«Büdcədən maliyyələşən təşkilatlar üçün Maliyyə və Mühasibatlıq Hesabatları» avtomatlaşdırılmış informasiya sisteminin təqdimatı keçirilmişdir

 

Martın 13-də Azərbaycan Diplomatik Akademiyasında Azərbaycan Respublikası Maliyyə və Təhsil nazirliklərinin təşkilatçılığı ilə ali təhsil müəssisələrinin rəhbərliyi və maliyyə məsələləri üzrə məsul şəxslərin iştirakı ilə "Büdcədən maliyyələşən təşkilatlar üçün Maliyyə və Mühasibatlıq Hesabatları" avtomatlaşdırılmış informasiya sisteminin təqdimatı keçirilmişdir.

AzərTAc xəbər verir ki, tədbiri giriş sözü ilə açan maliyyə naziri Samir Şərifov Maliyyə Nazirliyi və Dünya Bankı tərəfindən birgə həyata keçirilən "Korporativ və Büdcə Sektorlarında Hesabatlılıq Layihəsi" çərçivəsində "Büdcədən maliyyələşən təşkilatlar üçün Maliyyə və Mühasibatlıq Hesabatları" avtomatlaşdırılmış informasiya sisteminin yaradılması və tətbiqi ilə bağlı geniş məlumat vermişdir.

Nazir qeyd etmişdir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində nail olunan iqtisadi yüksəlişə paralel olaraq respublikamızda mühasibat uçotunun təkmilləşdirilməsi ilə bağlı mühüm addımlar atılmışdır. Prioritet istiqamətlərdən biri kimi, qısa zaman ərzində ölkədə Beynəlxalq Maliyyə Hesabatları Standartlarına keçidə nail olunaraq zəruri hüquqi-normativ baza yaradılmış və mühasibat uçotu subyektlərinin maliyyə hesabatlarının beynəlxalq standartlar əsasında hazırlanaraq təqdim edilməsi təşkil olunmuşdur.

Üçillik maliyyə hesabatlarının qəbulunu və ümumilikdə prosesi təhlil edən S.Şərifov bu sahədə yeni təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinin vacibliyini diqqətə çatdırmışdır. Bildirmişdir ki,  mühasibat uçotu üzrə beynəlxalq və milli standartlar əsasında formalaşan maliyyə hesabatlarının hazırlanması, qəbul olunması, təhlili proseslərinin avtomatlaşdırılması və hesabatlar üzrə vahid məlumat bazasının hazırlanması zərurəti yaranmışdı.

Qeyd olunmuşdur ki, "Büdcədən maliyyələşən təşkilatlar üçün Maliyyə və Mühasibatlıq Hesabatları" avtomatlaşdırılmış informasiya sistemi hazırda Maliyyə Nazirliyində və 4 pilot universitetdə - Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Xəzər Universitetində tətbiqi başa çatır və yaxın gələcəkdə geniş yayılması nəzərdə tutulur. Tətbiqin birinci mərhələsi 35 ali təhsil müəssisəsini və 4 nazirliyi əhatə edəcəkdir.

Tədbirdə təhsil naziri Misir Mərdanov, pilot universitetlərin -  Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, Azərbaycan Texniki Universitetinin rektoru Havar Məmmədov, Xəzər Universitetinin Müşahidə Şurasının sədri Hamlet İsaxanlı və digərləri çıxış edərək ölkədə müasir mühasibat uçotu sisteminin yaradılması və tətbiqinin əhəmiyyətini vurğulamış, əldə olunan nəticələr barədə məlumat vermişlər.

Sistemin tətbiqinin hər bir təşkilat üçün operativ analiz imkanı yaratdığını vurğulayan natiqlər qeyd etmişlər ki, müəssisədə mühasibat uçotunun beynəlxalq və milli standartlar əsasında avtomatlaşdırılması həm də hazırlanan maliyyə hesabatlarının da avtomatik rejimində formalaşması və vaxtında təqdim olunmasını təmin edir.

Sistemin funksionaltexniki təfərrüatları ilə bağlı məlumat verən icraçı şirkət - "Sinam" şirkətinin rəhbəri Elçin Əliyev bildirmişdir ki, proqram təminatının funksionallığı "Müəssisə resurslarının idarə edilməsi sistemi" prinsipi üzərində qurulub və müəssisənin bütün növ maliyyə-təsərrüfat fəaliyyətinin avtomatlaşdırılmasına və idarə edilməsinə imkan verir. Sistemdə  "Anbar uçotu", "Əsas vəsaitlərin uçotu", "Bank və xəzinə əməliyyatları", "Əmək haqqı", "Maliyyə hesabatları" və "Kadrların uçotu" modulları mövcuddur.

Tədbir müzakirələr və fikir mübadiləsi şəraitində davam etmişdir.

 

 

Azərbaycan.-2013.- 14 mart.- S.4.