Professor Nərgiz Paşayevaya Avropa Ticarət, Kommersiya Sənaye İqtisadi Palatasının «Xidmətlərə görə» Qızıl ordeni təqdim edilmişdir

 

Martın 13-də Moskva Dövlət Universitetinin (MDU) Bakı filialının rektoru, filologiya elmləri doktoru, professor Nərgiz Paşayevaya Avropa Ticarət, Kommersiya və Sənaye İqtisadi Palatasının (European Economic Chamber of Trade, Commerce and Industry - EEIG) "Xidmətlərə görə"  Qızıl ordeninin təntənəli surətdə təqdim edilməsi mərasimi olmuşdur.

Filialın rus ədəbiyyatı tarixi kafedrasının dosenti Andrey Krupçanov təntənəli mərasimi açaraq  MDU-nun və Bakı filialının fəaliyyətindən danışmışdır. O bildirmişdir ki, bu gün Bakı filialı ölkənin ən nüfuzlu və aparıcı ali məktəblərindən biridir. Bakı filialı riyaziyyat, psixologiya, filologiya, kimya və iqtisadiyyat üzrə bakalavr və magistrlərin hazırlandığı dinamik inkişaf edən ali təhsil ocağıdır. Filial dünyanın aparıcı universitetləri ilə fəal əməkdaşlıq edir. Son iki ildə Azərbaycanda ilk dəfə olaraq tədris və yaşayış korpuslarını ehtiva edən universitet kampusu inşa edilmişdir. Burada ən müasir elmi avadanlıq quraşdırılmış, universitetin bütün əməkdaşlarının və müəllimlərinin bir araya gəlməsi üçün əsas olan mühit yaradılmışdır. O bildirmişdir ki, professor Nərgiz Paşayevanın əzmkarlığı sayəsində MDU-nun Bakı filialı qısa müddətdə təkcə ölkənin deyil, həm də onun hüdudlarından kənardakı ali məktəblər arasında layiqli yer tuta bilmişdir.  

Avropa Ticarət, Kommersiya və Sənaye  İqtisadi Palatası Direktorlar Şurasının sədri, baş direktoru, professor Haynts Helmut Veypustek fəxri ordenlə təltif edilməsi münasibətilə rektor Nərgiz Paşayevanı təbrik edərək demişdir ki, Bakıda olmaq onun üçün şərəfdir.

Haynts Veypustek Avropa Ticarət, Kommersiya və Sənaye İqtisadi Palatasının fəaliyyətindən danışaraq bildirmişdir ki, onun təmsil etdiyi qurum beynəlxalq qeyri-hökumət təşkilatıdır. Senat Avropa Ticarət, Kommersiya və Sənaye İqtisadi Palatasının ali orqanıdır. Senata ictimai həyatda mühüm rol oynayan peşəkarlar, məsələn, dövlət xadimləri, nüfuzlu  adamları, Avropa Parlamentinin üzvləri,  universitetlərin rektorları və s. seçilirlər.

Sonra Haynts Helmut Veypustek Nərgiz Paşayevaya fəxri Qızıl ordeni təqdim etmişdir.

Professor Nərgiz xanım Paşayeva "Xidmətlərə görə" Qızıl ordenlə mükafatlandırılması və onun fəaliyyətinə verilən yüksək qiymətə görə Avropa Ticarət, Kommersiya və Sənaye İqtisadi Palatasına dərin minnətdarlığını və təşəkkürünü bildirmişdir.

Nərgiz Paşayeva çıxışında vurğulamışdır ki, M.V.Lomonosov adına Moskva Dövlət Universiteti mədəni-tarixi baxımdan ölkənin həyatında əhəmiyyətli rol oynayır. O demişdir: "Hazırda  bu universitet planetimizin altıdabir hissəsində  özünün qeyd-şərtsiz  birinciliyini saxlayır. Universitet bu günün özündə Rusiya elminin və mədəniyyətinin başlıca mərkəzi olaraq qalmaqdadır".

Rektor Nərgiz xanım Paşayeva qeyd etmişdir ki, Moskva Dövlət Universitetində bütün dövrlərdə insanları ətraf mühiti öyrənməyə və başa düşməyə, deməli, özünü təkmilləşdirməyə, daxilən  mənəvi-əxlaqi zənginləşməyə öyrətmişlər. Elm və təhsilin gücünün sərhədi yoxdur, o, xalqları və dövlətləri birləşdirir.

Rektor bəşəriyyətin inkişafında Avropanın mənəvi-maarifçilik rolunu vurğulayaraq bildirmişdir ki, bütün dünya sivilizasiyasının inkişafına lazımlı təkanı elə Avropada yaradılmış ilk universitetlər vermişdir.

Professor demişdir: "Bu gün hər bir savadlı insanın şüurunda Avropa elmin, texnikanın, habelə mədəni irsin bütün sahələrində tərəqqi, gözəllik və romantika ilə assosiasiya olunur. Bunlarsız yaşamaq mümkün deyildir. Zaman Avropanın gözəl simasını dəyişə bilməmişdir".

Nərgiz xanım Paşayeva bildirmişdir ki, Sovet İttifaqının dağılmasından sonra dünya bütövlükdə dəyişmişdir, Avropa da dəyişmişdir. Məhz bu dövrdə, ötən əsrin 90-cı illərində "İkisürətli Avropa" ifadəsi yaranmışdır. Bu, o deməkdir ki, Avropa cəmiyyəti qeyri-bərabər inkişaf edir. Bəzi ölkələr sürətlə inkişaf edir, bəziləri isə inkişaf sürətinə görə geri qalır. Lakin XV-XVI əsrlərin humanistlərinin istifadə etdikləri "Avropa balansı", "Avropa tarazlığı" kimi digər terminləri də yada salmaq lazımdır. Alimin fikrincə, bu gün həmin  terminlər ölkələrimiz üçünaktual və zəruridir.     

MDU-nun Bakı filialının bütün nailiyyətlərinin uzun və gərgin fəaliyyətin nəticəsi olduğunu vurğulayan  rektor demişdir ki, universitetdə rusiyalı həmkarlarla birlikdə mütəşəkkil bir  komanda yaranmışdır. N.Paşayeva əlavə etmişdir: "Bugünkü mükafatın MDU-nun filialının hər bir əməkdaşına aidiyyəti vardır".

Xanım Nərgiz Paşayeva Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. O, Azərbaycan ədəbiyyatı tarixi kafedrasının assistentliyindən  M.Lomonosov adına MDU-nun Bakı filialının rektoru vəzifəsinədək mürəkkəb yol keçmişdir. N.Paşayeva Azərbaycanın əməkdar elm xadimidir, onun səyləri ilə qısa müddətdə Bakıda regionun ən yaxşı ali məktəblərindən biri yaradılmışdır. Burada təhsilin keyfiyyəti ən yüksək tələblərə cavab verir.

Rektor N.Paşayeva monoqrafiya və kitabların, elmidövri mətbuatda dərc olunmuş onlarca məqalənin müəllifidir.

Professor Nərgiz Paşayevanın layiq görüldüyü mükafatlar sırasında dünya mədəniyyətinin inkişafına töhfəyə görə   UNESCO-nun medalı və Macarıstanın "Xidmətlərə görə" Komandor Xaç Ordeni vardır. O, Rusiya-Azərbaycan mədəni əlaqələrinin inkişafına və rus incəsənətinin xaricdə təbliğinə böyük töhfəsinə görə Rusiyanın "Dostluq" ordeni ilə təltif edilmiş yeganə qadındır.

Professor Nərgiz Paşayeva yaradıcı şəxsiyyətdir. Onun 2006-cı ildə yaratdığı "ÜNS" Teatrı sənətsevərlərin sevimli məkanına çevrilmişdir.

Filologiya elmləri doktoru, pedaqoq, ictimai xadim, professor Nərgiz Paşayevanın bütün nailiyyətləri gərgin əməyin nəticəsidir. Azərbaycan Yazıçılar Birliyinin  üzvü və İngiltərə-Azərbaycan Xeyriyyə Cəmiyyətinin həmsədri Nərgiz Paşayeva öz tələbələri üçün əsl vətənpərvərliyin gözəl örnəyidir.

Xatırladaq ki, iqamətgahı Brüsseldə yerləşən Avropa Ticarət, Kommersiya və Sənaye İqtisadi Palatası 2012-ci il dekabrın 13-də Nərgiz Paşayevanın "Xidmətlərə görə" Qızıl ordeni ilə təltif edilməsi barədə qərar qəbul etmişdir.

Qeyd edək ki, Avropa Ticarət, Kommersiya və Sənaye İqtisadi Palatasının "Xidmətlərə görə" Qızıl ordeni xadimlərə fəaliyyətində böyük xidmətlərinə və yüksək peşəkarlığına görə verilir.

Sonda səhnə MDU-nun Bakı filialının əsas qəhrəmanlarına  - konsertlə çıxış edən tələbələrə verilmişdir. Tədbir ənənəvi olaraq tələbə himninin ifası ilə başa çatmışdır. 

 

 

 AzərTAc

 

Azərbaycan.-2013.- 14 mart.- S.5.