Beynəlxalq muğam
festivalı çərçivəsində özbək və
Azərbaycan musiqiçilərinin konserti keçirilmişdir
Xəbər
verdiyimiz kimi, Heydər Əliyev Fondunun, Mədəniyyət və
Turizm Nazirliyinin və Azərbaycan Bəstəkarlar
İttifaqının birgə təşkilatçılığı
ilə ölkəmizdə "Muğam aləmi"
Üçüncü Beynəlxalq Muğam Festivalı
keçirilir.
AzərTAc
xəbər verir ki, festival çərçivəsində
martın 13-də Beynəlxalq Muğam Mərkəzində
Özbəkistanın xalq artisti, özbək
makomlarının mahir ifaçısı Munojat
Yolçiyevanın "Şaşmakom" adlı konserti təqdim
edilmişdir.
Müğənnini
Şuxrat Razzakov (rübab), Axmatjon Dadayev (gijjak), Dilfuzaxon
Xaydarova (dutar), Xocimurad Safarov (doira), İbrohimcon Qaniyev (ney)
müşayiət etmişlər.
Munojat
Yolçiyevanın gözəl tembrli, nadir səsi ifadəli,
güclü bədii təsirə malik olub, öz sənətkarlığı
və təbii cazibədarlığı ilə Fransa,
İngiltərə, ABŞ və Yaponiyanın ən
nüfuzlu konsert salonlarında dinləyicilərin qəlbini fəth
etmişdir.
Dünyanın
müxtəlif millətlərindən olan minlərlə insan
üçün Munojat Yolçiyeva Özbəkistan musiqi sənətinin
təcəssümünə çevrilmişdir. Müğənni
özbək makomlarında klassik və müasir şairlərin
lirik poeziyasına əsaslanır.
Munojat
Yolçiyeva fəal ictimai xadim kimi "Kelajak Ovozi"
istedadlı gənclərin respublika müsabiqəsinin
İctimai Şurasına daxildir və müxtəlif beynəlxalq
layihələrdə fəal iştirak edir.
Konsertin
ikinci hissəsində Azərbaycan xanəndələri - xalq
artisti Mənsum İbrahimov və əməkdar artist Təyyar
Bayramov "Şur" muğamını ifa etmişlər.
Xanəndələri əməkdar artistlər Elçin Həşimov
(tar), Elnur Əhmədov (kamança), Təranə Əliyeva
(qanun), Kamran Kərimov (nağara), Qalib Həşimov (ud),
Coşqun Sadıqov (balaban) və Nizami Allahverdiyev (balaban)
müşayiət etmişlər.
Konsert
tamaşaçıların sürəkli alqışları
ilə qarşılanmışdır.
Azərbaycan.-2013.- 14 mart.- S.7.