Bakı Biznes Universitetinin yaranmasının 20 illik yubileyi
təntənə ilə qeyd edildi
Bu
gün iqtisadi inkişaf tempinə görə dünyada liderlər
sırasında olan Azərbaycan dövləti insan
kapitalının formalaşmasını bir məqsəd kimi
qarşısına qoymuşdur. Azərbaycan Prezidenti İlham Əliyev
bu məsələyə xüsusi önəm verir. Dövlətin
apardığı ardıcıl və məqsədyönlü
işlər nəticəsində yalnız son 10 ildə
ölkəmizdə 2500-dən çox yeni məktəb
binası tikilmiş və bərpa edilmişdir.
Bazar
iqtisadiyyatı münasibətləri inkişaf etdikcə
ölkəmizdə yeni tipli təhsil ocaqlarının
yaradılmasına və inkişafına da böyük önəm
verilir. Belə ali məktəblərdən biri də Bakı
Biznes Universitetidir.
Dünən
Bakı Biznes Universitetinin yaranmasının 20 illik yubileyi təntənə
ilə qeyd edildi. Yubiley tədbiri iki əlamətdar hadisə
ilə diqqəti cəlb etdi: ulu öndər Heydər Əliyevin
yeni büstünün və müasir tələblərə
cavab verən elektron kitabxananın açılışı
ilə başlanması. Yubiley tədbirinə Milli Məclisin
deputatları, 11 ölkədən, o cümlədən
Türkiyə, Rusiya, Ukrayna, Polşa, Litva, Gürcüstandan gəlmiş
qonaqlar qatılmışdılar.
Tədbirdə
Yeni Azərbaycan Partiyası sədrinin müavini, icra katibi Əli
Əhmədov, Azərbaycan Respublikası təhsil nazirinin
müavini Qulu Novruzov, Dövlət Sosial Müdafiə Fondunun
sədri Səlim Müslümov, Yasamal Rayon İcra Hakimiyyətinin
başçısı İbrahim Mehdiyev, AMEA-nın birinci
vitse-prezidenti Arif Haşımov, Metropolitenin rəisi
Tağı Əhmədov və digər
iştirakçılar öz təbriklərini universitetin
kollektivinə çatdırdılar. Təbrik
çıxışlarında qeyd olundu ki, sahəsi
ümumilikdə 10.200 kvadratmetr olan ən müasir tipli beynəlxalq
standartlara uyğun üç tədris korpusuna malik olan
universitet son 10 il ərzində maddi-texniki bazasını daha
da genişləndirmiş, müasir texniki vəsaitlə təchiz
olunmuş linqafon otaqları, kompyuter kabinetləri, ixtisas
laboratoriyaları, idman kompleksi və akt zalı professor-müəllim
və tələbə kontingentinin ixtiyarına verilmişdir.
Universitetin 20 illik yubileyi ərəfəsində ümumilikdə
450 çap vərəqi həcmində 26 kitab, o cümlədən
5 dərslik, 6 dərs vəsaiti, 9 monoqrafiya, 6 metodik vəsait
nəşr edilmişdir. Bu, çox yüksək göstəricidir.
Universitetin kadr potensialını artırmaq üçün
son 10 ildə 6 elmlər doktoru, 21 iqtisad üzrə fəlsəfə
doktoru yetirilmişdir.
Valeh CƏFƏROV
Azərbaycan.-2013.- 14 mart.- S.7.