Azərbaycan gəncliyinin mütləq əksəriyyəti xalq arasında nüfuzunu itirmiş qüvvələrə inanmır

 

Azərbaycan ordusunda baş verən hər hansı bir hadisə ilə bağlı aqressiv müxalifət və ölkəmizin inkişafını gözü götürməyən müəyyən dairələr hakimiyyətə qarşı qərəzli kampaniyalar aparmaqda davam edirlər. Bu avantürist qüvvələr əsgər cənazəsi üzərindən siyasi oyunlar oynamaqla xaricdəki havadarlarını məmnun etmək istəyirlər. Öz köhnə əməllərindən əl çəkməyən, antiazərbaycançı şəbəkəyə dəstək verən bu qüvvələr yenə də gəncləri önə verərək hadisələri evlərindən seyr edirlər. Ancaq onların köhnə vərdişləri, məkrli niyyətləri heç vaxt reallaşmayıb və xalqın dəstəyini qazanmayıb. Azərbaycan gəncliyinin artıq mütləq əksəriyyəti xalq arasında nüfuzunu itirmiş bu destruktiv qüvvələrə inanmır və onların siyasi şoularının iştirakçısı olmaq belə istəmir.

Bu qüvvələrin üzü cəmiyyətə yaxşı məlumdur. Aqressiv müxalifətin əsgər ölümündən, başqasının faciəsindən yararlanıb onu siyasiləşdirməklə xal qazanmaq niyyəti bu dəfə də ifşa olundu. Bu məsələyə münasibət bildirən Azərbaycanın daxili işlər naziri Ramil Usubov bildirib ki, sosial şəbəkələrdəki bu çağırışlar respublikadakı dayanıqlı sabitliyi pozmağa yönəlib. Nazir vurğulayıb ki, respublikadakı dayanıqlı sabitliyi pozmaqda maraqlı olan bəzi qüvvələr ayrı-ayrı ailələrin faciəsindən öz siyasi maraqları üçün istifadə edərək sosial şəbəkələrdə ölkə vətəndaşlarına müraciət edib onları qanunsuz aksiyaya qoşulmağa çağırırlar. Bunu təxribat adlandıran Ramil Usubov baş verən hadisəni cəmiyyətlə ordu arasında inamsızlıq, süni qarşıdurma yaratmağa yönələn uğursuz cəhd kimi qiymətləndirib.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli APA-ya açıqlamasında isə bildirib ki, son icazəsiz aksiyanın dinc şəraitdə keçməyəcəyi hər kəsə bəlli olub. Azərbaycan hüquq-mühafizə orqanlarının səyi nəticəsində həmin aksiyada "Molotov kokteyli"ndən istifadənin qarşısı alınıb. Həmçinin eyni aksiyaların həmin gün ABŞ və Almaniyada keçirilməsinə cəhdlər, bunun bir sıra xarici mətbuatda antiazərbaycan ruhunda işıqlandırılması bir daha sübut edir ki, bu, əslində, Azərbaycan gəncliyinin mövqeyi deyil: "Bu aksiyalar ölkənin radikal müxalifəti ilə xaricdə Azərbaycan əleyhinə olan qüvvələrin birliyinin təzahürüdür. Aksiyaların iştirakçıları da radikal müxalifətə yaxın olan şəxslər, ya qohumları, ya da ki onların gənclər təşkilatının üzvləridir. Təbii ki, buna xaricdə olan həmin qüvvələr maddi-texniki dəstək verirlər".

Şair Aqşin Yenisey isə dağıdıcı müxalifətin məkrli niyyətinin qurbanına çevrilmiş bəzi gənclərin bu şəkildə oyuncaq səviyyəsinə salınmasını qınadı. Gənc yazar aksiya iştirakçılarına müraciət edərək - "Sadəcə, əgər orduda əsgər ölümünə etiraz edirdilərsə, 2 il əvvəl əsgər öləndə niyə səsinizi çıxarmırdınız?" - deyə sual edib. Eyni zamanda, bildirib ki, aksiyaçıların əksəriyyəti əsgərlikdən imtina edən gənclərdir: "Əsgərlik görməmiş adambilir ki, oradabaş verib? İki il əvvəl ölən əsgər yaddan çıxıb, ötən ay ölən əsgər üçün küçələrə çıxırlar. Seçki ilində əsgər ölümlərinə etiraz dəbə minib. Bu, tərbiyəsiz bir şeydir. Bir gənc əsgərin meyitinin üzərindən siyasət etmək doğru deyil".

A.Yenisey hesab edir ki, bu gəncliyi ortaya salan qüvvələr var: "Mən intellektual gəncliyin fəal olmasının tərəfdarıyam, amma qaragüruh gəncliyin yox. Mən bu gəncliyi iplə oynadılan kuklaya bənzədirəm".

Bəli, bu gün Azərbaycan ordusu ilə bağlı mənfi fikir səsləndirənlər Silahlı Qüvvələrin təşkilatçılığından, hansı gücə, potensiala, intizama malik olmasından xəbərsiz olanlardır. Müasir Azərbaycan ordusu Mübariz İbrahimov, Ramil Səfərov, Fərid Əhmədov kimi igid, qəhrəman oğullar yetişdirib və yetişdirəcək də. Öz məkrli niyyətlərini həyata keçirmək üçün əsgər ölümündən siyasi şou düzənləyənlər isə həmişə olduğu kimi, bu dəfə də fiaskoya uğrayacaqlar. 

 

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.-2013.- 14 mart.- S.6.