Bakıda «Heydər Əliyev 90: İqtisadi
modernləşmə» mövzusunda
konfrans keçirilmişdir
"Azərbaycan" qəzetinin və Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) birgə təşkilatçılığı ilə martın 13-də Bakı Biznes Mərkəzində "Heydər Əliyev 90: İqtisadi modernləşmə" mövzusunda konfrans keçirilmişdir.
AzərTAc
xəbər verir ki, konfransın moderatoru, Milli Məclisin
deputatı, "Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar
Sadıqov çıxış edərək ümummilli lider
Heydər Əliyevin respublikamızın ən yeni tarixindəki
əvəzolunmaz rolundan danışmışdır.
Qeyd
olunmuşdur ki, Azərbaycan dövlət müstəqilliyini
çox ağır və mürəkkəb bir zamanda bərpa
etmişdir. Sovet İttifaqı dağıldıqdan sonra
tarixin verdiyi imkandan istifadə edən Azərbaycan XX əsrdə
ikinci dəfə öz müstəqilliyinə
qovuşmuşdur. Müstəqilliyin ilk illərində
respublikada siyasi böhranın ardınca iqtisadi böhran
başlamışdır. Xalqın emosiyaları üzərində
hakimiyyətə gələn qüvvələr nəinki vəziyyəti
düzəldə bilmədilər, əksinə, ictimai-siyasi və
sosial-iqtisadi vəziyyəti daha gərginləşdirdilər.
Nəticədə yenicə müstəqil addımlar
atmağa başlayan Azərbaycan bir dövlət kimi
dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi
ilə üz-üzə qalmışdır.
Yalnız ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən ölkə rəhbərliyinə qayıtmasından sonra ciddi dönüşün əsası qoyulmuşdur. İlk növbədə, erməni təcavüzünün qarşısı alınmış və müharibədə atəşkəs əldə edilmiş, qeyri-qanuni silahlı dəstələrin fəaliyyəti tamamilə ləğv edilmiş, möhkəm sabitlik yaradılmışdır.
Ulu öndər, Azərbaycanı informasiya blokadasından çıxarmış, Xəzərin karbohidrogen ehtiyatlarından səmərəli istifadə edib iqtisadiyyatı dirçəltmək üçün 1994-cü ilin sentyabrında Qərbin iri neft şirkətləri ilə "Əsrin müqaviləsi"nin imzalanmasına nail olmuşdur ki, bu da ölkənin gələcək inkişafında vacib amilə çevrilmişdir.
Bütün bunlardan başqa, Heydər Əliyevin təşəbbüsü və rəhbərlik etdiyi komissiyanın fəaliyyəti ilə 1995-ci ildə müstəqil Azərbaycanın ilk milli Konstitusiyası yaradılmış və ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilmişdir. Çoxpartiyalı parlamentin formalaşması, mətbuat üzərindən senzuranın götürülməsi və humanizm siyasətinin nümunəsi olaraq ölüm hökmünün aradan qaldırılmasını da məhz Heydər Əliyev həyata keçirmişdir.
Tarixən qısa zaman kəsiyində görülən bütün bu işlər həm də Azərbaycanın sürətli inkişafının, modernləşməsinin təməli idi.
Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev müəllifi olduğu "Düşünülmüş, sürətli və davamlı" inkişaf konsepsiyası əsasında dünyada tanınan və qəbul edilən "İnkişafın Azərbaycan modeli"ni yaratmaqla ölkəni qısa müddətdə modernləşdirmişdir. İndi Azərbaycan Cənubi Qafqazın ən güclü dövləti, BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü, demokratiya yolu ilə inamla gedən ölkədir.
"Azərbaycan özünün dövlət müstəqilliyini bərpa etdikdən sonra məhz Heydər Əliyevin uzaqgörən, müdrik və gərgin siyasi fəaliyyəti nəticəsində iqtisadi və sosial böhranlar məngənəsindən çıxaraq dünyanın iqtisadi sistemində öz sözünə, mövqeyinə və zəngin potensiala malik dövlətə çevrilmişdir", - deyən SAM-ın direktoru Fərhad Məmmədov qeyd etmişdir ki, milli dövlətçiliyimizin möhkəmləndirilməsinə və əhalinin rifah halının yüksəldilməsinə yönəldilmiş bu siyasətin ən böyük uğuru inkişafın yeni, nadir modelinin - Azərbaycan modelinin yaradılmasıdır. Bu gün Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində ümummilli lider Heydər Əliyevin iqtisadi siyasət kursu inamla davam etdirilir və özünün müsbət nəticələrini verməkdədir.
F.Məmmədov bildirmişdir ki, Heydər Əliyevin neft strategiyası Azərbaycanın regional lider mərhələsinə çıxardaraq, onun geosiyasi və geoiqtisadi mövqelərinin möhkəmləndirilməsinə, dünya iqtisadiyyatına fəal inteqrasiyasına geniş imkanlar açmışdır. Ötən 20 il ərzində formalaşan Azərbaycanın enerji siyasəti dövlətimizi dünyanın siyasi-iqtisadi arenasında etibarlı tərəfdaş və stabil enerji təminatçısı kimi tanıtmışdır. Fəxrlə qeyd edə bilərik ki, bu gün Cənubi Qafqaz iqtisadiyyatının təqribən 80 faizi Azərbaycanın payına düşür. Güclü iqtisadiyyata və intellektual potensiala malik olan Azərbaycan özünün daxili tələbatını ödəməklə yanaşı, qonşu ölkələrə enerji ixrac etməkdədir. Çoxşaxəli enerji ixracı özünü transsərhəd neft-qaz kəmərlərinin çəkilişi və istismara buraxılmasında büruzə verməklə, yeni iqtisadi perspektivlərin əldə olunmasına zəmin yaratmışdır. Həmin siyasət sayəsində qeyri-neft sektorunun davamlı inkişafı Azərbaycan Respublikasının iqtisadi modelinin prioritet istiqamətlərindən birinə çevirmişdir.
Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə respublikada həyata keçirilən yeni neft strategiyasından, görülən işlərdən, reallaşdırılan layihələrdən ətraflı bəhs edən sənaye və energetika naziri Natiq Əliyev bu dövrdə tarix baxımdan ən qısa zaman ərzində irihəcmli layihələrin gerçəkləşdiyini diqqətə çatdırmışdır. Bildirilmişdir ki, Heydər Əliyevin neft strategiyası sayəsində Azərbaycanda bir çox neft-qaz yataqları kəşf olunmuşdur. Vaxtilə neft diyarı kimi tanınan Azərbaycan bu gün heç kimdən asılı deyil, özünün yeraltı ehtiyatlarının dünya bazarlarına çıxarılmasında müstəqil addımlar atır. Bu istiqamətdə neft-qaz kəmərlərinin şaxələndirilməsi siyasəti yürüdən Azərbaycan bir sıra ciddi uğurlara da nail olmuşdur.
"Azəri-Çıraq-Günəşli" yataqlarının tammiqyaslı işlənilməsindən danışan nazir qeyd etmişdir ki, "Faza-3" layihəsinin iş proqramına əsasən, ilk neftin əldə olunması 2008-ci ilin ortalarında gözlənilirdi. Son nəticədə bu layihənin işlənməsi ümumilikdə "Azəri-Çıraq-Günəşli" yataqlarından gündəlik 1 milyon barreldən (ildə 50 milyon ton) artıq neft çıxarılmasına imkan yaratdı.
Eyni zamanda, Səngəçalda inşa edilmiş terminal dünyada bu qəbildən olan ən böyük terminallardan birinə çevrildi. Bu terminalın genişləndirilməsi nəticəsində gün ərzində burada 1,2 milyon barrel xam neftin saxlanılmasına və texniki emal olunmasına imkan yarandı.
Neft və qaz sənayesində 90-cı illərin
ən böyük nailiyyətlərindən biri Prezident Heydər
Əliyevin bu sahədə atdığı qətiyyətli
addımlar nəticəsində neft və qaz təsərrüfatının
dağılmasının qarşısının
alınması idi, - deyən sənaye və energetika naziri
bildirmişdir ki, əgər 1996-cı ildən 1998-ci ilə
kimi neft hasilatı stabil səviyyədə qalaraq 9,1 milyon ton
olmuşdursa, 1999-cu ildən başlayaraq neftin hasilatı
artmışdır və 2001-ci ildə respublikamızda 14,9
milyon ton neft çıxarılmışdır. 2002-ci ildə neft hasilatı
15,2 milyon ton, 2003-cü ildə isə 15,38
milyon tona qədər artmışdır. 2000-2003-cü
illərdə neftçilər tərəfindən dövlət
tapşırıqları tamamilə yerinə yetirilmişdir,
neft hasilatında artım müşahidə olunmuşdur.
Energetika sahəsində dövlət səviyyəsində
görülən işlərdən də bəhs edən
nazir sonda 2003-cü ildən etibarən Prezident İlham Əliyevin
xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasətini
və neft strategiyasını Azərbaycanın müstəqilliyi
və rifahı naminə uğurla davam etdirdiyini və ölkəmizi
yeni nailiyyətlərə doğru apardığını
vurğulamışdır.
Azərbaycan Respublikası Prezidenti
Administrasiyasının Aqrar siyasət məsələləri
şöbəsinin müdiri Azər Əmiraslanov
çıxış edərək aqrar sahədə dövlət
siyasətindən danışmışdır. Ulu öndər
Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik
etdiyi illəri dövlətçilik tariximizin ən parlaq və
şərəfli dövrü adlandıran A.Əmiraslanov
bildirmişdir ki, bu dövrün siyasi-iqtisadi aspektlərinin
öyrənilməsi aktuallığını hər zaman
saxlayacaqdır. Ulu öndərin həyata
keçirdiyi siyasət nəticəsində dövlət
quruculuğu ilə iqtisadi quruculuq bir-birini
tamamlamışdır. "İqtisadiyyatı
qüdrətli olan dövlət hər şeyə qadirdir"
deyən Heydər Əliyev milli iqtisadiyyatın
formalaşdırılmasında da yorulmaz səylər göstərmişdir.
İqtisadi quruculuq üçün əlverişli şəraitin
yaradılmasını vacib bilən ulu öndər
ictimai-siyasi sabitliyin təmin edilməsi, islahatlar prosesinə
ardıcıl siyasi dəstəyin, liberal iqtisadiyyata konstitusion
təminatın verilməsi, dövlət nəzarət
sistemində köklü dəyişiklər, beynəlxalq əməkdaşlığın
dərinləşdirilməsi, neft müqavilələrinin
imzalanması, xarici investisiyaların cəlb edilməsi və
aqrar sahədə radikal islahatların aparılması istiqamətində
də əməli addımlar atmışdır.
Heydər Əliyev aqrar sahədə islahatların həyata
keçirilməsində böyük təcrübəyə
malik idi. Belə ki, o, bitkiçiliyin bütün istiqamətləri,
istehsal həcmi, əkin sahəsi, məhsuldarlıq göstəriciləri
ilə yaxından məşğul olurdu.
Ulu
öndərin bu sahədə həyata keçirdiyi
islahatlardan danışan A.Əmiraslanov qeyd etmişdir ki, aqrar
islahatları şərtləndirən əsas amillər aqrar
potensialın tamamilə itirilməsi təhlükəsi, bu
sektorda tənəzzülün dərinləşməsi,
hasilat sənayesində dönüşün hələ
baş vermədiyi dövrdə aqrar sahənin vacibliyi, ictimai
təsərrüfatların özünü doğrultmaması,
kənd təsərrüfatında maddi maraq və məsuliyyət
hissinin azalması idi. Bu sahədə
reallaşdırılan tədbirlər, həyata keçirilən
layihələr bu gün ölkəmizin inkişafına əlavə
güc verməkdədir. Bu siyasət
hazırda Prezident İlham Əliyev tərəfindən
uğurla aparılır və əldə olunan nəticələr
də bir daha deməyə əsas verir ki, müstəqillik illərində
Azərbaycanda aqrar sektorun inkişaf etdirilməsinin təməli
məhz ulu öndərin rəhbərliyi ilə həyata
keçirilən islahatlar olmuşdur.
Respublikamızın
müstəqilliyinin ilk illərində reallaşdırılan
sığorta-pensiya sisteminin inkişaf mərhələləri
barədə ətraflı məlumat verən Dövlət
Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov,
2001-2005-ci illərdə həyata keçirilən pensiya
islahatı konsepsiyasının maliyyə dayaqlarının
yaradılması, fərdi uçot sisteminin tətbiqinə
başlanılması, pensiyaların fərdi hesablarda şərti
olaraq yığılmış vəsaitlər əsasında
hesablanması, pensiya sisteminin əhali üçün
aydın və şəffaf olmasının təmin edilməsi,
sığorta-pensiya sisteminin vahid orqan tərəfindən idarə
olunmasının təmin edilməsi olduğunu
vurğulamışdır.
Ulu öndər Heydər Əliyevin bu sahəyə
göstərdiyi diqqət və qayğı sayəsində
uğurlu nəticələr əldə edildiyini deyən
S.Müslümov illər üzrə ayrı-ayrılıqda bu
sahədə görülən işləri və əldə
olunan nəticələri açıqlamışdır. Qeyd
olunmuşdur ki, ötən illər ərzində hazırlanan
əlverişli zəmin 2004-cü ildə pensiya və
müavinətlərin avtomatlaşdırılmış
qaydada plastik kartlarla ödənilməsi sisteminə
keçilməsinə imkan vermişdir. 2005-ci
ildə zəruri fiskal tədbirlərdən biri kimi sosial
sığorta haqlarının dərəcəsi işəgötürənlər
üzrə 5 bənd aşağı salınaraq 27 faizdən
22 faizə endirilmişdi. Fərdi
uçotun və informasiya texnologiyalarının bütün
ölkə ərazisində tam tətbiqi üçün
hazırlıq işləri başa
çatdırılmış, bununla da ölkədə sosial
sığorta haqqının fərdi uçotuna əsaslanan
yeni pensiya sisteminin işləməsi üçün zəruri
infrastruktur yaradılmışdı.
Pensiya təyinatının
avtomatlaşdırılması sahəsində hazırda
2006-cı ildən sonrakı dövr üzrə pensiyaların
sığorta hissəsinin fərdi uçot məlumatları əsasında
təyini aparılır və həmin ildən əvvəlki
dövrə aid iş stajlarının toplanması davam
etdirilir. Hazırda pensiya ödənişi
aparılan pensiyaçıların 99 faizinin
pensiyasının avtomatlaşdırılmış qaydada
plastik kartlarla ödənilməsi təmin olunmuşdur.
Respublikamızda turizm sektorunun inkişaf etdirilməsində
ümummilli lider Heydər Əliyevin yorulmaz fəaliyyətini
xüsusi qeyd edən mədəniyyət və turizm nazirinin
müavini Nazim Səmədov ötən illər ərzində
görülən işlərin bu sahənin dirçəldilməsinə
əlverişli zəmin yaratdığını
bildirmişdir.
N.Səmədov demişdir ki, son illərdə turizm sahəsində
keçirilən islahatlar və turizm sektoruna dövlət tərəfindən
göstərilən qayğı nəticəsində bu sahədə
müsbət dinamika və inkişaf müşahidə
olunmaqdadır.
Son beş il ərzində Azərbaycana səfər
edən turistlərin sayının və daxili turizmdən
istifadə edən ölkə vətəndaşlarının
sayının bir neçə dəfə artması turizmin
ölkə iqtisadiyyatında əsas fəaliyyət növlərindən
biri kimi böyük potensiala malik olduğunu göstərir.
Ulu öndərin məqsədyönlü və dinamik
inkişaf siyasətinin nəticəsi kimi, regionlarda da
bütün sahələr üzrə inkişafın təmin
edilməsi turizmə də öz müsbət təsirini
göstərmişdir. Regionların inkişafı nəticəsində məşğulluğun
artması, orta və kiçik sahibkarlığın
inkişafı, həmçinin turizmin inkişafına
göstərilən dövlət dəstəyi hesabına
turizm sahəsində də yeni iş yerləri
yaranmışdır.
Prezident İlham Əliyev tərəfindən 2011-ci ilin "Turizm ili" elan edilməsini bu sektorun inkişafına yeni təkan kimi qiymətləndirən N.Səmədov bildirmişdir ki, mehmanxana və mehmanxana tipli obyektlərin sayı 2001-ci ildə 69, 2006-cı ildə isə 288 olmuşdur. Ötən ilin statistik göstəricilərinə əsasən belə obyektlərin sayı təqribən 520, respublika üzrə yataq yerlərinin ümumi sayı isə 32 min təşkil etmişdir. Bu mehmanxanalarda 6 min 150 nəfər işçi fəaliyyət göstərir.
Konfransın
sonunda moderator B.Sadıqov çıxış edərək
müstəqilliyinin 21 ili ərzində Azərbaycanın
çox möhtəşəm uğurlara imza
atdığını diqqətə
çatdırmışdır. Bildirilmişdir ki, ölkəmiz
Cənubi Qafqazın aparıcı dövlətinə
çevrilmiş, dünyada sürətli iqtisadi
inkişafı, rəqabətədavamlılığı,
yüksək kredit reytinqi ilə fərqlənir. Bütün
bunlar ulu öndər Heydər Əliyevin
formalaşdırdığı siyasi kursun real bəhrələridir.
Həmin kursu bu gün Prezident İlham Əliyev böyük
uğurla davam etdirir. Azərbaycan xalqı bu siyasəti və
siyasi kursu ürəkdən bəyənir və daim dəstəkləyir.
Əminik ki, bu il keçiriləcək prezident seçkilərində
də vətəndaşlarımız ulu öndər Heydər
Əliyev siyasi xəttinə səs verəcək və bu
inkişafın davamlılığını bir daha təmin
edəcəkdir.
Azərbaycan.-2013.- 14 mart.- S.4.