Qafqaz Müsəlmanları İdarəsində
«Axund və imamlar üçün xütbə
nümunələri» kitabının təqdimatı
olmuşdur
Martın
13-də Qafqaz Müsəlmanları İdarəsində
(QMİ) "Axund və imamlar üçün xütbə nümunələri"
kitabının təqdimatı olmuşdur.
AzərTAc
xəbər verir ki, kitabın müqəddiməsinin müəllifi,
Qafqaz Müsəlmanları İdarəsinin sədri,
şeyxülislam, tarix elmləri doktoru, professor Hacı
Allahşükür Paşazadə nəşr üzərində
aparılan işdən danışmışdır.
Müqəddimədə
deyilir ki, cəmiyyətin mənəviyyatının əsasını
təşkil edən İlahi Qanun - din onun
formalaşmasında böyük rol oynayır. İnsanlar dinin
əsasları ilə adətən məscidlərdə
tanış olurlar. Heç şübhəsiz, minbər elə
bir kafedradır ki, din xadimləri buradan öz xütbələrini
oxuyub möminlərlə mənəvi ünsiyyət saxlaya
bilirlər. Müasir dövr
dinin və dünyəvi elmlərin əsasları, öz
ölkəsinin tarixi ilə bağlı dərin elmi biliklər
tələb edir. Lakin bəzən məscidlərdə kifayət
qədər dolğun olmayan eyni moizələr təkrar-təkrar
oxunur.
Bu
baxımdan tövsiyə edilən xütbələr məcmuəsindən
ibarət olan yeni nəşr axund və imamların işinə
əhəmiyyətli kömək olacaqdır. Dini Qurumlarla İş üzrə
Dövlət Komitəsinin sədri Elşad İsgəndərov
, QMİ sədrinin müavinləri
- İslam Universitetinin rektoru Hacı Sabir, Hacı Salman və
başqaları din xadimlərinin fəaliyyəti
üçün belə nəşrlərin böyük əhəmiyyət
daşıdığını vurğulamışlar.
Məcmuəyə
52 xütbə daxildir. Xütbələrdə islamın
bütün əsas ayinlərindən və əxlaq
qaydalarından danışılır. Ayrıca bir fəsildə Məhəmməd Peyğəmbərin
(S), onun silahdaşlarının, imamların həyat və fəaliyyəti
haqqında məlumat, habelə tariximizə dair materiallar,
ümummilli lider Heydər Əliyevin "Qafqazda islam
sivilizasiyası" mövzusunda çıxışı,
Şah İsmayıl və səfəvilər, habelə Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ
münaqişəsinin ağır nəticələri və
s. haqqında qısa məlumatlar yer almışdır.
Kitabın
sonunda əhəmiyyətli dini və tarixi hadisələrin təqvimi
verilmişdir.
Nəşrin
rəyçisi akademik Vasim Məmmədəliyev, elmi
redaktorları Elçin Əsgərov, ilahiyyat doktoru Hacı
Mirəziz Seyidzadədir.
Azərbaycan.-2013.- 14 mart.- S.7.