Berlində Azərbaycan ilə Almaniya arasında növbəti siyasi məsləhətləşmələr keçirilmişdir

 

Martın 12-də Berlində Azərbaycan ilə Almaniya arasında növbəti siyasi məsləhətləşmələr keçirilmişdir. Məsləhətləşmələrdə Azərbaycan tərəfini xarici işlər nazirinin müavini Xələf Xələfovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil etmişdir.

Məsləhətləşmələr Almaniya Federativ Respublikasının Xarici İşlər Nazirliyində dövlət naziri xanım Kornelia Piper və Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi elçi Antye Lendertse ilə görüşlərlə başlamışdır. Dövlət naziri K.Piper Azərbaycanı Almaniya və Avropanın regionda vacib strateji tərəfdaşı adlandırmışdır. O demişdir ki, mühüm geosiyasi mövqeyə malik olan Azərbaycan Avropa İttifaqının regionda etibarlı təhlükəsizlik tərəfdaşıdır. Azərbaycanın regionda sabitləşdirici rolu yüksək qiymətləndirilməlidir. Xanım Piper Almaniya və Azərbaycan arasında münasibətlərin sürətlə inkişaf etdiyinibu inkişafda davamlılığın müşahidə olunduğunu qeyd etmişdir. Yüksək səviyyəli dövlət səfərləri, Bakıda Alman Xarici Ticarət Palatasının açılması, alman şirkətlərinin Azərbaycana böyük maraq göstərməsi, Azərbaycanın AlmaniyaAvropa İttifaqı ilə sıx enerji əməkdaşlığı bu əlaqələrin dinamikasını təsdiq edir.

Xanım Piper həmçinin mədəniyyət sahəsində də əməkdaşlığın sürətlə inkişaf etdiyini və Azərbaycanın gənclərin xaricdəki təhsilini maliyyələşdirən Dövlət Proqramını xüsusi vurğulamışdır. O bildirmişdir ki, hazırda iki ölkənin ali məktəbləri arasında təxminən 80 tərəfdaşlıq layihəsi mövcuddurbu sayı daha da artırmaq lazımdır. K.Piper iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığın yeni mərhələsi kimi Almaniya tərəfinin irəli sürdüyü hökumətlərarası saziş layihəsinin müzakirə olunduğunu da qeyd etmişdir.

Xələf Xələfov Azərbaycan ilə Almaniyanın strateji tərəfdaşlıq səviyyəsində həyata keçirilən əməkdaşlığının daha da dərinləşməsi üçün yaxşı potensialın olduğunu vurğulamışdır. Nazir müavini qeyd etmişdir ki, Azərbaycan ilə Almaniya arasında siyasi, iqtisadi, təhsil, mədəniyyət və səhiyyə sahələrində əlaqələrin daha da genişləndirilməsində hər iki tərəf maraqlıdır. Bu əməkdaşlıq Azərbaycanın AvropaAvratlantik strukturlara inteqrasiyası prosesinə xidmət edəcəkdir.

Nazir müavini Azərbaycanın Avropa dəyərlər sisteminin tərkib hissəsi olduğunu və Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığının qarşılıqlı maraqlar üzərində qurulduğunu diqqətə çatdırmışdır. Avropa İttifaqı ilə enerji əməkdaşlığı Avropanın enerji təhlükəsizliyinə töhfə verməklə yanaşı, regional inkişafregional əməkdaşlıq üçün də şərait yaradır. "Cənub qaz dəhlizi"nin ərsəyə gəlməsi həm Avropa İttifaqının, həm Azərbaycanın, eləcə də Azərbaycanın yerləşdiyi regionun ümumi marağındadır. Azərbaycan özünün coğrafi mövqeyinə əsasən Qərblə Şərq arasında enerji, nəqliyyat və kommunikasiya dəhlizinin inkişafına töhfə verir.

Görüşlərdə, eyni zamanda, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafında geniş fikir mübadiləsi də aparılmışdır. K.Piper vurğulamışdır ki, Dağlıq Qarabağ münaqişəsində "status-kvo" saxlanıla bilməz. X.Xələfov bildirmişdir ki, münaqişənin həlli üçün aparılan danışıqlarda Ermənistan  qeyri-konstruktiv mövqe nümayiş etdirir. Ermənistan tərəfindən işğal olunmuş ərazilərin azad olunması münaqişənin həllində mühüm əhəmiyyətə malikdir. Göstərilən səylər, xüsusilə də ATƏT-in Minsk qrupunun vasitəçilik fəaliyyəti səmərəsiz olmuşdur. Nazir müavini Avropa İttifaqının bu istiqamətdə səylərinin artırılmasının vacibliyini vurğulamışdır.

Məsləhətləşmələr çərçivəsində, eyni zamanda, Kansler Administrasiyasının xarici əlaqələr, təhlükəsizlik, qlobal məsələlər üzrə departamentinin rəis müavini Mixael Flüqqer, Prezident Administrasiyasının xarici siyasət departamentinin direktoru Haynts-Peter Ber və Bundestaqın xarici əlaqələr komitəsinin sədri Ruprext Polents ilə görüşlər keçirilmişdir. Bu görüşlərdə ikitərəfli, regionalqlobal məsələlər müzakirə olunmuşdur. Görüşlərdə Almaniya tərəfi Azərbaycanın Avropa ilə sıx əməkdaşlığını yüksək qiymətləndirdiyini və buna böyük əhəmiyyət verdiyini diqqətə çatdırmışdır. Bildirilmişdir ki, Dağlıq Qarabağ münaqişəsinin həllində Avropa İttifaqının rolunun artırılması vacibdir. Eyni zamanda, qeyd olunmuşdur ki, regionun bugünkü beynəlxalq əhəmiyyətinin formalaşmasında Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən strateji layihələrin reallaşdırılması mühüm rol oynamaqdadır.

Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov məsləhətləşmələrdə iştirak etmişdir.

 

 

Vüqar SEYİDOV,

AzərTAcn xüsusi müxbiri

Berlin

 

Azərbaycan.-2013.- 14 mart.- S.7.