Bakıda Azərbaycan-Macarıstan
işgüzar görüşü keçirilmişdir
Martın 13-də Bakıda İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Macarıstan işgüzar görüşü keçirilmişdir.
AzərTAc xəbər verir ki, tədbirdə rəsmi şəxslərlə yanaşı, hər iki tərəfdən kənd təsərrüfatı, tikinti, qida sənayesi, informasiya-kommunikasiya texnologiyaları (İKT), ətraf mühitin bərpası və s. sahələrdə fəaliyyət göstərən şirkətlərin nümayəndələri iştirak etmişlər.
İqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov Azərbaycan ilə Macarıstan arasında siyasi münasibətlərin yüksək səviyyədə olduğunu, bu əlaqələrin hörmət və dostluq, qarşılıqlı maraq prinsiplərinə əsaslandığını, bunun iqtisadi və digər sahələrdə də əməkdaşlığın inkişafına təkan verdiyini diqqətə çatdırmışdır. O, hər iki ölkənin iqtisadi sahədə əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensiala malik olduğunu bildirmişdir.
Qeyd olunmuşdur ki, Azərbaycanda mövcud siyasi və makroiqtisadi sabitlik, iqtisadiyyatın davamlı inkişafı, əlverişli investisiya və biznes mühiti, iş adamları arasında əməkdaşlığın inkişafı üçün geniş imkanlar yaradır. Görülən genişmiqyaslı işlər ölkəmizin iqtisadi imkanlarını daha da artırmış, Azərbaycan investisiya ixrac edən ölkəyə çevrilmişdir.
İşgüzar adamların iştirakı ilə keçirilən tədbirlərin iqtisadi-ticarət əlaqələrinin genişlənməsində əhəmiyyətini vurğulayan nazir müavini, biznes təşəbbüslərinin stimullaşdırılması baxımından bugünkü işgüzar görüşün ölkələrimiz arasında yeni əməkdaşlıq imkanlarının yaranmasında, mövcud əlaqələrin genişlənməsində faydalı olacağını bildirmişdir.
Macarıstan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin dövlət katibi Gyula Budaini ölkəsində Azərbaycan ilə sürətlə inkişaf edən əməkdaşlığa xüsusi önəm verildiyini qeyd etmiş, iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu, işgüzar görüşün bu istiqamətdə əhəmiyyətini vurğulamışdır.
Kənd təsərrüfatı nazirinin müavini Bəhram Əliyev aqrar sahədə əldə olunan nailiyyətlər, dövlətin bu sahəyə göstərdiyi diqqət və qayğıdan, Azərbaycan-Macarıstan münasibətlərinin uğurlu inkişafından danışmış, iki ölkə arasında kənd təsərrüfatı sahəsində əlaqələrin genişləndirilməsinin böyük potensialı olduğunu söyləmişdir.
Görüşdə AZPROMO-nun rəhbəri Rüfət Məmmədov ölkəmizin qazandığı iqtisadi uğurlar, əlverişli biznes və investisiya mühiti, həyata keçirilən iri layihələr barədə məlumat vermiş, Azərbaycanın xarici investisiyalar üçün əlverişli və cəlbedici ölkə olduğunu vurğulayaraq macar iş adamlarını fəal əməkdaşlığa dəvət etmişdir.
Tədbirdə Azərbaycanın investisiya imkanları barədə təqdimat keçirilmiş, macarıstanlı iş adamlarını maraqlandıran suallar cavablandırılmışdır.
Sonda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyası çərçivəsində yaradılmış aqrar məsələlər üzrə altkomitənin iclasının protokolu imzalanmışdır.
Sənədi
Gyula Budaini və Bəhram Əliyev imzalamışlar.
Azərbaycan.-2013.- 14 mart.- S.4.