«Amnesty İnternational»ın növbəti qərəzi

 

Bu cür təşkilatlar Azərbaycanla bağlı yalan iddialar ortaya qoymaqdansa, Avropa ölkələrində vəhşiliklə pozulan insan hüquqlarını müdafiə etsələr, daha səmimi görünərlər

 

Azərbaycan demokratik prinsipləri rəhbər tutaraq inkişaf edən hüquq dövlətidir. Ölkəmizin Konstitusiyasından irəli gələrək ayrı-ayrı qanunlarda vətəndaşların hər bir hüquq və azadlığı əksini tapıb. O cümlədən ölkə vətəndaşlarının sərbəst toplaşmaq azadlığı ilə bağlı hüquqları qanunvericiliklə tam təsbit olunub. Qanunvericilik çərçivəsində həyata keçirilən bu cür tədbirlərə razılıq verilir, yer ayrılır.

Amma ölkəmizdəki sabitliyi pozmaqda maraqlı olan bəzi qüvvələr icazəsiz aksiyalar keçirməyə cəhd etməklə Azərbaycanda insan hüquqları haqqında vəziyyətin guya pis olduğu barədə görüntü yaratmağa çalışırlar. Martın 10-da bir qrup şəxsin şəhərin mərkəzi hissəsində keçirmək istədiyi icazəsiz aksiya da bunun əyani sübutudur. Qarşısı alınan həmin icazəsiz aksiya antiazərbaycançı qüvvələrin sifarişlərini yerinə yetirən dağıdıcı müxalifətin cəmiyyətlə ordu arasında süni qarşıdurma yaratmağa yönəlmiş uğursuz cəhdi idi. Həmin icazəsiz və uğursuz aksiya həm də onu göstərdi ki, dağıdıcı müxalifətin Azərbaycanda "çoxsaylı etirazçı elektoratın" mövcudluğu, onların aksiya keçirmələri üçün uyğun yerin olmadığı barədə iddiaları tamamilə cəfəngiyyatdır. Eyni zamanda, bir daha təsdiq olundu ki, Azərbaycan gəncliyi mövcud hakimiyyətə alternativ görmür.

Martın 10-da icazəsiz, o cümlədən vətəndaşların istirahət hüququnu pozmağa yönəlmiş aksiyanın qarşısı polis tərəfindən sivil formada alındı. Saxlanılanlar araşdırmalardan sonra sərbəst buraxıldılar. Elə dağıdıcı müxalifətin özünün lentə aldığı kadrlarda hər hansı zorakılıq halı görünmür. Amma antiazərbaycançı şəbəkə ilə birlikdə olan bəzi beynəlxalq təşkilatlar yenə də öz amplualarına sadiq qalaraq icazəsiz aksiyanın guya zorakı yolla dağıdıldığını iddia etdilər. Maraqlıdır ki, bu sərsəm iddianı səsləndirən "Amnesty İnternational" təşkilatı ortaya atdığı yalanı təsdiq edə biləcək bircə faktı belə ortaya qoya bilmir.

Əslində, "Amnesty İnternational" və digər onun kimi təşkilatın belə bir fikir ortaya atacağı gözlənilən idi. Çünki bu cür təşkilatlar antiazərbaycançı şəbəkənin elementləridir və ona görə də Azərbaycan dövlətinə qarşı daim qərəzli və inkarçı mövqedə dayanırlar. Hakimiyyət orqanları ilə əməkdaşlıqdan qaçan bu təşkilatlar onların maraqlarına xidmət edən dağıdıcı müxalifətin və bəzi qeyri-hökumət təşkilatlarının ötürdükləri məlumatlara əsasən hazırladıqları hesabatlarda həmişə Azərbaycana qarşı qərəzli mövqe tuturlar. Belə hesabatların, xüsusilə Azərbaycanın qazandığı beynəlxalq uğur zamanı ortaya atılması həmin qərəzin bir daha təsdiqidir.

"Amnesty İnternational" və Azərbaycana qarşı onun kimi qərəzli mövqe tutan digər təşkilatlar yaxşı olardı ki, elə dünyaya demokratiya dərsi keçmək iddiasında olan Avropa ölkələrində mitinqlərin zorakı yolla dağıdılmasına münasibət bildirsinlər. Çünki mitinq iştirakçılarının üstünə itlərlə hücum etmək, aksiyalarda iştirak edənləri atlarla tapdalamaq yalnız Avropa ölkələrində müşahidə olunur və bu hadisələr çox uzaqda yox, elə yaxın keçmişimizdə baş verib. Avropada insan hüquqlarının pozulması sahəsindəki ən aktual problemlərdən biri etiraz aksiyalarının dağıdılması zamanı polis tərəfindən qeyri-adekvat şəkildə güc tətbiq olunmasıdır. Son vaxtlar polisin nümayişçilərə qarşı itlərlə, gözyaşardıcı qazlarla, dəyənəklərlə zorakılıq etməsi bu məkanda artıq nadir hallarda rast gəlinən hadisə sayılmır. Sözügedən beynəlxalq təşkilatlar isə Avropadakı polis zorakılığından, sadəcə, narahat olduqlarını bildirməklə kifayətləniblər. Qaldı ki Azərbaycanda təhlükəsizliyi təmin etmək üçün istifadə edilən texniki vasitələrə, bunlar da Avropadan gətirilənlərdir.

Ona görə "Amnesty İnternational" kimi təşkilatlar Azərbaycanla bağlı uydurma, qərəzli iddialar ortaya qoymaqdansa, Avropa ölkələrində vəhşiliklə pozulan insan hüquqlarını müdafiə etsələr, daha səmimi görünərlər. Bu isə hələlik mümkünsüzdür. Çünki onlar əvvəldə qeyd etdiyimiz kimi, antiazərbaycançı şəbəkənin tərkib hissələridir.

 

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.-2013.- 14 mart.- S.6.