacaqdır.
Münasibətlərimizin inkişafında parlamentlərarası əlaqələrin
də rolu qeyd olunmalıdır.
İqtisadi əlaqələrimiz də uğurla inkişaf edir. İqtisadiyyatın müxtəlif istiqamətlərində,
o cümlədən enerji
və turizm sahələrində birgə
layihələr uğurla
həyata keçirilir.
Monteneqro
hökuməti tərəfindən
Azərbaycanın dövlət
və özəl şirkətlərinin fəaliyyəti
üçün bu ölkədə əlverişli
investisiya mühiti yaradılmışdır. Azərbaycan investorlarının həyata
keçirdiyi turizm layihəsi bunun bariz nümunəsidir.
Humanitar sahədə də əməkdaşlığımız yaxşı səviyyədədir.
Ölkələrimiz arasında ikitərəfli
əlaqələrin daha
da möhkəmləndirilməsi
üçün yaxşı
imkanlar vardır.
- Ölkəniz təkcə
Monteneqroya deyil, həmçinin regionun digər ölkələrinə,
həm mədəni, həm də dini abidələrin yenidən qurulması layihələrinə sərmayə
qoyur. Azərbaycan, həmçinin monteneqrolu idmançıları
da dəstəkləyir.
Bu cür sərmayələrin
məqsədi nədir?
- Bildiyiniz kimi, Azərbaycan iqtisadiyyatı
son illər sürətlə
inkişaf edir və hazırda
dünyada ən dinamik inkişaf edən iqtisadiyyatlardan biridir. Həyata keçirilən uğurlu islahatlar nəticəsində ölkəmiz
regionun lider dövlətinə çevrilmişdir.
Ölkəmiz enerji sahəsində
böyük nailiyyətlər
qazanmışdır. Azərbaycan qlobal iqtisadi və enerji layihələrində fəal
iştirak edir. Ölkəmiz Avropanın enerji
təhlükəsizliyinin təmin
olunmasına öz töhfəsini verir.
Dünyada mövcud olan
ağır maliyyə
böhranı illərində
belə bizim iqtisadi inkişafımız
davam etmişdir. Son illər
ümumi daxili məhsulu üç dəfə, yəni 300 faizdən çox artıra bilmişik.
İqtisadiyyatın şaxələndirilməsinə
nail olmuşuq.
Qeyri-neft sektorunun inkişafı
dövlətin daim diqqət mərkəzindədir.
Bu sektor keçən
il 9,7 faiz
artmışdır.
Azərbaycanda informasiya və kommunikasiya texnologiyaları
sektoru prioritet sahələrdən biridir. Bu il ölkəmizin ilk süni peyki orbitə buraxılmışdır.
Azərbaycan artıq kosmik
ölkələr sırasına
daxil olmuşdur. İqtisadiyyatımızın inkişafı mötəbər
beynəlxalq maliyyə
qurumları tərəfindən
yüksək qiymətləndirilir.
Davos Dünya İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan iqtisadiyyatı rəqabət
qabiliyyətliliyinə görə
46-cı, MDB məkanında isə 1-ci yerdədir.
Bu gün Azərbaycan
xarici ölkələrə
investisiya qoymağa başlayır. Bu, bizim üçün yeni bir prosesdir.
Biz ən çox
investisiyaları region ölkələrinin
iqtisadiyyatına qoyuruq.
Azərbaycan Türkiyəyə,
Gürcüstana böyük
həcmdə sərmayələr
yatırıb. Biz xaricə qoyulan investisiyaların coğrafiyasını
genişləndiririk. Artıq
investisiyaların bir hissəsini Avropa ölkələrinə
qoymağa başlamışıq. Əlbəttə ki, investisiya
qoyuluşu iqtisadi əlaqələri möhkəmləndirir
və bu əlaqələrin uzunmüddətli
olması baxımından
böyük rol oynayır. Hesab edirəm ki, Azərbaycanın
Monteneqro iqtisadiyyatına
investisiya qoyması üçün yaxşı
potensial vardır. Ümid edirəm ki, bu səfərim ölkənizə sərmayə
qoyuluşu üçün
də yeni imkanlar açacaqdır.
- Sizin ölkənizin bir hissəsi olan, işğal altındakı Dağlıq
Qarabağ regionu ilə bağlı heç bir dəyişiklik yoxdur. Üstəlik, iki azərbaycanlı
əsgər ötən
ay həlak olub. Bu regionun gələcəyi
necə olacaq, Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin
nizamlanmasını necə
görürsünüz?
- Bildiyiniz kimi, Ermənistanın Azərbaycana
təcavüzü uzun
müddətdir ki, davam edir. Bu təcavüz nəticəsində
yaranan Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ
münaqişəsi regionda
sülhə və sabitliyə ən böyük təhlükə
olmaqla yanaşı, həm də regionun inkişafı üçün ciddi maneədir. Münaqişə nəticəsində Azərbaycan torpaqlarının
20 faizi Ermənistan silahlı qüvvələri
tərəfindən işğal
olunmuşdur. Bir milyondan
çox soydaşımız
qaçqın və məcburi köçkün
vəziyyətinə düşmüşdür.
Azərbaycan xalqına qarşı
etnik təmizləmə
siyasəti həyata keçirilmişdir. İşğal
olunmuş ərazilərdə
bütün infrastruktur
dağıdılmış, xalqımızın tarixi,
dini abidələri, qədim maddi mədəniyyət nümunələri,
qəbiristanlıqlar tamamilə
məhv edilmişdir.
Ermənistan
tərəfinin qeyri-konstruktiv mövqeyi nəticəsində
danışıqlar prosesində hər hansı irəliləyişə
hələ də nail olunmayıb, təmas xəttində ermənilər
tərəfindən atəşkəsin tez-tez pozulması
halları baş verir və bu da
Azərbaycanın həm hərbçiləri, həm də
mülki əhalisi arasında itkilərə səbəb olur. İşğalçı
qüvvələrin işğal olunmuş Azərbaycan ərazilərindən
qeyd-şərtsiz çıxarılması ilə
bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə
və digər nüfuzlu beynəlxalq təşkilatların qərar
və qətnamələrinə, ATƏT-in Minsk qrupunun həmsədr
ölkələri rəhbərlərinin Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsində
"status-kvo"nun qəbuledilməzliyi ilə bağlı
verdikləri bəyanata Ermənistan indiyə qədər məhəl
qoymur. Hesab edirəm ki, beynəlxalq birlik bu münaqişənin
ədalətli həll olunması istiqamətində səylərini
daha da artırmalıdır. Bizim qəti mövqeyimiz ondan ibarətdir
ki, münaqişə yalnız Azərbaycanın ərazi
bütövlüyü çərçivəsində, beynəlxalq
hüququn norma və prinsipləri əsasında həllini
tapa bilər. Yalnız bundan sonra regionda uzunmüddətli
sabitlik və əməkdaşlığa nail olmaq olar.
Azərbaycan.-2013.- 14 mart.- S.3.