Azərbaycan və Səudiyyə Ərəbistanı arasında turizm sahəsində Anlaşma Memorandumu imzalanmışdır

 

Martın 12-də Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi  nümayəndə heyəti Səudiyyə Ərəbistanı Krallığının Mədinə şəhərinin 2013-cü ildə islam mədəniyyəti paytaxtı elan edilməsi ilə əlaqədar həmin şəhərdə keçirilmiş mərasimdə iştirak etmişdir.

Tədbir çərçivəsində Ə.Qarayev Krallığın Turizm və Qədim Abidələr üzrə Baş Komissiyasının prezidenti şahzadə Sultan bin Salman bin Əbdüləziz Əl-Səud ilə görüşmüşdür.

Görüşdə Ə.Qarayev Azərbaycan və Səudiyyə Ərəbistanı arasında mədəniyyət və turizm sahəsində ikitərəfli əlaqələrin intensiv şəkildə inkişafından danışmış, Prezident İlham Əliyevin salamlarını Kral Abdullah bin Əbdüləziz Əl-Səud və Vəliəhd Şahzadə Salman bin Əbdüləziz Əl-Səudə çatdırmağı xahiş etmişdir. Nazir iki ölkə arasında dostluq münasibətlərinin və işgüzar əlaqələrin genişlənməsinə mühüm əhəmiyyət verdiyini vurğulayaraq mədəniyyət və turizm sahəsində əməkdaşlığın daha yüksək xətlə inkişaf etdirilməsinə tərəfdar olduğunu vurğulamışdır.

Şahzadə Əbdüləziz Əl-Səud Prezident İlham Əliyevin salamlarını ünvan sahiblərinə çatdıracağını söyləmiş, hər zaman Azərbaycan nümayəndə heyətini ölkəsində görməkdən məmnun olduğunu bildirmişdir. O, Azərbaycanın islam aləminin bir hissəsi, mədəniyyət sahəsinin inkişaf etdirilməsində hər iki ölkənin geniş potensiala və böyük imkanlara malik olduğunu, əməkdaşlığın bundan sonra daha sıx davam etdirilməsi və münasibətlərin genişləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini bildirmişdir. Şahzadə Azərbaycanın turizm sahəsində təcrübəsindən istifadə edəcəklərini və Bakıya səfər etmək arzusunda olduğunu bildirmişdir.

Görüşün sonunda "Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Səudiyyə Ərəbistanı Krallığının Turizm və Qədim Abidələr üzrə Baş Komissiyası arasında turizm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu" imzalanmışdır. Memorandumun qısa müddət ərzində həyata keçirilməsi ilə əlaqədar işçi qrupunun yaradılmasına dair razılıq əldə edilmişdir.

İmzalanma mərasimindən sonra qeyd edilmişdir ki, gələcəkdə əlaqələrin inkişafında bu Memorandum daha geniş imkanların yaradılmasına təkan verəcəkdir. 

Mədəniyyət və Turizm Nazirliyi aparatının rəhbəri Firudin Qurbanov, şərqşünas-alim, akademik Vasim Məmmədəliyev, Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri, akademik Arif Mehdiyev və Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığındakı səfiri Rasim Rzayev görüşdə iştirak etmişlər.

 

 

Azərbaycan.-2013.- 14 mart.- S.6.